Mənəvi katarsis poeziyası - Yaşar Qasımbəyli yazır

Yoldaş Eşbəyin "Ağlayan qız" və Zəki Bayram Yurdçunun "Özgə qapısında ağlayan uşaq" şeirlərinin doğurduğu assosiativ və ekspressiv düşüncələr

Şəxsiyyətinə və şeiriyyətinə yaxından bələd olduğum hər iki şairin məşhur şeirləri haqqında nəsə yazmaq fikri beynimdə ani olaraq doğuldu. Zahirən, bu şairlər və şeirlərin "məhrəm"liyini iddia etmək özümə də qəribə gəldi. Bir az dərindən düşünəndə isə əmin oldum ki, türk dünyasının iki qütbündə - Şimalında və Cənubunda, Azərbaycanda və qədim-qayım Türküstanda biri 50 ildən, o biri 40 ildən bəri nəfəs dərmədən qələm çalan (qılınc çalan!) iki qardaş və zamandaş sənətkarın duyğu və düşüncələrinin uyğunluğunda heç bir "fövqəladəlik",  qəribəlik yoxdur. Əksinə, bənzər zaman və məkanların həssas şair qəlbində oyatdığı həmahəng yaşantılar, qoşa fəryadlar - eş ahlar, eş hıçqırıq və hayqırıqlardır!..

"Ağlayan qız" (1984) və "Özgə qapısında ağlayan uşaq" (1988) şeirləri, təxminən, eyni zaman kəsiyində qələmə alınıb. 70-80-ci illərdə qardaş Özbəkistanda özünün elpərvər və yurdsevər nəğmələri ilə çox populyar olan Yoldaş Eşbəyin "Sənin nəğmən", "Alpamış", "Vətən", "Qız nəğməsi", "Cütçü nəğməsi", "Aşiq rəvayəti", "İnsan" və s. döyüşkən şeirləri ilə bir sırada "Ağlayan qız" nəğməsi də son dərəcə geniş yayılmışdı. Bu nəğmənin auditoriyası da hədsiz geniş idi. "Ağlayan qız"ı yüksək zövqlü poeziya həvəskarları da, tələbə-gənclər, pambıq tarlalarında səhərdən-axşamacan zəhmət və zülm çəkən sadə əməkçilər, fabrik və zavodlarda çalışanlar, ev-eşiyindən, kəndindən-kəsəyindən bir addım kənara qoymamış müti və məzlum qadınlar, qızlar, eyni zamanda alimlər, ziyalılar, yazıçılar, siyasilər, dövlət məmurları da ürəkdən sevir, dəyərləndirirdi. Təpədən-dırnağa qədər şair olan, şair kimi doğulan və indiyə kimi şairliyinə heç kimin şübhə etmədiyi Yoldaş Eşbəyin xəqi kədəri, öz doğma elinə və  bütün türk ellərinə olan bakirə sevgisi, sanki sovet senzurasını da sehrləmişdi. "Ağlayan qız"ın hıçqırıqları elə bil ki, haqsızlıq, ədalətsizlik, saysız-hesabsız dürlü cinayətlər və qətllərdən yorulmuş günahkar və əlləri qanlı cəmiyyəti, geniş mənada, Dünyanı Mənəvi Paklanmağa səsləyirdi:

 

Bu böyük bağ içrə vəzmin qədəmlər,

Bir-bir basıb gedən qəm-qüssəli qız.

Dünya gözlərindən dünya ələmlər

Damcılar, hər biri bir parlaq ulduz.

Damcılar gözündən bir qəmzədəlik,

Sözə çevrilməyən yanğı damcılar.

Şəfqətsiz ömür-gün, ağır cüdalıq,

İtən, itirilən canlar damcılar.

 

Ağlayan qız - şeirin baş qəhrəmanıdır. Təkcə şeirin yox, zamanın da baş qəhrəmanı Ağlayan qızdır. Zatən, qürubuna tələsən zamanın Ağlayan qızdan başqa və ondan günahsız qəhrəmanı da yox idi. O yalnız öz taleyinə, qismətinə deyil, mənsub olduğu elin, yurdun başına gələnlərə də, milli bəxtinə və bəxtsizliyinə də ağlayırdı. "Ağlayan qız"ın göz yaşlarında bütün bacıların, qız-gəlinlərin, anaların, nənələrin, ulu nənələrin - zədələnmiş və yaralı milli yaddaşın ağrı-acıları da əks etmişdi.

 

Səni aldadıblar, kimsə aldadıb,

O, səni sevmişdi, yox, yox, sevməyib.

Köksünə  bəzəkli nizə, ox sancıb,

Kimsə ovsunlayıb, kimsə aldadıb.

Damcılar köksündən bir yamğırlı küz,

Ağular damcılar, güllər damcılar.

Yaxın xatirələr... idrakın gücsüz,

Vicdanını oyar, dələr damcılar.

 

Şair "Ağlayan qız"ın faciələrinin səbəblərini, dünyanın vicdanını oyatmağın mümkünsüzlüyünü dərindən dərk edir. O, mənsub olduğu cəmiyyətin vicdansız yaşamağa məhkumluğunu və özünün gücsüzlüyünü də etiraf edir. Bu dünya bir məsum varlığın bir damcı göz yaşına dəyməz! Amma bu yavuz və günahkar dünya günahsızların göz yaşlarında təmizlənməyi xoşlayır. Neçə min illərdir özü kəşf etdiyi ideal və mənəvi dəyərlərdən üz döndərib, insanlığı, insafı və vicdanı unudub artıq çoxdan onlarsız yaşamağa, həyat sürməyə köklənib! Əslində "Ağlayan qız"da şair bir yazıq, yoxsul və yarımcan məsum qızdan çox, yetim və yiyəsiz Dünyanın halına acıyır, onun xilasının reallığına - Vicdana, Ədalət və Həqiqətin qələbəsinə qayıtmağın insanın iqtidarından və qüdrətindən asılı olmadığını təlqin edir. Çünki mənəvi cinayətlərdən və günahlardan zövq alıb yaşayanların, yetim və yazıq varlıqların göz yaşlarını içib nəşələnənlərin vicdana qətiyyən ehtiyacı yoxdur. "Namuslu və ləyaqətli insan cildinə girib Dünyaya və İnsanlığa dərs keçən bu dələduzların Vicdan haqqında heç bir təsəvvürü olmayıb. Zira, Vicdanla yaşamaq insan həyatının və yaşamının tamamilə başqa bir əks qütbüdür." Onlar heç vaxt həmin qütbə keçə, yaxınlaşa bilmirlər. Vicdan və İnsaf insanlığın həyatının və mənəvi fəaliyyətinin tamam özgə bir mərtəbəsidir. Bu mərtəbəylə Dünyanı "fırladanlar" və idarə edənlərin heç bir əlaqəsi olmur. Şairin bədii-psixoloji diaqnozu çox dəqiq və sərrastdır: "Vicdanın hər anı ruhi iztirab"dır. İztirab isə qəlbən və ruhən çirklənmiş insanlara yaddır. Vicdansızlar - günahlardan, günahkar günlərdən, aylardan, illərdən doymaq bilmirlər. Vicdan isə nahaq əməllərdən, günahlardan doğulan əzabdır, dəhşətli bir daxili peşmanlıq və ağrılı tövbə-təzərrüdür. Yazıq və köməksiz insanları ağladan Dünyanın sahiblərinə isə bu cür mənəvi yaşantılar yaddır, adətən hər bir cəmiyyətin elitası katarsisdən çox uzaqdırlar, daha doğrusu, onlar mənəvi keyfiyyətlərin imitasiyası ilə məşğul olurlar:

 

Vicdansız namuslu niqabın qoymaz,

Vicdanın hər anı ruhi iztirab.

Vicdansız günahkar günlərdən doymaz,

Vicdan bu - günahdan törəyən əzab.

Səni kiritməyə cürət yox məndə,

Sən mənim keçmişim, ömrüm-günümsən.

Fəqət, mən ələmlər dilərəm sənə,

Böyük bir sevincin ünsüz nəğməsin!..

 

Şair öz sevimli qəhrəmanının xilasına, sanki çalışmır, onun qurtuluşu üçün vədlər vermir. Hətta ona böyük ələmlər diləyir, amma böyük sevinclərə çatmaq, qurtuluş nəşəsini duymaq və dadmaq şərtilə! Zira, böyük sevinc böyük ələmlərdən doğulur! Böyük sevincə çatmaq üçün hələ çox ələmlər, dərdlər çəkmək, yenidən və yenidən aldanmaq, yenilmək, dəfələrlə aldanaraq və bu aldanışların sonunda nəhayət, dünyanı daha da dərindən anlamaq zəruriliyini təlqin edir şair. Şair Milli qələbənin mənəvi təmizlənmə və təkamül yolundan keçdiyini, aldana-aldana və ağlaya-ağlaya ideal milli məqsədə və həqiqətə çatmağın mümkünlüyünü vurğulayır. Zatən, hardansa peyda olacaq "Ağ atlı oğlan"ın xilaskarlığı nağıldır, ən yaxşı halda, əfsanə və ya dastandır. Həyatın və həqiqətin tələb etdiyi xilas yolu isə doyunca döyüşmək - aldanmaq, ağlamaq, göz yaşları içində minlərlə qəlbin yuyunması, təmizlənməsi, büllurlaşması və kamilləşməsidir. Qəfildən qurtuluş gəlmir, bir gecədə azadlığa qovuşmaq yalandır! Hətta o qanlı-qadalı Bakının 20 Yanvar gecəsi olsa belə!.. Hər qarış torpağı göz yaşları ilə suvarılan, qanla yoğrulan Qarabağ, qardaş Ukraynanın milli azadlıq müharibələri bunu açıq-aydın göstərmirmi?! Aşağıdakı misralar müəllifin milli bəxt və bəxtsizlik formuludur. Bir millimetrlik xəta və yanlışlıq da yolverilməzdir. Poetik ifadə riyazi tənlik, kimyəvi düstur dəqiqliyini əks etdirir:

 

Aldanmaqdan qorxma, bil ki, yenilmək,

Dünyanı dərindən anlamaq gərək.

Aldanmaq - göz yaşı tökmək yox, silmək,

Aldanmaq - döyüşə atlanmaq demək!

 

Böyük xalq kədərinin yüksək bədii-emosional ifadəsi olan bu misralar, sanki Böyük Milli hərəkatın başlanğıcı ola biləcək ilk addım, ilk hərəkət, ən birinci üsyankar qərardır - əgər heç nə mümkün deyilsə, heç nə edə bilmirsənsə, əgər özünü, öz varlığını və həqiqətini büruzə verə bilmirsənsə, Ağla!.. Qoy, heç olmasa, sənin səsini bu Lal və Kar dünya eşitsin! Qoy, sənin elin-yurdun eşitsin!.. Təki Ağla!.. Qışqırıb Ağla!..

 

Ağlamaq dilərəm, hayqırıb ağla,

Hönkürüb, səsini çıxarıb ağla!

On-on mərd igidin olunca ağla!

Yüz-yüz mərd igidin olunca ağla!

Min-min mərd igidin olunca ağla!

Peymanən dolunca, dolunca ağla!

 

Ağlamağa şair öz xalqını nəyə görə dəvət edir? Zira, ağlamaq - yalnız çarəsizlik, məzlumluq əlaməti deyil. Ağlamaq - etiraz və müqavimətin ilk mərhələsi, dibaçəsidir. Bir yerdə, birlikdə ağlamaq - Milli Birliyin başlanğıcıdır. Ağlamaq daha doğrusu - Ağlaşmaq, Fəryad etmək Milli hayqırığın, harayın və Milli Davanın doğuluşudur. Şeirin epiloqu həm də bir türk şairinin Dünyanın nazını və qəmini çəkən Kişi olduğunu da nümayiş etdirir!  Bir vaxtlar bu Ağlayan qıza - Dünyaya sahiblik edən Kişi bu gün də onunla qoşulub, baş-başa verib ağlamaqdan utansa da, onu yenə də sevdiyini elan edir. Türkün sevgisi isə həmişə öz bətnində xilaskarlıq missiyasını daşıyır. Türkün sevgisi - həmişə ideal və ilahi sevgidir:

 

Onlar ləzzətxorlar, ac talançılardır,

Əllərindən gələn aldatmaq, yalnız.

Bu dünya əslində yalançılardır,

Bu dünya əslində bir ağlayan qız.

Mən sənə qoşulub ağlayammaram,

Fəqət, baş əyirəm önündə, şəksiz.

Mən səni vəsf edib əsla doymaram,

Mən səni sevirəm, ay Ağlayan qız!..

Zəki Bayram Yurdçunun "Özgə qapısında ağlayan uşaq" şeirində ümumilli və bəşəri məzmunla yoğrulmuş tragik pafos aparıcı mövqeyə sahibdir! "Ağlayan qız" da, "Özgə qapısında ağlayan uşaq" da yalnız poeziyanın deyil, ümumən, söz sənətinin ən məsum və fəci obrazlarıdır. Onların daşıdığı ictimai-estetik yük, mənəvi-psixoloji siqlət, milli-emosional məzmun da bir-birindən çox uzaq deyil. Əksinə, məğlub və məzlum millətlərin bədii arsenalındakı ən mütəhərrik və funksional poetik fiqurlardır. Qəribədir, onların bədii təfəkkürdə hərəkət trayektoriyasının, fəaliyyət məkanının və zamanının böyüyüb-kiçilməsi, intensivliyi də, demək olar ki, bir-birinə uyğundur. Əgər "Ağlayan qız"da milli-bəşəri namus və qeyrətin, şərəf və ləyaqətin Qoca Dünya tərəfindən zorlanması, təhqir edilib alçaldılması bədii-fəlsəfi təhlil mərkəzinə çıxarılıbsa, "Özgə qapısında ağlayan uşaq"da milli məsumluq və bakirəliyin əbədi itirilməsindən doğan misilsiz nigarançılıq, milli namusun zorlanmasına qarşı kişiyana (şairanə yox!) üsyan, millətin nüvəsini hifz etmək və qorumaq ehtirası ön plandadır. Hər iki şeirdə bizim düşdüyümüz, dözdüyümüz tale yazısı və vəziyyəti ilə barışmazlıq bariz surətdə ifadə olunub:

 

Səhər də, axşam da boynunu qısıb,

Ağ geyər, göy örtər, qaralar bağlar.

Həyatdan inciyib, taledən küsüb,

Özgə qapısında bir uşaq ağlar.

 

Bu uşaq özgə qapısına niyə qısılıb? Niyə onun öz doğma evi-eşiyi, öz qapısı yox? Həyatı dağılmış, taleyi sınmış bu uşağa yiyə çıxan olmadığına görə də o,  gözlərindən "od tökür", su əvəzinə "göz yaşı içir", Günəş isə ona qıpqırmızı, "yağlı bir əppək" qədər şirin görünür. Talesizliyin poetik təsviri və təhlili şeirdə son dərəcə uğurlu alınıb, bu yazıq, yiyəsiz, yetim uşağın başını, saçlarını "küləklər yalayıb keçər", öpər, ayaqlarını isə yalnız və yalnız daşlı-kəsəkli yollar sığallayar, öpər... Yiyəsizliyin və yetimliyin doğurduğu kimsəsizliyi, köməksizliyi və müdafiəsizliyi şair təbii, emosional bədii boyalarla əks etdirib:

 

Gözündən od tökər, göz yaşı içər,

Günəş göydəndüşmə yağlı bir əppək.

Küləklər başını yalayıb keçər,

Yollar ayağını öpər, anatək...

 

Dünyanın amansızlığı uşaq və Dünya təzadı müstəvisində çox aydın görünür; sahibsiz uşaq və Dünya konflikti isə daha kəskin və təsirlidir! Məhz bu fonda "Dünyanın ən soyuq üzü" açıq və aydın görünür. Biz isə "bir yetim uşağın talesizliyini acı-acı vəsf etməkdə, bu qoca və amansız dünyamızı yenə neçənci dəfə faş etməkdə müəllifin məqsədi nədir?" - deyə düşünürük...

 

Hansı məhəbbbətin nübar meyvəsi

Göz açıb gül əkdi, göz yaşı dərdi?..

Yandı boğazımda "Ana" kəlməsi, -

Dünyanın ən soyuq üzünü gördü...

Zəki Bayram "Özgə qapısında ağlayan uşaq"ın milli mənsubiyyətini vurğulamaqla yanaşı, onun yalnız bir etno-milli fərd olaraq yox, həm də poetik obraz kimi mənşəyini, son yüz il ərzində keçib gəldiyi yolu gözlərimiz önündə canlandırır. Düz yüz ildir, daha dəqiq söyləsək, iki yüz ildir ki, bu yetim, yalqız, "dərbədər, başsız cocuq" öz haqqını istəyir, öz evindən-eşiyindən didərgin düşüb, çöllərdə, küçələrdə, yollarda "yaşayır", qışqırır, ağlayır, fəryad qoparır... Amma onun naləsini - fəryadını eşidən yoxdur. Kar və kor Dünyanın etinasızlığı şairin qəlbində sonsuz iztirablar yaradır:

 

Hansı dağ götürər indi bu dağı?!

İndi hansı zaman, hansı bir gündür?!

Sabirin "dərbədər, başsız cocuğu"

Yadlar qapısına sığınıb indi...

 

"Özgə qapısında ağlayan uşaq"ın bədii pafosunu və fəlsəfəsini dərindən dərk etmək üçün baş qəhrəmanın təkcə etno-milli gələnəyini bilmək azdır. Həm də onun vətəndaş kimliyini - vətəninin başına gələnləri, vətəndaşlıq tərcümeyi-halını bilmək zəruridir. "Vətən" şeiri özünəməxsus bir missiyanı da yerinə yetirir; müəllif, sanki bu iki şeirin daxili-duyğusal bağlılığını sövqi-təbii duymuş və kitabda da onları yanaşı vermişdir (Zəki Bayram Yurdçu. Səni kimə deyim, kimə söyləyim... "Elm və təhsil" Bakı, 2015 s. 36-37). Demək, "Özgə qapısında ağlayan uşaq"dan keçid alırıq "Vətən"ə. Zatən, "Vətən" (hər iki şeir eyni ildə yazılıb!) yalnız "Uşağ"ın deyil, həm də şairin vətəndaşlıq tərcümeyi-halıdır:

 

Ruhum sənin, dilim sənin, -

Salam, elim! Salam, Vətən!

Ayağında ölüm sənin,

Bürcüm - Vətən, qalam - Vətən!

 

Özbək və Azərbaycan şeirində "Ana", "Nənə", "Qız", "Ata", "Baba", "Qoca", "Övlad", "Uşaq", "Bala", "Oğul", "Üçüncü oğul",  "Üçüncü qız" və başqa yaxın mövzularda bədii cəhətdən mükəmməl xeyli poetik nümunələr mövcuddur. Klassik poeziyamız da öz estetik məzmununa və qayəsinə görə bədii təfəkkürümüzü səciyyələndirən bu cür etno-poetik obrazlarla zəngindir. Xüsusən, XX əsr türk xalqları şeiriyyətində milli mənəviyyat və azadlığın tərənnümü prosesində bu tipli obrazların bədii-estetik dəyəri və əhəmiyyəti nəzərəçarpacaq dərəcədə artmışdır. Bu nöqteyi-nəzərdən ötən yüzildə Azərbaycan poeziyasında Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq, Cəfər Cabbarlı, Əhməd Cavad, Mikayıl Müşfiq, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Əli Kərim, Məmməd Araz, Xəlil Rza Ulutürk, Fikrət Qoca, Fikrət Sadıq, Məmməd İsmayıl, İsa İsmayılzadə və onlarla başqa şairlərimizin ilhamla yaratdığı Ana, Ata, Oğul, Qız, Övlad, Uşaq obrazları və bu mövzudakı özünəməxsus şeirləri mülahizələrimizi qüvvətləndirir. Özbək klassik və çağdaş şeirində də, xüsusən, Mahmudxoca Behbudi, Abdulla Əvlani, Abdürauf Fitrət, Abdulla Qədiri, Çolpan, Aybek, Qafur Qulam, Həmid Alimcan, Mirtemir, Maqsud Şeyxzadə, Zülfiyyə, Şöhrət, Şükrulla, Erkin Vahidov, Abdulla Aripov, Rauf Pərfi, Aman Mətcan, Çolpan Erqaş, Camal Kamal, Məhəmməd Əli, Həlimə Xudayberdiyeva, Aydın Hacıyeva, Şövkət Rəhman, Osman Əzim, Əzim Suyum, Məhəmməd Rəhman, Xurşid Dövran, Osman Qoçqar və onlarla başqalarının yaradıcılığında Nənə və ulu Babalarımza, Ata və Anaya, Oğula və Qıza, Üçüncü oğula və Üçüncü qıza böyük sevgi ilə yazılmış, bir-birindən gözəl və emosional şeirlər, obrazlar mövcuddur.

Yuxarıda müqayisəli şəkildə nəzərdən keçirdiyimiz Özbəkistanın görkəmli söz sənətkarı Yoldaş Eşbəyin "Ağlayan qız" və Azərbaycanın istedadlı şairi Zəki  Bayram Yurdçunun "Özgə qapısında ağlayan uşaq" şeirləri hər iki qardaş xalq poeziyasında və ədəbiyyatında dərin kök atmış qədim və son dərəcə humanist ədəbi təcrübənin parlaq təzahürü olub, min illərdən bəri nəsillərdən-nəsillərə keçən, zamanlar keçdikcə dərinləşən bu qutsal poetik ənənəni daha da zənginləşdirir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!