Biz poeziyasız yaşaya bilmərik... - Vaqif YUSİFLİ

2023-cü ilin poeziyası haqqında bəzi qeydlər

Vaqif YUSİFLİ

Əsrlər boyu poeziya Azərbaycanda milli sərvət sayılıb - şair sözü bütün dövrlərdə insanların mənəvi dünyasına işıq paylayıb, xalqın kədərində kədərli, sevincində sevincli, qələbəsində qalib olub. Şair sözü duz-çörək, hava, su, torpaq kimi müqəddəs sayılıb. Əlbəttə, söhbət əsl poeziyadan gedir. Poeziya yenə bu əzəli-əbədi missiyanı şərəflə yerinə yetirir. O, yenə mənəvi dünyamızın, həyata, insanlara, gözəlliyə münasibətimizin meyarına çevrilməkdədir. "Azərbaycan xalqı şair xalqdır" ifadəsinin hansı mənada deyilməsinin fərqinə varmayaraq, hətta bu fikrin bir qədər yanlış olduğuna inansaq da, belə bir həqiqəti sübut etməyə heç ehtiyac qalmır: Biz poeziyasız yaşaya bilmərik.

2023-cü ilin poeziya mənzərəsi haqqında müəyyən təsəvvür yaratmaq üçün biz müxtəlif ədəbi nəsillərin yaradıcılığını əks etdirən şeir kitabları ilə tanış olduq, "Azərbaycan", "Ulduz" jurnallarını, "Ədəbiyyat qəzeti"ni vərəqlədik, "Ədalət", "525-ci qəzet"lərdə ədəbiyyat səhifələrinə diqqət yetirdik. Bizdə ümumi təəssürat belə oldu ki, doğrudan da, əsl poeziya nümunələri ilə qarşılaşırıq.

İndi isə çağdaş poeziyamızın uğurlarından, onun ictimai, mənəvi həyatımızda rolundan söz açaq və əsasən, 2023-cü ilin poeziya mənzərəsi haqqında müəyyən təsəvvür yaradaq. Şeirimizdə adlar, ünvanlar çoxdur və bu yazıda hər bir şairin yaradıcılığından söz açmaq mümkün deyil. Amma mümkün olan odur ki, ayrı-ayrı problemlərin, sənətkarlıq məsələlərinin poeziyada necə əks olunduğuna diqqət yetirmək olar.

İkimininci illərdə müasir poeziyamızın avanqardları sayılan Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Qabil, Məmməd Araz, Fikrət Qoca, Vaqif Səmədoğlu, Fikrət Sadıq, Musa Yaqub, Ələkbər Salahzadə, Məstan Günər, Camal Yusifzadə, Abbas Abdulla, Nüsrət Kəsəmənli, Məmməd Aslan, Zəlimxan Yaqub vəfat etdilər. Onların hər biri Azərbaycan poeziyasında əbədi iz saldılar və Fikrət Qocanın Səməd Vurğuna həsr etdiyi şeirindən iki misra yerinə düşür bu məqamda: "Şair nəğmə kimi gəlir cahana, Nəğmə ölümünə mən inanmıram". Amma Azərbaycan poeziyası üçün qocalıq qorxusu yoxdur və şeirimizin ağsaqqalları - Nəriman Həsənzadə, Məmməd İsmayıl, Eyvaz Borçalı və artıq bu səlahiyyətə malik olan Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Çingiz Əlioğlu, Ağasəfa, Əşrəf Veysəlli yaşca qocalsalar da, şeirlərində inkişafdan geriləmə yoxdur. Ramiz Rövşən yenə bütün nəsillərdən olan oxucuların sevimli şairidir və hər dəfə yeni şeirləri ilə Ramizrövşənliyini təsdiq edir. Məmməd İsmayıl və Sabir Rüstəmxanlı haqqında da "ustadi-əzəm" kəlməsini işlədirik.

Nəriman Həsənzadəyə - onun poeziya aləminə məxsus bir xüsusiyyət - həzinlik, kövrək hisslər, keçmişi - ötən günləri, sanki bu gündə yaşayır hissi onu tərk etmir.

Başqa bir qocaman şair - 84 yaşlı Əşrəf Veysəllinin şeirləri də belə həqiqəti sübut edir ki, doğrudan da, şair qocalmır. Əşrəf Veysəlli "altımışıncılar" cərgəsində o qədər də məşhur olmayıb, yaradıcılığına həsr olunan resenziyaların, məqalələrin sayı da çox deyil. Heç haqqında dissertasiya və monoqraftiya da yazmayıblar. Amma Əşrəf Veysəlli bəlkə çoxlarımızın görmədiyində müasir poeziyamızın incilərini yaradır. Bu, o Əşrəf Veysəllidir ki, Qarabağ həsrətini qınağa çevirirdi:

 

Ay Əşrəf, gülünclər qoy bizə gülsün,

Sızlayan ürəyin yansın, tökülsün,

Başına daş düşsün, yıxılsın ölsün,

Kiminsə əlindən Şuşası getdi.

 

Şuşa indi əlimizdədir və Əşrəf Veysəllinin yeni şeirlərində onun Şuşalı günləri xatirə deyil. Yeri gəlmişkən, son illərdə Şuşa ilə bağlı yüzlərlə şeirlər yazılıb, demək olar ki, poeziyada bir "Şuşanamə" yaranmaqdadır. Fikrimizcə, Vaqif Bəhmənlinin Şuşa ilində yazdığı "Bağışla məni, əsgər..." şeiri bir nəslin etirafı kimi səslənir:

 

Otuz il bundan öncə tarana getməliydim,

keşikçi durmalıydım Daşaltının qaşında.

Qoca-qaltak yaşımda mən ölüb-itməliydim,

niyə sən öldün axı, cavan-cahıl yaşında? -

Bağışla məni, əsgər,

əsgər, məni bağışla!

 

Nə üzlə diri gəzim...

sən də orda uyu, tək.

"Oğul", - deyib vaysınım,

hərlənim dəli kimi?!

Ananın göz yaşını içim Kəbə suyutək,

ruhunun ayağına döşənim xalı kimi...

Bağışla məni, əsgər,

əsgər, məni bağışla!

 

Elçin İsgəndərzadənin Şuşalı şeirləri isə Şuşanı poeziyada Obraza çevirmək mənasında uğurlu bir addımdır. Yazdığı şeirləri Elçin İsgəndərzadə "Mənim Şuşa dastanım" adlandırır. Hər bir dastanda sevinc də var, qəm də, kədər də və hər bir dastanın sonu sevgililərin xoşbəxtliyilə başa çatır. Elçin İsgəndərzadənin "dastanı"nda da bu gedişata yalnız "duvaqqapma" istisna olunmaqla əməl edilib. Ancaq "Mənim Şuşa dastanım"da eposa məxsus çoxlu mənfi-müsbət obrazlarla qarşılaşmırıq. Bu "dastan"da Elçinin-Şuşada doğulmuş bir şairin özü var, bir də həsrətini çəkdiyi doğma şəhər, şəhid evlər, Şuşadan əsən küləklər, yağışlar var...

Bakıda Şuşa küləkləri əsir, hərdən,

Şuşa yağışları yağır.

Bir qərib oğlan keçir o küləklərdən,

islanır o yağışlarda.

Küləklər Şuşa küləyi,

yağışlar Şuşa yağışı...

 

Elçinin "Şuşa dastanı" hələ bitməyib. Xoşbəxt, azad Şuşa da onun şeirlərinin yolunu gözləyir. Zahid Xəlilin "Şuşa şeirləri", Xanım İsmayılqızının "Şuşa təsnifi", Elnur Uğurun "Şuşaya gedən yollar", Arzu Nehrəmlinin "Mənim Şuşam" silsilə şeirləri, Əflatun Baxşəliyevin "Qarabağ Azərbaycandır" şeirlər kitabındakı Şuşaya həsr olunan şeirlər, Tofiq Nurəlinin şeirləri, Gəray Göyyurdun "Şuşanamə"si, Rəşid Faxralının şeir və poemaları, Elxan Yurdoğlunun şeirləri, Teymur Kərimlinin "Şuşanaməsi"ndə Şuşanın tərənnümü Azərbaycanın dəyərlərinin tərənnümü kimi nəzərə çarpır. Mən burada Aprel döyüşlərinin və II Qarabağ müharibəsinin iştirakçıları olan qazi şairlərin "Barıt qoxulu sətirlər" kitabında toplanan şeirlərini də xatırlatmaq istəyirəm. Həmin kitabda 15 cavan qazi şairin  müharibə, savaş duyğuları öz əksini tapıb. Emin Piri, Həsən Kür, Elvin İntiqamoğlu, Səbuhi Qurbanov, Oğuz Alparslan - ümumən bütün qazi şairlər odun-alovun içində, hətta ölümlə üzbəüz qaldıqları anda da Qələbəni və Vətəni düşünmüşlər.

 

Salam, vətən, necəsən?

Şəhidlərin necədir?

Onlara söylə ki, darıxmasınlar,

Qisasımız qiyamətə qalmadı.

Sancıldı zirvəyə

Azərbaycan bayrağı!

 

Oğuz Alparslan

 

2023-cü ilin poeziya nümunələrini biz ayrı-ayrı mövzular üzrə (vətənpərvərlik, təbiət, sevgi, insan amili) qruplaşdırıb müəyyən təhlillər aparmaq fikrində deyilik. Burada biz V.Q.Belinskinin 190 il bundan əvvəl söylədiyi bir fikri xatırlamaq istərdik. "O şey ki, əvvəllər çətinliklə və asta irəliləyir və inkişaf edirdi, indi asanlıqla və sürətlə irəliləyir və inkişaf edir. Bu isə yalnız o zaman mümkün olar ki, ədəbiyyat bekarçılıq əyləncəsinə çevrilməsin, cəmiyyətin şüuru olsun, sevişənlər və evlənənlər haqqında xırda-mırda şeir və nağıllarla məşğul olmasın, cəmiyyətin həqiqi güzgüsü olsun və nəinki ictimai rəyin düzgün əks-sədasını versin, habelə onun müfəttişi və nəzarətçisi olsun". Burada şeir sənətinin mahiyyəti ilə bağlı mühüm bir həqiqət öz ifadəsini tapır, yəni şair "bekarçılıq əyləncəsi"nə, cəfəngiyyata qapılmasın, yaşadığı həyatın gözəlliklərini duysun, yazacağı şeirdə cəmiyyətin, insanların şüuruna, qəlbinə yol tapsın.

Biz müasir şeirimiz haqqında heç də bədbin təsəvvürdə deyilik. Azərbaycanda ən azı əlli şairin adını çəkərik ki, müasir poeziyamızda onların hər biri tanınır, oxunur və təbliğ olunurlar. Deyək ki, poetik üslubları ilə də seçilirlər. Bu nikbinlik şeirimizin müasir səviyyəsinin yetkinliyindənmi doğur? Əlbəttə, söhbət düzü-dünyanı bürümüş şeir horralarından getmir, əsl poeziyadan gedir.

 

Gəzirəm Təbrizin küçələrini,

Gəzirəm qolbaqol,

dolanbadolan.

Çəkirəm gözümə gecələrini

Təbriz pıçıldayır, -

xoş gəlib balam...

 

Bu şeirin müəllifi Ramiz Qusarçaylıdır və xatırladaq ki, o, "Vətən" poetik epopeyasının  müəllifidir, Azərbaycanın neçə əsrlik tarixini, bu yolda qələbələrini, bölünmələrini, parçalanmalarını, azadlıq uğrunda mübarizələrini, müstəqillik əldə edənə qədər keçirdiyi ağrıları, həyəcanları, itkiləri, uğurları bu poetik epopeya qədər son illərdə heç bir əsərdə görmədik. Ramiz Qusarçaylı şeirimizdə heca vəzninin bütün bölgülərindən faydalanır, əgər bu vəznin poeziyamızda müasir mərhələdə yerini, tutumunu izləmək istəyirsinizsə, onda Ramiz Qusarçaylının şeirlərinə nəzər yetirmək kifayətdir. Təkcə onun yox, son illərdə şeirləri ilə tez-tez rastlaşdığımız və heca vəzninin poetik özəlliklərini özündə əks etdirən bir neçə şairin də adını çəkə bilərik. Firuzə Məmmədlinin, Əşrəf Veysəllinin, Musa Ələkbərlinin, Ağacəfər Həsənlinin, İbrahim İlyaslının, Aybəniz Əliyarın, Əlizadə Nurinin, İslam Sadığın, Əli Rza Xələflinin, Arif Fərzəlinin, Sakit İlkinin, Ramiz Kərəmin, Süleyman Əlisanın, Anar Həbiboğlunun, Rafiq Yusifoğlunun, Əli Nəcəfxanlının, İsmayıl İmanzadənin, İlham Qəhrəmanın, Ağamir Cavadın hecalı şeirləri bu vəznin yaxşı mənada göstəriciləri hesab oluna bilər.

Əlbəttə, istər heca şeiri olsun, istər sərbəst şeir, istərsə də əruz...Nazim Hikmət demişkən: təki ortada şeir olsun.

Sərbəst şeirin meydanı isə heç də daralmayıb. Hərçənd ki, bu əsrin əvvəllərində Aqşin Yeniseyin, Zahir Əzəmətin, Qismətin sərbəstdə yazılan şeirlərinin havası ümidlər yaratdı bizdə. Amma sərbəst şeirin bizim poeziyada özünəməxsus, kimsənin onu təkrar edə bilməyəcəyi Vaqif Bayatlısı var. Biz Səlim Babullaoğlunun, Süleyman Abdullanın, Əlisəmid Kürün, Dəyanət Osmanlının, Kəramətin, Rəfail Tağızadənin, Tərlan Əbilovun, Oqtay Şamilin sərbəst şeirlərinə artıq alışmışıq, onların şeirlərində sərbəst şeir ənənəsindən gələn cizgilər, naxışlar aydın görünür. Amma daha cavan şairlər: Emin Pirinin, Zərdüşt Şəfinin, Aqşin Evrənin, Fərid Hüseynin, Günay Ümidin, Könül Arifin, Mirbəhram Əzimbəylinin, Ramil Əhmədin, Orxan Səffarinin, Sevinc Elsevərin, Seymur Sunun, Feyziyyənin, Şəhriyar del Geraninin, Ulucay Akifin, Eminqueyin, Alik Əlioğlunun, Nicat Məmmədovun, Aysel Əlizadənin, Rəbiqə Nazimqızının, Elvin İntiqamoğlunun, Fuad Novruzlunun, Xatirə Nurgülün sərbəst şeirləri isə yeni bir üslubi çalardan söz açmağa imkan verir. Bu haqda geniş söz açmaq olar, amma qısaca onu vurğulaya bilərik ki, adlarını çəkdiyim bu şairlər, ilk növbədə, düşüncə tərzinin özünəməxsusluğu ilə seçilirlər. Nədir bu özünəməxsusluq? Bəlkə yeni əsrin ab-havası, dünyamızın mürəkkəb, xaotik mənzərəsi? Bəlkə poeziyada ənənəvi, hətta daşlaşmış kanonları dağıdıb parçalamaq həvəsi? Bəlkə dünya şeirində yaranan yeni meyil və tendensiyalara qoşulmaq istəyi? Əlbəttə, bu "bəlkələr"in sayını yenə artırmaq olar. Amma bu "bəlkələr"lə deyil, onların hamısının yaradıcılığına aid edilə biləcək bir məqamı qeyd edək: Azərbaycan poeziyasının bu yeni nəsli bəzi istisnalar nəzərə alınmazsa, aparıcı missiyanı ifadə etməyə layiqdilər. Hərçənd ki; 1. onların şeirlərində dünyaya baxış bucağı əksər hallarda subyektiv hisslər burulğanından uzağa getmir. 2.Onlar sərbəst şeirlərində ritmə, melodiyaya o qədər də meyil eləmirlər, halbuki, hər hansı sərbəst şeir üçün bu iki komponent vacibdir. 3. Şeiri az qala danışıq ritminə kökləyirlər. 4. Darıxırlar bu şairlər, bəzən tənhalıqdan intihar həddinə də gəlib çıxırlar (bu fikir onların hamısına aid deyil). Yaşamaq gözəldir, xanımlar, bəylər!

Amma onların şeirlərindəki təzə, hər hansı mövzuya tamam fərqli yanaşma və poetik ifadə yeniliyi görəndə hər şeyi unudursan. Eminquey adlı gənc şairin bir sərbəst şeirini misal gətirək: "Şəhid mənzərələri".

 

Doğum günündə,

bayraqla bəzənmiş qırmızı tabutda

qızına hədiyyə gəldi şəhidim,

zavallı qız,

sanmışdı ki, atası gözlərini yumub

gizlənpaç oynayır,

"Ata, gözlərini aç,

oynamaq istəmirəm" ...

Dostum,

heç darıxma qaziliyindən,

şəhid dostlarının şəkillərinə baxıb köks ötürmə,

dostum, üzülmə,

hanı qolların?

dostlarınla birgə şəhid oldular.

ikiyə bölünən şəhid bədənlərinin arasından

Axır Araz çayı,

Qovuşur Qarabağa Azərbaycan.

 

Son illərin poeziyasında şeirin bəzəyi olan təşbeh və metaforalara tez-tez müraciət olunur. Buna biz Qəşəm Nəcəfzadənin şeirlərində daha çox təsadüf edirik. Qəşəmin şeirlərində yerinə düşən, bəzən qəbul etmədiyin, sənə qəribə gələn və bəzən də orijinal təsir bağışlayan təşbehlər, metaforalar diqqəti cəlb edir. Məsələn, "Məktub yazmaq kimidi zəmini suvarmaq, hərflər sünbüldü, sünbül torpağın barmaqlarıdı. Mən burdayam işarəsi" - burada həm tam və müfəssəl, həm də mükəmməl bənzətmələrdan istifadə olunub.

Ümumiyyətlə, XXI əsr Azərbaycan poeziyasının sənətkarlıq xüsusiyyətlərini araşdırarkən, belə bir qənaətə gəlirik ki, yeni əsrin poeziyasını təşbehlər və metaforalar poeziyası kimi səciyyələndirmək olar (mübahisəli olsa da).

Poeziyamızla bağlı müzakirələrdə həmişə belə bir sual da meydana çıxır - şeirimizin lirik qəhrəmanı özünü necə ifadə edir? O (lirik qəhrəman), şeirimizin "baş qəhrəmanı"na çevrilə bilirmi? Axı, istər nəsr əsəri olsun, istər dram əsərləri, istərsə də şeir, ədəbiyyatı qəhrəmansız təsəvvür etmək olarmı? Elə güman etməyin ki, biz sovet dönəmində olduğu kimi "müsbət qəhrəman" iddiasındayıq və onların "mənfi qəhrəmanlar" üzərində qələbəsini arzulayırıq. Yox, bu sosrealizmdən qalan məlum "hökm-fərma" konsepsiyası artıq dəfn olunmuşdur. Keçən əsrin 60-cı illərindən başlayaraq - elə Sistemin özündəcə tədricən ədəbiyyatda qəhrəman probleminə münasibət dəyişməyə başladı (Bu haqda Elçinin "Sosializm realizmi bizə nə verdi" əsərini yüksək qiymətləndiririk). Ədəbi qəhrəman sxem üzrə yox, onun bütün müsbət və çatışmayan cəhətləri ilə nəsr əsərlərində təcəssüm etdi. Bəs poeziyada necə? Əslində, poeziyada bu proses çoxdan başlanıb. Şairlər lirik qəhrəmanının yönünü tərənnüm - vəsf lirikasından uzaqlaşdırıb reallığa, həyatda, gerçəklikdə baş verən və onları düşündürən taleyüklü məsələlərə ünvanladılar. Bunu müstəqillik illərinin poeziyasında daha aydın hiss etdik. Şeirin özü - məzmunu dəyişdiyi kimi, onun lirik qəhrəmanı da dəyişdi, yeniləşdi. Mətləbi uzatmayaq, şeirimizin yeni mərhələsində lirik qəhrəmanın çağdaş durumu ilə maraqlanaq.

Ən əvvəl onu qeyd edək ki, "lirik qəhrəman" ifadəsi ilə "lirik mən" arasında müəyyən fərqli xüsusiyyətlər olduğu məlum. Lirik qəhrəmanı biz daha çox obraz kimi qəbul edirik. Amma "lirik mən"də şair özünü ifadə edir. O, istər öz könül duyğularını izhar etsin, istərsə də gerçəklikdə, təbiətdə, dünyada, yaşadığı mühitdə hər hansı hadisəyə, obyektə münasibət bildirsin, öz daxili aləmini sərgiləyir. Beləliklə, "lirik mən" "lirik qəhrəman"ın missiyasını öz üzərinə götürmüş olur. Şeirimizin ikimininci illərində də biz "lirik mən"in aparıcı missiyasının şahidi oluruq.

Sevgi ömrü. "Yarəb, bəlayi-eşq ilə qıl aşina məni..." Füzulinin bu misrasını eşqin bütün zamanlar üçün səslənə biləcək bir bəyan hesab etmək olarmı? Axı, beş əsr ərzində cəmiyyət, mühit, ictimai və mənəvi həyat dəyişib, inkişaf edib. İndi Füzulinin, o böyük eşq-məhəbbət hakiminin "Nə müşgül dərd olursa, bulunur aləmdə dərmanı, Nə müşgül dərd imiş eşqin ki, dərman eyləmək olmaz" kədərli və kədərli olduğu qədər də romantik etirafına yer varmıdır? Amma bu eşq hakiminin bir beytini də xatırlayaq: "Eşqidir ol nəşeyi-kamil kimi, ondandır müdam, Meydə təşviri-hərarət, neydə təsiri səda". Deməli, eşq hakimi özündən sonrakı əsrlərin şairləri üçün nikbin bir tezis də formulə etdi. Azərbaycan poeziyasının sevgi ərazisində yeni obrazlar - bu obrazların eşq-məhəbbət etirafları, bu etiraflardan doğan çılğınlıqları, üzüntüləri, Ayrılıq adlı bitib-tükənməyən günləri, ayları, illəri, qəm hücrələrindən boylanan tənhalıq acıları diqqəti cəlb edir. Bir-birinə meyilli olan iki qütb arasında, daha doğrusu, sevənlərin münasibətində Ayrılıq adlı "zəhərli bir külək" və "dar ağacı" meydan sulamaqdadır. Sevən oğlanlar sevdikləri qızdan, qızlar isə oğlanlardan incikdilər və bu inciklik, bəzən lap ifrat həddə çatır. Bu "kədərli" əhval-ruhiyyəni izlədikdə yenə Füzulinin misraları yada düşür: "Oğlanlara qızlar olsalar yar, Eşqə bulunur rəvaci-bazar". Amma elə Füzuli dövründə də, indi də bu "rəvaci-bazar" - könüllərin birliyi çox zaman baş tutmur.

XXI əsrdir və təbii ki, mənəvi dünyamızın hər sahəsində olduğu kimi, sevgidə, insanın bu ali münasibətində də dəyişmələr, "yeniləşmələr" baş verir. Əlbəttə, real həyatda nəzərəçarpan sevgisizlik halları, aldım-verdim və boşanmalar, əxlaqa, ailəyə zidd olan hadisələr hamımıza yaxşı tanışdır. Amma bu o demək deyil ki, həqiqi sevgi, füzuliyanə eşq sönüb gedir. Nə qədər ki, həyat var, milli-mənəvi dəyərlər var, sevgi də var. "Bu sevgidir, mənim balam, ömürlərdən uzun sevgi" (Ramiz Rövşən). Sevgi elə bir hissdir ki, qocalmaq qorxusu ona yaddır və qocalmayan şair Ramiz Rövşən son şeirlərinin birində yazır ki:

 

Yavaş-yavaş sevdim səni,

Hər gün bir az da sevdim.

Ən çox bu qış sevdim səni,

Qarda, ayazda sevdim.

 

Gör, biz nə tez isinişdik,

Havalar soyuyanda.

Adamlar qalın geyinib,

Ağaclar soyunanda.

 

Qar altından baş qaldıran

Çiçəktək sevdim səni.

İstisinə qızındığım

Ocaqtək sevdim səni.

 

Hələ bu cür sevməmişdim

Ömrüm boyu heç kimi.

Səni sevdim qar üstündə

Yem axtaran quş kimi.

 

Qorxa-qorxa bu sübh çağı,

Nə baxırsan göyə sən?

Deyirəm ki, günəş çıxıb,

Qar əriyir, deyəsən...

 

Ramiz Rövşəni sırf sevgi şairi adlandırmaq doğru olmazdı, amma onun son illərdə qələmə aldığı bir neçə şeirində sevginin necə gözəl bir hiss olduğu incələnir. Bu şeirdə nə ayrılıq əzablarından üzülən bir qəlbin fəryadı duyulur, nə də ayrılıqdan sonra ürəyə axan qəm şəlalələri. Əlbəttə, ayrılıq da sevginin gözə görünən və gözə görünməyən məlum və bütün əsrlər boyu Azərbaycan şeirinin sevgi qütbünü "özününküləşdirən" hissdir, duyğudur. Əgər ayrılıqdan ölüm-itim, hətta intihar sədası gəlmirsə və bu ayrılıq yaşanılan sevginin təsdiqinə çevrilirsə, o zaman yaşasın belə ayrılıq...

2023-cü ilin poeziyası haqqında daha geniş və müfəssəl təhlillərlə Ədəbi proses - 2023 məqalələr toplusunda tanış ola bilərsiniz.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!