Darıxan adam - Xuraman Hüseyn Şəhriyar Heydərin şeirləri haqqında yazır

Con Qolsuorsi "Ədəbiyyat və həyat" essesində yazır: "Poeziyada o şeirlər yaşayacaq ki, onların məzmun və ritmi hansısa, anlaşılmaz şəkildə bizim hisslərimizə təsir edir". Məzmun və ritmi hansısa, anlaşılmaz şəkildə oxucunun hisslərinə təsir edən şeirdən danışırıqsa, Şəhriyar Heydərin də poetik nümunələrindən misal çəkmək yerinə düşər.

Söz adamlarının sevdiyi təbiətin qanunları qarşısında bəzən Sözün də aciz qaldığı məqamlar olur. Əvvəlcə ağacın özünü öyməsinin səbəbindən danışan Şəhriyar Heydər sonra onun gördüyü daha bir işdən də poetik ovqatla söz açır:

 

Bir körpə uşağı beşikdə

görüb

sevindi, özünü öydü

ağacalar.

Gözləri sataşdı qəfil

tabuta.

Utandı, başını əydi ağaclar.

 

Bəşər övladının həmişə ehtiyacı olan, təbiətin əsrarəngiz varlığı - ağac haqda bu düşüncələrin alt qatındakı antiteza məqamı oxucuya yaxşı tanışdır. Ş.Heydər bu həqiqətin poetik təsvirinə, izahına çalışır. Təbiətin bu ecazkar ərməğanı haqda nə qədər danışsaq, yenə azdır. O da düşündüklərini oxucularla bölüşür:

 

Kürəyimi söykədiyim

bircə ağac

qalmışdı,

Onu da kəsdilər.

 

İnandığını, güvəndiyini insanın əlindən alıb, ona həsrət qoysalar, necə olar? Bu haqda düşüncələr danışır, dil deyil.

O, məhəbbət lirikasının bədii kəhkəşanında yenə təbiətə üz tutur:

 

Bilirsən, səni necə sevdim?

Donacağını bilsə də,

qışı tərk etməyən quşlar kimi.

Bilirsən, sənin üçün necə darıxdım?

Göylərdən ayrılarkən

ah-nalə qoparan

Yağışlar kimi.

 

Lirik qəhrəmanı başqa kimə, nəyə bənzətmək olar ki, oxucunu düşündürsün, o, bunu oxumaqdan yorulmasın, ən əsası, xərclədiyi vaxtın hədər getdiyinə heyfi gəlməsin? Şəhriyar Heydər də buna çalışır:

 

Bilirsən, səni necə qorudum?

Hətta üzümdən də,

Sevgilisini mağarada

Başı üstə saxlayan

Div kimi.

Bilirsən, məni necə tərk etdin?

Tufanda öz oğlunu

Gəmisinə götürməyən Nuh kimi.

 

Nağıllar, əfsanələr gerçəyin təsvirinə çevrilərsə və bu gerçək yaşadığımız zəmanənin də bədii inikası olarsa, həmin şeir oxucunu düşündürməzmi? Onun, gerçək həyat təsvirlərinin bu cür ifadəsi keçmişlə gələcəyin simbiozuna çevrilir.

 

Səsin ən gözəl nəğmə idi.

Qayıt,

Mən indi sənsiz

Öz bəstələrini eşidə

bilməyən,

qoca Bethovenəm.

 

Mahir pianoçu, bəstəkar kimi şöhrət qazanmış Lüdviq van Bethoven gənc yaşlarında eşitmə qabiliyyətini əvvəlcə tədricən, sonra tamamilə itirsə də, möhtəşəm əsərlər yaratmağına davam edib. Ş.Heydər təbii ki, adı tarixdə 100 ən çox öyrənilən şəxsiyyətlər siyahısına daxil edilən Bethovenin bu bacarığını nəzərdə tutur. Böyük şəxsiyyətlər istedadları, sevdikləri işlə həmişə yaşayırlar. Böyük Bethoven də musiqi sevgisi ilə həmişə göz önündə olub, misal göstərilib. Şəhriyar Heydər lirik qəhrəmanının sevgisi ilə yaşamağının eşitmə qabiliyyətini zamanla itirsə də, musiqi sevgisindən ayrı qalmayan dahi bəstəkarla müqayisə edir. Sevgi hər yerdə möhtəşəmdir...  

 

Bir söz olmalı...

 

Bir sevgi olmalı

Ürəyə yatmalı.

Bir ayrılıq olmalı

Sevgini oyatmalı.

Bir kişi olmalı

Gözlərindən ölməli.

Bir söz olmalı

Susaraq deyilməli.

 

O, feilin vacib şəkli ilə poetik fikirlərini ifadə edir. Xatırladaq ki, vacib şəkil icra ediləcək işin zəruri olduğunu bildirərək feillərə "-malı, "-məli" şəkilçisi artırmaqla düzəlir.

 

Bir qadın olmalı

Ömürlük gözlənməli.

Bir yer olmalı mütləq,

Mütləq

Özündən gizlənməli...

 

Ömürlük gözlənməli olduğunu deyərək, qadına dəyərini ifadə edən Ş. Heydər özündən glzlənmək üçün yerin də lazım olduğunu bildirir. Məkan çox olsa da, bu, mümkündürmü?

"Bağışla" şeirində müəllif lirik qəhrəmanına onu bağışlaması üçün yenə təbiəti misal göstərir:

Olan oldu, keçən keçdi,

sən məni

Olanlara, keçənlərə

bağışla.

Öz bətnində sirrimizi

gizlədən

Bu qaranlıq gecələrə

bağışla.

 

Təbiət haqda yazan şair vətəni unudarmı? Yazılan şeirlər, axı vətənin yerinə, göyünə, florasına, faunasına da həsr olunur. Azərbaycan kimi gözəl təbiəti olan vətənə onun övladları az şeir həsr edibmi, edirmi və edəcəkmi? Vətənin təbiəti həmişə poetik ovqatın maraqlı ifadəsi kimi şeirdə özünü göstərir. O da yaradıcılığına bu prizmadan yanaşır:

 

Xarabanı tərk etməyən

bayquşa,

Bu quşdan yan ötən

müqəddəs daşa,

Lap elə bu unudulmuş

əyyaşa

Vətən olan küçələrə

bağışla.

 

Biz dərdlərdən düşdük

çölün düzünə,

Gəl, tüpürək ayrılığın

üzünə,

Bu soyuqda yem gəzərkən

özünə

Şaxta vurmuş sərçələrə

bağışla.

 

Çətinlik, əzab-əziyyət insan yaranan gündən olub. Onsuz da həyat olmur, axı?! Deyirlər, yamanı görməsən, yaxşının qədrini bilməzsən. Bu, hər şeyə aiddir; bəşər övladından tutmuş, zamana da - günlərə, aylara, illərə də.

Müəllif, lirik qəhrəmanı Şakir müəllimə yaşadığı çətinliklərdən poetik əhval-ruhiyyə ilə söz açır:

 

Şakir müəllim, soruşma,

Necə gedir işlərin?

Dərd yeməkdən tökülüb,

Protezdir dişlərim.

 

İmkanım olsa, gedib

Günəşdə yaşayardım.

Yox e, məndə bu bəxt var,

Orda da üşüyərdim.

 

Əlbəttə, dərd də insan üçündür, sevinc kimi. Onu unutmaq çətin olsa da, yeyib, onunla birgə yaşamaq, böyümək, yaşa dolmaq da olur. O, günəşdə yaşasa da, orda üşüyə biləcəyini də istisna etmir və bunu oxucuya çatdırmaq üçün qafiyələrə etibar edir.

Təbiəti - göy üzünü, günəşi özünə məskən seçmək istəyən Şəhriyar Heydər Yaradana əl açmayacağını da bildirir:

 

Öldürsələr də məni,

Əl açmaram Allaha.

Söz vermişəm, dünyaya

Gəlməyəcəm bir daha.

 

Hələ ayrılıq adlı

Sağalmayan yaram var.

Bir küncə çəkilmişəm,

Ordan başqa, haram var?

 

Üzü cənnətə

 

O, yaşadığımız problemlərdən, insanlarda xəstəliklərin artmasından, həkimlərin yazdığı reseptlərin, dava-dərmanın çoxunu cibində gəzdirməsindən də poetik ovqatla danışır:

 

Əsəb dərmanlarıdır

Pul əvəzi cibimdə.

Soruşursan, hardayam?

Cəhənnəmin dibində.

 

Ayrılıqdan ayrılmağın da müxtəlif yolları var. Bu yollardan biri də elə yol özüdür:

 

Biz sevəndə dedik, günə çıxırıq,

Hardan bilək, yanıb, külə çıxırıq.

Tut əlimdən, de ki, yola çıxırıq,

Ayrılığı yolda azdır, itir, gəl.

 

Sevgidə yaşadığı çətin məqamlar haqda danışan Ş.Heydər lirik qəhrəmanından gözlərini istəyir. Qaranlıqdan işığa çıxmağın ilk səbəbkarı həm də elə gözlər deyilmi? Onlar olmasa, o işığı görmək olarmı?

 

Hansı yolda sən azmısan, itmisən?

Ürəyimdə dərd çiçəyi bitmisən.

Gözlərimi oğurlayıb getmisən,

Kor qalmışam, onları da götür, gəl.

 

Yaradıcı adamlar, əlbəttə, ədəbi tələblərə cavab verməlidirlər. Şəhriyar Heydər də epitetlər, təşbehlər, metaforalar və s. vasitəsilə fikrini oxuculara çatdırır:

 

İndicə qaranlıq sözünün

Əvvəlindəki qar sözü

üşütdü məni.

Gəl, yandır işığını

Ömrümün.

Söndür bu qaranlığı.

 

Qaranlıqdan çıxıb işığa doğru gedən və orda yazılan şeirlərdən birində Ş.Heydər lirik qəhrəmanına niyə ona baxmaq istəməməsinin səbəbini deyir:

 

Darıxanda Günəşə bax, Aya bax,

Mənə baxma, mən

darıxan adamam.

 

Və ya

 

Çiynimə başını

qoyasan deyə,

Başımı qoyuram

yolunda sənin.

 

Yaxud

 

Deyir, gözdən öpmək

ayrılıq salır.

Gedək ayrılığın öpək

gözündən.

 

Şəhriyar Heydərin şeirlərində də onun gördüklərini, duyduqlarını, görmək, duymaq istədiklərini poetik ovqatla oxuyuruq...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!