Cavanşir YUSİFLİ
1
Hər hansı əşyanın rəsmini çəkəndə ilk diqqət etdiyin şey əşyanın konturlarını, onu kənardan ayıran cizgiləri düzgün tutmaqdır. Əşya qoyulduğu yerdə, onsuz da, sakit, tərpənməzdir (zamansızdır...). Cizgilərin o məkandan dışa çıxmamasına çalışanda sən ani olaraq həmin əşyanın (bərni, stəkan, gül, daş və sair) bətnində çırpınan hərəkəti duymuş kimi olursan və bu hal, işarə bir daha təkrarlanmır (zaman dalğaları...). Hər hansı gülün, yaxud başqa bir əşyanın rəsmini çəkəndə sən, şübhəsiz ki, onu büsbütün dəyişdirdiyinin fərqində olmursan. Sənin çəkdiyin rəsmin içindən bir gün bir qadın oyanıb çıxarsa, bu artıq rəsm içində rəsm, söz içində söz, sükut içində yuxudur, demək...
Əşyaları şairlərdən yaxşı kimsə tanımaz, şair hər şeyə ömründə bircə dəfə baxa bilər, o zaman da yalnız bəsirət gözüylə, şair əşyanın içini, enerjisini gözəl duyandır. İstənilən şair sözə rəsmlə başlayır, xəyalındakı təsvirlərin konturlarını birləşdirir, heyrət ediləcək mənzərəni yaradır, elə bir mənzərə ki, üzə çıxsa, yaşıl nə varsa, od tutub alışar. Şair sözlə bu rəsmi yandırır. Yerdə hərəkət, dinamika qalır. Füzuli qəzəllərində, Seyid Əzimdə məhz belədir. O qəzəlləri tədqiq eləmək, sadəcə, şərhlə bitmir, ilkin mərhələni - xəyalda çəkilən rəsmi də bərpa etməlisən. Bu isə sadəcə, mümkünsüzdür. Yaxınlaşa bilərsən, əslinə toxunmaq çox çətindir. Demək, hər bir bədii mətn - şeir mətni ilkin olaraq iki qatdan (yarus -?) ibarətdir: yada sala bilmədiyin və unutmağa çalışdığın. Aşıq şeiri birinci qata maksimum yaxınlaşa bilir. Bundan artıq yaxınlaşanda müəllif "itir", unudulur, bayatılar dünyaya gəlir. Buna görə bayatı bütün komponentləri ilə aşıq şeirindən qalmadır.
Füzuli nə deyirdi:
Güli-rüxsarinə qarşi gözümdən qanli axar su,
Həbibim, fəsli güldür bu, axar sular bulanmazmı?
Bu beytdə mənzərə nə qədər axar-baxarlı olsa da, xəyala ilkin gələn, çəkilən rəsm artıq təsəvvürə gəlmir.
2
Hə, o işarə sənin qələmindən, qələmin kömüründən tutub o əşyanın keçmişinə aparır. Və bu prosesdə hər şey natürmort sözünün semantikasını dağıtmağa, onu bu məkandan silməyə yönəlir. Bir neçə, yaxud bütün güldan rəsmlərini yanaşı təsəvvür edin, güllər həmin güldanlardan başlarını aşağı sallayıb suyun gəlişini gözləyirlər, ancaq bu gözlənti heç zaman çin olmur, bəzi yuxular kimi. Yuxuda yazılan şeirlə həmin nature morte arasında gizli-aşkar bir bağlılıq var. Yuxuda yazılan şeirə (Mikayıl Müşfiqdə bu mətnlər diqqətlə baxdıqda bilinir, onların poetikasında bir yuxu dalğınlığı var...) "toxunmaq", onu redaktə etmək, tam olaraq yaddaşa yazmaq qeyri-mümkündür, yuxu onun ən dözümsüz parçasını sənə verir, yəni hər şey bu dörd misradadır, həm də şeir elə insanın nə yuxuda, nə aşkarda xatırlaya bilmədiyi bircə sözdür. O sözə maksimum yaxınlaşanlar həyatdan tez, cavan yaşda köçür. 27 yaşdan 40 yaşa qədər ömür sürmüş şairləri yada salın.
O Lermontov idi, gəlmişdi bizə,
İyirmi üç yaşa keçmişdi təzə...
Lermontovun nəsrində nə qədər gözəl, bir-birini dalğalar kimi izləyən metafora var, sanki həmin natürmortdakı başını sallayan güllərə sarı axırlar...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!