Uşaqların sevgi nəğməsi: Mən böyüyürəm, insanlar! - İlhamə AĞAZADƏ

Müəllifi Oğuz rayon Calut kənd tam orta məktəbinin ibtidai sinif şagirdləri və onların sevimli müəllimi Günel İbrahimova olan "Mən böyüyürəm, İnsanlar!" kitabında on səkkiz kiçik hekayə yer alır. Həyat nərdivanının ilk pillələrini addımlayan uşaqların cəmiyyətə mesajı, səslənişidir bu hekayələr: "Biz özümüzə güvənimizi, çox iş bacara biləcəyimizi niyə də hər kəsə göstərməyək? Həyat hekayələrimizi öz körpə təxəyyülümüzlə dərk etdiyimiz qədər yorumlamayaq? Bu həvəslə bir yola çıxdıq. Maraq, istək, sevgi, inam dolu bir yola. Hələ yolun əvvəlindəyik. Sonundan xəbərimiz yox. Amma öz gerçək həyat hekayələrimiz, öz baxışlarımız, kiçik ürəklərimizdəki böyük arzularla gəldik görüşünüzə. Bu gəlişimiz əbəs deyil. Bu gün bütün dünyaya bəyan edirik ki, bizi fərq edin! Tanıyın! Görün! Anlayın! Sevin! Biz özümüzə inandıq! Siz də bizə inanın!"

Kitabça çağdaş zamanımızın uşaqlarının paklıq və gözəllikdən yoğrulmuş xəyallarının məhsulu kimi əvəzolunmazdır. Pedaqoqların fikrinə görə, "Bədii yaradıcılıq estetik tərbiyənin tərkib hissəsidir, buna görə də uşağın şəxsiyyətini inkişaf etdirməyin ayrılmaz vasitəsi hesab olunur. Uşaqların gözəlliklə əhatə olunması üçün estetik mühit yaratmaq vacibdir". Balaca fidanların qəlbindəki gözəllik duyğusu və onu qiymətləndirmək bacarığı onların həmyaşıdlarına "nümunə", "stimul" olmaq arzusu, düşüncəsi ilə birləşərək hekayələşib.

Hər bir uşağın daxili aləmi, fərdi xüsusiyyətləri, yaradıcılıq qabiliyyəti onun mətnində ifadəsini tapıb. Kitabdakı ilk hekayə II Qarabağ müharibəsi şəhidi Əmrahov Saməddinin Vətənə əmanət qızı Hülyanın qələminin məhsuludur. "Şəhidin əmanətləri" adlanan bu parça kiçik yaşdan həyatın acılarını qürurla qarşılayan qızcığazın kövrək ürək çırpıntılarıdır: "Bir gün ailəmiz acı xəbər aldı. Atam Vətən uğrunda Qarabağ döyüşlərində şəhid olmuşdu. Bütün acılara baxmayaraq, anam bizdən ən ağır günlərində sevgisini, diqqətini əskik etmədi. Zaman keçdikcə bu acıyla yaşamağa öyrəşdik. Anam hər həftəsonu bizi atamın qəbrini ziyarət etməyə aparır. Hər zaman qardaşıma da, mənə də deyir ki, atamız bizə göylərdən baxır, bizi izləyir. Biz bu sözlərdən güc alır, atamızın varlığını hiss edirik. Mən anamdan duyduğum bu kəlməni çox sevirəm: Biz atanın Vətənə əmanətləriyik. Ona görə də dik durmalıyıq".

25 cümlədən ibarət hekayənin süjeti aydın və uşaqların anlaya biləcəyi dildə verilmişdir. Hülyanın (eyni zamanda yüzlərlə şəhid övladlarının) ovqatı, emosional vəziyyəti və əhval-ruhiyyəsinə köklənmiş mətn həmyaşıdlarının da milli qürur hissini və heysiyyətini yüksəldəcək.

"Samirin arzusu" (Elləzov Taleh), "Vətən sevgisi" (Əliyeva Fəridə) hekayələri balacaların böyük yurd sevgisindən yaranıb. Bu nümunələri səciyyələndirən əsas cəhət onlardakı müasirlik və vətənpərvərlik hissinin zamana uyğun təqdimidir. Müstəqil Azərbaycanın gələcəyi olan bu balacalara vətən qarşısında məsuliyyətin vacibliyi aşağı siniflərdən öyrədilmişdir. Bu, əlbəttə ki, uşaqların təhsil aldıqları məktəbin, onları vətənə sevgi və əzmkarlıq ruhunda yetişdirən müəllimlərinin hünəridir. Odur ki, qalib bir ölkədə yaşama hissini fəxrlə ifadə etməyi bacarmışlar. 

Şahquliyev Nərminin "Mərhəmətli Ziba", Həsənli Elifin "Mərhəmət" hekayələrində gözəl davranış qaydalarının, insani duyğuların qabardılması, fərdin mənəvi borcu humanist ideyalar işığında həll yolunu tapır. Yağışlı bir gündə pişiyi çöldə qoymayan Ziba, yaralı həmkəndlisinin həyatını qurtaran Vüqar yadda qalan qəhrəmanlardır. Böyük şair Hüseyn Cavid demiş, "Ən faydalı düşüncələr, ən ciddi mühakimələr yalnız ədəbiyyat vasitəsilə əldə edilə bilər". Uşaqların hekayələrində bu missiyanın belə kiçik yaşdan dərki heyrətamizlik doğurur.

Qəribov Sübhanın "Ana məhəbbəti", Dünyamalı İslamın "Ana göyərçinin təşəkkürü", İsgəndərli Xədicənin "Sədaqətli sərçə", Məmmədli Əminənin "Ağıllı Alabaş" hekayələri sirli-sehrli uşaq dünyasının özünəməxsus şəkildə dərk edildiyi maraqlı məqamlar üzərində qurulub. Yazı  fəaliyyətində şagirdlər hekayəyə girişlə başlama bacarığına yiyələnmiş, mətni düzgün qurmağa, təhkiyənin məntiqi ardıcıllığını gözləməyə çalışmış, hadisələrə olan həssas münasibət, canlı dillə, ifadəli yazmağa cəhdlərlə fərqlənmişlər.

Oruczadə Məryəmin "Ən böyük zənginlik", Həsənzadə Dənizin "Şahzadə və dostu", Həsənli Cahidin "İki dost", Həsənli Əsmanın "Balaca Nərgiz", Həsənli Leylanın "Xurma", Əlimərdanlı Səkinənin "Paxıllıq", Abbaslı Rahibin "Pulqabı", Həsənzadə Yusifin "Peşmanlıq", Hüseynli Məryəmin "Oğurluq" hekayələri müxtəlif xarakterli, dünyagörüşlü dəcəl uşaqların həyatından və düşüncələrindən bəhs edən oxşar hadisələrdən ibarətdir.

Müəyyən kiçik qüsurlarının olmasına baxmayaraq, mətnlərdə uşaqların müşahidə qabiliyyəti, həyat hadisələrinə emosional reaksiyası, fikir və məlumatları düşüncəsinə uyğun formada ifadə etməyə çalışması, demək istədikləri əsas məqamı vurğulamaları, hadisələr arasında əlaqə yaratma və yekunlaşdıra bilmə bacarığı özünü büruzə verir. Ətrafdakı gözəlliklərdən ruh alan uşaqların özlərinin də yeni söz deməyə meyil etməsi sevindiricidir. Şagirdlərdəki bu istəyi bacarığa çevirmək, tərbiyə etmək müəllimin üzərinə düşür. Təbii ki, "Mən böyüyürəm, İnsanlar!" kitabının ərsəyə gəlməsi peşəsinə sonsuz məhəbbətlə yanaşan Günel müəllimənin səbr və əzmkarlıq tələb edən gündəlik fəaliyyətinin nəticəsidir. Balacaların estetik tərbiyəsini uğurla təşkil etməyi qarşısına məqsəd qoymuş Günel müəllimə "inkişafetdirici mühit" yaratmağı bacarmışdır. Onun məqsədi balacalarda həyata, əməyə, ictimai fəaliyyətə, təbiətə, incəsənətə estetik münasibət formalaşdırmaqdır. Ən əsası isə, Sözün gücünə inandırmaq! İnternet əsrində, texnogen sivilizasiyanın indiki dönəmində bunu bacarmaq ikiqat çətindir. Amma demək ki, istək, təəssübkeşlik olduqda bütün çətinliklər zamana və şəraitə tabe olur. Bunun öhdəsindən gələn uşaqların da üzünü bütün dünyaya tutub uca səslə bəyan etməyə haqları çatır: "MƏN BÖYÜYÜRƏM, İNSANLAR"!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!