"Ədəbiyyat qəzeti" Vaqif Səmədoğlunun "Mənim altmışıncı illərim" yazısını təqdim edir
İyirminci əsrin 60-cı illəri şəxsən mənimçün nə idi?
Mən altmışıncı illəri 1961-ci ildən başlanıb, 1970-ci ildə qurtaran bu vaxt axarı, zaman yolu kimi qəbul etmirəm. Bu öz yerində. Təbii ki, illər göydən düşməyib. "Göydən düşməyib" deyəndə, əlbəttə ki, həm İlahi, həm də fiziki mənada hər şey göydən düşüb, həm də elə həmin göyün içindədir. Günəşdən tutmuş, qum dənəsinə qədər hər şey bu kainat dediyimiz sonsuz göyün içində fırlanır, o cümlədən, biz də, bizim yaşadığımız illər də, bu illərin altmışıncıları da. Mənim mənsub olduğum nəsil, dünyaya otuzuncu illərdə gəlsək də, altmışıncılar deyirlər. Nədir axı bu altmışıncılar və altmışıncı illər? İlk növbədə, ədəbiyyat və incəsənət baxımından. Bir əsrin içində yaşanmış İntibah dövrüdürmü? Əlbəttə. Bu intibahı ədəbiyyata, incəsənətə, humanitar və dəqiq elmlərə altmışıncı illərdə gəlmiş, fəaliyyətə başlamış insanlarmı yaradıblar? Əlbəttə ki, yox. Yalnız onlar yox.
Orta əsrlərə, lap uzaq, qədim dövrlərə getməyəcəyəm. 60-cı illər Azərbaycan ədəbiyyatı, şeiri və nəsri, bayaq dediyim kimi, göydən düşməmişdi, bizdən əvvəlki nəsillərin əməyi, fəaliyyəti, uğurları və səhvləri sayəsində hazırlanmışdı. Mən əlimə ilk dəfə şair kimi qələm alanda ana dilimdə artıq "Şair, nə tez qocaldın sən", "Mən tələsmirəm", "Qızılgül olmayaydı..." kimi misraların musiqisi səslənirdi, "Nöqtə, nöqtə və nöqtə..." yazılmışdı və bu nöqtələrdən də yeni poeziya başlanırdı. "Xəzər suyu duzlu adi dənizdir" misrası ritorikaya müharibə elan edirdi, yeni nəsil "parka gedən tramvay"la altmışıncı illərə gedirdi. Yəni mənimçün altmışıncı illərin əsas qiyməti kimlərinsə o dövrdə yaratdığı romanlar, povestlər, şeirlər, simfoniyalar, rəsmi əsərləri deyil, bunlar öz yerində, mənimçün o dövr əsas mahiyyətilə Yeni Zövq yaranan bir zəmin kimi dəyərlidir. Və bu fenomen yalnız Azərbaycanda və o zamanki SSRİ-də yox, bütün dünyada baş verdi. 60-cı illər keçmişə, bu günə və gələcəyə yeni rakursdan baxış nöqtəsi idi. Baxıb, qiymət vermək dövrü idi. Və mən deməzdim ki, Yeni Zövq ədəbiyyat və incəsənətə, tarixə və siyasətə verdiyi qiymətlərdə həmişə haqlı olub, həqiqət söyləyib. Qətiyyən, yox. Ancaq altmışıncı illər bir çox unudulmaz həqiqətləri, bəzən də yalanları üzə çıxarıb, yaddaşları silkələyib, həm gerçəkliyə, həm də xatirələrə qiymət verməyə çalışıb, buna səy göstərib. Bu baxımdan, altmışıncı illər dünya tarixinin unikal onilliklərindən biri idi. Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabirin böyüklüyünü bizdən qabaq da biliblər, onların ünvanına haqlı olaraq alqışlar deyiblər. Ancaq məhz altmışıncılar kütləvi şəkildə özlərini onların varisləri elan etdilər. Təsviri sənətimiz məhz o dövrdə üzünü qədim miniatürlərimizə tutdu, xalı, kilim və palazlarımızın ornamentlərini tablolara gətirdi. Qobustandakı qaya rəsmlərindən bəhrələnməyə başladı.
Qəribədir, əhali və ərazi baxımından çox da böyük olmayan Azərbaycan 60-cı illər intibahının dünyada baş verən bədii hadisələrinin əksəriyyətindən gen düşmədi, bir çox sahələrdə öz sözünü dedi. Bir çox özündən böyük ölkələri geridə qoydu. Hətta Avropa və Amerika qitələrində yerləşən ölkələri, dövlətləri belə. O zaman SSRİ-də ad-san qazanmış sənətkarlar arasında, forma və üslub baxımından ən çağdaş, modernist bəstəkar və şair bizim torpağın oğulları idi. Musiqidə Qara Qarayev, poeziyada Rəsul Rza. Və təbii ki, bu iki adamın ətrafına, başına gənclər yığılmış, onların adları ilə bağlı mənəvi məktəblər yaranmışdı. Rəsmi sovet ideologiyasının rədd etdiyi seriya (dodekfoniya) sistemində yazılmış musiqi əsərlərini SSRİ-də ilk dəfə konsert salonlarında səsləndirən Qara Qarayev oldu. İyirminci əsrin əvvəllərində Avropada Arnold Şenberqin yaratdığı bu musiqi sistemi SSRİ-nin biz yaşadığımız guşəsindən baş qaldırdı altmışıncı illərdə.
O illərdə ekzistensializm fəlsəfəsi bütün dünyanı bürüdü. Sartnın, Kamyunun, Yaspersin bəzi əsərləri makinada çap olunub, "Samizdat" adıyla əldən-ələ gəzdi. Min illər tarixi olan dzenbuddizm fəlsəfəsi də elə bil yenidən dirildi. 60-cı illərdə dünyanın elə bil gözlərinə təzə işıq gəlmişdi, hamı nəsə yeni bir şey görmək, başqalarına bir yenilik göstərmək ehtirası ilə yaşayırdı. İnsan təfəkkürünün elə bir fəaliyyət sahəsi yoxdur ki, orada həmin dövr öz sözünü deməsin, ya da deməyə cəhd göstərməsin. Dindən tutmuş, caz musiqisinə qədər, fəlsəfədən başlamış, paltar modalarına kimi, azadlıq ideyalarından rok, pop musiqisinəcən. Dizayn sənətində demək olar ki, inqilab baş verdi. Həmin illərdə Amerika və Avropada hippi-bitnik hərəkatı yarandı. Şəhərləri aylarla saçlarına qayçı, bədənlərinə su dəyməyən pinti adamlar bürüdü. İngiltərənin Liverpul şəhərindən bu illərin musiqi fonu "Bitlz" vokal qrupunun səsi ucaldı. Onların və Elvis Preslinin oxuduqları artıq yalnız musiqi yox, o illərin ideologiyasına çevrilmişdi. Mini yubkalar küçələrdə, bikini geyimləri çimərliklərdə göründü. Bizdə Vaqif Mustafazadə, "Qaya" caz kvarteti, Rusiyada Vladimir Vısotski fenomeni yarandı. Polşada incə zövq və yumorla çəkilmiş plakatlar, Gürcüstanda qısametrajlı filmlər, İtaliyada Fellini və Antonioni, İsveçdə dahi Berqman, Fransada "Yeni dalğa" kinosunun ustaları, Azərbaycanda Ruslan Şahmalıyev və Oqtay Mirqasımovun sənədli filmləri...
Ancaq 60-cı illər mənim hafizəmdə yalnız yaxşı tərəfləri ilə qalmayıb... Dini fundamentalizmlər də məhz bu illərdə, orta əsrlərdən sonra yenidən baş qaldırıb, siyasətə, fəlsəfəyə, insan münasibətlərinə soxulmağa başladı. Fundamentalizmi nədənsə yalnız islam dininin böyrünə qoşurlar. Məgər televiziya ekranlarında namaz qılan adamları ən gülünc rakursda göstərən, sirk arenalarında "əzan" deyən klounlarla tamaşaçı gülüşü doğuran, "o Allax!" sözlərini belə kinayə ilə deyən xristian yekəxanalığı fundamentalizm deyil?
Altmışıncı illərdən başlayaraq narkomaniya da kütləvi, qlobal xarakter almağa başladı. LSD kimi "intellektual" narkotik çıxdı 60-cı illərin kimya laboratoriyalarından.
Və nəhayət, o illərin bir bəlası haqda da mütləq deməliyəm.
60-cı illər həm də könüllü və kütləvi şəkildə yaranmış Quldarlıq dövrü kimi qalıb mənim yadımda. Və əsl quldarlıq dövründə əl-ayaqları zəncirlənmiş qullardan fərqli olaraq, könüllü qullar qul olduqlarından xəbərsiz idilər. Əsl qul həmişə azadlığa can atır, könüllü qul isə öz köləliyini azadlıq sanır. İndinin özündə də belədir. Bəşəriyyətin ən ağır bəlası, bəlkə də ən əsas bəlası həmişə könüllü qulların yaratdığı mənəvi quldarlıq hökmranlığı olub. İlahi, altmışıncı illərdə bu müsibət necə aydın və aşkar nəzərə çarpırdı! İdeya, Fəlsəfə, Fikir, Din, Əxlaq və sairə qulları... Özü də quldarı olan, özünə düşmən kəsilən insanlar, bir ideya və ya fəlsəfə ilə öz əl-ayaqlarını zəncirləyən və bu şəkildə Ədalətdən, Azadlıqdan dəm vuran fanatizm məhbusları. Allah üzərində belə monopoliya iddiası! Kimlər idi bunlar? "Yeganə həqiqi din mənimdir!" deyənlər. "İnsanın kim olduğunu yalnız ekzistensializm deyib söyləyənlər". "Yalandır, həqiqət yalnız dzenbuddizmdədir!" qışqıranlar, "heca vəznində yazanlar şair deyil, aşıqdılar" deyənlər idi bunlar. "Sərbəst də şeir olar?" deyib, gülənlər idi bu könüllü qullar. "Təsviri sənətin kökləri yalnız Afrika totemlərindədi", "Xeyr, Yaponiya qravürlərində"... Yüzlərlə, minlərlə bu sayaq şüarlar yazılmışdı könüllü quldarlığın bayraqları üzərində. Doğrudan da, böyük alim, psixiatr olmuş Ziqmund Freydin adı ətrafında guya "intellektual" mübarizə, əslində isə ən iyrənc al-ver gedirdi altmışıncı illərdə. Həqiqi freydizmə əsaslanan gözəl, dərin əsərlərlə yanaşı, əldən-ələ "psixoanaliz" adıyla iyrənc qrafoman yazıları da gəzirdi. Bu könüllü qul və quldarlıqdan neçin bu qədər danışıram? Ona görə ki, özüm də o illərdə bu sayaq könüllü qullardan biri idim. Əruzda, heca vəznində yazmırdım, özümü inandırmışdım ki, 20-ci əsrin poeziyası vəznsiz - qafiyəsiz olmalıdır... Yaxşıdr ki, hələ altmışıncı illərdə özümü öz quldar pəncəmdən qurtara bilib, poeziyanın min rəngli azadlığına çıxa bildim. Odur ki, altmışıncı illərdən söhbət gedərkən, o dövrün qiymətini azaltmaq da lazım deyil, idealizə etmək də. Bəşər tarixinin bütün dövrlərinin problemləri o zaman da var idi. İntəhası, daha qabarıq şəkildə üzə çıxmışdı. Həm müsbət, həm də mənfi tərəfləri ilə. Təkrar edirəm, mənimçün altmışıncı illər Yeni Zövq dövrü, altmışıncılar isə bu zövqün daşıyıcılarıdırlar. Yəni mənim mənsub olduğum nəsil göydən düşməyib, bizdən qabaq yaşayan nəsillərin çiynində gəlib çıxıb 60-cı illərə...
...60-cı illər... Artıq tarixə dönmüş, keçmiş olmuşdu. İndi mən XXI əsrin altmışıncı illərinə üz tutub deyirəm:
- Mən də sizinləyəm...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!