Mətanət VAHİD
Gənc yazıçı Orxan Saffari bir müddət öncə "20-ci sahə" adlı hekayələr kitabını oxuculara təqdim etdi. Üstündən çox keçməmiş Qismət Rüstəmov bu hekayələri oxuya bilmək üçün "silib təzədən yazmaq" lazım olduğunu sübut etməkdən ötrü bu istidə zəhmət çəkib ahlı-vaylı bir yazı yazdı. Qismətin yazısı əl-əl gəzdi, "tənqid belə olar" dedilər. Ondan bir az əvvəl Mirmehdi Ağaoğlu da kitabın fatihəsini vermişdi: "Orxan Saffari elə bil əhd edib ki, ağlına gələn bütün gözəl mövzuları məhv etsin. Düzü, onun yenicə təqdimatı olmuş "20-ci sahə" adlı hekayələr kitabını oxuyanda məndə bu fikirlər yarandı. Açığı, çox təəssüf elədim. O mövzulara da, Orxanın zəhmətinə də heyfim gəldi".
Adındakı konseptuallığın məzmununda əks olunmadığı "20-ci sahə"nin hekayələri əhvalatçılıq üzərində qurulub; hiss olunur ki, müəllif üçün hadisə nəqlin necəliyindən daha önəmlidir. Qismət öz yazısında bu əhvalatları hekayəyə çevirməyin vasitələri barədə, bir növ, qısa master-klass keçir. Hərçənd Saffarinin bunları yadında saxlayacağına, tövsiyələri nəzərə alacağına da inamı yoxdur. Axı gənc yazıçı deyilənlərə riayət etsə, özünün üslub hesab etdiyi yolundan dönməli, ortaya çıxardığı isə tamamilə başqa mətnlər olmalıdır. Bunları yazsa, Orxan Saffarinin yaşıdlarından, sələflərindən fərqi nə olacaq bəs?!. O isə sanki məhz fərqlənmək üçün yazır. Başqalarının mətnləri haqqındakı bəzən doğru, bəzən qeyri-adekvat qənaətlərindən görünür ki, gənc dostumuz necə yazmaq lazım olduğunu yaxşı bilir, heç necə yazmaq lazım olmadığını da pis bilmir.
Ağalar Qut da "20-ci sahə" kitabında yalnız bir hekayə olduğunu vurğulayaraq sübut etməyə çalışdı ki, yumşaq desək, Orxan hekayə yaza bilmir: "Əgər Saffari internetdə lüt qız şəkilləri axtaran məktəb şagirdləri səviyyəsinə uyğun hekayələr yazırsa, onları mənə niyə göndərir və fikir bildirməyimi təkidlə xahiş edir? Belə hekayələrin oxucusu mən olmamalı idim, axı!" Filosoflar üçün yaza bilməyən gənc yazıçının məramı aydın deyilmi: "gündəmin mövzusu mən olum; nə yazırlar, yazsınlar, nə deyirlər, desinlər..." Bu niyyətin içində qayda, sərhəd, çərçivə yoxdur. Başqa tərəfdən baxanda dağıdıcı kimi də görünə bilər, Orxan buna yeni yaradıcılıq üsulu kimi yanaşır: bir növ, qaydasız döyüş də idman növüdür; vəhşilik hesab edirsənsə, izləmə…
Ətrafımız, dost-tanışımız əsasən ədəbiyyat adamları olduğundan gündə, kim bilir, bəlkə də on-on beş dəfə "yazmışam bu hadisəni" sözünü eşidirik. Bəzən yazıçıların gördüyü, eşitdiyi hər şeyi yazıya alması məni incidir, bezdirdiyi daha çox olur. "Həyatım roman olar"ın ən əlasını demək potensialında olsan da, mənə elə gəlir, yaşananları uydurma kimi yaza bilmirsənsə, onlar elə yazılmasa, "roman" olmasa, yaxşıdır. Bəzən müəlliflər elə bilir ki, onun mətnin içərisindən prosesi idarə etməsi, hər səhifədən boy verməsi oxucunun xoşuna gəlir. Amma bunlar səhifələrdə sadəcə, ədəbiyyatlaşa bilməyən xatirə olaraq qalır, vəssalam. "Səmimi", "özünü yazan" yazıçı kateqoriyası mənimçün oxu prosesi ən əziyyətli olan mətnlər müəllifidir.
Bu fikri ən çox Cavanşir Yusiflinin müsahibələrindən, yazılarından əxz etmişəm ki, pis mətnin pis olduğunu sübut etməyə gərək yoxdur. Biz isə sanki Orxana "sən yazma" demək üçün zəhmət çəkib yazırıq. Gənclər nə edir? Yaradıcılıqlarını yaxşı mənada şouya çevirməyi bacarır və özünə tamaşaçı auditoriyası toplaya bilir. Show must go on. Əks halda, prosesin dinamikası zəifləyir.
Ən xoşuma gələn məqam isə bir çox gənclərin yaradıcılıqlarına münasibətə münasibətidir: heç bir tənqid-filan eyinlərinə deyil, nə həvəsdən düşürlər, nə də depressiyaya qapılıb yaradıcı enerjilərini boğurlar. Təəssüf ki, haqqında danışılmır deyə sürəkli deyinən müəlliflərin də məqsədi mətn olmadığı aydın görünür: çap etdirib kitabın yanında keşik çəkirlər. Hələ təhlillərə, şərhlərə "düz başa düşməmisiniz, elə deyil, belədir" açıqlaması verənləri, "əslində" ilə başlayan cümlələrlə öz yazdığını özü şərh edənləri demirəm. Mətnlərinə azadlıq verib ona müstəqil ömrünü yaşamaq şansı bəxş edən müəlliflər də var. Məsələn, AMEA-nın Ədəbiyyat İnstitutunda "Yeni ədəbiyyatı tanıdaq" layihəsi çərçivəsində "Və dalğalandı yaddaş tarlası" romanını müzakirə edirdik. Gözləmədiyimiz halda, müzakirəyə qatılması ilə təşəbbüsümüzə sayğısını ifadə edən müəllif bütün tədbir boyu susdu. Bir-birinə zidd tənqid və tərifləri dinləyən Orxan Həsəniyə sonda müraciət edəndə yalnız bircə cümlə dedi: "Bütün fikirlərlə razılaşıram." Məncə, bu, müəllifin yazdıqlarından əminliyin nirvanasıdır.
Yadıma gəlir, esseistika sahəsində hələ yeni idim, illər öncə Rəhim Əliyevin hekayələri haqqında yazmışdım. Qəribədir ki, mənim ağbirçəksayağı deyingənlik ladındakı tənqidim müəllifin xoşuna gəlmişdi və həmkarlarımızın dediklərinə görə, onun hekayələrini ən yaxşı mənim anladığımı danışırmış. Mənsə həmin esseyə bu gündən baxanda düşünürəm ki, istənilən ədəbi mətnə dərindən bələdlik oxucudan öz yerində otursa da, müəllif tərəfdən görmək bəsirətini istəyir. Hər işıq qığılcımını qılıncın sıyrılmasına, tənqidi fikri hücuma bənzədənlər dərhal qalxanı üzünə tutub tənqidi essedən daha "tutarlı" bir cavab atəşi tədarükünə başlayırlar. Ümumiyyətlə isə bəzi mətnləri yumor hissi olmayanlara qadağan etmək lazımdır...
Ədəbi mühitdə olduğum bu 14 ildə neçə-neçə imzaların ilğım kimi parlayıb bu günə kimi söndüyünü gördüm. İstedadlı idilərmi? Bəli. Yazarlıq üçün yalnız istedad amili kifayət edirmi? Əsla. Quruca istedad ümidinə yazanda ulduzun "birgecəlik" parlayıb sönür. Bu cameədə şahid olduq ki, yazarlıq bir çoxları üçün məhz istedadının, bacarığının, analitik təfəkkürünün varlığını nümayiş etdirmək meydanıdır - hədəf başqa meydanlara adlamaqdır. Və bu, əslində, doğru mövqedir - yaxşıdır, ya pis, dəyərləndirmə ölçüsünə görə dəyişir.
On il əvvəl davamlı olaraq ovaxtkı gənclərin əsərləri haqqında yazırdım: Qan Turalı, Seymur Baycan, Qismət, Mirmehdi Ağaoğlu, Şərif Ağayar, Cavid Zeynallı, Sevinc Çılğın, Cəlil Cavanşir, Svetlana Turan, Ziyad Quluzadə və s. Həmin müəlliflərdən kimisi "level adladı", kimisi ədəbiyyatın daşını atmasa da, yazarlıqdan uzaqlaşıb sahənin başqa istiqamətlərinə üz tutdu. Həmin dönəm gənclərinin də aşağı-yuxarı indikinə bənzər proseslərdən keçdiyini, bəzən stəkanda fırtına yaratmasını yazılarımda onların "sakit gölə daş atmaq", prosesə canlılıq gətirmək çabası kimi təqdim edirdim. Zaman keçdikcə, yəqin, yeni üsullar tapmaq lazımdır. Çünki adətən, deyirlər, köhnə çarıqla təzə yol gedə bilməzsən. Hər halda, gənclər cəhd edirlər və onların bu cəhdini alqışlayıram. Gənc müəlliflərin bir-birini kəskin, bəzən hətta edəbi etikanın sərhədlərini aşacaq şəkildə tənqidini bu proses zəncirinin halqası hesab edirəm. Səhv də edə bilərəm, amma məncə, Vüqar Van, arabir Orxan Saffari, Əli Novruzov və d. bunu bilərəkdən, PR mexanizmini işə salmaq üçün, bəlkə də elə tənqid etdikləri müəllifin razılığı ilə həyata keçirirlər.
Hekayələrində qadınları əsasən mənfi planda təsvir edən Orxan Saffari imzalar içində imzası olan Şəhriyar Del Geraninin yaradıcılığı haqqında olduqca tələbkarlıqla və kəskin yazır: "Şəhriyarın bütün şeirlərində qız vəfasız, "əğyarə gedən" obrazdadır. Bütün şeirlərin günahkarı qadındır, hamısında qadın xəyanət edir, başı çatmır, dəli olur. Heç nə yox, Şəhriyara "darıxmaq", "it", "kədər", "həsrət", "gözləmək", "qayıtmadın" kimi barmaqla sayılacaq sözləri qadağan edirsən, yazmaq nədir, ağzını açıb danışa da bilməyəcək. Dəqiq desək, Şəhriyarın şeirlərinin uzağı 100 manat xərci var. Bir-iki qutu siqaret, bir tikə yemək, bir litr də araq. Vəssalam. Bunlar olandan sonra şeirə ehtiyac qalmır". Qarşı cəbhədəki Nadir Yalçın "Nə var, nə yox?" deyə sual etdiyi ədəbi köşkdə yazır ki, "məncə, Saffari səmimi deyil, çünki Şəhriyarın şeirlərini o da az sevmir. Bəs onda niyə belə yazır?" Orxan Saffari səmimi olmağa məcburdurmu?! Ədəbi\bədii mətn "səmimi" olanda ədəbiyyat itirir. İndi görürük ki, ədəbi mühitdə də səmimiyyət ən gərəksiz nəsnədir - dünən inandığın cəbhədaşın bu gün səni satır və üstəlik, aldadılmağa, xəyanət edilməyə müsaid sadəlövh, məlumatsız olduğun üçün elə sənin özünü qınayır. Təcrübə deyir ki, nəinki ədəbi prosesi, bütövlükdə həyatı "Black mirror" kimi qəbul edib oyunçu olmağı bacarmırsansa, offside olacaqsan. Odur ki, məncə, heç Nadir də bu sualında səmimi deyil.
Nadir demişkən, oğlum yaşda olsa da, onunla söhbətdə ağsaqqalla danışırmışam kimi hiss etdiyim bu gəncin hekayələri də əsasən "yaşından böyükdür". Ümumiyyətlə, bəzi gənc müəlliflərin əsərlərini oxuyanda mətnlərindəki əsa taqqıltısı başıma düşür. Yəqin ki, bu, gənc dostların mütaliənin təsirində qalmasından irəli gəlir. Nadir Yalçının "təsirlənmə əndişəsi" barədə başqa vaxt, "qayıdaq öz qoyunlarımıza".
"20-ci sahə"nin hekayələri ("Kor Bağır", "Zəngəzur dağlarında", "Kazımın anası", "Maqsud", "Kent", "Şıkı Həsən" və s.) ilə tanışlıq göstərir ki, ədəbi kriteriyalar Orxan Saffarini qəti maraqlandırmır. Kitabdakı yeganə yaxşı mətn "Əjdər"dir: "Deyirdi, torpaqların neçə faizini aldığımızı bilmirəm, amma məndən 80 faiz getdiyi dəqiqdi... Sonra kədərli, güllə kimi gülüşmə..." Bütün qüsurlarına rəğmən bu, mənim sevdiyim müharibə hekayələrindəndir.
Hekayədəki əskikliklər də, artıqlıqlar da müəllifin bunca gözəl materiala bir az qaçaraq, bir az da təcrübəsizlikdən doğan münasibətinin təzahürüdür. Amma ədalət naminə deyək ki, "Əjdər"i Orxan yox, yazılmamış qanunlarla tənqidinə tabu qoyulan bir müəllif yazsa, haqqında daha güzəştli danışılar, şişirdilib müharibə haqqındakı ən yaxşı hekayə kimi təqdim olunar, qüsurlarına göz yumular. Bu bizik. Hekayə də elə bizi yazır: müharibə acısından keçən taleləri, keçməyən sınaqları... Biz cəbhədə qalibik və ədəbiyyatda qalib əsgər obrazını bəzən aşırı şişirtməyi sevirik: balacalığından yaşıdlarından istedad və qabiliyyətinə görə seçilməyən, uşaqlıqdan vətənpərvər olmayan, evdə ailə üzvlərinə, çöldə böyük-kiçiyə sayğı, küçə heyvanlarına qayğı göstərməyən qalib əsgər olarmı?!. Müharibədən, özü demiş, iyirmicə faizi qayıtmış Əjdər isə "peşəsini" sevən oğrudur, narkomandır, həyatın dibində yetişən lazımsız koldur - təkcə müharibəyə yararlıdır. Əlabbasın "Gözəl" hekayəsində əsirikdən qayıdan bacısının sağ-salamat döndüyünə təəssüflənən qardaşla Orxanın hekayəsində oğlunun dönüşünə sevinməyən ata eyni mental düşüncənin məhsuludur. Əjdərin fiziki əlilliyinin "faiz dərəcəsi" nəinki özünün, hətta ailəsinin və cəmiyyətin mənəvi şikəstliyi ilə düz mütənasibdir.
Orxan Saffarinin bu ən yaxşı hekayəsində belə, çatışmayan redaktor işi və ən əsası, müəllif soyuqqanlığıdır. Hiss olunur ki, o öz yazdığına məftundur: qurduğu mətnə misralarla bəzək vurur, sentimental notlara köklənir... Hekayədə dəhşətli faciənin "Siqareti çəkdirməyə məhlədə adam axtarması" kimi və sitat gətirmək istəmədiyim daha ağır nəticələrini, sadəcə, oxuyuruq. Kaş Orxan mətn üçün bu qədər dəyərli olan detalları çatdırmağın danışmaqdan daha uyğun vasitəsini seçərdi.
Elə bilirəm, Orxan Saffari təkcə bu hekayəyə görə özünü yazıçı hesab edir, yalnız bu mətni hamıya oxutmaqdan ötrü "20-ci sahə"ni ərsəyə gətirib. Çünki onun hekayələrindəki yaxşı epizodlar çınqılın arasına təsadüfən düşmüş bir neçə buğda dənəsi kimidir. Xam material var, onu cilalandıran zəhmət yoxdur.
Alınmayıbsa, "20-ci sahə" ətrafında bu qədər müzakirə niyə açılır?! Səbəb Orxanın hətta ən zəif hekayələrindən belə, zəif də olsa, boy verən nəsr potensialındadır. Saffarinin məqsədi ədəbiyyat deyil, özündən söz etdirməkdirsə, ona artq nail olub; ədəbiyyatdırsa, təəssüflə deməliyəm ki, "20-ci sahə"nin marşrutu oraya aparmır.
Təkrarlamaqla bəzən yaşıdlarımı qıcıqlandırdığım bir ifadə var: gənclər bizdən daha ağıllıdırlar. Əlindən tutub yolu tanıtdıqlarımız bir gün bizə yol göstərəcək, köhnə yoldan getməməyi məsləhət görəcək, yeni cığır açıb "ardımca" deyəcək qədər böyüyürlərsə, demək, həyatımız alınıb, missiyamız baş tutub. Əks halda, bütün danışıqlarımızın deyingənlikdən başqa bir şey olmadığını qəbullanmalıyıq. Böyüklərin təcrübəsi gənclərin kreativ düşüncəsi ilə birləşəndə zamanla ayaqlaşmaq mümkün olur. Yoxsa köhnəlmiş təcrübə yeni zamanla toqquşub estetik qəzaya səbəb olur. Gənclərin köhnə bazara təzə nırx qoyması əladır, təki bu əməllərini sərgilədikləri sahənin ədəbiyyat olduğunu yaddan çıxarmasınlar.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!