Müşfiqin "dövri elementlər sistemində" metallar - Rüstəm KAMAL

Rüstəm KAMAL

Mikayıl Müşfiq kimi zəif ruhlu, "incə rübablı" bir şairin bərk substansiyaya - metallara belə həssaslıqla yanaşması, onları poetik obrazlar sistemində xüsusi fəallaşdırması maraq (həm də təəccüb!) doğurur. Onun məcaz dünyası həm də "metal" dünyasıdır. Müşahidələr və təhlillər göstərir ki, Müşfiqin "metal"la bağlı metaforaları yalnız poetik dil hadisəsi deyil, həm də təfəkkür hadisəsidir.

Görkəmli Azərbaycan filosofu N.Mehdi yazır ki, "əl-kimyaçı üçün qızıl həm də Günəş idi. O, gümüşlə Ayı, qurğuşunla Yupiteri, misi, Venera ilə, dəmiri Mars ilə, civəni Merkuri ilə doğmalaşdırırdı. Ulduzlar dünyası və münasibətləri metallar aləmində əks olunurdu. Metallar arasındakı proseslər dünya prosesi kimi görünürdü".

Müşfiq XX əsr Azərbaycan şeirinin "əl-kimyaçısı (kimyagəri)" idi "gümüş, qızıl" metal adlarını poetik prosesdə "əridərək", gözlənilməz metaforalar əldə edirdi.

Müşfiq poeziyasında qiymətli metallar arasında qızıla, gümüşə daha çox diqət yetirilir və əksər hallarda təbiət hadisələrinin və obyektlərinin təsvirində bədii detal (rəng, işıq) səviyyəsində təqdim edilir. Dan yeri sökülmüşdü,/Dənizə tökülmüşdü/Günəşin qızıllığı.

Əl-kimyada qızıl Günəşlə idarə olunan metaldır, ona görə də onu "metalların şahı" adlandırırlar.

 

Cahan dolaşacaq əli çıraqlı

Qızıl fikrimizin ətəklərində

 

yaxud

 

Əridib qəlbində qızıl eşqini

Könül qulağınçın yaparkən tana.

 

Gümüş işıqlı, ağ, parlaq metaldır, sevgi, emosiya metalıdır. Kimyagərlikdə Ayı simvolizə edir. Bir neçə nümunəyə diqqət yetirək: "Andıdır Şölənin xuraman boyu/Fəvvarədən çıxan gümüş bir suyu"; "Uzaqdan uzağa xam gümüş kimi/Ağaran səhradan necə əl çəkim?"

 

Dilçilər bilirlər ki, dilə və mifə eyni konseptual forma-metaforik təfəkkür xasdır. Məhz metafora dil və mif arasında mənəvi əlaqə yaradır. Metafora Müşfiq üçün dünyanı dərketmə üsulu idi. Böyük şair anlayırdı ki, metafora düşüncə forması kimi yeni dövrü, yeni gerçəkliyi təsvir edir, dünyanın fərqli anlamını yaradırdı. Məşhur Amerika dilçiləri C.Lakoff və M.Conson sübut edirlər ki, "metafora öz məğzinə görə anlamanı təmin edən fenomenlərdir".

Poetik dil təfəkkürü mifoloji təfəkkürdür, yəni dünya haqqında bilikləriniz, təsəvvürləriniz mifolojiləşmə proseduru ilə konseptuallaşır. Ona görə də "hər bir metafora mahiyyətcə kiçik mifdir" (M.Makovski). Mif kimi, metafora da sözdə mövcud olur.

Metafora Müşfiq dilinin enerjisinin, təzahürü və məna məkanları yaratma imkanıdır. Bəzən bənzətmələr o qədər gözlənilməz olur ki, şairin metaforik təfəkkürünün çevikliyinə heyrət edirsən.

Metal leksikası daha çox bənzətmə, metafora, hiperbola effekti üçün yarayır. Görünür, Müşfiqin dünya görüşündə metalların mahiyyəti gerçəkliyi dərki və təsviri üçün etalon hesab edilir. Onun metal leksikası (dəmir, polad, çelik, gümüş, qızıl, mis, tunc) bu arxetipin vanasiyalarıdır, "dəmir"in şüuraltı fərqli məna formalarıdır. Və onların hamısını birləşdirən məna "möhkəmlikdir", "sərtlikdir". Metal bərk substansiya kimi insanın gücünü, iradəsini, xarakterini ifadə edir.

"Dəmir" D.İ.Mendeleyevin dövri sistemində səkkizinci qrupun elementidir, atom nömrəsi də 26-dır və Fe simvolu ilə (Latın. Ferrum) qeyd olunub.

"Dəmir" sözünün metaforik imkanları Müşfiqdə poçt qutusunu, linotipi, gəmini (vaporu) mifik varlıqlara çevirir. Y.Qolosovkerin dediyi kimi, bu metaforalar, bənzətmələr, hiperbolalar əslində mifik varlıqlardır, əşyalardır və ya aktlardır. Məsələn, Müşfiq "Vapor və fırtına" şeirində yazır:

 

Sürətlə fırlanınca onun təkərlikləri,

Bəyaz çiçəklər açdı əndamının hər yeri,

Dəmir qanadlarilə burnuna vurdu, vurdu...

 

Şair poçt qutusunu metafora vasitəsi ilə şəxsləndirir: Sən mənimlə bir qədər razılaşıb izin ver,/İzin ver də yarayım dəmir bağrını az-çox.

Şair metallardan mifik predmetlərin və simvolların yaradılmasında istifadə edir. Daş, Torpaq, Hava, Su, Od ünsürləri ilə yanaşı, metallar da (dəmir, qızıl, gümüş) arxetipik səciyyə daşıyır. N.Mehdi XX əsr fransız filosofu Q.Başlyara istinadən yazır ki, "insan, daha çox sənətçi bilərəkdən, ya bilməzə öz yaşamının bir çox olaylarını anlamaq istəyəndə onları həmin ünsürlərin əlamətlərində modelləşdirir, duyur, anlayır".

Müşfiqin bədii dünyasında "Dəmir" dörd ünsür (Od, Su, Hava, Torpaq) kontekstində "metafora əməliyyatında" da iştirak edir.

Hava stixiyası: "Onda qoy saçlarını oxşayan dadlı yellər,/Deyil dəmir qanadlı, ipək qanadlı yellər".

Torpaq stixiyası: "Paltarı sərt dəmirdən əli qalxanlı torpaq" və s.

XX əsrin 20-30-cu illərində traktorun metaforası "dəmir at" idi. "Dəmir at" metaforası sosrealizmin ən çox işlətdiyi ifadə idi. Belə təsəvvür yaranmışdı ki, "dəmir at" kəndlinin atının əvəzinə gəlibdi.

 

Haçadil atların dəmirdən olacaq

Kolxozun sürdükcə zəmidə traktor...

 

Müşfiqin poemalarda Daş və Dəmir arxetiplərindən şüuri və ya qeyri-şüuri surətdə bir yerdə istifadə etdiyini görürük. "Çoban" poemasının qəhrəmanının Dəmirdaşdır. Möhkəmlik, sərtlik daşın və dəmirin özəl mahiyyətidir. Şeirlərdə bəzən bu arxetipik obrazlar sinonimik sırada, yanaşı gəlir: "Mənim bu ürəyim daşmı, dəmirmi?" yaxud: "Əlində daş, dəmir... mətin dağları Sürünə-sürünə hirslənib deşir"; və ya "O zaman danış ki, güllələr kibi/Keçsin danışdığın daşdan, dəmirdən".

Müşfiqin "dövri elementlər sistemində" tunc fəal yer tutur. 20-30-cu illər Azərbaycan poeziyasında "tunc" yalnız Müşfiqin poetik dilində bu qədər obrazlı işlənmə tezliyinə malikdir. Bunun bir səbəbi də, fikrimizcə, şairin təhtəlşüurunda "dəmir" arxetipinin dərin iz buraxması ilə bağlıdır. "Mən bir dövrdəyəm ki, tunc qanadlanır,/Qara daşın, mərmərin köksü atlanır". Yaxud: "Haray, ey şeirimin tunc qanadları/Fikrimin, hissimin ceyran atları".

Bu misralar yaddaşımızda A.S.Puşkinin "Tunc atlı" poeması ilə assosiativ bağlantı da yaratmaq gücündədir.

Müşfiqin zərif misralarına "polad" kimi ağır metalın daxil edilməsi maraqlıdır.

Müşfiq "polad"ın sinonimi kimi "çelik" sözünü daha estetik ehtirasla və ilhamla işlədir. "Çelik" Osmanlı (Türkiyə) türkcəsində "polad" deməkdir. "Qranit damarları, ey çəlik qanlı torpaq". Və ya "Keçmiş sərhəddimdə bir çəlik sipər/"Hazıram!" sözünü etmişəm əzbər". Yaxud: "Üzlər almazlı, baxışlarsa çəlik,/Nəşədir getdiyi yoldan tələbi"

 

Mən çəlik ürəkli bir yeni gəncim

Dildən dilə düşmüş hekayətim var

Qaynaqlara edərkən gədikləri çarpaşıq

Bu gün çəlik bağrınız nədən söküldü dağlar?

 

Günəşinlə parlasın üzlər, ərgin çəliklər

Zavodlar qaynaşınca,

Qaynaşınca fabriklər... 

 

Sovet ideologiyasının və sosrealizmin kult əsərlərindən olan M.A.Ostrovskinin "Polad necə bərkidi" avtobioqrafik povestinin təbliği, Stalinin təxəllüsü - soyadı və s. "polad" simvolikası ilə bağlılığı sənət aləmində populyarlaşmasını şərtləndirmişdi. "Polad" sözünün məcaziliyi sovet insanının iradəsini, xarakterini simvolizə edirdi.

1936-cı ildə Nikolay Ostrovski uzun sürən xəstəlikdən sonra vəfat edir. Müşfiqin təhtəlşüurunda "polad" obrazı yenidən oyanır - yazıçıya "Nikolay Ostrovski üçün" adlı şeirini həsr edir. Şeirin son misralarında həmin əsərə işarə var.

 

Ey böyük sənətkar, ey böyük əsgər!

Bu şərəfli həyat dünyaya dəyər!

Bağırır ardınca ölkələr, ellər:

Bərkimiş, bərkiyir "Polad"ın sənin!

 

P.S. NKVD qazamatında verilən işgəncələr Müşfiqin polad (çelik) iradəsini sındıra bilmədi...

Müşfiq səs fenomenoloqu idi. Onun yüksək səs duyumu imkan verirdi ki, səslərin "metal təsnifatını" da verə bilsin. Maraqlıdır, Müşfiqdə hər səsin çeşidi, tonallığı, havası metallarla - tuncla, dəmirlə, mis ilə ölçülür.

 

Bir tunc əks-səda qarşıkı dağdan

Söyləyir: "Qarını, durma, xəbərlə!".

 

yaxud

 

Düşün, uzun qüssədir bu gəncliyin qissəsi,

İstəməm gurultunu, mənim səsim mis səsi

 

və ya

 

Soraq... bir mis səsi çınladı yenə,

Dostlar bir-birinin düşdü üstünə

 

və ya

 

Çınlar hər yanda çəlik bir səs-küy

Duyulur hər küçədən.

 

"Tunc" metaforik epiteti tunc musiqi alətlərinin (boru, litavra və s.) səsinə şairin assosiativ reaksiyası ilə də bağlı ola bilər:

 

Gülüş vardır səslərinə tunc əkslər yapdırır,

Gülüş vardır könülləri rüzgarlara qapdırır.

 

Beləliklə, Müşfiq poetikasında metal leksikasına qısa ümumi baxış göstərir ki, şairin metallara diqqəti yalnız sovet gerçəkliyində baş vermiş hadisələrlə, quruculuq işləri ilə (sənayeləşmə, elektrikləşmə) bağlı deyildi, həm də təhtəlşüur məsələsi idi, mifoloji düşüncə tipindən gəlirdi.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!