Göy qübbəsi, yol və ömür mətni ilə baş-başa - Elnarə AKİMOVA

Elnarə AKİMOVA

Yol Novruz Nəcəfoğlunun mətnlərində tale deyil, amma özündə taleyin necəliyini, onun insan həyatına təsir gücünü modelləşdirən işarədir: "Yollar uzanan gün", "Çarəsiz yolçu", "Bu bərədən haça yol", "Bu dərənin uzunu"... Burada yol simvolikasını labüdləşdirən həm də mətnlərin "atlı nağıllar" kimi oxunmasıdır. Əsərlərindən biri elə bu cür adlanır: "Atüstü bir nağıl"... Sanki personajlar özgürlüklərini, azadlıq hisslərini yollarda dərk edirlər. Göy qübbəsi, yol və ömür mətni ilə baş-başa qalan insanlar... Onlar oxucuya həm həyat və ölümün mənasını anladır, həm də uzaqlarda qalan yaddaş arasında ruhsal əlaqə yaratmış olurlar. 

Daha bir məqam, yazıçının əsərlərində qadın obrazları, onun mənəvi yaşantıları öndədir, qabarıqdır. Novruz Nəcəfoğlu əksər əsərləri ilə ədəbiyyatımızda qadın təbiətini psixoloji rakursdan araşdıran, onun emosional, düşüncə dünyasına, təhtəlşüuruna detallı vurğular edən nasirlərimizdən biridir. Onların arasında mühafizəkar və hermetik mühitdə yaşayan, onun qanunlarına zorən tabe olan qadınlar da var, mühitlə ziddiyyət arasında qalıb sosial münasibətlərə daxilən uyuşmayan, özünü modern ölçülərə müncər etmiş, mentallığa provokativ yanaşmasıyla qıcıq doğuran, marjinallaşmış qadınlar da.

Zamanın ultramodern ölçüləri ilə süslənib ailə dəyərlərinə xələl gətirən, üzdəniraq Şiva kimiləri də var bu mətnlərdə ("Köhnə koma"), bir xaral yun üçün günün istisində kilometrlərlə yolu qət edib özünü fəda etməyi bacaran Qıztamam kimilər də ("Çarəsiz yolçu"). Şivakimilərin nazı ilə oynayıb hər şeyə dözən, gözübağlı qul olan Qurbançiklər də var, arvadının fədakarlıqlarına kor olan, işi-gücü söyüş söymək, yumruq atmaq olan Məmiş kimilər də. Hər gün görməyə alışdığımız məişət hadisələri, cəmiyyət mənzərələri...

Əsrin əvvəllərində olduğu kimi bu gün də qadının ailədə fiziki və psixoloji zorakılığa məruz qalması, ikinci statusda olması yalnız  ədəbiyyatşünaslıq sahəsi üçün yox, eyni zamanda kulturoloji, sosioloji və tarixi aspektlərdən araşdırma tələb edən mövzudur. Novruz Nəcəfoğlunun mətnləri bir çox tərəfləri ilə bizi XX əsrin əvvəllərinə qaytarır. Xüsusilə qadın məsələsi, qadın hüququ, qadının iç azadlığı problemlərinin önə çəkilməsinə görə bu əsərlər öz üzərinə cəmiyyətə faydalı olmaq funksiyasını  götürməklə bərabər, həm də çox şeyin dəyişmədiyini bəlli edir.  Söhbət qadından və qadına münasibətdən gedirsə, dəyişilməz olan baxışımız deyil, həm də situsiyanın özüdür. Buna sübut üçün yazıçının "Çarəsiz yolçu" povestini nümunə gətirə bilərik.

"Çarəsiz yolçu" povestində Qıztamamın simasında bir neçə kimlik birləşir: nümunəvi ailə sahibəsi, fədakar ana, zəhmətkeş qadın. Bir sözlə, zərif çiyinlərinə bütün ailənin yükünü götürən və övladlarına görə buna sevərək qatlaşan ana obrazı. Onun həyat yoldaşı Məmiş üçün qadınının psixoloji-emosional dünyası, iç yaşantıları ümumiyyətlə, maraqlı deyil. Novruz Nəcəfoğlu əsərlərində xüsusi olaraq qadın emansipasiyasını qabartmır, onun daha çox məişətdəki yerini qabardır, ailəyə bağlılığı motivinə həssas yanaşır. Bu yanaşmada ümumən cəmiyyətin qadına gerçək münasibətinin əksi var. Onu daha çox patriarxal mühitdən qopmağa qoymayan, güclü, azad obrazını qəbullanmasını çətin həzm edən cəmiyyət insanları. Önəmli məqam budur ki, yazıçı bu mətnlərdə qadına münasibətdə kişimərkəzçi mövqedən çıxış etmir. Onun üzüntü və yaşantıları, üsyankar və fələklərlə əlləşən ruhu həssas bir qələmlə bədii təcəssüm predmetinə çevrilir: "Tanrının çoban, özü də, kərəminə şükür, elə yaranışdan bivec, yarıtmaz bir çoban yaratdığı bu beli qırılmış axı nədən onun bəxtinə gəlib çıxdı? Qınamaq, danlamaq, məzəmmət etmək istəyirdi. Ancaq kimi? Tanrınımı, qısmətinimi, öz taleyinimi, yoxsa başqa birisnimi, kimi? Kimi?.."

Bəli, yazıçının əsərlərində əsas prioritet fədakar qadınlardır. Onların taleyindəki ağrıya yalnız müəllif nəqlində əmin olmuruq, belə olsaydı əsərlərin ideya yükü də, bədii əhəmiyyəti də azalardı. Belə bir qiymətləndirmə əsərdəki digər obrazların (həm də kişi obrazın - Cahangirin!) baxış bucağından da təqdim olunur: "Qıztamam yaxşı qadındır. Məmişə o dözür. Qıztamamın bəxti ər sarıdan gətirməyib. Ancaq həyatdır da...".

Yazıçı bu obrazları sona qədər ailə dəyərlərinə sadiq şəkildə sərgiləyir. Onlar üçün övlad xoşbəxtliyi, onların hər ehtiyacını qarşılaya bilmək məqsədi daha öndədir, nəinki realizə edə bilmədikləri istəklərinin nifrət kimi sublimasiya olunması. "Çarəsiz yolçu" povestində oğlunun yenicə binə olan evini görən ananın əllərini divarlara sürtərək kövrəlməsi, qızına cehizlik üçün nəzərdə tutduğu, amma yaddan çıxardığı bir kisə xaral yun üçün neçə kilometr yolu qızmar günəş altında yaylağa geri qayıtması ilə yalnız Qıztamam xarakteri mənəvi dəyər almır, həmçinin nəsrimizdəki qadın obrazının tutduğu rola, mövqeyə müsbət çalarlar əlavə olunur.

Novruz Nəcəfoğlunun əsərlərinin dili, onlardakı kolorit, zəmin aldığı etnoqrafik zənginliklə bağlı ötən yazımda geniş bəhs etmişəm. Onun bütün mətnlərinin dili axıcı və ritmik, təhkiyəsi dinamikdir, buna görə oxucu ilə asan, səmimi ünsiyyət qurulur. Bəzən yazıçı müxtəlif situasiyalar zəminində qəhrəmanın keçmişi ilə assosiasiya yaradaraq yaddaşını vərəqləyir, indiki zamanda davam edən təhkiyənin hərəkətliliyini kəsərək, fleşbək metoduyla işləməyə üstünlük verir.

Bu, həm də ona görə baş verir ki, Novruz Nəcəfoğlunun nəsrində qəhrəmanla ətraf mühit, ictimai gerçəklər arasında ziddiyyətlər hakimdir. Bu, təkcə yazıçının ailə-məişət həyatında üzə çıxardığı, əsas problem olaraq gördüyü, islah etməyə çalışdığı neqativlər deyil, mənəvi-əxlaqi atmosferdə aydın görünən, ümumən, müəllifin nəsrinin fakturasında ayrı-ayrı süjet xətləri, təfərrüatlarda üzə çıxan gerçəklərdir.

Novruz Nəcəfoğlunun bütün mətnlərini xarakterizə edən ovqat sırasını işarələməli olsaq, belə bir hərəkət trayektoriyası alınar: melodramatizm, sentimentallıq, idilliya və romantikadan realizmin gerçəklərinə doğru. Onun hekayə və povestlərində hər cür zaman və mühit reallıqları içrə darıxan, keçmişi ilə yaşayan insandan, gizlinlər barədə SOS qaldırmağa cəsarəti yetəcək qədər ayıq insana çevrilmə hakimdir. Bu əsərlərdə psixoloji varlıq olan insanın iç dünyası sosial əhatədən mənəvi-əxlaqi dəyərlərə, fəlsəfi sıraya qədər ən müxtəlif sıralarda gəzişir. Təmkinli üslüb, lirika, prozaizm, ironiya - Nəcəfoğlunun mətnlərində qəti estetik müəyyənliyə malik ton olaraq bəlirlənir.

Məsələn, müəllifin son mətnlərindən olan "Köhnə koma" hekayəsində düşüncə sırası daha dərinlərə - İnsan-təbiət münasibətlərinə qədər uzanır. İnsan əli ilə məhv olan təbiət, onun yerində salınan istirahət mərkəzləri, pulun gətirdiyi halal-haram fəlsəfəsi və s. İnsanın sabahı, kainatın harmoniyasının qorunması ilə bağlı düşüncə Novruz Nəcəfoğlunun mətnlərində əsas həyəcan nöqtəsi kimi maraqlıdır. Bəzən insan təkliyinə köklənən əsərdə vurğu gözlənilməz şəkildə insan və kainatın taleyi üzərinə keçid edir. Yazıçı olduğu məkan reallığından, yaxud duyğular ənginliyindən yaşadığı planetə baxır. Kəsilən ağaclar, istismar olunan təbiət, insan nəfsinin yağı kəsildiyi məqamlar ona ağrı yaşadır. Bu, həm də onun yurda, torpağa, vətən amilinə sevgisindən qaynaqlanır: "Qurban müəllim ətrafı bir də gözdən keçirib geri, gəldiyi yola tərəf döndü, tələsik yola düzəldi. Gedə-gedə "Satik, bu işlə ciddi məşğul ol, tapın o adamı, danışın, razı olmasa başqa yolla..." Dodağının altında nəsə pıçıldadı, orasını eşitmədim. Sonra da: "O komanı uçurub yerində beş mərtəbə otel tikəcəm. Satik, otel ee, otel! Başa düşdünmü? Bu su da, bu ərazi də, o koma da mənim olasıdır, biləsən!  İşləyin, işləyin", - deyib yanınca yeriyən Satikin kürəyinə bir şapalaq endirdi. Getdilər, uzaqlaşdılar".

Novruz Nəcəfoğlunun əksər qəhrəmanları təkdirlər. İstər insanlar arasında olsun, istərsə də özü ilə baş-başa qalsın, fərqi yoxdur, yazıçı onların təkliyinə xüsusi vurğu edir, duyğuları, keçmişi, xatirələri ilə təkbətək qalan insanın iç yaşantılarına fokuslanır. Cəmiyyətdən təcrid olunaraq təbiət qoynuna, köhnə komalara sığınmaq bir növ personajın daxili aləminin sıxıntısının vizual göstəricisidir. İnsan daim nə vaxtsa xoşbəxt olduğu məkana və zamana can atır və bununla sanki, özünün mənəvi diskomfortunu maddiləşdirir: "Bəlkə elə xoşbəxtlik sandığının özü də qəribə və anlaşılmaz şeydir. Ömrün elə anları olur ki, qaçırıb əldən yox, ömürdən verdiklərini düşündükcə hər şey  qəribə görünə bilir...".

Keçmişin beyində dolaşan səslərini eşitmək, toxunulan hər detalda keçmişin tozunu silmək, xoşbəxtlik nişanələrini axtarmaq cəhdləri hekayədə həm məzmun, həm də təsviri baxımdan qəhrəmanın bu günü arasında kontrastda təqdim edilir, onun özünü tapa bilməməsi, özünəqapanıqlığı qənaətini eyhamlaşdırır: "Çərçivəyə salınıb divardan asılan şəklə yaxınlaşdı. Sanki hansısa qeyri-iradi bir qüvvə onu çəkib şəkilə tərəf apardı. Heç bir ölçüyə sığmayan bir ömrün xatirə dolu anlarını bəzən bir foto şəklində çərçivəyə salırsan. Ömrə güzgü tutan o mübhəm xatirələri dondurub saxlamaq üçün".

Ədəbiyyatın, sənətin yaddaşla, keçmişlə, uşaqlıqla əbədi bağlılığının səbəbi nədədir? Məşhur rus kinorejissoru Andrey Arsenyeviç Tarkovskinin fikrini xatırlayıram. 1979-cu ildə Latviya televiziyasına verdiyi müsahibədə dediyi həmin fikirlər sənətin mahiyyətini ifadə eləmək baxımından çox ibrətamiz görünür: "Yaradıcılıq birbaşa xatirə işidir. Xatırlamaqdır... Mənim uşaqlığım mənim materialımdır. Əgər bu gün məni bir yaradıcı insan kimi tanıyırsınızsa, bu, mənim öz uşaqlığımı, uşaqlıq xatirələrimi və müşahidələrimi bədiiləşdirdiyim üçündür. Sənət budur..."

Novruz Nəcəfoğlunun əsərlərində də keçmişə qayıdış, uşaqlığın o ilıq və işıqlı nəfəsini qoruyub saxlamaq ruh yaddaşını oyaq saxlamaq üçün vacibdir. Yaxşı bilir ki, əvvəl-axır hər kəsin özü ilə hesablaşacağı, Yola çıxacağı, yolu ilə baş-başa qalacağı məqam gəlir. Bir göy qübbəsi qalır, bir taleyindən keçən ömür yolu, bir də içində qoruyub saxladığın uşaqlıq nəğməsi...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!