Ədəbi portret
"Ədəbiyyat elitar sənətdir, kütləvi deyil! Bu məbədə "çirkli ayaqqabılarla", yaxud "bahalı maşınlarla" girmək olmaz..." - deyərək bu yola yeni düşüncələr, dərin fikirlər, ideyalarla ayaq basmış müasir yazıçı Orxan Fikrətoğlu... Onu bir yazıçı kimi digərlərindən fərqləndirən cəhət keçmiş və bu günlə bağlı aktual mövzuları postmodern cizgilərlə təqdim etməsindədir.
1966-cı ildə dünyaya göz açmış O. Fikrətoğlu zəkası, dərin təfəkkürü, tənqidi ruhu sayəsində Vətənin, millətin ağrı-acısını, problemlərini açıq-aydın görə bilmiş, anlamış və bunları bənzərsiz şəkildə mətnə çevirmişdir. Onun aşıb-daşan fikir dəryası həm roman, povest və hekayələrində, həm də tənqidi-publisistik yazılarında hiss olunur. Doğrudan da, əsərlərinə nəzər saldıqda yazıçının varlığı bütün yönləri ilə duyulur, onun dili, ruhu, daxili dünyası təlatüm və keşməkeşləri ilə canlanır. Özünün də dediyi kimi, uşaqlıqdan dünya ədəbiyyatı nümunələri ilə böyüməsi dünyagörüşünə, düşüncə tərzinə, gələcəkdəki yazılarına təsir etmişdir. Buna görədir ki, əsərləri tipik ənənəçilikdən, təkrarçılıqdan, quru təsvirçilikdən uzaqdır. Dünya ədəbiyyatını daim mütaliə etsə də, Qərb mədəniyyətinin təsiri onu Şərq ədəbi ənənələrindən uzaqlaşdırmamışdır. Belə ki, Şərqin, xüsusilə, Vətəninin problemli məsələləri, şərqli obrazları əsərlərində özünü göstərir. "Fikirlərim köhnə olmasa da, mən xalqına, millətinə və özünə sadiq olan köhnə azərbaycanlı Orxan Fikrətoğluyam" - deyərək bu fikrimizi təsdiqləyir.
Qələmə aldığı əhvalatlar aktuallığını itirməmiş mövzulardır. Onun hekayələrinin həcmi qısa olsa da, məna tutumu dərindir.
Hekayə və povestlərində şərti-metaforik üslub aparıcıdır. Bu cür fərqli yazı tərzinə atasının ilk reaksiyasını bir müsahibəsində oxucularla paylaşmışdır. "Atam ilk dəfə yazılarımı oxuyanda deyirdi ki, a bala, bu nədir yazırsan?" Müəllif bu yazılarında həyatda rastlaşdığı, onu düşündürən, bəzən ibrətamiz, bəzən də fəlsəfi bir qənaət təsiri buraxan mövzulara səmimi və ironik tərzdə yanaşmışdır. Bu yazıların dərinliyinə vardıqda müəllifin şüuraltı aləminə qapı açılır və oxucuda yazıçının obrazı, dünyaya baxışı, onun haqqında ümumi bir fikir formalaşır. O. Fikrətoğlu yazılarında şərtiliyi, absurdluğu elə adi hall kimi verir ki, bu, oxucuya da yad gəlmir. "Vaxt" kitabına toplanmış əsərlər bu səpkidədir. Bu hekayələrində kitabın adından da bəlli olduğu kimi yazıçı vaxtla hesablaşmır, sanki vaxtı unudur və yazdıqlarını onu hesaba qatmadan yazır. Özünün qeyd etdiyi kimi: "Biz vaxtı anlamırıq. Vaxt mənim vaxtımdır və mənə ayrılan substansiyadır. Vaxtımı dünya saatı və onun gerçəkliyilə tutuşdurmaq istəmirəm! Mən öz vaxtımı yaşayıram". "Biz zamanı dərk etsək, ilahiləşərik" - deyən yazıçı ona görə də zamansız yazır.
İlk və uğurlu addımı ilə ənənələrdən, kök salmış çərçivələrdən kənara çıxan yazıçı "Ölü mətn" romanını qələmə almış və 2011-ci ildə nəşr etdirmişdir. Əsərdə diqqəti cəlb edən ilk məqam onun janrı ilə bağlıdır. Tarixi hadisələrin, psixoloji məqamların, sufi düşüncələrin əks olunduğu əsərin janrını ilk baxışda müəyyənləşdirmək çətindir. Odur ki, romanı ənənəvi dəyərlərin yenidən dəyərləndirilməsi baxımından postmodern ədəbi nümunəsi adlandırmaq olar. Ədəbi təcrübələrdən bəlli olduğu kimi, "postmodernizm - keçmişin mədəniyyətindən şirə çəkən bədii təcrübədir". Amerika yazıçısı Con Bartın bu fikrini Azərbaycan ədəbiyyatında öz əsərləri ilə Orxan Fikrətoğlu təsdiqləyir. Digər bir məqam əsərin adı ilə bağlıdır. Postmodernizmin fəlsəfəsinə görə "dünya-mətndir", "mətn-reallığın yeganə mümkün modelidir". Bu baxımdan əsərin "Ölü mətn" adlandırılması təsadüfi deyil. Dünyanın, yaşamın öldüyünü iddia edən yazıçı bir müsahibəsində qeyd edir, - "Ölü mətn" romanında belə bir mesaj var: Yerdən göyə ismarıc gedir ki, dağıt bu dünyanı. Bu cür yaşamaq düzgün deyil".
Yazıçı əsərində onu narahat edən problemlərə, insanlığa təkrar münasibət bəsləməmiş, fərqli baxış aşılamağa çalışmışdır. "İnsan itib. Hər bir canlının Yer üzündə missiyası var. Mən inanmıram ki, insan təkcə bioloji varlıqdır - yeyib, yatıb, artıb, ölümə getmək üçün gəlməyib dünyaya. Bunun üçün Allah başqa növləri yaradıb. İnsan bu gün arınmaq, durulmaq, insan olmaq dəyərlərini itirib. İnsan kimi aram, sakit, yaradıcı, sevgi ilə, paylaşmaqla yaşamasını itirib" - deyən yazıçı romanında hansı dəyərlərin necə itirildiyini araşdırmağa çalışır. "Sən ənənədəsənsə, hamının yaşadığını təkrar edib yaşayırsansa və bunu ən düz yaşamaq hesab edirsənsə, deməli, sən təkrarsan". O.Fikrətoğlu ənənədə qalmamışdı, onun düşüncələri kütlə ilə uyuşmur, görünməyəni görməyi və göstərməyi bilirdi. O, tək bir insanın mətnini deyil, bütün bir millətin, xalqın, Vətənin mətnini, "ölü" mətnini söyləmiş və bir qəhrəmana sığışdırmışdır. "Bu mətn şifrəli, gizli işarələrlə yazılıb. Bu yazını bir adam yazmayıb. Bu mətn bir mədəniyyətin min illər boyu gəldiyi qənaətdir..." - deyərək, əslində, elə əsər haqqında gizli mesajlar verir.
Əsər gənc oğlanın yazdığı romanı ustada göstərmək üçün onun yanına gəlməsi ilə başlayır. Ustad əski əlifbanı bilməsə də, oxuyacağını söyləyir. İnsan həyatda nə yaşayacağını, başına nələrin gələcəyini, öz yazısını, mətnini bilmir, bunu zaman göstərir. Ustad da bu əski əlifbanı - yaşanacaqları bilmirdi, ona görə də mətnini oxuya bilmir, onu yaşayır. Süjet boyu ustad həmin əsərdə müxtəlif vəziyyət və zamanlarda təqdim olunur. 1937-ci il repressiya illəri, İkinci Dünya savaşı, erməni qırğınları, 1990-cı il Sovet Silahlı Qüvvələrinin hücumu dövrü mətndə orijinal təhkiyə şəklində canlandırılır. Ustad bütün bu zamanları yaşamış və nəhayət, özünə qayıtdıqda "Ölü mətn"i yazanın elə özü olduğunu anlayır. Zamana səyahət dönəmi sufi toxunuşlarla təsvir edilmişdir. Roman fərqli hekayələr toplusuna bənzəyir. Nəql edilməsi mümkün olmayan, oxucunu düşünməyə, özü ilə hesablaşmağa sövq edən əsərlərdəndir. Mətnin daxildən, ruhdan gələn mətn olduğu duyulur.
"Əslində bütün bədii mətnlər artıq yazılsa da, hələ tam oxunmayıblar". Orxan Fikrətoğlunun da mətni ona öncədən bəlli idi. "Mən bütün yazdıqlarımı doğulandan bilirəm. Yazıçı nə yazdığını dərk etməlidir" - deyən müəllif əsərində də bu düşüncələrinə yer vermişdir. "Bəzi mətnlər yazılandan anlaşılmır. Belə mətnlərin açarı var". Məhz bu əsərində olduğu kimi, açarı tapan anlaya bilər və ya açarı tapacaq şüurda olan biri.
Orxan əsərində mətnaltı ifadələrlə insan xarakterlərinin psixoloji məqamlarını açmağa çalışmışdır.
Repressiya dövrünə xüsusilə toxunan yazıçı bu illərin ağrı-acısını, psixoloji məqamlarını, mənzərəsini incə detallarla anlatmışdır. Günahsız insanların iftiralara qurban getməsini, səhv yolu seçənlərin sonda eyni yola gəlib çıxmasını göstərmişdir. Sovet ordusu üçün döyüşən, yəni o dövr üçün güclünün yanında olan İsmayıl sonda məğlub olduğunu, səhv yolu tutduğunu anlayır. Təəssüf ki, bu zaman nə Sovet qalmışdı, nə də onun vicdanı.
Toxunduğu aktual problemlərdən biri əlifba məsələsidir ki, tarix boyu xalqın, millətin əsas problemlərindən biri olmuşdur. XXI əsr olmasına baxmayaraq indi də dil problemi aktualdır. XIX əsrdə Axundzadənin başlatdığı bu əlifba məsələsini bu gün də, bir əsrdən çox keçməsinə rəğmən O. Fikrətoğlu əsərində qaldırmışdır. "Mən bu əlifba ilə sizi millət edəcəyəm. Özünüzü tanıyıb, nə etməli olduğunuzu biləcəksiniz. Siz hələ millət deyilsiniz, ona görə heç nə anlamırsınız. Milləti millət edən onun əlifbasıdır" - deyən Alməmməd kişi "Ölü mətn"in Axundzadəsidir.
Romanın ideyalarını bir kənara qoyub bədii mətn kimi yanaşdıqda, onun süjet xəttinə, quruluşuna, strukturuna nəzər saldıqda əsərin mürəkkəb və dolaşıq kompozisiyaya malik olduğu nəzərə çarpır. Rahat, publisistik bir dillə yazılan hissə bir anda mifik üslubla əvəzlənir. Bəzi məqamlarda məntiqi ardıcıllıq pozulur, amma ideya bəlli olduğundan oxucu mənanı itirmir.
2014-cü ildə digər mətnlərindən fərqlənən daha bir romanı işıq üzü gördü. Romanda adi bir insanın həyatı, yaşadıqları, daxili təlatümləri fonunda əslində dünyəvi problemlər qoyulmuşdur. O. Fikrətoğlu Azərbaycan kəndində erməni təcavüzü ilə başlayıb getdikcə daha da böyüyərək dünyanı bürüyən terrorla əlaqəli ciddi məqamlara toxunur. Bununla bərabər bir insanın uşaqlığından ölümünə qədər yaşadığı daxili savaşı, psixoloji durumunu dəqiqliklə təsvir etmişdir. Bu həyat yolunda onu nəyin uçuruma apardığını və bu uçurumun bir addımlığından necə və nəyin köməyi ilə qurtulduğunu göstərir. Erməni qırğını zamanı ölkənin ümumi ab-havası, yerli xalqın vəziyyəti, düşüncəsi necə idi?! "Elə bil, hamı qürurunu qatdayıb "Tarixin küncünə" atmışdı". "Buralarda tarix üçün yaşayanlar az idi". İnsanlar düşməndən intiqam almağı düşünmək əvəzinə rahat yaşama yolunu axtarırdılar. Amma anasının qatili olmuş balaca "Təkgöz" düşmənini tanıyır, intiqam alovu ilə alışınıb-yanırdı. Birdən-birə gerçəkliyin içinə düşən balaca uşaq atasının dediklərini xatırlayır: "Onlar bilsələr ki, ermənilər bizim torpaqlara göz dikib köməyimizə gələrlər". Atasının bu sözlərindən tutub saf niyyəti ilə İrana yola düşən balaca kor-peşman qayıdır. Müəllif bu cümlələr ilə o dövrün real mənzərəsini yaratmışdır. Təkgözün atası Vətənində birliyin olduğuna, bu çətin vəziyyətdən xəbər tutan kimi köməyə gələcəklərinə inanırdı. Doğrudan da, bizi faciəyə sürükləyən şey ilk öncə birliyin olmaması idi. Deməli, ilk öncə Vətənimiz "Tək" idi. Yazıçı bu əsərlə gənclərə, gələcək nəslə səslənir.
O.Fikrətoğlu digər yazılarında olduğu kimi bu əsərində də dini məqamlara, cəmiyyəti narahat edən mövzulara toxunmuşdur. Dini əllərində alətə çevirib, ondan siyasi məqsədlər üçün istifadə edən terrorist qüvvələrin gəncləri aldadıb, onlardan necə istifadə etmələri əsərdə öz əksini tapmışdır. Mücahidlərin xüsusi olaraq yetişdirildiyi mədrəsəyə düşən Təkgözü bu yoldan döndərən "sevgi" olur. Hər addım-başı içində suallar doğuran ilahi sevgi və insan sevgisi onu düzgün yola çəkir. Yazıçının da əsərdə qeyd etdiyi kimi "Deməli, sevgi ölümün zamanını, mənasını və adını belə dəyişməyə qadir imiş. Deməli, sevgi ölüm ilə oyun oynaya bilirmiş".
Hər bir insanın doğulduğu andan taleyi yazılır və hər bir insan bu taleni yaşayır. Son nöqtənin necə tamamlanacağını heç kim bilmir, lakin o nöqtəyə gedilən yol insanın öz iradəsindən asılıdır. "Görünür, yazını deyil, sona doğru gələn yolu insan iradəsi ilə dəyişmək mümkün imiş". Yazıçının burada qeyd etdiyi incə məqam ondan ibarətdir ki, sona doğru yolda ləyaqətlə, şərəflə irəliləməli, səhv yoldasansa yolunu dəyişməlisən. Eləcə də, vətənin taleyini vətəndaşları iradələri ilə dəyişə bilərlər. Terroru, cəhaləti, müharibəni dəyişdirəcək güc də yenə insan iradəsindən asılıdır.
"Tək" romanı quruluşuna görə yazıçının digər yazılarından fərqlənir, belə ki, dili daha sadə və axıcıdır. Hekayə və povestlərində aparıcı yer tutan şərti-metaforik üslubdan istifadə edilməmişdir. Bu baxımdan "Ölü mətn"dən daha geniş oxucu kütləsi qazanmış ola bilər. Yazıçının da "Ölü mətn"i nəzərdə tutub "bu romanı oxucular üçün yox, yazıçılar üçün yazmışam" deməsi fikrimizi təsdiqləyir.
Beləliklə, Orxan Fikrətoğlu əsərlərində, əsasən, insanlığa, insanlığın gələcəyi olan gənc nəslə səslənir və onlara düzgün yol göstərməyə çalışır. Ağıllı, dərin düşünən, düzgün yol seçən, Vətənini, millətini, özünü dərk edib sevən bir nəsil xəyal edir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!