Adın hikməti və məsuliyyəti - Vilayət QULİYEV

Vilayət QULİYEV

1989-cu ilin yayında "Literaturnıy Azerbaydjan" jurnalının əməkdaşı İlya Dadaşidze məndən "Literaturnaya qazeta" üçün şəxsiyyətə pərəstiş dövründə repressiyaya uğramış Azərbaycan ədəbiyyatı və mədəniyyəti nümayəndələri haqqında geniş müsahibə götürmüşdü. Üzərində xeyli işlədiyimiz material artıq çapa hazır idi. Amma onu redaksiyaya göndərə bilmirdik. Çünki məzmun və mahiyyəti əks etdirən uğurlu, şablondan uzaq, oxucu diqqətini çəkən bir ad tapmaq istəyirdik. Ortaya çıxan variantlar ya məni, ya da mərhum İlyanı qane etmirdi. Belə məqamda, gözümə təsadüfən Vaqif Səmədoğlunun repressiya dövründən bəhs edən "39-da doğuldum, 37-də həbs olundum" misraları sataşdı. Başına alma düşən Nyuton sevinci ilə tələsik İlyaya zəng vurub "Evrika!" kimi səslənən "Tapdım!" xəbəri ilə onu muştuluqladım. İlya əlüstü misraları "Rojden v 39-om, arestovan v 37-om" şəklində ruscaya çevirib (bəlkə də hazır variantını tapıb) "Qenialğno!" - dedi. Təbii ki, bu heyrət nidası mənə yox, şeirin müəllifinə aid idi.

Ad, həqiqətən, uğurlu idi. Çünki söhbət zamanı biz, sadəcə, məlum faktları xatırlatmaqla kifayətlənməmişdik. "Böyük terror"un cəmiyyətdə yaratdığı total xofu, onun keçmişə və gələcəyə uzanan rişələrini, insanların yaddaşında və taleyində yaratdığı dəhşətli metamorfozaları əks etdirməyə çalışmışdıq. Bu mənada, Vaqif Səmədoğlunun lakonik misraları çox yerinə düşürdü, onun əksər şeirləri kimi həqiqi poetik tapıntı xarakteri daşıyırdı.

Müsahibə qəzetdə dərc ediləndən (6 avqust 1989) sonra redaksiyaya ünvanlanmış bir neçə oxucu məktubunu tanış olmaq üçün mənə göndərmişdilər. Məktub müəllifləri Azərbaycan ədəbiyyatının taleyinə düşən böyük itkilərlə bağlı kədər və təəssüflərini bölüşməklə, bir sırada yazının son dərəcə tutumlu (yadımdadır ki, bir nəfər, hətta "planetar miqyaslı" yazmışdı) adına heyranlıqlarını da gizlətməmişdilər. Onu bütün keçmiş sovet xalqlarının başı üzərindən əsən qorxunc səmum yelinin - milyonlarla insanın həyatını, keçmişini, gələcəyini, arzularını puç etmiş dövlət terrorunun dəqiq və obrazlı ifadəsi adlandırmışdılar.

Təbii ki, Vaqif müəllim də sovet yazıçılarının mərkəzi qəzetindəki "reklam olunmaqdan" razı qalmışdı, zarafatla "Məndən yaxşı bəhrələnirsiniz", - demişdi.

Gətirdiyim nümunədən də göründüyü kimi, hisslərin, hadisələrin dəqiq, yığcam, eyni zamanda tarixi-fəlsəfi mahiyyətə, ümumiləşdirmə gücünə malik görümlü təsviri Vaqif Səmədoğlu poeziyasının fərqləndirici xüsusiyyətlərindən biridir. Bu da, ilk növbədə, müşahidə qabiliyyətinin genişlik və dərinliyindən, necə deyərlər, damlada ümmanı görə bilmək bacarığından irəli gəlir. Az sözlə çox şey demək, sona qədər demədiklərinin açmasını isə oxucunun öhdəsinə buraxmaq, həcmcə o qədər də böyük olmayan bir neçə misralıq şeiri bitkin lövhəyə çevirmək Vaqif Səmədoğlu yaradıcılığının əsas bəlgəsi, tanıtma nişanəsidir.

Ustad Səməd Vurğun ikinci oğluna özü üçün son dərəcə əziz olan iki dəyərin - sevdiyi şairin və qısa müddətdə xalqın sevimlisinə çevrilmiş ən populyar əsərinin adını vermişdi. Təbii ki, bu, böyük məsuliyyət, eyni zamanda bir çağırış idi. Yüz illər öncə Nizami Gəncəvi oğlu Məhəmmədə "Şeirdən ucalıq umma dünyada, Çünki Nizamilə qurtardı o da!" vəsiyyətini eləsə də, klassik və müasir Azərbaycan söz sənətinin ailədaxili ədəbi varislik məsələsində Gəncə dahisinin xəbərdarlığından nəticə çıxarmayan tərs, inadkar, ən başlıcası isə, istedadlı və məqsədyönlü xələflər az olmamışdı. Və onlar bədii fikir dünyamıza yalnız fərdi istedadlarının bəhrəsini deyil, həm də içərisində böyüdükləri yaradıcı-intellektual mühitin özəlliklərini, təcrübəsini, ruhunu, ab-havasını gətirmişdilər.

Səməd Vurğun ailəsi ilə bağlılıq baxımından bu ad daşıyıcısının üzərinə həm də çox böyük bir məsuliyyət yükü qoymuşdu. Çünki şair olmaq sevdasına düşmüş hər hansı başqa Vaqifə ortabab şeirləri, hətta poeziya adına nəzmi bağışlaya bilərdilər. Amma Səməd Vurğun oğlu Vaqifin (eləcə də digər şair, yazıçı övladlarının!) ədəbi şəxsiyyətinə və yaradıcılığına münasibətdə tamamilə fərqli meyarlar əsas götürülür, planka həddən artıq yuxarı qaldırılırdı.

İndi, Vurğun ocağının ən uzunömürlü nümayəndəsinin 85 illiyinin (tale böyük istedadla müjdələdiyi bu nəslə ömür payı ayırmaqda çox xəsislik etmişdi. Hərçənd günümüzdə bu elə böyük yaş sayılmır və amansız əcəl qapını kəsməsəydi, yubilyar özü də təntənələrə qatıla bilərdi) minnətdarlıqla qeyd olunduğu günlərdə əminlik hissi ilə demək olar ki, Vaqif Səmədoğlu daşıdığı şərəfli adı tam doğrultmuşdu. Fani həyatda şeirdən ucalıq ummasa da, şeiri, sözü, diqqətəlayiq təmsilçilərindən biri olduğu Azərbaycan poeziyasını yüksəklərə, ucalıqlara qaldırmışdı.

Sevənlərin qəlbində yeri həmişə görünür.

 

Sarayevo, iyun, 2024

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!