Söz yükü - Təranə Dəmir Taleh Mansur haqqında yazır

Bugünkü qəhrəmanım xeyli gəncdi. Amma çiynində min ilin yükü var - Söz yükü. Sözündə Vətən boyda, torpaq boydadı. Məsuliyyətli və dəqiqdi. Arxasında durandı sözünün - hər mənada. Yaşına görə çox bilir. Elə çox da görüb, məncə. Çətinliyin və ağrıların içindən keçib. Həyatda bişənlərdəndi. Ona görə də özünə arxayındı; elə sözünə də. Aramızda bir fəsillik yol var. O bahardadı, mən payızda. Hərə öz pəncərəsindən baxır dünyaya. Əsas odu baxmağı bacarır. Hərdən sözü adama payızdan boylansa da, əhvalına bağışlayırsan duyğularını. Hər məqamda özüdü. Ərklə sözünün qapısını açdığım gənc dostlardandı. Elə hər mənada arxalana biləcəyimiz gəncdi. Gözəl vətəndaşdı, gözəl oğuldu, gözəl atadı, gözəl yoldaşdı, gözəl dostdu. Bu gözəlliyin içində istedadlıdı həm də. Ürəklə "şairdi" deyə bildiklərimdəndi ən əsası:

 

Bu dünyaya mən dan yeri

söküləndə gəlmişəm.

Tanrının dərgahından bu bəxtəvər dünyanın

Qapqara saçlarına

İşıq rəngli ləl-cəvahir

Töküləndə gəlmişəm

 

- deyir bugünkü qəhrəmanım Taleh Mansur.

Mənsə, "nə yaxşı ki, gəlmisən bu ağlı-qaralı dünyaya. Nə yaxşı ki, sözün qulpundan yapışmısan. Nə yaxşı ki, sözə qahmar çıxanlardan olmusan", - deyirəm. Qəlbiylə sözə sarılanlardan pislik gəlməz dünyaya. Safdılar.

Qələm sözünə baxmayanda da sözə tutunmağın bir ayrı hikməti var. Hələ sözlə əl-ələ verib bu dünyaya meydan oxumağın özü bir qəhrəmanlıqdı. Qəhrəman olmağın özü də bir igidlikdi.

Talehin qələminə Tanrı sığal çəkib. Göy üzündən gələnlərdəndi. Bu çoxluğun içində özünü isbat etmək, seçilmək elə də asan deyil. Hərdən Talehdən daha ağır, daha dərin söz, fikir gözləyirəm. Sonra dönüb yaşına baxıram. Yaşına bağışlayıram o vaxt duyğularından asılan gənci. İçindəki atəşinə, oduna bağışlayıram. Yaşıdlarından tez böyüyən adına bağışlayıram.

Mənə görə şairi sözündən tanıyırsansa, demək, şairdi. Öz cığırı, öz yolu varsa, demək, özünə sadiqdi. Talehdə də bir qəribə özünəmənsubluq var. Bu heç də özünü bəyənmə deyil, özünə inamdı, özünə güvəndi. Onun bircə şeiri də boğazdan yuxarı yazılmayıb - kökü var; havadan asılmayıb. Aydınlığında durulub paklana bilir oxucu. Dağa-daşa salmır adamı, düz yola çıxarır. Ruhunun yolçusudu Taleh. Sözün dalınca düşənlərdən deyil. Söz onun yaxasını buraxmır. Yaxşı mənada:

 

Şeir qəlbi şah tutasan, şah qala,

Söz başını düz önündə əyəsən.

Qoşulasan İlahi bir xəyala,

Aradabir gedib ərşə dəyəsən.

 

Sözü İlahiyə ucaltmaq Eşqi duyulur bu misralarda. Bu baxımdan Talehdə özünə özündən baxmaq fəlsəfəsi güclüdü. Nə olursa-olsun, ən əsası, hər məqamda içindəki sevgini qoruyub saxlamağın bir adı da müdriklikdi. Taleh də gənc müdriklər siyahısındadı bu sarıdan. Bu da bir məsuliyyətdi. Hərdən bu yükün ağırlığından doğulan şeirlər gələr dünyaya. Sonra hamınınkı olar bu dərd. Dərdin böyüklüyünə sarılarsan. Özününkü edərsən. Deyərsən, bax, budu hər şeydən ucada dayanan Söz.

Nə qədər gizlətsə də, şairi sözündən tutarsan. Şair sözüylə ələ verər özünü. Elə Taleh Mansur kimi:

 

Göyün xəyalımdı,

Yerin yuxumdu,

Sən olan yuxular dərin yuxumdu.

...Bir də ki, sən özün yaxşı bilirsən,

Sənli yuxuların dayazı olmur,

Yağış, qar töksə də, ayazı olmur,

Nə qışı, nə də ki , payızı olmur...

 

Həsrətə bələnmiş sətirlər ruhuna hopur adamın. Bürünürsən şeirə. Hopur canına ayrılıq. Unudursan sətirlərin arasında bu günü. Dünənə qayıdırsan. Ordan sabahdakı özünə boylanırsan. İtib-batırsan dünəndə. Bu günə dönməyə gücün qalmır. Şeir də bu deyilmi?

Döndü göz yaşına gülən sevdalar,

Bir də doğularmı ölən sevdalar?

Ay mənim başıma gələn sevdalar,

Başımdakı ürək deyil, ağıldı.

 

Bilə-bilə ki, sevdaların hamısı hisslərin məhsuludu, yenə də ağılla sevməyin tərəfdarıdı bu gənc həmkar.

 

...Vəcdə gəldim söz əlindən, danışdım,

Qəşəngindən, gözəlindən danışdım,

Mən ömrümün əvvəlindən danışdım,

Sonrasını bilirsən də, nağıldı.

 

Axıcı misralar duyğulara sığal çəkir.

Fikirləşirsən ki, onsuz da hər şey nağıldı. Təki yaşamağı bacarasan.

Taleh həm də sözündə özünü göstərənlərdəndi. Heç kimin fikirlərinə söykənmir. Özünə bağlıdı. Eqosu yoxdu. Tanrının çaldığı ilə oynayır. Dərin şeirlərin içində boy verir sözüylə. Cılızlıqdan qaçandı. Qəribə sadiqiyi var arzularına. Ümiddən yapışandı. Bir az da üsyankardı. Səbirsizliyi başına bəladı. Arxayınlaşmaz heç nəylə. Heç razılaşmaz da. Sözündən tanıyıram, axı.

Bir "Ulduz" sevdası da var onun: Ustadı Qulu Ağsəsin yükünə yoldaş olmaqdan da usanmaz. Sevə-sevə çəkər yükü. Quludan dərs alıb, axı.

Biz müəlliflərin də yazılarının nazını çəkmək var öhdəliklərində. Ərkimizin, görkümüzün yiyəsidilər həm də. Sözlərinin də.

Elə Qulu Ağsəs də mənim kimi Talehdə başqalarından fərqli nəsə görüb ki, bu yaşda bu boyda məsuliyyəti onun boynuna yükləyib. Tanrı kömək olsun!

Bizəsə, bu gənc dostumuza bolluca səbir, dözüm və uğur arzulamaq qalır. Sözü və yolu həmişə açıq olsun!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!