Gülxani PƏNAH
Filologiya üzrə elmlər doktoru, dosent
Nigar Rəfibəylini həyatda görmüşəm. Azərbaycan ədəbiyyatının qadın yazarları arasında xüsusi yeri, əsərlərinin sənətkarlıq cəhətdən xüsusi çəkisi olan qadın sənətkarımız idi. 70-ci illərin ortalarından Azərbaycan Yazıçılar Birliyində çalışdığım illərdə Mədinə Gülgün, Əzizə Cəfərzadə, Hökümə Bülluri, Xalidə Hasilova, Mirvarid Dilbazi, Xanımana Əlibəyli kimi dövrünün tanınmış qələm sahibi olan xanımlarla şəxsi ünsiyyətim, tanışlığım olmuşdu, amma Nigar Rəfibəyli ilə olmamışdı. Onu sadəcə, tədbirlərdə - bir-iki dəfə Filarmoniyada görmüşəm. Elə o gördüyüm şəkildə də yaddaşımda qalıb. Səmimi baxışları, sakit, təmkin dolu çöhrəsini unutmuram. Və həmişə də ekranda Nigar Rəfibəyli ilə bağlı nümayiş etdirilən verilişləri maraqla izləmişəm. Nədənsə, o xanımda sözlə ifadə edə bilmədiyim, məni çəkən nəsə vardı... yaradıcılığı haqqında dəyərli araşdırmalar aparmışam. Azərbaycan ədəbiyyatının 60-cılar nəslinin yaratdığı ədəbiyyata qədər yetişən o böyük sənətkarlarımız arasında özünəməxsus xüsusi yaradıcılıq keyfiyyətlərinə malik olan Nigar Rəfibəyli yaradıcılığı haqqında da sözümü demişəm.
Nigar xanım həyatın hər cür üzünü görmüş, böyük sənətkar idi. Repressiya illərinin dəhşətini uşaqlığından yaşamışdı, həyat onu elə uşaqlığından sərt sınağa çəkmişdi, zamanın sərt üzünü görmüşdü, amma mübarizə dolu bu həyatda mübariz bir insan kimi ayaq üstə dayanmağı, yaşamağı, cəmiyyət üçün, xalq, dövlət üçün dəyərli bir insan kimi yaddaşlarda əbədi qalmağı bacarmışdı. Nigar xanımın əsərlərində onun qəmi, qüssəsi, çəkdiyi həyat əzabları var...
...Nə ata çörəyi yedik,
nə gördük qardaş sovqatı.
Qamçıladı bizi acı-acı
sərt üzlü yetimlik həyatı.
Nigar xanım zamanın ona yaşatdığı ağrı-acıları, şirinli-acılı ömrü qələmindən çıxan əsərlərində ifadə edib. O, çevrəsi ona dar gələn mətbəxdə quş kimi qanadlı, azad ilhamının daxilən ona verdiyi narahatlığı dilə gətirməklə yanaşı, özü də bilmədən ədəbiyyatımızın ən az işlənən mövzularında elə əsl sənətkar olduğunu sübut edir. Əsl qadın olmaqla yanaşı, əsl sənətkar kimi "mətbəx şeirləri"ndə bütün daxili duyğularını verə bilir, içindəki işıqlı nurunda bu həyatın hər sahəsində olduğu kimi, ona mənsub olan mətbəxində bir başqa aləmi "kəşf" edə bilir. Qadın taleyini, ziyalı qadın taleyini...
Bütün günü yu, sil,
bişir-düşür.
Birinin qismətinə
yüksək masa arxasında oturmaq,
Birinin qismətinə
qab-qacaq yumaq düşür.
Amma Nigar xanım bunun da gözəlliyini duyur. Müqayisələr aparır. Gəldiyi qənaət var. Bilir ki, "bəzən yüksək məclislərdən/daha parlaq,/daha təmiz olur/adi mətbəxlər..."
Bəzən yüksək məclislərdən
daha parlaq, daha təmiz olur
adi mətbəxlər.
Bir kiçik mətbəx pəncərəsindən
İlin dörd fəslini görürəm.
Ürək geniş olarsa,
xəyal dərin olarsa,
Könüldə bir işıq
bir atəş varsa,
Balaca bir mətbəxdən də
böyük bir dünya görünür.
Nigar xanım hər şeydən öncə ana idi. Onun mətbəx şeirlərindən qadın-ana dünyası boylanır. Hər qadına - şöhrət tacı belə başında olan qadına yaxşı ana, ailə başçısı olmaq nəsib olmur, onlardan birini mütləq bu və ya digər şəkildə "itirir". O şöhrət sahibi ana-qadın xoşbəxtdir ki, həm ailəsi, həm də milləti qarşısında alnı açıqdır, yazdıqları ilə, əməli fəaliyyəti ilə əqidəsi, əxlaqı birləşir. Nigar xanımın necə ana olduğunu sevgisini, qayğısını verdiyi övladlarından yaxşı bilən olmaz. Bu mənada, Nigar xanımın necə bir ana olduğunu oğlu Anarın sözlərindəki həqiqət də təsdiq etmiş olur: "Anam yaza biləcəklərinin yüzdə birini də yaza bilmədi. Ailə borcu, analıq vəzifəsi, böyük evin qayğıları onun yaradıcılığına mane olurdu. Biz hamımız onun vaxtını talayırdıq, qarət edirdik, onu yazı masasından ayırırdıq, hisslərini, duyğularını, fikirlərini dağıdıb pərən-pərən edirdik. Həmişə yanındaydıq, həmişə böyründəydik, həmişə onunlaydıq; öz-özü ilə tək qalmasına imkan vermirdik, qəlbiylə baş-başa qalmağa macal tapmırdı". Burada qeyd etmək yerinə düşər ki, Nigar xanım hər şeydən əvvəl əsl ana idi.
Nigar xanım azad dünyanın insanı idi, belə bir dünya üçün yaranmışdı, göz açdığı, duyduğu, dərk elədiyi aləmdə qadağalara, buxovlara dözəcək deyildi, ona görə də qələmi əlinə aldığı gənclik illərindən həm də Qadın azadlığı duyğuları ilə yüklənmiş şeirlərin müəllifi kimi tanındı. Onun "Çadra" şeiri bu gün də məzmun-mövzu aktuallığı ilə diqqəti çəkir:
O ruhunu altında gizləyən qara pərdə
Artıq gözəl üzünün saflığından çəkilsin.
Düşsün ayaqlarıma, sürünsün bu yerlərdə,
Ana, artıq sən də bir zəncirli qul deyilsin...
İşıqlı gözlərinin yorğun qanadlarından
O qara rəngli qorxunc gecəni qaldır və at.
Günün nurlarını iç al şəfəqli yarından,
O gözəl gözlərində parlasın yeni həyat.
Nigar xanım həm də Anadır. Ana məhəbbətinin ülviliyi, ucalığı, müqəddəsliyi qarşısında səcdə edir. Bir ana kimi övlada verə biləcək sevginin işığında yeriyir. Onun "Ana məhəbbəti" şeiri özü bir ana dastanıdır.
"Mən analıq duyğusunu qul etmədim şan-şöhrətə//Ən müqəddəs hisslərimi bağladım bir məhəbbətə" - deyir. Üç beşiyin arxasında sübhədək oturub, "nəğmələrimdən, şeirlərdən onlara dünya qurdum", - deyir. Bütün gecəni beşik başında başa vuran ana "üfüqdə dan söküləndə //al şəfəqlər saçaq-saçaq" otağına töküləndə, səhər körpələrinin dodağında gülüş görəndə, başqa bir ovqatı yaşayır; "mənim könül aləmimdən uçub qalxdı xoş nəğmələr" - deyir.
Yuxusuzluq yandıranda,
Gözlərimin səhər üzü
isindirdi ürəyimi
Ana sözü, ana sözü...
Başının üstündə ona doğma olan bir təbəssüm, sevgi dolu üzü görəndə, onun dilindən bir "ana" kəlməsini eşidəndə unudur bütün o yuxusuz gecənin narahatlığını... Bir "ana" sözü ona dünyanı bəxş edir
Bu söz körpə dodağında
Dadlıdır, nə şirindir.
Ana-bala məhəbbəti
Nə zərifdir, nə dərindir.
Həssas şairə - ana "Qoruyaq bu məhəbbəti // bədnəzərdən, bədnəfəsdən, - deməklə yanaşı, ananın məhəbbətinə, ananın şirin sözünə övladın olan mənəvi ehtiyacını da dilə gətirir. Qoruyaq bu məhəbbəti//kobud səsdən, acı səsdən. - deyir. Nigar xanım gözəl bilir ki,
Ana-bala məhəbbəti
Dünyanın arzularıdır.
Bu analar, bu körpələr
İnsanlığın baharıdır.
Nigar xanımın yaradıcılığında uşaqlar üçün yazdığı, müxtəlif illərdə çap olunmuş "Balaca qəhrəman" (1942), "Günəşin cavabı" (1966), "Məstanın balaları" (1968), "Bizə bahar yaraşır" (1978) kitablarında toplanan əsərləri uşaq ədəbiyyatının ən dəyərli nümunələridir.
***
Nigar Rəfibəylinin ictimai-siyasi duyğuları əsrarəngiz aləmə münasibətində açılır. İçində bir ayrılıq dastanı var. O dastanın "boy"larında ictimai-siyasi ayrılıqdan aldığı yara var. Nigar xanımın yaradıcılığına nəzər salan hansı oxucu, hansı tədqiqatçı, şair-fərqi yoxdur, həssas insan o "ayrılıq" damğasının onun ürəyində əbədi olduğunu elə "Ayrılıq" şeirindən duyur:
Mən ki doymamışdım heç vüsalından,
Mənə zülüm elədi yaman ayrılıq.
Nə olaydı bir gün durub yuxudan
Görəydim ki, olub yalan ayrılıq...
Burada ayrılığın "iki bədəndə" "bir ruh" kimi bütöv olan insanlara verdiyi əzab, həsrət, ağrı-acı, daxili yanğı, göynərti, ayrılıqdan doğan "böyük dərd" yüksək poetik bir dillə ümumiləşdirilir, şəxsilikdən çıxıb ictimai mahiyyət daşıyır:
Biz ki bir ruh idik iki bədəndə,
O gülüb-sevinsə, gülərdim mən də.
Vüsalın bülbülü uçub gedəndə,
Daş kimi qəlbimdə qalan ayrılıq.
Aşağıdakı misralarda bu "ictimai mahiyyət" tam aydınlığı ilə duyulur; Nigar Rəfibəylinin "bahar elinə" qıyanlara ünvanlanan sualında bir gizli məqam diqqəti çəkir. Şeirində nə qədər gizlətmək istəsə də (bəlkə də şair kimi özü belə münasib bilmişdi), əslində "ayrılıq" ifadəsini siyasi-ictimai anlamda kökləmişdir...
Nigar Rəfibəyli yaşananlardan qorxmayır, sarsılsa da ruhdan düşməyib, sabaha ümidlə baxır. Ayrılıqlara son qoyulacağına inanır. Bir gün o Günəşin yenidən doğacağına, cövlan edən ayrılığın dizini yerə qoyacağına ("pozulmaz dostların əhdi, ilqarı") əmindir.
...Pozulmaz dostların əhdi, ilqarı,
Gün çıxar, dağların əriyər qarı,
Keçər ürək dərdi, könül qubarı,
Gəl, etmə meydanda cövlan, ayrılıq!
***
"Dağlar" mövzusu böyük sənətkarlarımızın, sazlı-sözlü ozan dədələrimizin yaradıcılığında əsasdır. Kimisi o dağların qüdrətindən, kimisi qartallı-şahinli qoynundan, zirvəsindən, çənindən, boranından, sinəsi güllü-çiçəkli, yamacları yaşıl otlu gözəlliyindən bəhs edir. Nigar xanımın "Dağlar"ından ayrılığın, həsrətin verdiyi əzab, işgəncə, ürəkləri odlayan alı-nalə duyulur:
Mən sizi bir daha görə bilməsəm,
Xatirəmi əziz saxlayın, dağlar,
Döşünüzdən lalə dərə bilməsəm,
Siz məni aranda yoxlayın, dağlar...
Uca başınızdan külək göndərin,
Məxmər döşünüzdən çiçək göndərin,
Buluddan bir bəyaz örpək göndərin,
Matəm yaylığını bağlayın, dağlar...
Nigar xanımın hər şeirində bir gizli, içində çəkdiyi "dərd" var. O "dərd" motivi N. Rəfibəylinin yaradıcılığında bir xəttdir - pozulmayan bir xətt. O xəttin içində yaşanan bir ömrün ağrı-acıları var, vurduğu yaralar, üzü qaysaqlamayan, həmişə açıq yara var, onu hara baxırsa, harda olursa, hər an belə tərk etməyən bir dərd var.
Məhəbbətim sənə bağlı, dəniz.
Sinəsi sinəm kimi
Hicran dağlı dəniz.
Unutmaq istəyirəm
Sahilində şirin yuxular kimi keçən
Həzin axşamları,
Günəşli səhəri,
Unutmaq istəyirəm
Yandırıb-yaxan xatirələri,
Dənizin səsi gəlir...
Nigar xanımın vətən sevgisi saf sevgidir, müqəddəs sevgidir, əbədi sevgidir.
Mən sənin torpağından
Boy atmışam, vətənim.
Dirçəlmişəm, qalxmışam,
Dənli sünbül olmuşam.
Şairə bu sevgidən boy atıb, bu sevgidən varlığını duyub, könlü bu vətənin gözəlliklərindən vəcdə gəlib, ilhamı coşub-daşıb, bu sevdanı sözə misraya çevirib...
Eşqini ürəyimdə
Yaşatmışam, vətənim.
Min nəğməli, min sözlü,
Coşqun könül olmuşam.
***
Nigar xanım şair ömrünü yaşayıb, yazar insanların ruhuna dərindən bələd olub. Müşfiqlər, cavidlər, seyid hüseynlər məhv ediləndə Nigar xanım adlarını çəkmədən, sətiraltı kodlarla böyük məna kəsb edən şair adının ucalığını söyləyib.
Özgə bir dünyadır şair aləmi,
Gizlində saxlanar qüssəsi, qəmi.
Qırılsa şairin bir gün qələmi,
Qırıb hər ümidi ondan kəsməyin.
Sirrini kimsə bilməyən fövqəl gücün neməti olan şair ömrünə, şair duyğularına müqəddəs bir hiss kimi baxır, hörmət və ehtiram göstərir. Əslində bununla nizamilər, füzulilər, nəsimilər aləminə olan etimadını, ehtiramını ümumiləşdirir:
Torpağın altında xəzinə yatır,
Çox zaman bilinməz orda nə yatır.
Şairin könlündə qərinə yatır,
İncə duyğuları qırıb əzməyin.
Şairi zaman yetişdirir. Hər şair öz zamanının şairidir, amma o yaşadığı dövrün, zamanın həqiqətlərini gələcək nəsillərə poeziyanın dili ilə çatdıranda əbədi qalır. O poeziyada ki, insan azadlığı, insan səadəti, haqq-ədalət əsasdır, onu yaradan şair də əbədi qalacaq. Adına nəğmələr qoşulacaq, heykəlləri qoyulacaq, gələn nəsillər onun dəyərini biləcək... Yaşadığı dövrün, zamanın şairəsi Nigar Rəfibəyli ondan sonra gələn nəsillərin qəlbində yer tuta biləcək şairləri dəyərləndirir:
Qəlblərdə yaşasın onun heykəli,
Şeiri məşəl kimi illəri yarsın.
Gələcəyin xoşbəxt nəsillərinə
Əsrindən, dövründən salam aparsın.
***
Nigar xanımın əsərlərini oxuyan hər kəs onun bədii yaradıcılığındakı özünəməxsus bədii təfəkkür zənginliyini görür. Müəllifi olduğu əsərlərdə də, klassik ədəbi irsimizdən və dünya ədəbiyyatından etdiyi tərcümələrində də Nigar Rəfibəyli ədəbi dünyasının zənginliyi görünür. Hər dövrdə, hər zamanda ədəbi mühitdə dəsti-xəttiylə tanınan yazar qadınlarımızın böyük yaradıcılıq yoluna nəzər saldıqda, bir daha əmin oluruq ki, XX əsr ədəbiyyatımızın Nigarının poeziyasının möhtəşəmliyi inkaredilməzdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!