Vislava ŞİMBORSKA - Barroko poeziyasının böyük xanım şairi - Cavanşir YUSİFLİ

Cavanşir YUSİFLİ

Şimborska yaradıcılığında barokko ornamentlərinə böyük önəm verirdi, bu baxımdan onu anlamaq, baxdığı yönü düzgün görmək çox çətindir, nə qədər sadə, ölçü-biçili mətnlər yazsa da...

Bütün "təsvirlərində" (əslində bir şair nəyi təsvir edə bilər ki?..) incə yumor və ironiya ən dinamik elementlər sayıla bilər.

Çox vacib bir kitabı var: "Özümə suallar". Bu kitabda yazılırdı ki, uzun müddət siyasi həyatdan kənarda qalmasına rəğmən elə bir gün olmayıb ki, yaşadığı əsrin mənəvi problemləri haqqında özünə çətin suallar verməsin. Və əlavə edir: bu dünyada sadəlövh suallardan daha vacib və daha mühüm sual yoxdur.   

Bütün inadı oxucuda uşaq heyrətini yaratmaq, canlandırmaq idi, başqa heç nə... Razılaşın: uşaq heyrətinin "yazdığı" mətni anlamaq çox çətindir...

Poeziyada dilin sadəliyi şərtdir. Şimborskanın dilinin sadəliyi özündə kəşf edilən çox sayda oxu variantlarını gizlədir.

Şimborskanın dili sadə və sehrlidir, bu şeirləri birbaşa polyakcadan çevirmək çox çətindir. Vaxtilə onu Çeslav Miloş ingilis dilinə çevirmişdi, digər tərcümələr ona əsaslanırdı.

Mən onu fransız dilindən çevirməyi xoşlayıram...

Deyirdi: "Şair bizimlə danışır, sadə yol yoldaşı kimi, bizi həyatın içinə, həm də onun gözüylə görünən gerçəkliyin içinə salır, heç nəyi izah etmədən, heç nəyi təmizə çıxarmadan".

Biz bəzən yolboyu susaraq gedirik.

Ən yaxşı şeir bu deyilmi?

 

Hələ də

 

Möhürlənmiş vaqonlarda

Adlar ölkəni keçməkdə

Nə qədər yol getsələr də,

Yəqin bir gün düşəcəklər,

Amma nə deyim, bilmirəm.

 

Ad-Nathan, arakəsməni döyür,

İsaak qışqırır, oxuyur dəli kimi.

Sara bir damcı su üçün yalvarır,

Aronsa susuzluqdan gəbərir, ölür.

 

David, boşluğa atma özünü,

bu ad həyatını sıxıb suyunu çıxardıb.

Bu adı artıq kiməsə qoymurlar,

Çünki daşımaq olmur onu, ağırdır.

 

Oğlunuza bir slavyan, sarışın adam adı verin,

Burda bilməzsiz hər bir tük sayılır.

Hər telin hesabı var,

Burda buğdanı samandan ayırırlar

Göz qapaqlarına, adına görə...

 

Tullanma. Oğlunun adı elə Leç olsun,

Tullanma. Vaxtı-vədəsi gəlməyib hələ.

Tullanma. Gecə qəhqəhə çəkir, gülür,

Yolboyu vaqonlar baxır rişxəndlə.

 

İnsan buludu torpağın üstündən keçir

kölgə kimi,

Çox böyük bulud, bir də gözyaşı - yağış,

Bir damcı gözyaşı yağışı,

Dünya boyda quraqlıq...

 

Bu belədir, təkər səsi. Ancaq səs.

Bu belədir - qatar meşənin içinə qışqırır.

Bu belədir - gecənin bağrı inləyir, eşidirəm.

Bu belədir - sükut sükutu döyəcləyir...

Sükut sükutu çapır...

 

"Fleuve d'Hyraclite"/"Heraklit Çayı" (1957) kitabından.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!