Vaqif Səmədoğlu - 85
Səlim BABULLAOĞLU
2011-ci il oktyabrın 9-du. Payız üçün kifayət qədər istidir hava. Feyziyyənin "Mesaj" şeirlər kitabının təqdimatına toplaşmışıq. Vaqif Səmədoğlu da gəlib. Açıq-qəhvəyi rəngdəki məşhur velvet pencəyi də əynində. Xanımların sözünü xüsusən yerə salmır. Tədbir bithabitdədi. Hər iki əlinin baş barmağını şalvarını saxlayan qırmızı aşırmasının öndən bənd yerlərinin arxasına keçirib durub. Fikirlidi. Ordan-burdan danışırıq. Rəşad Məcidin təşəbbüsü ilə Gənc Tamaşaçılar Teatrının qarşısındakı açıq köşklərə əyləşirik. Hamı pivə sifariş eləyir. Alaqarğa olmaq istəmirəm. Vaqif müəllim bir-iki qurtum içən kimi elektron siqaretə əl atır. Siqaretin daha çox dumana oxşayan "elektronik tüstü"sü Çin masqaradının uzun quyruqlu əjdahası kimi çevik hərəkət edib qıvrılsa da və kitab dükanı ilə teatr arasındakı bu yerləri tərk eləmək istəmir. "Ordan-burdan janrı"ndakı söhbətlərin qızğın yerində Vaqif müəllim qəfil üzünü mənə tutub asta səslə soruşur:
- Babullaoğlu, bə, deyirlər, sən işmirsən!
- Elədi.
Baxışları ilə qabağımdakı füjerə işarə edir.
- "Sıfır pivədi", Vaqif müəllim.
- Ciddisən?
Dinmirəm.
- Bu ki, impotentlikdi...
Gözlərinin dərinliyindəki gülüşü və parıltını gec sezdiyimdən soyuq tövrlə:
- Elektron siqaret kimi bir şeydi, elə də qorxulu deyil, - desəm də, gec sezdiyim o parıltını öz baxışlarımla geri qaytarmağa, vəziyyəti yumşaltmğa çalışıram, bu dəfə isə öz-özümdən incikliyimi, pərtliyimi gizlədə bilmirəm.
Vaqif müəllim isə tövrünü pozmadan Apollinerə və fransız poeziyasına anidən keçid eləyir... sakitcə. Sanki elə əvvəldən bu haqda danışırdı.
Görüşüb ayrılanda gülümsünür, baş barmağını yuxarı tutub "yox, yaxşıdı..." deyir və bir az pauza verib əlavə eləyir:
- Başa düşdün də?!.
Bunu da gec başa düşdüm, evə dönəndə, yolda, amma onda da nədənsə mənə elə gəldi ki, Vaqif müəllim məişət sözlüyümüzə "vışşı" kimi daxil etdiyimiz bu "əla"nı baş barmaqlarını qırmızı şalvarının aşırmasına keçirəndən bəri hazır tutmuşdu. Birini verdisə də, birini saxladı.
Xoşbəxtliyə qafiyə tapılacaq gün üçün.
Ağıllı və sakit yumor bütün təzahürləriylə dərində yatan iztirab və faniliyin, daha doğrusu, iztirab və faniliyin dərində yatması, elə orda da qalması arzumuzun nişanəsidir; çünki insan xoşbəxt olmaqçün doğulub, inananlar üçün o "cənnət məxluqu", hamımız üçün isə qovulsaq da, "xoşbəxt uşaqlıq məmləkətinin sakini"dir.
Vaqif Səmədoğlu mənim üçün o usta şairlərimizdən idi ki, əvvəlki uzun cümlədə söylədiyimi həm onun, birinci növbədə, şeirlərində və bütün yaradıcılığında, həm də ünsiyyət zamanı şəxsi keyfiyyətlərində, xüsusən, nitqində açıqca sezirdim. Müasir Azərbaycan insanının nitqini müasir Azərbaycan şeiri ilə müqayisə eləsək, arada çox böyük məsafə görərik, bu şeir səmimiyyətinə görə gündəlik nitqdən qat-qat aşağıda dayanır. Halbuki tam əksinə olmalıdır, üstəgəl, bu səmimiyyət çatışmazlığını pafosla doldurmağa cəhd edir. Əksər şairlərimizin şeirini oxuyub gündəlik danışığımızın da o cür ola biləcəyini təsəvvür eləyəndə adamı dərin qüssə bürüyür. Sonra dediklərini canlandırıb, səsləndirib öz düşüncənə gülə də bilərsən.
Vaqif Səmədoğlu mənə görə, XX yüzildə Azərbaycan şeirində, bəlkə də ilk şair idi ki, onun şeirini oxuyanda öz gündəlik nitqinə, danışığına, dilinə hörmət hissin artırdı. Hansı böyük və kiçik mətləbdən, ideyadan, həyat müşahidəsindən, reallıqdan, ağrıdan, nisgildən, darıxmaqdan danışmağına baxmayaraq, Vaqif müəllim, bizim gündəlik nitqimizin tezliyində yazırdı. Bizi gündəlik nitqimizin poeziya ola biləcəyinə, poeziyaya qədər böyüyə biləcəyinə inandırırdı.
"Yenə getdi ayrılığa
Yaxın, doğma izləri.
Yenə qərib şeirə döndü
Ana dilin sözləri..."
Deyirlər ki, danışmaq gümüşdürsə, susmaq qızıldır. "Susmaq" sözünü "az danışmaq"la da əvəzləmək olar. Vaqif Səmədoğlunun yaradıcı bioqrafiyası sübut elədi ki, yaxşı şeirlər - çox yazılmır. Yazılmaz. Belə baxsan, bu, heç az yazmaq da deyildi, yazmaq elə belə olmalıydı.
"İndi hər səsdən, hər küydən
Sükuta dönmək vaxtıdır.
Millət, dövlət zirvəsindən
İnsana enmək vaxtıdır..."
O ideyalar ki, sonradan şüarlaşaraq gəlib çatdı bizə - məsələn, milli azadlıq məsələsi, Vaqif Səmədoğlu həmin ideyaları öz şeirlərində 20-30 il əvvəl yazmışdı, insanca çək-çevir eləmişdi, düşünmüşdü, çox asta səslə, bəzən pıçıltıyla; çünki Vaqif Səmədoğlu yaxşı anlayırdı ki, milli azadlıq həm də və ilk növbədə şəxsi azadlıq məsələsidi.
Düşünürəm ki, "Sən mənim doğma anamsan, Azadlıq, mən sənin yad qapısında böyümüş balan..." misralarının müəllifinin sonradan Avropa Parlament Assambleyasında millət vəkili kimi Azərbaycan Parlament nümayəndə heyətində olması ciddi bir məqam, qanunauyğunluqdu.
Hərçənd ekssezlərsiz ötüşmür.
Həmin gün AŞPA-da müşahidəçi kimi təmsil olunan yəhudi əsilli bakılı knesset üzvləri Assambleyanın Strasburqdakı mənzil-qərargahındakı otaqlarının birində Vaqif Səmədoğluyla, köhnə dostları ilə bir xeyli söhbət edir, axırda da onun döşünə knessetin fəxri üzvülük nişanını taxırlar. Danışa-gülə otaqdan çıxanda məşhur rus telekanallarından birinin xüsusi müxbiri Vaqif Səmədoğlunun başının üstünü alır. "Cənab Mahmud Abbas!.. Cənab Mahmud Abbas!.." deyə ona suallar yağdırır. Fələstin lideri ilə dəyişik salındığını anlayan şair, sadəcə, döşündəki fəxri üzvlük nişanını göstərir və gülümsünərək ordan aralanır.
Rus demişkən, yoğun mətləblərə zərif müdaxilə.
Bunu da, indi sizinlə bölüşəcəyim növbəti hadisəni də Vaqif müəllim danışmışdı mənə.
Dostlar - Anar, Ramiz Rövşən və Vaqif Səmədoğlu növbəti xudmani məclislərin birinin sonunda, elə restoranın girişindəcə söhbətləşəndə Ramiz Rövşən restoranın adına işarə edərək Vaqif Səmədoğluna "sataşmaq" istəyir. Vaqif müəllim də məst nəzərlərlə "Ay işığı" yazısına göz atır və həmkarına: "Ay Ramiz, nə istəyirsən, deyirsən, restoranın adını "İlan balası" qoyaydılar?.. " - söyləyir.
Vaqif müəllimin danışmadığı, danışmaq istəmədiyi, az danışdığı məsələlər də vardı. Məsələn, "dil və ədəbi nəsillər məsələsi".
XX əsr Azərbaycan ədəbi dil normalarından söz düşəndə, adı ən çox hallanan şairimiz Səməd Vurğun olurdu. Vaqif müəllim bunu bilirdi. Vaqif Səmədoğlu Səməd Vurğunun "azərbaycancasında" yazmırdı. Və nədənsə mənə elə gəlir ki, bütün sirr də buradır: "ata və oğul", "müxtəlif nəsillərə, dünyagörüşünə və estetik platformaya aid iki həmkarın" fikir ayrılığı və həmrəyliyi beləcə rahat həll olunmuşdu...Vaqif Səmədoğlu həll etmişdi.
Xatırlayıram, Norveç səfirinin iqamətgahında "Vaqif Səmədoğlu gecəsi" keçirilirdi. Vaqif müəllim Nüşabə xanımla bərabər iştirak edirdi həmin gecədə. Diplomatik korpusun bir çox nümayəndələrinin iştirakı ilə keçən həmin axşamda Vaqif müəllim ona ünvanlanmış sualların birini cavabsız buraxıb, əvəzində qısa bir çıxış elədi. Sualı cavabsız buraxmağı səbəbsiz deyildi, əlbəttə. Və bu çıxış təkcə Vaqif Səmədoğlunun şair kimliyinin təqdimatı deyildi, eyni zamanda çağdaş Azərbaycan poeziyasının təqdimatı idi. Deyə bilmərəm, ordakı iştirakçılar Vaqif müəllimin sözlərinin dərinliyini lazımınca anlamışdılar, ya yox - bu daha çox tərcümədən asılı idi, amma bu qısa çıxışla növbəti dəfə poetik və intellektual həddə qaldırılmış müasir Azərbaycan insanının nitqi ədəbiyyat tarixindəki onlarla şairin Nobel nitqindən daha maraqlı, dolğun idi, buna əminəm. O çıxışdakı sitat edilən Azərbaycan şeiri gündəlik və daha səmimi nitq qədər alçaq könüllü olmuşdu Vaqif müəllimin dilində. Şair üçün isə bundan böyük nailiyyət ola bilməzdi.
***
Yenə oktyabrın 9-u idi. Əvvəldə danışdığım kitab təqdimatından düpbədüz, 5 il keçmişdi. O günün gecəsi sabahısı gün Nüşabə xanım Vəkilovaya telefonda danışdığım belə bir yuxu gördüm:
Şosseyə paralel, 20-30 santimetrlik boz bardürlə hüdudlanmış piyada yoluyla, səkiylə gedirəm. Sübhdür, xəfif duman da var. Heç kim və heç nə gözə dəymir - nə maşın, nə adamlar. Plaşdayam. Sürətlə addımlayıram. Gedə-gedə hiss edirəm ki, solda, irəlidə təxminən adamboyu hündürlüyündə enli bir qaldırım, barı (bəlkə də Çin səddi kimi divar), barının üstündə də üç nəfər var. İkisi oturub, biri ayaq üstədir. Üzü yola, mənə tərəf olanı Vaqif Səmədoğludur. İki nəfər şahmat oynayır, Vaqif Səmədoğlu da həm oyunu izləyir, həm mənim addımladığım yola baxır. Mən bunları görmür, hiss edir, sanki bir az da yanakı baxışlarla sezirdim. Onların olduğu yerlə mənim addımladığım sahə arasında şəffaf maneənin olduğunu və səsimin eşidilməyəcəyini güman edərək sürətli addımlarla və salamlaşmadan keçib gedirəm. Təxminən, bir 30-35 addımdan sonra adımı eşidib dayanıram.
- Babullaoğlu! - bir də çağırır.
Vaqif müəllimin səsidi (bunu yalnız indi yəqinliklə anlayıram), geri çevrilirəm. Ayaq üstə, arxası şahmat oynayanlara tərəf dayanıb:
- Sənə xoşbəxtliyi miras qoyuram, Babullaoğlu, səni xoşbəxtliyin varisi elan edirəm...
Sözünü bitirir və yenidən üzünü şahmat oynayanlara tərəf çevirib oturur (oturmağı elə də dəqiq deyil, improvizə edə bilərəm).
Duruxuram. Nədənsə yadıma şair Moşunun xoşbəxtliyə qafiyə axtarması düşür. Fikirləşirəm ki, bu nə deməkdi, yenə zarafat edir Vaqif müəllim?! Vaqif müəllimin az əvvəl o sözü deyərkən üzündəki ciddi ifadəni düşünüb duruxuram...
Ayıldım və yuxunu bir xeyli fikirləşdim.
***
Anamın vəfatından sonra yorğunluğum keçmir. Ən yaxın adamın üçün keçirdiyin stress, iztirab bir yandan, xəstəxanaların dəhlizlərindəki növbələr, ümidsiz baxışlar, tibbi personalın savadsızlığı, qabalığı, tacir münasibəti məni iyrəndirib. Həyatımda anam qədər əziz olan ikinci adamın da eyni xəstəliyə düçar olacağını fikirləşəndə yer ayağımın altından qaçır...
"Mən neynəyəcəm?"
Bu çıxılmaz, dəhşətli sualın ağır yükü altında əzilə-əzilə, dəhlizdə var-gəl edə-edə şübhə yarandığından ikinci dəfə verilmiş, daha dəqiq təhlilin cavabını gözləyirəm. Cavab üçün lazım olan növbəti, ikinci yeddi günü iynə üstündə keçirdiyin, dəli olmaqdan özünü güclə saxladığın azmış kimi, indi daha 40 dəqiqə də gözləməlisən... Artıq təyin olunmuş vaxtdan 1 saat 12 dəqiqə keçir. Tibb bacılarına yaxınlaşıram. "Gözləyin!" - deyirlər, bumbuz soyuq səslə. Fikirləşirəm ki, bəlkə günü səhv salmışam. Cavab almaqçün təqdim edəcəyim qəbzə bir də baxıram. 11 oktyabr 2016-cı il. Saat 15.30. Yox, hər şey düzdür. Artıq 16.53-dür. Hər saniyəsi qurğuşun kimi ağır 83 dəqiqə. Ölüm hökmünün icrasını gözləyən adam kimi gözləyirəm. Nəhayət ki... Cavabı oxuyub bir şey anlamıram. İzah eləmirlər. Soruşmağa qorxuram. Bütün bədənim uçunur, ürəyim bulanır, hiss eləyirəm ki, yıxıla bilərəm. Divara söykənib gözlərimi yumuram. Sonra dəhlizin başındakı otağa, həkimin kabinetinə girirəm ki, cavabın nədən ibarət olduğunu mənə izah etsin.
"Şükür! Çox şükür sənə, İlahi!"
Demək, Vaqif Səmədoğlu bunu deyirdi.
Sonra xəstəxananın ağ boyanmış dəhlizindən keçib pilləkənləri düşə-düşə Vaqif Səmədoğlunun "əmi" - deyə müraciət elədiyi Rəsul Rzanın "Rənglər"indən "Ağ rəng"i xatırlayıram:
"Sizdə xərçəng yoxdur
sözlərinin deyildiyi dəqiqə.
İnsan səadətinə səbəb olan hər şey..."
Sonra isə başqa bir şeiri:
"Sevirəm Füzulini, Sabiri,
Bir də "balaca" Vaqifi..."
Ustad Rəsul Rzanın bir vaxtlar "Geniş yollara çıx" məqaləsi ilə uğurladığı gənc şair Vaqif Səmədoğlu üçün yazdığı bu misranı səsləndirib öz-özümə pıçıldayıram:
"Mən də sevirəm"
Böyük şair Vaqif Səmədoğlunu.
Əlbəttə ki, "balaca" əlavəsi həm Molla Pənaha görəydi, həm də "əmi"nin dilindən "qardaşoğluya" ünvanlanmışdı.
Bir azdan qapını üzümə açacaq Həmidə xanımın nisgilli gözlərini, onun nisgilini bir anın içində yox etməyə tələsəcək təbəssümümü, otağa keçəndə, məni görən kimi "gəldi-i-in..." söyləyəcək, bu sözünə bütün sevgisini, deyə biləcəyi bütün gözəl sözlərin gücünü qoyacaq, xəfif təbəssümlü, ağ saçlarının ətrini uşaqlıqdakı kimi içimə çəkəcəyim, heç nədən xəbərsiz atamı və göz yaşlarımı ondan necə gizlədəcəyimi təsəvvür etməyə çalışıram.
Adam yaşlandıqca sentimental olurmuş.
"Hər şey yaxşıdır...doğrudan... çox şükür! Ataya salam de. De ki, işim çıxıb. Gec gələcəm... narahat olmasın..." - telefonu qapadıram.
"Toplar min-min atılsa da,
Bu sirri Allah bilir.
Məndən mənə bu dünyada
Ancaq yuxular gəlir..."
Xoşbəxtlik...
Qışqırmaq istəyirəm.
Əvəzində 65 saylı avtobusun tərləmiş şüşəsində yazıram: "Ata".
Yumruğumu düyünləyib baş barmağımı üzüyuxarı, dik tuturam.
Sonra isə əziz Vaqif müəllimi belə xatırlayıram:
Otel, yalnızlıq, kədər,
Karniz, tül, sarı pərdə.
Çölün fateh İskəndər,
İçin Nüşabə, Bərdə.
Təqvim, saat və asqı
Bəzəyir boz divarı.
Ya əsnə, ya da asqır,
Çapsın səbrin süvarı.
Telo - delo qibloe -
Düşün, yerində qurcux.
Dayan üzü qibləyə,
Dinsin içindəki ruh.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!