Hər şeyin əvvəli var... - Rüstəm KAMAL

yazıçı-publisist Heydər Qasımlının xatirəsinə

Rüstəm KAMAL

Allaha çox şükür, kənddə, bərədə

Köhnə kişilərdən qalanlardan var.

H.Arif

 

Heydər Qasımlını çoxdan tanısam da, yaddaşımdakı obrazı Sovet hökumətinin dağılan vaxtına düşür. "Göyəzən" qəzetinə (keçmiş "Qalibiyyət bayrağı") redaktoru idi. Kosalardan gəlirdi, "Jiqulisini" iki küçənin tinində, ya da yolun qırağında saxlayırdı. Tələsik bir neçə idarənin və təşkilatın yığışdığı ikimərtəbəli binanın ikinci mərtəbəsinə qalxırdı. 2 cüt, bir tək işçisiylə iri otaqda otururdu. Amma "yazı masasına söykənəcəkli kiçik bir masada" saralmış qəzet "podşivka"sının, üst-üstə yığılmış əlyazmaların arasında darıxırdı. Otaqda çox bənd almırdı, yenə çölə - şifahi sözün içinə çıxırdı...

O, qəzetçi-yazar olsa da, köhnə kişilərin zamanında yaşayrıdı. Onların çoxunun üzdən görməsə də, eşitdiyi söhbətlər, rəvayətlər və əhvalatlar, onların kəlamları içində  ömür sürürdü.

Heydər Qasımlı yazıçı ömrünü əyalətdə sakit, epik axarlı, təhkiyənin və şivənin "işvəsi" içində sürdü. Hərdənbir iş-güc dalınca paytaxta gəlsə də, tənqidçilərin gözü qabağında yazıçı çevrələrində görünmədi, təbii ki, ədəbi camiədə onun yazıçı obrazına müəyyən qədər təsir göstərdi.

Əyalət şair-yazıçının alın yazıçı, "kədər məkanıdır" (S.Mrojek). Əyalətdə şair məclislərdə, iclaslarda pis-yaxşı özünü təqdim edə bilir, "danışa bilir". Amma nasir "lal"dır. Rayon yerində hekayəni kiməsə oxutdurmaq müşkül məsələdir...

Heydər Qasımlının "dəyər zamanı" "mütləq keçmiş" idi. Köhnə kişilərin zamanıdır. Hətta gündəlik mövzulara həsr etdiyi satirik hekayələrin, eləcə də sənədli hekayələrin alt qatında həmin "mütləq keçmiş"in havası dolaşır.

"Keçmişin melanxoliyası", kişilik zamanının nostaljisi onun təhkiyəsinə epik miqyas verirdi. İsmayıl Şıxlı kimi, o da bəylik-kişilik dünyasının itkisini etnik faciə kimi qəbul edirdi. 

Onun üçün Qazax bəylərinin, köhnə kişilərin tarixi (onların yaşam tərzi, mənəvi dəyərləri, davranışı, jestləri  və s.) Mif deyildi, əslində gerçəklik idi.

Ona görə də "Qanlı papaq" romanında da bəylik və kişilik etik-estetik hadisədir. Bu köhnə kişilərdən biri və birincisi dayısı, böyük yazıçımız İsmayıl Şıxlı idi.

Səhv etmirəmsə, "Qanlı papaq" onun sağlığında çap olunmuş ilk və son romanı idi. Onun bu mövzu ilə səsləşən hekayə və povestlərini oxumuşdum. Bu mövzuya illərboyu, özü də  dərindən hazırlaşmışdı.

Heydər Qasımlı güclü göz yaddaşının hesabına detalları görümlü edirdi: "Yatağa yaxınlaşmaqda olan "Villis" maşınının əvvəlcə qaraltısı göründü. Sonra da dərələrdən aşıb, uğultulu bir səslə, sürünü hürküdə-hürküdə düz yatağın qarşısında qərar tutdu. Amma tez də dövrə vurub, düz Mirzə kişinin əyləşdiyi ağ, iri daşın bircə metrliyində yenidən dayandı" ("Üzü bəri baxan dağlar");

"Dəhlizin işıqları da gecənin sakitliyi kimi öləzimişdi" ("Ala gözləri qaş altından").

Bəy evlərinin interyerini, məişət estetikasını sevgi ilə dipdiri canlandıra bilirdi: "Bəyin üçgöz otağından ikisi iç-içə açılırdı. Arakəsmə doğrama qapılardan olduğundan indi bunlar götürülmüş, boyaboy evlərin döşəməsinə al-əlvan xalılar döşənmiş, bu xalıların üstünə isə saysız-hesabsız qotazlı mütəkkələr atılmışdı ki, hərdən qonaqlar ona dirsəklənirdilər. Tavandan cərgə ilə beş ədəd otuzluq lampa asılmışdı. Bu lampalardan bir neçəsi də dəhlizdə və eyvanda şölə saçmaqda idi".

Romanda xatirə-rəvayət söyləmə damarı o qədər güclüdür ki, yazı ilə şifahi sözün hələ ayrılmadığı hiss olunur. Satirik-felyetonvari  səhnəciklərini belə bir əhvalat kimi danışmaq olar. Onun "dramaturji fəhmi" epik şifahi təfəkkürün məntiqinə tabe idi. Sosial-məişət mənzərələrinin içindən "müdrik qoca" obrazı, "ağsaqqal" arxetipi boylanırdı. Təsadüfi deyil ki, bir çox əsərlərinin adları atalar sözləri ilə verilir: "Dağ dağa rast gəlməz", "Arxamda dağım var", "Hər şeyin sonu var" və s. və pritça mahiyyətlidir.

İbrətli-didaktik sonluqla tamamlanır. Şifahi nitqin effekti yazı mətninin məntiqini müəyyənləşdirir. Məsələn: "Günlərin bir günündə bir nəfər orta yaşlı kişi aşıq libasnıda bəyin evinə qonaq gəlir..."; "Rəvayətə görə Nadir şah Naxçıvanı, Gəncəni alandan sonra neçə min qoşunla Tiflisin üzərinə hücuma keçir...", yaxud "Dərəçiçəkli aşıq Cəlillə Hüseyn bəyin dostluğu dədə-babadan idi. Atası Təhməzqulu bəyin bir nəfər də olsun qonağı gəldimi hökmən atlı göndərib aşıq Cəlili tapıb gətirməli idi" və s. Təsadüfi deyil ki, "Hər şeyin sonu var" kitabında bəzi əhvalatları Kosalar kəndinin ağsaqqalı Həbib Məşədirza oğlu Rzayevdən eşitdiyini qeyd edir.

Heydər Qasımlı peyzaj şairiydi desəm, yanılmaram. O, təbiət-insan münasibətlərini vəhdətdə verirdi. Peyzaj detalları psixoloji paralelizmi (epik təfəkkürün əsas əlamətlərindən biri) gücləndirməklə yanaşı, tarixi gerçəkliyin bir hissəsi kimi çıxış edir: "Göy Tomtu səmtindən əsən meh gündüz alışıb yanan çöllərə az da olsa sərinlik gətirmişdir. Sonsuz üfüqdə məşəl kimi alovlanan ay parçası Qarayazı meşəsini bəyaz rəngə boyamaqda idi. Meşənin qaranlıq kölgəsi sahil boyu Kürün ayna səhnəsində titrəşirdi...

Abdullaağagilin  yurdu səmtdə iki bayquş səs-səsə vermişdi. Saysız-hesabsız böcəklərin kəsik-kəsik aramsız ötməsi bayquşların səsinə qarışaraq gecənin vahiməsini daha da ağırlaşdırırdı";

"Səs elə bil bağın alt tərəfindəki başına qora üzümləri daraşmış qovaq ağacları səmtdən gəlirdi" ("Qanlı papaq").

Təbiət təsvirlərini mənsur şeir kimi yazırdı: "...Axşamdan yağan yağış havanı bir xeyli təmizləmişdi. Otların üstündə qərar tutmuş şeh, yağış damlaları günəşin şəfəqləri altında mirvari dənələri kimi par-par parıldayırdı. Günəşin isti nəfəsi artdıqca bu damlalar aram-aram otların sinələrindən diyirlənib yerə düşürdü" ("Üzü bəri baxan dağlar").

Heydər Qasımlı ədəbiyyatda etnik arxetiplərin sonuncu daşıyıcılarından və qoruyucularından biri idi. Romanın adı da bu arxetipik simvol yaddaşından gəlirdi. "Papaq" simvolu həm də romanın fəlsəfi mahiyyətini, dəyər ideyasını  müəyyənləşdirən mənadır.

Bu arxetiplər canlı təhkiyənin ovqatını təmin edirdi. Köhnə kişilərin yerişini-duruşunu, jest-mimikasını təsviri milli nəsrimizdə tədricən zəifləyir. İnternet, televiziya bu yaddaşı sıradan çıxardıb məhv etməkdədir. Dilin "sözsüz" funksiyalarını (jest, mimika) elə yerində işlədirdi ki, obrazı tamamlamağa imkan verir, sanki onun gözü qarşısında baş vermişdi. Romandan bir neçə misal gətirim:

"Tirtap yerə sərilib bayıldı. Əl çırağı diyirlənib yanı üstə düşdü. Amma sönmədi. Titrəyə-titrəyə yanaraq İbrahim bəyin solğun bənizi boyu axan göz yaşlarına işıq saçdı";

"Ömründə heç nədən qorxmayan, çəkinməyən İmir ağanın birdən-birə bədəni üşürgələndi. Qozlu tələdən nəzərlərini yayındırmaq üçün barmaqlarını boynunun ardında daraqlayıb, ağır-ağır arxası üstə uzandı. Gün düşməsin deyə qoşa əlinin arxası ilə qrım papağını qaşlarının üstünə sarı itələdi..." ("Qanlı papaq") və s.

Bəylərin papiros sümürməsindən tutmuş oturuşu-duruşuna qədər bütün etnoqrafik özəlliyi və gözəlliyi yaddaşında sevə-sevə yaşadırdı və yaşayırdı. Hüseyn bəyin portretinə diqqət yetirin: "Hüseyn bəy orta boylu, sarışınsifət, enlikürək, eşmə bığlı bir şəxs idi. o, adətən əyninə atlas çuxa geyər, başına çərkəzi papaq qoyardı. Yol gedəndə qollarını sağa-sola ata-ata yeriyərdi. Qalife şalvar, ətəkli köynək geyinərdi və bu köynək üstündən ətəkli gümüş kəməl qurşardı. Kəmərin üstündəki gümüş xəncərin dəstəyi də, qını da elə əlvan naxışlarla bəzədilmişdi ki, insan ondan bir an belə gözlərini çəkmək istəməzdi".

Heydər müəllim özü də boylu-buxunlu, qalın bığlı, yaraşıqlı kişiydi. Saçlarını dala darayırdı.

Etnoqrafik detallar Heydər Qasımlı yaddaşının poetik özəlliyi, şeiriyyəti idi. Köhnə kişilərin obrazı etnoqrafik estetik bütövlüyün ayrılmaz hissəsidir. "Dilboz atın belindəki yəhərin qaşı da, üzəngisi, kəmisi də gümüşdən idi. Çəki qayışının, quşqunun üzəri gümüş pulcuqlarla bəzədilmişdi" ("Dağ dağa rast gəlməz").

Son kitabına ad seçməyi və ön söz yazmağı məndən xahiş etdi. Nədənsə bir pərdəli pyesinin adını seçdim: "Hər şeyin sonu var".

Biz hardan biləydik ki, bu mistik adla biz ilahi hökmü dilimizə gətirmişik...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!