Qulu Ağsəsin şeir-mətnləri və ya "dil açan şəxsiyyət" - Lütviyyə Əsgərzadə yazır

Əməkdar jurnalist, "Ulduz" jurnalının baş redaktoru, şair Qulu Ağsəs "Nasir" jurnalına verdiyi müsahibəsində deyir: "Tərcümeyi-halı Hüseyn Cavidlə üst-üstə düşən ərəb filosof-şairi Cəbran Xəlil Cəbranın bir kəlamında deyilir: "Şairlə alim arasında bir zolaq var. Bu şəffaf zolaqdan əgər alim şairə sarı adlayırsa, o, müdrik, şair alimə tərəf istiqamətlənirsə, o, dahi olur." Mən həmişə aralıq bir zonada yaşamağın tərəfdarı olmuşam. İki əks qütbün arasında dayanmağa çalışıram. Hətta publisist yazılarımda da öz mövqeyimlə cəmiyyətin mövqeyi arasındakı mövqeyi qələmə almağa cəhd edirəm". Bu mənim Qulu Ağsəs haqqında ikinci yazım olduğu üçün deyə bilərəm ki, mən o zolağı keçmişəm, şairə tərəf addımlayıram. Onun şeir dünyasının və ya sözdən qurduğu şeir sarayının 40 otağını da gəzəcəm. Bunlar ilkdir; otağa girmək üçün qapı döyməkdir.

Qulu Ağsəsin şeirləri ədəbi mətnlər, bütün ədəbi mətnlərsə müəllifin yaradıcılıq aktıdır. Şairin mətnini - əsərini "dil açan şəxsiyyət" (S.Böv) hesab edən mütəxəssislərin qənaətincə, poeziyadakı hər bir söz müəllifin etirafı, onun avtobioqrafiyasının bir hissəsi" (Mandelştam) və düşüncələrinin, insana və Tanrıya olan sevgisinin inikasıdır. Mən Qulu Ağsəsin şeirlərini şeirdən çox, mətn kimi oxuyuram. Fikrimi vəznə, qafiyəyə yox, mənaya kodlaşdırıram. Şairin düşüncələri hopan misralarda inikas edənləri oxumağa çalışıram. Daha doğrusu, şairin dünya, təbiət, insan, cəmiyyət və Tanrı haqqındakı fikirlərini maraqla izləyirəm. Bir oxucu olaraq deyə bilərəm ki, Qulu Ağsəsin mətnlərini şeir kimi oxumaq bir başqa zövq verir. Amma mətn kimi oxuyanda bəzən bir misranın üzərində dəqiqələrlə düşünüb dururam. Şairin dünya, Tanrı, insan, cəmiyyət və s. haqqındakı düşüncələrini anlamağa çalışıram. Bu, bütün insanları düşündürən məsələlərdir. Doğrudur, bu o qədər də asan olmur. Tam bir fikirdən yapışmaq istəyirsən ki, o biri misra səni başqa bir fikrə calayır. Bəzən Tanrı ilə ölüm eyni mətndə işlənir. Düşündürücü mətnlərdir.

Qulu Ağsəsin şeirləri Allahla arasında olan bağlardır. "Yuxu ilə oyanmaq arasındakı halların inikasıdır. Bu yolçuluqda yaşadığı hallar şairə, "İnsanın hər axşam ölüb, hər səhər təzədən doğul"duğuna inandırır. Bir haşiyə çıxaraq, uşaqlıqda anamla aramızda olan bir dialoqu xatırlatmaq istəyirəm. Anam hər gecə əlləri açıq, üzü göyə Kəlmeyi-şəhadət oxuyurdı: "Əşhədu ən la ilahə illəllah Əşhədu ənnə Muhəmmədən rəsulullah." Bir dəfə soruşdum, niyə hər gecə kəlmeyi-şəhadəti oxumasının səbəbini. Anamın cavabı qısa və konkret oldu: "Yatıb oyanmamaq da var. Yuxu ki var, ölümdür." Bu sözləri duyunca heyrətlənmişdim, daha çox qorxmuşdum, hətta uşaq düşüncəsi ilə bir neçə gün yatmaq istəməmişdim, birdən oyanmaram deyə. Mövzudan uzaqlaşmayaq. Dünya, kainat, təbiət başdan-başa heyrətdir. Heyrət deyincə, Füzuli babamızın "Heyrət ey büt, surətin gördükdə lal eylər məni, Surəti-halım görən, surət xəyal eylər məni", - misralarını xatırlamadan keçmək olmaz. Füzulinin heyrəti Onun möcüzəsindən doğduğu kimi, Qulu Ağsəsin də heyrəti dünyanı və Tanrını anlamaqdan, yuxularında uçduğu məkanın sehrindən keçir. Bu "uçuş"lar şairi daha da yaxınlaşdırır Tanrıya. Şair anlayır ki, "Nə əmək qılsan, xətadır qeyri-eşq! Ya Hu! -yalnız O! (Allah!) "

Tanrının varlığına inandıqca onun yaratdıqlarına da inamı tamlaşır, başqa aləmlərin olmasına inanır şair: 

           

Mən ölümə gedər oldum,

Sən qal, yaşa! Can sevdiyim.

Mən ölümə gedər oldum,

Sən qal yaşa! Can sevdiyim.

 

Ayrılığa dözərmisən?

Kələf açıb, söz düyəcəm.

Yenə məni gözlərmisən?

Səni orda gözləyəcəm...

 

"Ürəyində bir arzu tut"

 

Aləmlərin olduğuna inanan şair üçün ölüm son deyil, başqa aləmə köç etməkdir. O aləmdə də sevgilisini gözləyəcəkdir. Bu görüş istəyi yalnız sevgili üçün deyil. Şair Qarabağda itkin düşən dostu Xaliqə yazdığı şeirdə də bunu vurğulayır. Şair, dostuna söz tapşırır, "ondan da adaşına deməsi"ni istəyir:

 

Bəlkə veriblər səni

Tanrının yaddaşına?

Mən sənə söz tapşırım,

Sən də öz adaşına.

 

"Tanrıya"

 

Nə olar, ayırmasın,

de, ikimizdən məni!

Getdin?.. sənə yaxşı yol,

gəlməsən, gözlə məni...

 

"Yasına çağır, gəlim..."

 

Şairin dostu ilə Xaliqə ismarışı onları ayırmaması istəyidr. Şairin itkin dostu həyatda deyilsə, "Tanrının yaddaşında"dır. Demək ki, nə vaxtsa, vaxtı gələndə "Tanrı yaddaşında" görüş var. Getdinsə, sənə yaxşı yol" (yeni məkana uğurlama). "Gəlməsən, gözlə məni..." (yeni məkanda görüş). Bütün bunlar şairin bir başqa şeirində də təkrarlanır:

 

İşdi-qəzadı

səndən əvvəl ölsəm,

məni son mənzilə aparırlar görsən,

vəsiyyətimə əməl elə:

Arxamca su at,

uğur dilə.

Saçını yolma,

köksünü ötürmə.

 

"İşdi-qəzadı"

 

Şairin vəsiyyətindəki detallar bizi başqa bir məcraya aparır. Ölüm aktı və ölümdən sonrakı mərhələlər, insanın suya tutulması, kəfənlənməsi, molla və Quranla son mənzilə yola salınması və s. bunlar normal və bildiyimiz rituallardır. Şairinsə, "işdi-qəzadı sevgilisindən öncə ölsə" son mənzilə uğurlananda ondan istədikləri bunlar deyil. Şairin ölümə münasibəti və son mənzilə uğurlanma arzusu qəbul edilmiş qanunlardan fərqlidir. O, sevgilisindən harada və necə basdırılmasını, necə yas tutulmasını istəmir. "Arxasınca su atmasını, uğur diləməsini", "saçını yolub, köksünü ötürməməsini" istəyir. Şair bilir ki, əzizini son səfərə uğurlayanlar, təbii ki, bu məcburi deyil, ağı deyib, saç yolur, kədərə bürünüb köks otürür, ağlayır, ağladır. Qulu Ağsəs isə sevgilisinə onun arxasınca su atmasını, uğur diləməsini vəsiyyət edir. Adətən uzaq yola, səfərə çıxanda arxasınca su atılır, uğur arzulanır; "yolun uğurlu, su kimi aydın olsun!", - söylənilir. Şair də səfərə çıxır, O, Tanrı yolçusudur. Ağsəs üçün ölüm son deyil, başlanğıcdır. O, gəldiyi yeri bildiyi kimi, getdiyi yeri də bilir. Şair torpağın altına getmir, onu Yaradanın - Allahın yanına "gedir." Ölüm şair üçün Tanrıya qovuşmaqdır, ruhun aid olduğu yerə dönüşüdür. Varlıqda yox olmaqdır. O dünya dediyimiz yer yoxdur, başqa aləmlər var. Başqa aləmə uçuşlar var (ruhun aid olduğu yerə qayıtması var və s.), o aləmdə davam edən bir həyat var. Türklər buna uçmaq deyir - ruhun uçuşu. Rəvayətə görə, Rumi özü rəqs edib oxumağı çox sevərmiş. Onun rəqs edərək vəcdə gəlməsi, "quş kimi göylərə uçmağı" barədə çoxlu rəvayət mövcuddur. Şamanlar da oxuya-oxuya qamlıq edərək Tanrı dərgahına yüksəldiklərinə inanırlar. Bu, ölümün fəlsəfəsini anlayanların yanaşması, başqa aləmlərin varlığının təsdiqi və ruhun ölməzliyinə inamıdır.

Şairin bəhs etdiyi ölüm aktı "Xəlqi tərk edib, xaliqə qoşmaqdır." Bunun üçün sevgilisinə "faniyə uyma"magı, arxasınca su atıb uğurlanmasını, "ürəyinə ayrı şey gətirməməsini" vəsiyyət edir. Qulu Ağsəsin bu uyarısında, bütövlükdə dünya, olum, ölüm, fanilik və s. şamanizmin, sufizmin izləri var (hər geçə yuxuda uçan şair və üzü göylərə qamlıq edərək Tanrıya yüksələn şaman). Sufi düşüncəsində ölüm ancaq bədənin ölümüdür. Ruh Tanrının insana əmanətidir, zülmətdən xilas olub nura çatmaq, həqiqi və əbədi həyata başlamaq üçün Tanrıya dönüşüdür - uçuşudur. Misralarında "sənsən hər yer, İlahi"... (Q.Ağsəs) deyə pıçıldayan şairin uçuşu Tanrı qatınadır.

"Son nəfəs"ini verib getdiyi yer, həm də ilk nəfəsinin verildiyi yerdir. Şair, bu müqəddəs duyğularla Allah qatına yüksəlir. Bu yoxolma Tanrıya "can atan" şairin arzu etdiyi görüşdür. Bu "canatma" Haqqa yetişməkdir. Allahla, dostla, sevgili ilə vüsaldır:

 

Eşit, yoldadı artıq, çapır cin atım Sənə,

Söz atıb-tutammadım...

İndi can atım sənə... 

 

"Radiodan çağırsam,

Allah, eşidərmisən?"

 

Şairin Tanrıya can atması özünüdərkdir, varlıqda yox olmaq istəyidir. Həyatın mənasını anlamaq, insanın Dünya adlı gəmidəki, olumla ölüm arasındakı (bəzən buna qaşla göz arasındakı həyat da deyirik) missiyasını anlamaqdır. Qədim Delfi məbədinin baştağında yazılır: "Ey insan, özünü dərk et. Özünü dərk et ki, Onu da dərk edəsən! Özünü dərk etmədən Onu dərk etmək olmaz. Onu, varlığı, Yaradanı dərk edən Qulu Ağsəs, Yaradanı - Varlığı qəbul və təsdiq edir, insanın alın yazısına inanır. Olum kimi ölümü də qəbul edir.

Olum və ölüm... həyatın fəlsəfəsi. Olum varsa, ölüm labüddir. Yəni insan dünyaya gəldiyi gündən öləcəyini bilir. Hətta ömrü, ölümü ondan əvvəl yazılır. Bunu anlayanlar, ölmədən öncə ölənlər var. Hələ də sivilizasiyanı qəbul etməyən kiçik bir qəbilədə hər yeni körpə doğulanda məclis qurub ağlaşırlar. Dünyaya bir fərd də gəldi, ölümü dadmaq üçün. Bizdə əksinədir, doğulanda ölümü düşünmürük, şənlənirik. Fatalist olduğum üçün düşünürəm ki, hər doğulan insanın alın yazısı var və ona yazılan taleyi yaşayır. Fatalist olmamasına rəğmən, Qulu Ağsəslə eyni düşüncəni paylaşırıq. Alın yazısının insana qoyulan addan öncə yazılmasına işarə edir. Alın yazısını Tanrı yazır, ad uşaq doğulandan sonra verilir. Doğrudur, adlarda da mistiklik olur bəzən. Yəni hər kəs ona yazılan tale ilə dünyaya gəlir və dünyaya qalmaq üçün deyil, getmək üçün gəlir ("Gələn qalmaz, gedən gəlməz, əcəb sirr"). Ölmədən öncə ölənlərdən olan Qulu Ağsəs "əcəb sirr"in sirrinə vaqifdir. Onu dərk etdikcə şairdə Yaradana və yaratdıqlarına "şükür" yaranır:

 

Şükür, o göydəki ismin halına,

Şükür, yağışına, şükür, qarına.

Şükür - adımızı öz jurnalına

Əcəl - adqoydudan qabaq yazdırıb...

 

"Bir yol yatağından qalxmayan bu çay"

 

Şairin "Ağsəs" soyadı (təxəllüsü) atasının adıymış (ilk dəfə duyuram bu adı, Ağsəs). Bu ad da mistiktir, məncə, Ağsəs... Bəzi şeirləri fəlsəfi suallar və onlara verilən cavablar üzərində qurulan Ağsəs, şeir-mətnlərində bizi də adının daşıdığı ağ səsə, ağ ünə şərik edir, ruhumuzu nurlandırır, üzümüzü Tanrıya istiqamətləndirir.

"Əgər fəlsəfə yoldadırsa, ən yaxşı yoldaş ədəbiyyat olacaq" (Karl Jaspers). Qulu Ağsəsin şeir-mətnlərində "fəlsəfə yoldadır, ədəbiyyat ona yol yoldaşlığı edir." Şair düşünür, düşüncələrində vardığı məkanın varlığını misralarında poetikləşdirir. O`ndan, dünyanın sirrindən, aləmlərin varlığından xəbərdar olduğunu mətnlərində inikas etdirir. Yerlə göy arasında əlaqənin olduğunu təsdiqləyir. Zatən, şairlik bir az da göylə əlləşməkdir. Günəşə gülümsəyib, Ayı sevməkdir. Ulduza göz vurub, Tanrı ilə həsb-hal etməkdir. Düşünürəm ki, M.Müşfiqin "Bu yerlə çarpışan, göylə əlləşən. / Dostdan, aşinadan necə əl çəkim", - misraları fikrimizin möhkəmlənməsinə xidmət edə bilər.

"Göylə əlləşən" şair, vərəqlərlə söhbət edir, onları qarşısında zəmi kimi görür. Yaradılışdan və yaradıcılıqdan xəbər verməyən söz yazmaq istəmir. "Dünyanın düz vaxtları"nı xatırlayır:

 

Dünən

Dünyanın düz vaxtlarını göstərirdilər,

Səni

göstərirdilər,

Allah...

"Retro"da.

 

"Dünən"

 

Oxucu olaraq şairin xatırlatdığı "dünyanın düz vaxtı"na fikir yolçuluğu etdim. Uşaqlıqdan yaddaşıma yazılanlar "Retro" kimi ötüb keçdi göz önümdən. Anam hər gecə bizə nağıl deyərdi (bizdə bu bir ənənə idi, sonralar mən də hər gecə övladlarıma, nəvələrimə nağıl söylədim. Dünən söylədiyimiz və ya dinlədiyimiz nağıllardakı bir çox mümkünsüzlər bu gün gerçək oldu. Bu, bir başqa yazının mövzusudur). Hər dəfə nağıl belə başlayırdı: "Biri var idi, biri yox idi, Allahdan başqa heç kim yox idi." İlk dəfə Allah sözünü anamım söylədiyi nağıllardan belə duymuşam. O günlər artıq keçmişdir, abstrakt bədii ifadə ilə desək, "Retro"dur. İndi övladlarına nə nağıl deyən analar var, nə də Allahı yada salan insanlar (istisnalar xaric). Şairin də bəhs etdiyi vaxtlar, insanların Allahı öldürmədiyi, Allahın bəndəsini unutmadığı vaxtlardı.

Qulu Ağsəs, Tanrı möhtacıdır. Şair, Ona müştaqdır. Onun məhrəmi də, yaxını da, doğması da, həmsöhbəti də, duası da, bəzən umu-küsüsü, bəzən üsyanı da Tanrıdır. Şair, hər an Onu düşünür:

 

Düşündüm görən O neynir,

Hardan tapır dincliyi?

Gecə Ona, gündüz Ona,

Saat Ona işləyir...

 

Bəzən düşünürəm ki, yalnız insanların deyil, dünyanın da taleyini yazan, yönəldən var. Görəsən, müharibələri, salğınları kim yazıb dünyanın taleyinə? Allahı içində öldürənlərmi? Bütün bu suallar şairi də düşündürür. Baş verənləri, yaşananları anlamaq istəyir. Nədən? Nə üçün? Bu suallara cavab tapmağın yolu Ondan keçir. Şairin tez-tez Tanrıya müraciəti də bu suallara cavab tapmaq istəyidir. Bu düşüncələr, dünyanın və Yaradanın hikmətinə yetmək cəhdləri Qulu Ağsəsin poeziyasında fəlsəfi qatı dərinləşdirir. Şair fəlsəfi düşüncələrini poetikləşdirir. O, bütöv bir şeirini bu mövzuya həsr etməsə də, simiotiklərlə, detallarla sözlə hördüyü xalısına bir işarə - ilmə atır. Atasını xatırlayanda göyə baxması, ağacların ölüb-dirilməsi və s. Bunlar sufizmin, şamanizmin izləridir:

 

Qış günü soyuqdan ölən ağacın

Yasına mart ayı yarpaq yazdırıb.

 

Şeir dediyimiz şey, sözlə yaranan kiçik saraylardır. Söz hər adama verilmir, hər adam sözdən sənət əsəri yarada bilmir. Qulu Ağsəs sözün dilini bilir, sözü fəlsəfə ilə yoğura bilir, sözə can verir, düşüncəni poetikləşdirir. A. Ağsəs üçün şeir sirdir:

 

Əkinçinin

havaya atdığı

bir ovuc toxumdu ulduzlar -

bar vermədiyindən qızarar.

...Şeir sirdi, Adam,

sirri bağırmazlar -

ulduzlardan utan.

 

"Əkinçinin"

 

Cavid sovet dövrü ən zəif əsəri sayılan "Afət"də bir az panteistcəsinə bu "sirr"ə toxunur: "Şeir!.. Musiqi!.. Din!.. Dünyada yalnız bir şeir, bir musiqi, bir din mənbəyi var ki, o da təbiətdir, şermi istərsin? İştə aşiqlərin iztirabı, filosofların düşüncəsi, öksüzlərin göküs keçirməsi, kimsəsizlərin göz yaşı, yıldızların səfvəti, qürubun məhzunluğu, gecənin sükutu, fəzanın dərinliyi həp birər şeirdir. Əvət, hər ah, təbəssüm, hər inilti, hər fəryad; hər fırtına, hər girdab, birər şeirdir. Musiqimi istərsin? Çayların, ırmaqların ninnisi, dənizlərin, çağlayanların vəlvələsi; arslanların, yıldırımların gurlaması; xəfif rüzgarların zümzüməsi; yapraqların, çiçəklərin öpüşməsi; bülbüllərin, ishaqların ötüşməsi həp birər musiqidir. Vurğun gönüllərin acı təranəsi; minimini çocuqların tatlı qəhqəhəsi, körpə quzuların mələməsi həp birər musiqidir. Dinmi istərsin? İştə hər yıldızın incə təbəssümləri, hər günəşin yıldızlı baqışları" (Cavid, 2007,). Hər şeyi təbiətdədir, təbiət isə Tanrının şah əsəridir. Tanrının əsəri olan Ay, Günəş, ulduzlar birər-birər sirr deyilmi? Şirr çoxdur, mübhəmlik çoxdur, amma sirr açmazlar, adı üstündə sirr!!! Sirri xuda!!! Amma sirr hər zaman cazibədir. Gecənin sirri var, gündüzün işığı. Arayışda olan şair, göyün sirrini açmaq üçün sözə sığınır. Bəzən sözün belə gücü çatmır bu sirri açmağa. Bu baxımdan şairin gecə və gündüzün poetik ifadəsi də çox fəlsəfidir:

 

Gecə -

səhəri su kimi üzünə çəkər,

Gündüz -

gecənin çiynindən ulduzları sökər...

 

Allaha inanan şair üçün "Yaradıcılıq yol getmək kimidir, məsafə qət etməkdir. Uşaq vaxtı bir şeyə marağım var idi - kəndimizdən görünən "yerlə göyün birləşdiyi" yerə qaçırdım. 3-5 km qaçandan sonra ordan baxırdım ki, indi evimizin yanında göylə yer birləşib. Bir də o üzə gedirdm. Həmişə gedirdim, gedirdim... Heç vaxt yerlə göyün birləşdiyi yerə çata bilmirdim. Mənim üçün Allah da, mütləq həqiqət də, sözün yuvası da ilğım kimi uzaqdadır. Həmişə yerlə göyün birləşdiyi yerə getmək istəyirəm. Və hər dəfə gedəndə görürəm ki, əlim boşa çıxır."

Deyirlər ki, sevgi ilğım kimidir. Sən yaxınlaşdıqca o uzaqlaşır. Bu sevgi ilə həqiqətə çatmaqdır. Şair üçün də "Allah da, mütləq həqiqət də, sözün yuvası da ilğım kimi uzaqdadır." Yaxınlaşdıqca O daha yüksəlir, şairi yerlə göyün birləşdiyi yerə dəvət edir. Yüksəlişə, özünüdərkə səsləyir. Tanrıya yüksəlişin mübarək olsun, şair!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!