Cavanşir YUSİFLİ
Duyğuların bədii mətndə ifadəsinə birxətli və ancaq bir yönümdən baxmaq olarmı? Bədii mətndə, deyək ki, gözəl və möhtəşəm şeir mətnində duyğular təkcə nələrisə, insan qəlbinə toxunub onu göynədə bilən nəsnələri faş etmir, həm də bütün bu qasırğa və tufanın altında nələrisə gizlədir (qasırğa, tufan... gördüyümüz "coşqu"nun altında nələrisə gizlətmək, üstünü örtmək üçündü...), özü də bu "simlərin tufanı" nə qədər güclü olarsa, həmin nəsnə ən dərinlərə qədər gedib çatır (yəni, sıza bilir...), bir daha tapılmayacaq kimi, məsələn, Abbas Tufarqanlıda. Bu şair-aşıqda dənizin, duyğu nəhrinin dalğalarının şahə qalxıb ətrafa çilədiyi suların qəfil sərinliyini də hiss etmiş kimi olursan. Ona görə də bir cahanşümul nəzəriyyənin, dünya elmində bütün daşları yerindən oynadan nəzəri baxışın ədəbi, yaxud ədəbi-epik mətnlərə şamil edilməsi bizim fikrimizcə, düzgün deyildir, çünki... qədim əyyamlardan bu günümüzə yazıla-yazıla gələn bütün bədii mətnlərdə o cahanşümul nəzəri fikrin ayaq izləri zatən, mövcuddur, zahiri oxşarlıq, hər şeyi assosiativ səviyyədə şərh edir, başqa nəyəsə yaramır. Həmin nəzəri fikrin dalğaları təbiətinə uyar şəkildə dünyada nə varsa, onların üstünü örtür, hər şeyə öz donunu, öz dilini geyindirmək istəyir, ciddi filoloji ağla malik tədqiqatçı bundan anında vaz keçməlidir. Yuxarıdakı fikrimizə qayıdaq: bədii mətndə duyğuların gizlətdiyi nəsnələrin tapılıb aşkar edilməsi uğrunda bütün elm sahələri mübarizə aparır. Həm də sövq-təbii, bunu qarşısına məqsəd kimi qoymadan, yəni araşdırma stixiyası istər-istəməz o istiqamətə yönəlir.
Bu şövq, yəni duyğuların coşqun ifadəsi hər bədii mətn yaradıcısında özünü bir yeganə, yaxud təkrarsız şəkildə büruzə verir. Məşhur bir ifadədə deyildiyi kimi, "bu dünyada söz olmaq ümumən olmamaqdır", - yoxluğun doğduğu bədii parçalar (həmin tufanın dibindən qəlblərə çarpan dalğaların zərrələri - !) həmişə gözlənilməzdir, həmişə müəllifin "son anı"na, "son nəfəsi"nə tuş gəlir (müəllif deyilən kateqoriya da həmişə bu son nəfəsdən dirçəlir, yaxud yaranır, "müəllif" doğulmur, məhz bu şəkildə yaranır - !), bunların ikisinin bir-birinə münasibəti, məsələn, Qurbaninin qoşmasında olduğu kimi ortaya izahı çətin suallar "yağdırır" (səpələyir...). Müəllif və bədii formanın zahirən əlaqəsiz görünən "birgəlik ziddiyyəti" janrın təbiətini bəlirləyir. Yazdığın əsərin müəllifinə çevrilmək ölümlə həyatın maksimum daralmış sərhədindən keçir. Eynən, Milorad Paviçin xatirələrində dediyi kimi: "Mənim uşaqlığım İkinci Dünya müharibəsinə təsadüf edib. Aclıq idi. Belqradda çoxlu kafe və restoranlar olan bir küçə var idi, həmin küçə boyu tramvay keçirdi. Tramvay kafe və restoranlara o qədər yaxından keçirdi ki, sərnişinlər boşqablarda yeməkləri görə bilərdilər. Biz dostlarla tez-tez bu tramvaya minərdik - yeməklərə doyunca tamaşa etmək üçün. Sonra almanlar bizim şəhəri işğal etdilər. Bir dəfə evdən çıxarkən sənədləri götürməyi unutmuşdum, buna görə az qala məni güllələyəcəkdilər".
Qurbaninin "Bənövşəni" rədifli şeirində hər şeyi izah eləmək, duymaq, bu bənzətmə və metaforalardan nə istəsən, inşa edib ucaltmaq mümkündür, amma o dediyimiz "məşum an" - duyğuların ifadəsinin gizlətdiyi çox mühüm nəsnə zamanla bədii mətnin sərhədlərini tərk edib hansısa ağsaçlı, dünya qədər qocalmış, həm də axtarışlardan yorulmuş bir alimin son kəşfində ifadəsini tapır. Deyək ki, Lütfizadənin dünyaca məşhur "qeyri-səlis məntiq" nəzəriyyəsində. Bir şeirin, bir bədii mətnin "dalğaları"nın yaratdığı, gizlətdiyi nəsnə məhz həmin dalğalara yatandan sonra özünü göstərir. "Oyun bitdi", deyir, amma başqa mətnlərdən başqa oyunlar ləpələnir və beləcə dünyanın sahilsiz sonuna qədər.
Və sonda: "Xəzərlərin paytaxtında bir məkan var idi; əgər iki yad insan burada biri-birinin yanından keçsəydi, sanki öz aralarında papaqlarını dəyişirmiş kimi öz adlarını və talelərini dəyişərdilər və başqasının həyatını yaşamağa davam edərdilər"...
Müəllif də, bəlkə elə belə bir kateqoriyadır...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!