Azər TURAN
Bu yazını XX yüzilin əvvəllərində - 1906-cı ilin may ayında çap olunmuş və Azərbaycanın fikir həyatını hərəkətə gətirən bir məqaləni xatırlatmaq üçün yazıram. Həm də fransız filosofu ilə Əmircan məscidinin axundunun adlarını yanaşı çəkmək qəribə duyğular yaşadır...
***
Azərbaycanın ruhani elitası ilə elmi mühiti arasında müvazi, paralel, bəlkə də ortaq bir xəttin tapılması son yüz əlli ilin "Əkinçi"dən "Həyat"a və "Həyat"dan günümüzə qədər davam edən ən aktual problemidir. Ruhani elmləri dünyəvi elmlərdən daha vacib bilənlərlə yanaşı, əksini düşünənlər o zaman olduğu kimi, indi də var. Azərbaycanda elmi-əbdan və elmi-ədyan (təbii elmlər və ilahiyyat) mövzusu ətrafında polemika XIX yüzilin sonu, XX yüzilin əvvəllərindən indiyə - sosial şəbəkələr dövrünə qədər gəlib çatdı. Sosial şəbəkələrdə isə XX yüzilin əvvəllərində ictimai mühitdə olduğu kimi, hər şey var, ateist düşüncədən tutmuş, məzhəblər qovğasına qədər hər şey. Amma çağdaş Azərbaycanda sosial şəbəkəni ələk-vələk eləsəniz, dini cameəni saf-çürük etsəniz, qarşınıza Jan Jak Russo ilə oxşar fikirləri bölüşən Axund Əbu Turab mislində kimsə çıxmayacaq. Məsləhət verənlərə, Quranı şərh edənlərə, yol göstərənlərə, "siratül-müstəqim"i fərqli yönlərdən göstərənlərə rast gələcəksiniz, amma aralarında Əbu Turab səviyyəsində bir din xadiminə təsadüf etməyəcəksiniz. Əbu Turab məzhəblərin fövqündə dayanan, Quranın yanlış təfsirinə qarşı səsini qaldıran, ateizmə elmi dirəniş göstərən ilk ruhanimizdir. XX yüzilin əvvəllərindəki kimi, indi də "təbabət elmlərini səthi təhsil edib dinsizlik - ilhad yolunu tutanlar" meydandadır. Əbu Turab isə yeganə adam idi ki, məhz o darmacalda və qarışıq zamanda, daha doğrusu, ümmətdən millətə keçid dövrünün son mərhələsində belə bir düşüncə sərgiləyirdi ki, "bən deyirəm, Avropa əhalisi ilahi qanunlardan azad olduqlarına görə vəhşətdədirlər... Təbiət elmlərini bilməklə insan olmaq olmaz, insanı ilahi elmlər kamilləşdirir, ilahi elmlər insanı insan edir... İnsan dini elmlərə aşina, təbiət elmlərinə cahil olarsa, əlbəttə, insaniyyətə zərər yetirməyəcəkdir... Əgər bir şəxs tamam ömrünü riyazi elmləri öyrənməyə sərf edərsə, Aristotel məqamına yüksəlsə belə, Allahı dərk etməyəcək, insaniyyət və mədəniyyət şəhrinə daxil olmayacaqdır". Yüz il sonra baş verən hadisələr göstərdi ki, Əbu Turab haqlıymış. "Həyat" qəzetinin qeyd etdiyi kimi, bu "sözlər sadə "klerikalizma" saiqəsilə yazılmayır". Yəni Əbu Turab məsələyə klerikal baxımdan yanaşmırdı, sadəcə, dini elmlərin dərindən öyrənilməsini cəmiyyət üçün prioritet hesab edirdi. Bunun da zəruri səbəbi vardı. Bu barədə bir qədər sonra. Onun üçün insanlıq məqamı, insaniyyəti qorumaq məqamı daha önəmliydi və bu baxımdan bəşəriyyət metafizik anlayışlara da biganə qalmamalıydı... Onun təlim etdiyi kamil alim deyil, kamil insan modelidir. "Tibb elmində Calinus olmaqla bədən xəstəliklərinə əlac etmək olur, amma insaniyyət kəsb etmək olmaz. Nəfs xəstəliklərinə lazımdır əlac edib insan olmaq olur. Nəfs xəstəliklərinin dərmanı da, şəfası da Qurani-şərifdir..."
Əbu Turabın ilahiyyatı Eşqdir. Əbu Turab insaniyyəti Allahın dostu-həbibi olmaqda görürdü: "İnsaniyyət Allah-Təala həzrətlərinə həbib olmaqdır". Və dərhal da əlavə edirdi: "Nə gözəl və nə gülçin mətləb buyurub Molla Məhəmməd Bağdadi:
Eşq imiş hər nə var aləmdə,
Elm bir qilü-qal imiş ancaq".
Füzulidən əvvəl Mövlana Ruminin bir beytini xatırladırdı:
Çənd çənd əz hekməte yunaniyan,
Hekməte imaniyan ra həm bexan
(Neçə-neçə yunanlının hikmətilə yanaşı,
İmanlıların hikmətini də oxu)
Əbu Turab hadisəsi, yəni tarixi polemika onun 1906-cı ilin 17 mayında "Həyat" qəzetində çap olunmuş "Bizə hansı elmlər lazımdır" məqaləsi ilə başlayır. Axund Əbu Turabın məqaləsini dərc edən Əli bəy Hüseynzadə yazıya "Axund Əbu Turab həzrətləri və elmül əbdan" adlı bir sözardı da yazıb. Məsələ də elə həmin bu sözardındadır. Hüseynzadə bildirirdi ki, "Məqaləyi iki-üç səbəbə görə böyük bir məmnuniyyətlə dərc ediriz. Səbəblərin birisi budur ki, məqalənin əl vurduğu məsələ fövqəladə mühümdür; Rusiya inqilabı nəticəsində... müsəlmanların önlərində bir neçə yol açılıb. Bu yollardan hansı ilə gediləcəyi xüsusunda tərəddüdə düşdükləri bir anda, bizə "hansı elmlər lazımdır" məsələsindən daha əhəmiyyətli bir məsələ təsəvvür olunamaz, zənn ediyoruz!.." Əbu Turabın fikirlərindən çıxış edərək, Hüseynzadə onu, hətta Jan Jak Russo ilə müqayisə edirdi. Bildirirdi ki, Fransanın Dijon Akademiyası tərəfindən keçirilən yazı müsabiqəsində Jan Jak Russonun axundun düşüncələrinə uyğun bir məzmunda yazdığı məqaləsi Akademiyanın böyük bir mükafatına layiq görülüb. Russo elmin tərəqqisini bəşəriyyət üçün qorxulacaq hallardan hesab edir və həmin məqaləsində "Elm əxlaqsızlıq törədir" qənaətinə gəlirdi. Hüseynzadəyə görə, "Əbu Turab axund bu qədər iləri getmiyor!.. Ancaq buyurur ki, müsbət elmləri təhsil etməkdə, yaxud onlardan məhrum olmaqda bir problem yoxdur, yetər ki, dini elmlərə də haqqı ilə vaqif olaq!.."
Hüseynzadə 1750-ci ildə Fransanın Dijon Akademiyası tərəfindən keçirilən "Elm və sənətin intibahı əxlaqın təmizlənməsinə yardım etmişdirmi?" müsabiqəsinə Jan Jak Russonun təqdim etdiyi və bütün dünyada 250 ildir ki, müzakirə olunan məqaləsini nəzərdə tuturdu.
Əbu Turabın məqaləsi elmlərin əleyhinə deyil. Sadəcə, dediyim kimi, o, dünyəvi məktəblərdə ilahiyyat dərslərinə, nəinki geniş yer verilməsini, ümumiyyətlə yer verilməsini, ilahiyyat elminin də proqrama salınmasını istəyirdi. Çünki həmin dönəmdə yeni açılan dünyəvi məktəblərdə ilahiyyat dərsinin keçilməsinə qarşı bir etiraz vardı və bəzilərinin bu gün də mürtəce, və elmin düşməni adlandırmaqdan çəkinmədikləri Əbu Turab deyirdi ki, "məlumdur ki, məktəblər elmi-şəriətdən ümumiyyətlə xalidir, məktəbə gedən uşaqları əvvəlinci gündən müsəlmanlıqdan uzaqlaşdırmaqdadırlar". Əslində bu, bir Bakı ruhanisinin çar üsuli-idarəsinə, onun Azərbaycan təhsilinə münasibətinə təpkisiydi. Ki, Əbu Turabın belə ayıq fikirlərini sonralar (və təəssüf ki, bəzən indiyə qədər) "cəhalət" nümunəsi kimi görənlərimiz oldu.
Əbu Turab narahat idi. Dünyəvi məktəbləri bitirənlər bütün elmləri öyrənsələr də, din elmindən xəbərsiz qaldıqlarına görə rəftar və davranışlarında etiqadsızlıq hökm sürür və 1906-cı ildə Əbu Turab etiqadsız cəmiyyətin formalaşacağından əndişə edirdi, dünyəvi təhsil sistemində dini tədrisin vacibliyini xatırladırdı, "İnsan bilmədiyinin düşmənidir" hədisini də ona görə xatırladırdı ki, siz ilahiyyatdan başqa, bütün dünyəvi elmləri, yəni masiva elmləri öyrənsəniz də, ilahiyyatı bilmədiyinizə görə bilmədiyinizin düşməni olursunuz. Və sonra da həssas bir nöqtəyə toxunurdu və məncə, Əbu Turabın həmin yazını yazmaqdan da qayəsi bu idi: özünüzün bilmədiyinizə düşmənlərinizi necə inandıra biləcəksiniz? Yəni özünüz məscidə getmədiyiniz halda kilsəyə gedəni necə inandıracaqsınız ki, onlar sizin dininizə hörmətlə yanaşsınlar?..
Əbu Turabın məqaləsi ətrafında başlayan müzakirələrdə, tutaq ki, Ömər Faiq Nemanzadə maksimalist ovqatda ilahiyyatın dərindən tədris olunmasına qarşı çıxsa da, Hadi daha mötədil mövqe tuturdu. Əbu Turab isə ilahiyyat elmlərinin öyrədilməsini və özü də daha dərindən öyrədilməsini vacib bilirdi. O da "Hər şey Tanrının əlindən təmiz çıxır, hər şey insanın əlində korlanır" - deyən Russo kimi düşünürdü.
Əbu Turab Hz. Peyğəmbərin elm barədə hədislərini örnək gətirirdi: "Elmi tələb etmək fərzdir, yəni vacibdir, cəmi müslüm kişilərə və müslimə arvadlara". Yenə buyurubdur: "Beşikdən məzara qədər elm tələb ediniz". Bir halda ki, peyğəmbər belə deyirsə, "elmin fəzilətində, elmin, təhsilin vacib olmağında heç bir sözüm yoxdur". Əbu Turab fikrini belə tamamlayırdı ki, elmlərin öyrənilməsi vacibdir, amma ilahiyyat elmini öyrənmək onlardan da vacibdir və bunu əsaslandırırdı.
Təbii ki, Əbu Turab "Bizə hansı elmlər lazımdır" məqaləsini qələmə alanda indiki kimi, sosial şəbəkələr yox idi. Amma nadan bütün məqamlarda danışmağa tribuna tapır. O illərdə də kütlə Əbu Turabın fikirlərini təftiş etsə də, buna rəğmən, məmləkətin baş milli ideoloqu Hüseynzadə Əbu Turaba etiraz edənlərə sərt təpki verdi: "Biz din elmlərinin təhsilinə lüzum görməyən, əhəmiyyət verməyənlərə haqq qazandıra bilmərik. Fikrimizi daha aydın və daha cəsarətlə söyləyəlim: Bunlar çox böyük qələt ediyorlar! Bunlara inananlar həqiqətən, zəlalətdədirlər! Lakin digər tərəfdən, müsbət elmlərdən sərf-nəzər etmək istəyən ruhanilərimizin də heç bir vəchlə tərəfdarı ola bilmərik. Camaata rəhbərlik iddiasında bulunan böylələri nə milləti qabağa apara bilərlər, nə də ümməti nicat və səlamətə, ictimai, siyasi, iqtisadi bir nicat və səlamətə qovuşdura bilərlər. Biləks böylə din alimləri, müsbət elmlərlə yetişmiş gənclərimizi dinin haqlığı, həqqaniyyəti, ülviyyəti haqqında daha ziyadə bir şəkk və şübhəyə salarlar!.."
Əli bəy Hüseynzadə Əbu Turabı nəinki Jan Jak Russo ilə, hətta bəzi məqamlarda Hartmanla qiyaslandırırdı. Və bu, çox incə cizgidir. Hüseynzadə haqlıydı. Çünki o, Russonun "Emil və ya tərbiyə haqqında" əsərindən, əsərdəki "etiqadsızlığa üsyan edən" keşişin tövbəsindən xəbərdardı. Russo Allahın varlığına inanırdı: "Mən Allahı bütün yaradılışlarda görürəm, onu özümdə duyuram, ətrafımda sezirəm" deyirdi. Yuxarıda incə məqam adlandırdığım məsələ həm Russo, həm də Hartman fəlsəfəsi ilə bağlıdır. Hartmanın pessimizmi təlim edən fəlsəfəsi deyil, onun hər şeyin, o cümlədən idrakın fövqündə dayanan qüvvənin varlığına inanması Əli bəy Hüseynzadəni Əbu Turabı Hartmanla da qiyaslandırmağa cəsarətləndirirdi. Yaxud Əbu Turabın Quranı yanlış təfsir edənlərə qarşı çıxması ilə, Russonun "Allah üçün onun haqqında yanlış mühakimə yürütmək, onu büsbütün düşünməməkdən daha təhqirlidir" qənaəti arasında oxşarlıq görürdü.
Doğrudur, Hüseynzadənin məqaləsində Əbu Turabla ciddi fikir ayrılığı da var və bu barədə çox yazılıb. Mən isə bu məqaləni bakılı bir axundla fransız filosofun fikir ortaqlığını və oxşarlığını qabartmaq üçün yazıram. O ki qaldı Azərbaycan ziyalılarının Əbu Turabla fikir ayrılıqlarına, burda ciddi bir nüans var. O zaman ziyalılarımız ilahiyyat elmlərindən daha çox, dünyəvi elmlərin öyrənilməsinin tərəfində olmuşdular. Bu öz yerində. Digər tərəfdən, ilahiyyat elmi mənsublarının da Quranı daha dərindən öyrənmələrini ruhanilərdən tələb edirdilər. Ömər Faiq kimi aydınlarımızda din baxımından deyil, sırf dini düşüncəni islah etmək baxımından, sanki mənəvi bir protestantizm havası cərəyan etdi. O mənada ki, Azərbaycan ziyalıları tələb edirdilər ki, Quran öz dilimizdə, xalqın anlaya biləcəyi bir üslubda təqdim olunmalıdır. Bu prosesin də özəyində yenə Əbu Turabın fikri təlqinləri dayanırdı. Məhz onun elmi məsləhətləri ilə Mir Məhəmməd Kərim ağa Quranın Azərbaycan türkcəsinə tərcüməsi ilə məşğul idi və Əbu Turab da öz məqaləsində Quran ayələrini, hədisləri həm ərəb, həm də Azərbaycan dilində sitat gətirirdi. O dönəmdə bu, fikir həyatımız üçün misli-bərabəri olmayan bir yenilik idi. Hələ üstəlik, yazının sonunda müəllifin imzasının o dövr üçün qeyri-adi tərəfi: Nə "zadə", nə də "ov", sadəcə, "xeyirxahi-millət Əbu Turab Axund oğlu". Belə çıxır ki, Əbu Turab öz soyadını milli şəkildə yazan ilk mütəfəkkirimizdir.
Bir az əvvəl qeyd etdiyim kimi, Əbu Turabın məqaləsi ilə başlanan polemika cəmiyyət həyatının bir sıra ən vacib, ən aktual məsələlərinin müzakirəsinə təkan vermiş, hətta elmi fikri hərəkətə gətirmişdi. Müzakirələrdə iştirak edən Məhəmməd Hadi "Elmi əbdanə həqiqi bir nəzər", Ömər Faiq Nemanzadə "Bizə hansı elmlər lazımdır" adlı dərin mündəricəli məqalələrində bildirirdilər ki, Quran təkcə əxlaq təlim etmir, həm də elmə təşviq edir, iqtisad, sənaye, hərb fənləri, tibb, coğrafiya, kimya, kosmoqrafiya və digər sahələrin öyrənilməsini tövsiyə edir. Əbu Turab bütün bunları bilirdi, amma dediyim kimi, onun məramı başqaydı. Əsas olan isə bu idi ki, artıq 1906-cı ildən etibarən, Azərbaycanda Əbu Turabın bir məqaləsi ilə məhz bu mövzularda müzakirələr başlanmışdı və Əbu Turab bütün bunları Əli bəy Hüseynzadənin redaktorluğu ilə çıxan "Həyat" qəzetinin səhifəsində etmişdi. Hüseynzadə: "Məqalənin əl vurduğu məsələ fövqəladə mühümdür", - deyə sözü Əbu Turaba verirdi. Ədəbiyyatımız da bu prosesdən kənarda deyildi, belə ki, Məhəmməd Hadinin yaradıcılığında xüsusi mərhələ olan bir sıra şeirlər məhz həmin müzakirələrin kəskin fonunda qələmə alınırdı.
Hər halda, Azərbaycanın intellektual həyatını, daha doğrusu, fikir həyatımızı hərəkətə gətirən məqaləni 1906-cı ildə Bakının mötəbər bir ruhanisi yazmışdı.
Əsas olan isə bu idi ki, Əbu Turabın düşüncələri ilə fransız filosofu Jan Jak Russonun fikirləri arasında ciddi bir bənzərlik vardı və bu bənzərlik barədə analitik informasiyanı da cəmiyyətə Azərbaycan ziyalısının özü təqdim edirdi.
Axundun qaldırdığı problemin tarixi qədim idi. Hüseynzadə bildirirdi ki, bu problemlə vaxtilə Platon, Aristotel, Lükretsi, Əbu Əli Sina, Farabi, İbn Rüşd, Tolstoy, Renan, Dreper kimi fikir və düşüncə adamları məşğul olub. Amerika alimi Dreper "Elm və din qovğası" adlı kitab yazıb...
Yuxarıda qeyd etdim, indi də bir az ehtiyatla təkrar edirəm, Əbu Turab məzhəblərin fövqündə dayanan bir adam idi. XX yüzilin əvvəllərində Azərbaycanın İslam tarixində bu, nadir hadisədir. Unikal teoloji təəssürat yaradan "İslamda təfriqənin səbəbləri" kitabında Əbu Turab qeyd edirdi ki, təfriqənin kökü İslamın təşəkkül tapdığı ilk dövrdə meydana gəlib. Təfriqənin sona çatması, ittihadın, birliyin yaranması məzhəblərin (cəmiyi məzhəblərin) tamamən aradan qalxmasından sonra mümkündür. Bunu, XX yüzilin əvvəllərində bir Bakı ruhanisi söyləyir.
Burada xırda və çox vacib haşiyə çıxmağa ehtiyac var. Yusif Akçura 1918-ci ildə İstanbulda nəşr olunan "Yeni Məcmuə" dərgisinin 40-cı sayında xatırladır ki, "Əli bəy bizə hansı elmlərin lazım olduğunu anladırkən... bu məqaləsində vətəndaşlarının yaşaya bilməsi və tərəqqi etməsi üçün bir əsas olaraq Türkləşmək, İslamlaşmaq və Avropalılaşmaq lüzumunu iddia və ispat eyləmişdir... Məqalə "Həyat"dan alınıb, başına mərhum Əbu Turabın məqaləsi də əlavə olunaraq, sonradan bir risalə halında nəşr olundu". Xatırladım ki, həmin kitab 1907-ci ildə Tiflisdə "Qeyrət" mətbəəsində nəşr olunub. Firidun bəy Köçərli həmin kitab barədə yazdığı məqaləsini "Zakavkazye" qəzetində dərc etdirmişdi.
Əbu Turabın məqaləsi "Həyat" qəzetinin 17 may 1906-cı il tarixli 106-cı sayında dərc olunub. 5 gün əvvəl, mayın 12-də isə o, Bakı müsəlman Ünas (qızlar) məktəbinin buraxılış sinfində şəriət və tatar (azərbaycan) dili imtahanlarında iştirak etmiş, şagirdlərin bilik səviyyəsini məmnuniyyətlə qiymətləndirmişdi. Əbu Turabın qızı da Ünas məktəbinin şagirdləri arasındaydı. Hələ 5 il əvvəl Qız məktəbinin açılmasında fədakarlıq göstərənlərdən biri də elə Əbu Turabın özü olmuşdu...
İslamda təfriqənin səbəbləri Əbu Turabı hər zaman düşündürüb. Təfriqənin səbəblərindən biri kimi, o, səhih olmayan hədisləri nişan verirdi və hətta Hz. Peyğəmbərin aşağıdakı sözlərini xatırladırdı: "Mənə yalan bağlayanlar, yalan hədislər söyləyib mənə nisbət verənlər çox olubdur. Hər kəs bilə-bilə mənə yalan hədislər nisbət verə özünə cəhənnəm odundan mənzil əxz etsin". Əbu Turabın səhih olmayan hədislər barədə fikirlərinə Cəlil Məmmədquluzadə dərhal reaksiya vermişdi. Mirzə Cəlilin "Qayırma hədislər" sərlövhəli yazısı bu sözlərlə bitirdi: "Allah Hacı Mirzə Əbu Turab Axund oğlunun vücudunu bibəla eləsin... Hərçənd biz axundun iltifatından məhrumuq, amma haqq sözə Molla Nəsrəddinin canı qurban".
Avropa Russonu əzizlədi. Biz isə bir sıra məqamlarda onunla eyni düşünən Əbu Turabı təklədik. Hətta XXI yüzilin bu günlərində belə, ona "mürtəce" damğası vuran alimlərimiz var.
Əbu Turab (1817-1910) Pir-Həsən ziyarətgahının yaxınlığında dəfn olunub. Yeri Hacı Zeynalabdin Tağıyevin məzarının başucundadır. Deyirlər, Tağıyev özü belə vəsiyyət edib: "Onun ayağı biləni mənim başım bilmir" deyib.
O, nəinki ruhani kimi seçilən bir insan idi, Əhməd Ağaoğlunun yazdığına görə, "Bakının ən irəli gələni və ən sahibi-nüfuz axundu idi. Kəndisinə inanmış oylə müridləri vardı ki, bir işarəti ilə tərəddüdsüz adam öldürərlərdi. Və bu hərəkətləri ilə cənnətin tam ortasında ən gözəl köşklə ən nəfis huri və qılmanlara sahib olacaqlarına dərindən qane idilər. Bunaənəleyh axunda qarşı söz söylənməz, hər nə desə, "Bəli, cənabi-ağa, buyuruğunuzdur!" - deyilməlidir".
Əbu Turabın əsl adını kimsə bilmir. Əbu Turab adının ona harada, kim tərəfindən verilməsi barədə fərqli versiyalar var. Amma ən yayğın fikir, Əbu Turab adının ona Tiflisdə Əli bəy Hüseynzadənin babası, Qafqaz Şeyxülislamı Hüseynzadə tərəfindən verilməsidir. Təsəvvür edin, yaxın keçmişimizdə yaşamış bir ruhaninin əsl adını bilmirik. Hamı onu Əbu Turab kimi tanıyır. Əbu Turab, yəni torpağın atası... Mistik dalğada axundun əsl adı unudulub. Torpağın atası kimi əbədiləşib. Düşüncələri bəzi məqamlarda Jan Jak Russonun qənaətləri ilə üst-üstə düşür... Bəlkə Əbu Turabın fikirlərinə də Russo kimi "qəlb dini" kontekstində yanaşmaq daha uyğun olar? Əsl ədəbiyyat obrazıdır. Lap roman qəhrəmanı kimi...
9 may 2024
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!