"İnanmadığınla söhbət alınmır"... Sözünə qüvvət, Rəşad Məcid, elə sevmədiyindən də yazmaq olmur, alınmır... vallah, alınmır! Nə hikmətdirsə bilmirəm, qələm ürəkdən duyğulanmırsa, şirə çəkmirsə, fikrə can verə bilmir, sözlər ölü doğulur.
60 illik yubileyi ərəfəsində Rəşad Məciddən nədən yazmaq istədim? Niyəsini-nədənini bilmirəm, amma bu işıqlı adamla bağlı yaddaşımdan işıqlı xatirələr boylanır və bu yazını da yazdıran elə həmin işıqdır.
Qeyd edim ki, Rəşad Məcidi tələbəlik illərindən tanıyıram. BDU-da jurnalistika fakültəsində eyni kursda oxuyurduq - mən əyani, o qiyabi. Müəllimlərlə, tələbələrlə-əyani-qiyabi-fərq eləməz, elə canlı münasibəti vardı ki, hamı Rəşadı özünə doğma, yaxın bilirdi. Ünsiyyət bacarığı böyük istedaddır, Tanrı vergisidir və bəlkə Rəşadın sonrakı iş, karyera taleyində ən böyük təkanverici qüvvə də məhz bu amil oldu. İnsanları yola getmək, başa düşmək üçün onları sevmək lazımdır - ayrı yolu yox bunun. "Ürəkdən sevinə bilmək də istedaddır, Tanrının lütfüdür", - Rəşadın feysbuk sosial şəbəkəsindəki paylaşımı bu yerdə lap yerinə düşür. Doğrudan da, birinin sevincinə ürəkdən sevinəndə, qəmindən kədər payını çəkəndə həm də ürəyinə yol tapırsan. Aqillər "ürəkdən ürəyə yol var" kəlamını boşuna söyləməyiblər ki...
...Dissertanturaya qəbul olunanda sevincimi ilk öncə Rəşad müəllimlə paylaşmış, elmi işimlə - Seyid Məhəmmədhüseyn Şəhriyarın anadilli yaradıcılığı barədə ilk yazımı çap etmək üçün ona göndərmişdim. Elə həmin gün də yazımın Rəşad müəllimin baş redaktor olduğu "525-ci qəzet"də çap olunduğunu görəndə körpə kimi, etiraf edirəm, ürəkdən sevinmişdim! Rəşad Məcidin bölgədə çalışan jurnalist həmkarına operativ diqqətindən, sevincinə şərik olmasından çox duyğulanmışdım və o hərarəti indi də - 5 il sonra, onun haqqında yazanda da hiss edirəm.
Rəşad Məcidin ən üstün cəhəti bilirsiniz, nədir? - Tək sevincini deyil, ağrısını, əsəbini də gülüşdə əritməsi, qəlb qırmaqdan çəkinməsi, sözdən "həya" etməsi, hamıya yetmək, bacardığını etmək istəyi. Mənim tanıdığım Rəşad Məcid əksər vəzifə adamları kimi üzünü ciddiyyət pərdəsi ilə maskalamağa ehtiyac duymur - "gülən adam" bütün hallarda özüdür ki var! Məhəmməd peyğəmbərin "Xoş təbəssüm də sədəqədir" deyimi bu işıqlı insanın, sanki həyat kredosuna çevrilib. Və bu deyimlə çalışdığı, rəhbərlik etdiyi qurumlarda insanlara müsbət ruh, aura aşılamaqla "Allah adamı" olur.
...İnsanlar bilirsiniz, nə vaxt kökdən düşür - yaşamaq enerjiləri tükənir, həyat sevgiləri sönür, ümidləri ölür? Əksərən, təmasda, ünsiyyətdə olduqları insanlardan neqativ enerji alanda! Xırdaçılıq etsəm də, mənə elə gəlir ki, bu kiçik nüanslara toxunmasam, Rəşad Məcidin portreti tamamlanmaz. Çünki, ürək duyğulanmasa, gözlərə də sevinc işığı axmaz. Rəşad Məcidin gülümsər siması xarakterinin açılımıdır elə. Baxın sosial şəbəkələrdəki fotolarına, efirdəki çıxışlarına - gülüşün bütün çalarlarını izləyə bilərsiniz. Vallah, elə fotosu var ki, sanki gülüşü ilə körpə kimi ağlayır! "Dərdsiz adam yoxdur", - deyən Rəşad Məcid dərdlərini, saysız-hesabsız qayğılarını, ətrafdakılardan aldığı neqativ enerjini gülüşündə əritməklə öz əsəb, ağrı yükünü ətrafdakıların üzərindən öz içinə çəkməyi bacaran böyük insandır. Niyə böyük? Çünki, əksəriyyətimiz belə deyilik, zəhər payımızı başqalarına ötürməkdə, onları da neqativ enerjimizin əsiri etməkdə maraqlıyıq.
Kimdir Rəşad Məcid? Vikipediyaya istinad etsək, "yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü. Maşallah, bu maraqlı insanın həyat, yaradıcılıq şaxələri o qədər çoxdur ki, bilmirsən, hansı istiqaməti tutub gedəsən, söz deyəsən. Yəqin ki, yubiley təbriklərində bu istiqamətlərin hamısı bir yazı mövzusu olacaq, ətraflı yazılacaq, araşdırılacaq. Mənim nəzərimdə Rəşad Məcidin 60 yaşına ən böyük uğuru qazandığı sevgidir, hansı postda olursa-olsun, işləyirsə-işləsin, qoruduğu sadəlikdir, kənddən gətirdiyi rayon uşağının saflığıdır, səmimiliyidir, təbəssümü ilə ətrafa yaydığı xoş auradır. Bəs Rəşad Məcidin uğurlarının sirri nədədir? "Sirr xarakterdədir!" - özü belə deyir! "İstedad və ardıcıl zəhmət çəkmək inadı hamıda olmur". "Özünü gözə soxanlardan, gördüyü xırda işləri bəh-bəhlə tərifləyənlərdən fərqli olaraq, başını aşağı salıb, sevərək öz işi ilə məşğul olanlar sonda daha çox uğur və ehtiram qazanırlar" - Rəşad Məcidin bu deyimləri özünün uğurlu həyat hekayəsinin açılımıdır elə.
"Xəyallar tükənəndə ömür mənasızlaşır"... Rəngli yuxulara, dadlı xəyallara söykəndiyinə görə də şair Rəşadın sirli-sehrli şeir dünyası həmişə maraqlıdır, rəngarəngdir, cəzbedicidir. Axı, "Sənət həyəcandan yaranır":
Bir kəlmə yalana qısılıb təkcə,
İki qəlb yükünü daşıya bilər.
Bir solğun xəyalın qoluna girib
Bir ömrü ümidlə yaşıya bilər.
Rəşad nə yazır, nədən yazırsa, mütləq yazdığına öz möhürünü vurur:
Başlayanda macəradı,
Dəcəllikdi, zarafatdı.
Bir də gördün, ciddiləşdi,
Yaxın gəldi addım-addım -
söz oyunu.
Məhəbbətdən kimlər yazmayıb ki? Amma bu köhnə mövzuya aşiq Rəşadın öz yanaşması var - kobud sözlərin əks etdirdiyi sevgi yanğısı sətirlərdən damır - yanan şam kimi:
Təzə ət qoxusu
duyan it
necə ki, zəncir çeynəyib dartınır,
Siçan pendir iyinə
necə ki, gözüyumulu atılır,
Xəstə narkoman gecəyarısı
özünü aptekin qapılarına
çırpıb qışqırır.
Bax, elə olursan
sevgi qoxusu,
sevgi havası hiss eləyəndə!
Elə bilirsiniz, sevgi şeirləri yazmaq asandır? Şair Rəşad Məcid üçün sevgi şeirləri canlı ikən yaşadığı "qəbir ağrısı"dır, ölüm xofudur:
Əzabın, sitəmin içində azdım,
Gah kəfən geyindim, gah qəbir qazdım.
Bilsəydim, əvvəldən heç başlamazdım,
Öldüm yaza-yaza bu şeirləri.
Vallah, billah, şeirin gözəlliyi zərif ifadələrdə, bəzək-düzəkli ibarələrdə deyil, qəlbi rahatladan, aşiqi inandıran səmimi etirafdadır:
Bir qədər az sevəydin gərək,
sakit sevəydin.
Sən demə,
rahatlıq, səadət
dəli kimi sevməkdə yox,
sakitcə sevib,
it kimi sədaqətli olmaqdadır.
60 illik yubileyi ərəfəsində Rəşad Məcidin bir jurnalist, redaktor kimi fəaliyyətindən söz açmamaq insafsızlıq olardı. Sizi bilmirəm, mən bu informasiya bolluğunda da hər gün "525-ci qəzet"i mütləq izləyirəm. Tərif xatirinə yox, insafla deyirəm: bu qəzetdə müasir oxucunun - elm adamının, tələbənin, fəhlənin, sıravinin - hamının maraq dünyasına uyğun yazılar tapa bilərsən. Şəxsi qənaətimdir, bu "Sovremennik" jurnalı N. A. Nekrasovu tarixdə yaşadan kimi "525-ci qəzet" də Rəşad Məcidi ədəbiyyat, mətbuat tariximizdə yaşadacaq!
"Təmənnalı tərif sözlərin düzülüşündən bilinir", - Rəşad müəllim, sözünüzə qüvvət, elə huşyar oxucu da təmənnalı yazını ilk sözündən, ab-havasından hiss edir. Bu yazım təmənnalı yazı deyil... Bir tələbə yoldaşı, həmkar kimi 60 illik yubileyinizlə bağlı qeydlərimi oxucularla bölüşmək istədim. Alındımı? Deyirsiniz ki: "Jurnalistlər və yazıçılar hər yerdə bir-birinə bənzəyir". Bir əlavəm var: bu yazımda kimsəni təkrarlamaq, bənzəmək istəmədim:
Ayrı səda, səs bilmərəm,
Mənəm işıq dəstələyən,
Yüz-yüz nəğmə bəstələyən.
Kimdi orda "bəsdi" deyən,
Bəsdi nədi? Bəs bilmərəm.
Yaxşı arzudur! Daim yazın, yaradın, təbəssümünüz həmişə talismanınız olsun, İşıqlı, Təbəssümlü, Diqqətli, Səmimi İnsan! 60 illik yubileyiniz mübarək!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!