Azərbaycan poeziyasının Hidayəti - Sabir Şahtaxtı yazır

Hər bir xalqın, ölkənin və dövlətin dünyada tanınması birbaşa şəxsiyyətlərin fəaliyyəti ilə bağlıdır. Dövlət siyasi liderləri ilə güclənər, ölkə gözəlliyi və ədalətin təşəkkülü ilə sevilər, xalq və onun dəyərləri ziyalıları ilə tanınar. Bu mənada, sənət adamları - yazıçı, şair, dramaturq, rəssam, heykəltəraş, musiqiçi və bəstəkarların fəaliyyəti hər zaman geniş ictimaiyyət üçün cəlbedici olub. Haqqında söhbət açmaq istədiyim belə şəxsiyyətlərdən biri də Hidayət Orucovdur. Azərbaycan poeziyasının Hidayəti!!!

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Ankarada şair Hidayətin "Günaydın, türk dünyası" şeirlər toplusu nəşr olunub. Yeddi dildə oxucuların görüşünə gələn kitab TÜRKSOY-un keçmiş baş katibi Düsen Kasainovun Ön sözü ilə açılır.

Uzun illər yüksək vəzifələrdə çalışan Hidayət Orucovun yaradıcılıq fəaliyyəti onun yalnız poeziyaya bağlılığı ilə deyil, eyni zamanda Vətənin, ölkənin, xalqın və dövlətin üz-üzə qaldığı təlatümlərdən də qaynaqlanır. Uzun illər yüksək vəzifələrdə olan Hidayət Orucov hər zaman fikir və düşüncələrini ictimaiyyətə çatdırmaq üçün yüksək kürsülərə sahib olub. Buna baxmayaraq, o, Azərbaycanın tarixi acılarını, eləcə də özünün hiss və duyğularını misraların gücüylə də paylamağı bacarıb. Təsadüfi deyildir ki, onun şeirlərndə 20 Yanvar faciəsinin dəhşətləri, qaçqınlıq dövrünün məşəqqətləri, Xocalı soyqırımının amansızlıqları poetik formada tarixiləşdirilir. Şairin poeziya səltənəti barədə fikir və mülahizələrimi bölüşməkdən əvvəl qeyd etməliyəm ki, Hidayət Orucovla ilk dəfə üz-üzə bu mövzuda Məşhəd şəhərində geniş və rahat söhbət etmək imkanımız oldu. "Didərginlər" məqalələr toplusundan söz açıb, bu kitabdan çox sayda İranda yaydığımı, eləcə də Tehran Universitetinə və bu təhsil ocağının Qafqaz Araşdırmaları İnstitutuna (QAİ) hədiyyə etdiyimi bildirdim. Məhz onda bildim ki, dövrünün nadir kitablarından sayılan Hidayət tərəfindən tərtib olunan "Didərginlər"in ideya müəllifi və himayədarı da məhz Hidayət Orucovdur.

"Didərginlər" şəxsən mənim üçün böyük məlumatlandırıcı baza olub və milli tariximizə bağlı bütün acılı, şirinli gerçəkləri müstəqilliyimizin bərpası illərində geniş ictimaiyyətə çatdırıb. Qafqaz Araşdırmaları İnstitutunun rəhbərliyi və orada çalışan azərbaycanşünas mütəxəssislər onlara hədiyyə etdiyim "Didərginlər" kitabından iki nüsxəni böyük qənimət kimi qəbul etdilər. Kitabın kiril əlifbasında olmasına baxmayaraq oradakı zəngin materiallar, o cümlədən, topludakı imzalar QAM kollektivi üçün olduqca cəlbedici idi. Bu kitabdakı materialları toplamaq o dövrdə nə qədər müşkül idisə, sovet hakimiyyəti illərində onu nəşr etdirmək özü də bir qəhrəmanlıq nümunəsi sayılırdı. Yerli gəlmişkən, 2-3 dəfə Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında keçirdiyi mətbuat konfranslarında iştirak etdiyim Hidayət Orucovun təmkinli danışıq tərzi həmişə məndə xoş təəssürat yaradıb. Böyük Sədi buyurur:

 

Dünya görmüş qoca söz ustadı, bil,

Əvvəlcə fikr edər, sonra açar dil.

Tələsik söyləməz sözünü bir dəm.

Fikrini kamil de, gec olsa, nə qəm!

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri kimi İranın Qum Təhsil Hövzəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşları olan tələbələrlə keçirdiyi görüşdəki gərgin vəziyyət (bu gərginliyi yaradan səbəb çoxlarına məlum olduğu kimi, həm də tamam başqa bir mövzudur - S.Ş.) hafizəmdən heç vaxt silinə bilməz. Təxminən dörd saat iyirmi dəqiqə keçirilən görüşdə Hidayət Orucov verilən bütün sualları özünəməxsus təmkində cavablandırdı və mən bir daha əmin oldum ki, emosiyanı boğa bilmək özü bir qabiliyyət və qalibiyyətdir. Bu, yalnız zəkanın gücü ilə mümkündür. Bu görüşdən sonra azərbaycanlı tələbələrlə birlikdə nahar etdik. Az əvvəl dil ağıza qoymadan ara qarışdıranlar indi tamam başqa bir libasda görünürdülər və onlara qarşı Hidayət müəllimin göstərdiyi sakit və təmkinli münasibət bir daha onun müdrikliyini nümayiş etdirdi.

...İndi isə, çox uzatmadan "Günaydın, türk dünyası" şeirlər toplusunda yer alan şeirlər barədə fikir və düşüncələrimi bölüşmək istəyirəm. Şair "Didərginlər", "Bir qoşun əzrail", "Köçmüş dağ kəndinin nəğmələri", "Gərək kəndimizdən çıxmayaydım heç", "Evimiz analı olsun", "Ömür monoloqu" və s. şeirləri vasitəsilə Azərbaycan xalqının yaxın tarixinin ayrı-ayrı çalarlarını gələcək nəsillərə məhz poetik istedadı ilə çatdıra bilir. 

 

Elə bilirdim ki, cənab Əzrayıl təkdir,

Can alsa da, hər bahar, hər qış...

Yenidənqurmada, millətim, ayıl!

Baş sədr Əzrayıl-qoşun şaxlarmış.

 

...Yuxarıda təqdim etdiyimiz bənd üç yüz illik zaman kəsiyində dəfələrlə siyasi qabığını dəyişən Rusiya adlı imperiyanın Azərbaycanın milli-azadlıq hərəkatına qarşı fundamental düşmənçiliyini xarakterizə edir. Amansız və zalım düşmənin məkrli siyasəti şairin "Didərginlər" şeirində daha kəskin şəkildə ifadə edilir:

...Düşmənim gizlənib düşmən dalında,

Bu daş hansı dağdan qopub sürüşüb?

Bizim bu günlərin qovğalarında

Haqq, ədalət özü didərgin düşüb.

 

Hamısı keçmiş Sovetlər Birliyinin mövcud olduğu illərdə qələmə alınan bu şeirlər şairin qəlbinin və zehninin, onun Vətən və xalq yolundakı fədakarlığının göstəriciləridir. Məqalənin sonunda onu da qeyd etmək istərdim ki, poetik hisslərini hələ gənclik yaşlarında kağız üstünə köçürən şair Hidayət real həyatda olduğu kimi ədəbi yaradıcılıqda da sadə və təvazökardır. Hər şeyin ötəri və müvəqqəti olduğu həyatda şairə uzun ömür və sağlamlıq, daha böyük yaradıcılıq uğurları arzulayıram.

Hidayət müəllim, ötən əlli illik yaradıcılıq dövründən fərqli olaraq müqəddəs Qarabağ Zəfəri şəxsən Siz də daxil olmaqla türk dünyasının bütün şair və yazıçıları, bəstəkar və müsiqçiləri, rəssam və heykəltəraşları üçün yeni qalibiyyət mövzusu yaradıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu tərənnümün bütün çalarlarına layiq qalibiyyət qazanıb. İndi isə söz sözündür, söz şeirindir, söz hekayənin və romanın, meydan şairin və yazıçınındır. Neçə ki, fürsət var, yazıb-yaradın, Hidayət müəllim. Durmaq yox, dayanmaq yox! Vətən və xalq üçün yazılanların öz yeri, öz rolu, öz qələmi, öz kağızı var, Hidayət müəllim. Bu yazımı adıçəkilən kitabınızdakı son şeirin ilk bəndi ilə Azərbaycan poeziyasının Hidayətinə yeni yaradıcılıq arzuları ilə bitirirəm:

 

Nəğmə kəhkəşandır

qəlbimdəki misralar

düşməyib dildən dilə,

Sevincimin nidası,

Ömrümün öz mənası,

Ürəyimin harayı

Sizə çatmayıb hələ -

Bir az gözləyin məni!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!