Vaqif YUSİFLİ
Altmış dörd yaşı tamam olmamış dünyasını dəyişdi. Çox istiqanlı, dostluqda sadiq, ünsiyyət sevən adam idi. Sevdiyi insanlara yaşından asılı olmayaraq "starik" - deyə müraciət edərdi.
Əsli Gürcüstanın Bala Muğanlı kəndindən idi - Borçalı elindən.Uşaqlığı və ilk gəncliyi orada keçmişdi. Marneuli Dövlət Pedaqoji məktəbini, sonralar Moskvada-Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdi. Lomonosov adına MDU-nun aspiranturasında təhsil almışdı. BDU-da, Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda dərs demişdi.
Özü və nəsli haqqında deyirdi: "Mən doqquz uşaqlı ailənin yeddinci övladıyam, beş bacı, dörd qardaşıq. Atam Məhəmməd Rüstəmoğlu məşhur mövləvilər nəslindən idi, yazı-pozu bilməsə də, gözəl əkinçi-biçinçiydi. Anam Məsmə xanım Alı qızı Qars-Ərzurum-Sarıqamış, bir yanı Başkeçid ellərində tanınmış Mikayıllılardan olmuşdur. Sərrast atıcı olduğu üçün "Kor Alı" təxəllüsü ilə tanınan "qıyıqgöz" ana babam XX əsrin əvvəllərində Türk-rus orduları arasında dilmanc işləmişdir. Mənim ilk poeziya müəllimim anam olmuşdur. Onun yanıqlı bayatıları indi də ruhumdadır.
Vilayət Rüstəmzadə ilə münasibətim 1980-ci ildən başlanmışdı və hərdən görüşürdük, bir yerdə oturub yeyib-içirdik. Nə gizlədim, bu adamın şirin danışığı, poeziya söhbətləri, Moskvadakı tələbəlik illərindəki xatirələri məni özünə yaman cəzb eləmişdi və o söhbətlərdə Vilayət müəllim öz nəslindən, atasından, anasından, bacı-qardaşlarından, Bakıya gəlişindən, Səməd Vurğuna, Nazim Hikmətə, Mehdi Hüseynə böyük məhəbbətindən elə vəcdlə danışırdı ki, ayrılmaq istəmirdin ondan. Aramızdakı yaş fərqinə baxmayaraq dostluğumuz tuturdu.
Deyirdi ki, şeir-sənət yolunda ustadı Səməd Vurğun olub. Bütün ömrü boyu ona pərəstiş edib.
Qəbrini gördükcə düşünürəm hey-
Məzarmı sənindir, sənmi məzarın?
Ona Səməd Vurğunu görmək səadəti də nəsib olub. Böyük türk şairi Nazim Hikməti də görüb. 1958-ci ildə Füzuli yubileyində Əkrəm Cəfər onları tanış edib. Və Vilayət müəllim sonralar Nazim Hikmətlə dəfələrlə görüşüb. Deyirdi ki, Nazim Hikmətin Azərbaycanda dostları çox idi. Amma ən çox Mikayıl Rəfili, Rəsul Rza, Səməd Vurğun və Süleyman Rüstəmlə dostluq edirdi. Tez-tez İstanbulu xatırlayırdı. Bir dəfə, 1961-ci ilin dekabrında ona belə bir sual verdim: "Türk dünyasında ən çox sevdiyiniz yazar kimdir?" Fikirləşmədən cavab verdi ki, Çingiz Aytmatov.
Vilayət Rüstəmzadə ədəbi mühitdə çoxlarını xatırlayır, onlar haqqında xoş xatirələr söyləyirdi. Deyirdi ki, Osman Sarıvəllinin, Süleyman Rüstəmin, Əli Vəliyevin onun həyatında böyük rolu olub. Mehdi Hüseyn haqqında isə belə deyirdi: "Mehdi Hüseyn böyük şəxsiyyət idi. O, mənim mənsub olduğum ədəbi nəslin atasıydı. Yazılarımızdan tutmuş mənzil məsələmizə qədər hər şeylə maraqlanırdı".
Vilayət Rüstəmzadə ədəbiyyata sazlı-sözlü bir diyarın - Borçalının şeir havasından gəlmişdi.
Ey vay! Bu nə səsdi, bu nə soraqdı-
Kükrəyib çağlaya-çağlaya gəlir?!
Dastan dünyamızmı varaq-varaqdı-
Könlümü dağlaya-dağlaya gəlir?!
Qalxır, havalanır Qorqud nəfəsi,
Qopur Koroğlunun dəli nərəsi,
Dilqəmin, Kərəmin ahı-naləsi,
Hönkürüb ağlaya-ağlaya gəlir…
Tarixə bəxş etdi Azər elləri
Bir tut kötüyündə "Sarıtel"ləri.
Ay dad! Qıfılbəndin hikmət dilləri
Dilimi bağlaya-bağlaya gəlir.
Vilayət Rüstəmzadənin doğma kəndi, Borçalı, aşıq havaları, ustad aşıqlar və şairlər, Azərbaycanın təbiət gözəllikləri ilə bağlı şeirləri çoxdu və o şeirlərin hər birində bir saz havası duyursan. O, səyahət etdiyi ölkələri, oradakı səmimi insanları, yaddaşında iz salan çayı, dənizi, meşələri, dağları da şeirə gətirirdi. Amma əsas mövzusu yenə Azərbaycan torpağı, Azərbaycan elləri, Azərbaycan insanı idi.
Bir şair ömrünü yaşayırdı və bu ömrün sevincləri, ağrıları şeirlərində yaşayır. Çox həssas idi. Bir körpə məzarına həsr etdiyi şeiri var:
Bir körpə məzarı var,
Burda islanar, aman.
İnləməsin asiman,
Bulud, ağlama, ağlama!
Şeirlərinin bir çoxunda öz taleyindən, günündən-güzəranından, insanlarla ünsiyyətindən söz açırdı.
Ömrümün yelkəni quş kimi səkir,
Sualı-sorğunu başından əkir.
Kotan nə bilsin ki, qayış nə çəkir,
Çoxuna bəxtəvər görünənəm mən.
Kimiyə yaxşıyam, kimiyə yaman,
Diləyən deyiləm kimsədən aman.
Ürəyim təklənib üşüyən zaman
Hicran yanğısına bürünənəm mən.
Çox gəzib-dolaşdım, az deyil yaşım,
Var öz məhək daşım, var öz yaddaşım,
Sədaqət yolunda əyilər başım,
Sanma dizin-dizin sürünənəm mən.
Vilayət Rüstəmzadə həm də gözəl tərcüməçi idi. Özü nəşr olunmaqdan daha çox tərcümə ilə məşğul olurdu. Bloku, Nekrasovu, Mustay Kərimi, Qaysın Quliyevi tərcümə edirdi. Və həm də tərcümə etdiyi sənətkarların bir çoxu ilə dostluq edirdi, xüsusilə Rəsul Həmzətovla. Onun tərcümələri sayəsində Azərbaycan oxucuları iyirmidən çox şeir, nəsr kitabları ilə tanış oldular. Bunların içərisində N.Nekrasovun "Rus qadınları" və R.Həmzətovun "Mənim Dağıstanım" oxucular arasında daha çox sevildi.
Vilayət Rüstəmzadənin tərcümə etdiyi şeirlərin əsas məziyyəti orijinala sədaqət, hər misranı duyub dilimizdə səsləndirmək məharəti idi. Qaysın Quliyevin Səməd Vurğunun xatirəsinə həsr etdiyi şeirdən bu misralara diqqət edin:
Nə tez köçüb getdin, hicran nə ağır?!
İndi özüm səndən xeyli yaşlıyam.
Dağlara qar-yağış Səmədsiz yağır,
Mən də bulud kimi gözüyaşlıyam.
Rəsul Həmzətovdan etdiyi bir şeirin rusca variantına diqqət yetirdim. Sanki bu şeirin bizim dildə yazıldığını hiss etdim, bu - məşhur "Durnalar" şeiridir:
Yadıma düşəndə hərbin fəryadı,
Sanıram: cəbhələr yaran igidlər
Qardaş məzarında yatıb qalmadı-
Bəyaz durnalara döndü şəhidlər.
Uçur, yorğun-yorğun uçur durnalar-
Hər biri əzizim, həmvətənimdir.
Pozulmaz sırada azca ara var,
O boş görünən yer bəlkə mənimdir?!
Yaşasaydı, bu il 80 yaşını görərdi. Görmədi. Amma Vilayət Rüstəmzadəni xatırlayanlar, ananlar çoxdu. İstedadlı şair kimi, tərcüməçi kimi, insan kimi, dost kimi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!