Heyranlığın bədii ifadəsi - Sərvaz Hüseynoğlu Güləmail Muradın “Sən Azərbaycansan” kitabı haqqında yazır

Ulu öndər Heydər Əliyev elə nadir şəxsiyyətlərdəndir ki, müasiri olduğu dünyanın ən böyük siyasi liderlərindən, dövlət başçılarından, görkəmli simalarından tutmuş xalqımızın ən sadə insanlarına kimi onun hər kəsə doğma, əziz olan nəhəng obrazı haqqında öz səmimi ürək sözü var. Bu münasibət hər şeydən əvvəl dahi şəxsiyyətin vətənimiz, dövlətimiz və xalqımız qarşısındakı möhtəşəm, əfsanəvi xidmətinə, tarix səhnəsindəki parlaq fəaliyyətinə olan heyranlığın, əbədi qədirbilənliyin ifadəsidir. Heydər Əliyevin bənzərsiz fəaliyyəti Azərbaycan həyatının bütün sahələrini əhatə edirdi. O, bütün zamanlar üçün öz xalqının sevimlisi olan şəxsiyyətdir. Çünki özü də bu xalqa qəlbən bağlıydı, vətəniylə nəfəs alırdı. Dərin fərəh hissilə bəyan edirdi ki, "Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır". "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam".

Danılmaz həqiqətdir ki, Ulu öndərin daha çox sayğı göstərdiyi, qiymətləndirdiyi insanlar siyasətçilər, dövlət xadimləri yox, şair və yazıçılar idi. O, söz adamlarına xüsusi münasibət bəsləyir, onları yetərincə dəyərləndirirdi. Və bu münasibət qarşılıqlıydı. Heydər Əliyevin xalqımız, vətənimiz qarşısındakı müstəsna xidməti söz adamlarımızın ilham mənbəyi, öygü yeri olub həmişə. Tanınmış şair Güləmail Muradın ümummilli liderin unudulmaz fəaliyyətinin tərənnümünə həsr etdiyi "Sən Azərbaycansan" poeması da dahi siyasətçinin parlaq xidmətləri, xatirəsi önünə qoyulan minnətdarlıq çələngi kimi araya-ərsəyə gəlib. Poema qədirbilən xalqımızın Ulu öndərin ünvanına bəslədiyi əbədi sevgi, sayğı duyğularının poetik ifadəsi kimi qələmə alınıb. Təqdim edilən hər misra, hər beyt onun "dünyaya qalib gəlib, qalib gedən" (Anar) parlaq şəxsiyyətinin gerçək obrazını göz önünə gətirir. Oxuduqca bir daha fərqində olursan ki:

 

Onu zaman yetirib, onu tale seçmişdi,

O, hünərlər göstərib, od-alovdan keçmişdi,

O, bu gündür, sabahdır, o, silinməz keçmişdi.

...Bir insan ki, zülmətdə doğulan dan olubdur,

Bir insan ki, yenilməz bir qəhrəman olubdur,

Bizə son vəsiyyəti Azərbaycan olubdur!

...Bir məşəldir, alovu heç zaman sönməyəcək,

Əbədi yüksəlişdi, heç zaman enməyəcək,

Onu heç kəs yenməyib, heç vaxt yenilməyəcək!

Sözügedən poemanın yer aldığı "Sən Azərbaycansan" kitabına akademik, millət vəkili Nizami Cəfərov yazdığı Ön sözdə haqlı olaraq qeyd edir ki, "Güləmail Murad "Sən Azərbaycansan" poemasını ümumilli liderimiz Heydər Əliyevin yüz illik yubileyinə həsr etməklə müstəqil Azərbaycan dövlətinin qurucusuna yalnız özünün deyil, bütövlükdə, xalqımızın hörmətini, ehtiramını olduqca səmimi sözlər, ifadələrlə dilə gətirmişdir. Ümumiyyətlə, Güləmail xanımın son illərdə qələmə aldığı əsərlər güclü vətəndaşlıq, vətənpərvərlik hissləri, duyğuları ilə olduqca zəngindir ki, bu da şairin həmin mövzuya həssaslığı ilə yanaşı, Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi altında qazanılmış tarixi zəfərlərin hər bir Azərbaycan insanında doğurduğu böyük ruh yüksəkliyindən irəli gəlir.

Poemada Ulu öndərin mürəkkəb tarixi proseslərin müxtəlif mərhələlərindən keçərək mükəmməlləşən, mənsub olduğu xalqın simvoluna çevrilən möhtəşəm obrazı yaradılmışdır. Cəsarətlə demək olar ki, şairin belə bir obraz yaratmasında Tarixlə Müasirlik eyni dərəcədə iştirak edir. İlk növbədə ona görə ki, Heydər Əliyev Azərbaycan xalqının taleyində nə qədər tarixdirsə, o qədər də müasirdir. Və bu gün zəfərimizin hər birində onun Öndərliyi danılmazdır.

Güləmail xanım Heydər Əliyevin şəxsində dörümüzün elə bir dahi liderini tərənnüm edir ki, o, Azərbaycan xalqını düşdüyü bəlalardan xilas etməklə öz missiyasını yekunlaşdırmamış, qüdrətli bir sərkərdə olaraq qeyri-bərabər döyüşlərdə ona - öz canı, ürəyi qədər sevdiyi Azərbaycana (və Azərbaycan xalqına) elə bir beynəlxalq nüfuz qazandırmışdır ki, əsrlər keçdikcə vətənpərvər (və milli!) ədəbiyyatın əsas mövzusu olaraq qalacaqdır.

 

Şairin:

Hamımız bu dünyada yalnız sənə borcluyuq.

Borcumuzu ödəsək, yenə, yenə borcluyuq!

Hər nə yazsaq səndəndir, hər nə yazsaq sənədir!

Söz qədimdən qədimdir, söz yenidən yenidir!

 

- misraları elə həm özünün, həm də təmsil etdiyi Azərbaycan poeziyasının, ədəbiyyatının mövqeyini əks etdirmişdir".

Poemada Ulu öndərə olan sonsuz xalq sevgisi, ötən əsrin 90-cı illərində Sovetlər Birliyində xaosla izlənən bədnam siyasətin bu dahi şəxsiyyətə qarşı apardığı haqsız hücumların xronikası, belə bir şəraitdə xalqın öz siyasi lideri ilə həmrəyliyi, böyük Zəfərə aparan yolun poetik tərənnümü dərin səmimiyyət və qədirbilənlik hissi ilə öz əksini tapıb. Əsas olan, haqqın, ədalətin yoluyla yürüyənlərin yenilməzlik salnaməsinin yeni səhifələri kimi oxunur "Sən Azərbaycansan".

 

Şeytan at oynatsa, şər kükrəsə də

Haqqın binasını yıxmaq çətindir.

Kim nə deyir-desin, geci-tezi var,

Dünya əvvəl-axır ədalətindir.

 

Müəllif haqlıdır ki, öz sevimli xalqının haqq-ədalət uğrunda mübarizəsinə öndərlik edən ümummilli liderin qətiyyəti xain, namərd düşmən üzərində çalınan böyük zəfərin təməlini qoydu, qalibiyyət yolunu açdı. Doğma Azərbaycanımızın dünyaya günəş kimi doğduğu anı gətirdi. Əfsanəni reallığa çevirdi. Bu qələbə, təbii ki, ilk olaraq Ulu öndərin həmişə xalqıyla olan, ölməz ruhunu sevindirdi. G.Murad bu gerçəkliyi dərin minnətdarlıq duyğuları ilə qələmə alıb. Oxuyursan və hər misrada, beytdə onun vətəndaş-şair məramının xoş niyyətilə üzbəüz qalırsan: "Bu dastanı yazmağa səbəb məhəbbətimdir..." Hər misra müəllif fikrinin səmimiyyətinə şahidlik etməkdədir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!