Sözün və dağların zirvəsi - Elşad Barat Sabir Rüstəmxanlı haqqında yazır

Bu günlərdə Xalq şairi Sabir Rüstəmxanlının doğum günüdür. Bu münasibətlə sosial şəbəkələrdə şeir müsabiqəsi elan etdim. Bildirdim ki, gənc şairlər Sabir Rüstəmxanlıya şeir həsr edərək bu müsabiqədə iştirak edə bilər. Müsabiqənin qalibinə isə Sabir müəllimlə nahar etmək şansı və yüksək pul mükafatı vəd etdim. Üç gün ərzində şəxsi məktub qutuma onlarla şeir daxil oldu. Hamısını oxudum və ithaf şeiri olduğunu da nəzərə alıb yüksək qiymətləndirdim. Elə bu arada öyrəndim ki, istedadlı şair dostum İqbal Nəhmət Sabir müəllimə şeir həsr edərək sosial şəbəkələrdə paylaşıb. Həmin şeirə Sabir müəllim özü də rəy bölümündə münasibət bildirərək yüksək qiymət verib. Daha sonra bütün şeirləri ədalət hissinə və ədəbi düşüncələrinə inandığım bir neçə ədəbiyyat adamı ilə müzakirə etdik, onların da fikirləri İqbal Nəhmət üzərində dayandı. Beləliklə, Sabir Rüstəmxanlıya həsr olunmuş şeir müsabiqəsinin qalibi İqbal Nəhmət seçildi. "Varlığı Vətən adam" adlı həmin şeiri olduğu kimi təqdim edirəm:

 

Bir ucqar dağ kəndində

Günəş doğmuşdu o gün.

Dan yeri qaranlığı

Silib boğmuşdu o gün.

Göz açmışdı bir evdə

Şeir adam, söz adam!

Hələ heç bir baxışın

Görmədiyi göz adam!

Quruyan buludları

Yağdıra bildi Sabir!

Vaxtı ustad ömrünə

Sığdıra bildi Sabir.

Meydan qurdu özünə,

Meydanların içində.

Zamanı qabaqladı,

O tarixin köçündə.

Bir yola çıxdıqları

Hərə bir yöndə azdı.

Ömrünə ömür qatıb

"Ömür kitabı" yazdı,

Yazdı ki, oxusunlar

ömur deyilən şeyin,

nə demək olduğunu.

Bir gün açan çiçəyin

nə vaxtsa solduğunu,

Yaşasınlar, duysunlar!

Bacardı azadlığın

Özəyində durmağı.

Min illik bir tarixi

bir ömrə sığdırmağı.

Bir az dayaz düşünüb,

"Dərinə" baş vurdular.

Daşdan ağır bir başın

Başına daş vurdular.

Sarğılarda bərkidi,

Başın baş boyda dərdi.

Tanındı Sabir adlı

Əri, məğruru mərdi.

Yaza-yaza dərdini,

Xalqın şairi oldu.

"Sənə ucqar" deyərək,

Sözün mahiri oldu.

Parçalanmış Vətənin

Dadına çatdı şair.

Müstəqillik aktına

İlk imza atdı şair.

Danışan ağlı oldu,

Mətbuatın, "basın"ın

Sevimli oğlu oldu

Böyük türk dünyasının.

Yatmış ikən yuxuda

Hərə öz aləmində.

Oyandı "Qan yaddaşı"

Sabirin qələmində.

Təbriz dedi, yurd dedi,

Araz boyda selim var.

Göy türkə ,,boz qurd,, dedi,

O tay-bu tay elim var.

Alqış deyirik sizə,

Min bir tikan içində,

gül olub bitən adam!

Türk deyib, oğuz deyib

Böyük Turan yolunda

Bütövlük türküsünü

oxuyan, ötən adam!

Varlığı Vətən adam!

Kimliyi Vətən adam!

 

Şəhidlər haqqında yazdığım silsilə şeirlərdən bilirəm ki, ithaf şeirləri çox çətin yazılır. Azərbaycan ədəbiyyatında şeir var ki, bənd-bənd yazılıb, şeir var ki, misra-misra, İqbal Nəhmət isə bu şeiri hərf-hərf yazıb, yəni ustalıqla şeirin üzərində işləyib. Bir şeirin "xam malı" şairin təbiiliyidir. Əgər "xam mal" səmimiyyətə söykənirsə, müəllif düşüncələrinə və zamanına qənaət etmirsə, o şeir gözəl alınır. İqbal Nəhmət də bu şeirə gözlərindən, ürəyindən, ruhundan pay verə bilib. Həm də ki, hədəf önəmlidir. Dərəyə enən adamın hədəfiylə, zirvəyə qalxan adamın hədəfi eyni ola bilməz. Zirvəyə qalxmaq əziyyət və məsuliyyət tələb edir. İqbal Nəhmətin poetik hədəfi burada sözün Sabir Rüstəmxanlı zirvəsidir. Sabir müəllim ona görə sözün zirvəsidir ki, şair kimi də, vətəndaş kimi də həmişə özü olub.

Sabir Rüstəmxanlı ilə eyni dağların ətəyində böyümüşük. Mənim üçün fəxrdir ki, Sabir müəllim kimi bir insanla eyni dağlardan süzülüb gələn bulaqlardan su içmişəm, eyni dağlardan axan çaylarda çimmişəm, uşaqlığımız eyni dağların döşündə bitən gül-çiçəklərin arasında keçib. Niyə dönə-dönə dağlardan danışdığımı deyim sizə, siz də biləsiz. Sabir Rüstəmxanlı hələ o dağların ətəyində doğulanda, kəndin yollarında həmyaşıdlarıyla ayaqyalın oynayanda, uşaqlıq xoşbəxtliyi yaşayanda, yəni taleyindən və bu dünyanın gərdişindən xəbərsiz olanda bilmirdi ki, bu boyda yükü olan, məsuliyyəti olan ömür yaşayacaq, bütün türk dünyasını bağrına basa biləcək imza sahibi olub sözün qayğısını çəkəcək, sözün taleyini düşünəcək, öz ömür yolundan "Ömür kitabı" yazacaq. Necə ki, şair bir şeirində deyir:

 

Yenə də sel altda qaldı bir ölkə,

Uçqundur, yanğındır yolları kəsən.

Şair, meşələrlə, dağlarla birgə

Sözün taleyini düşünməlisən.

 

Bəli, hələ sevetlər dönəmində, gənc yaşlarında Sabir Rüstəmxanlı bilirdi ki, dağlarla birgə sözün taleyini düşünməlidir. Onun həyat və yaradıcılığında həmişə arxalandığı başı buludlara toxunan vətən dağları olub. Burada şair həm də çox mətləblərə işarə edir, bildirir ki:

 

Bəlkə, min il yaşlı, on min il yaşlı,

Sirli bir mahnının ardınca bu gün,

Dağlara gəlmişəm yalqız, kimsəsiz,

Öz doğum günümü qutlamaq üçün!

 

Bu gün isə Sabir müəllimin doğum gününü yalnız özü ilə dağlar deyil, bütün türk dünyası qutlayır, onun yaşadığı ömür yolunu, min bir əziyyətlə gəldiyi söz zirvəsini alqışlayır. Növbəti bir şeirində isə Sabir müəllim dağların onun ömrünə ömür qatdığını, ruhunu yenidən cavanlaşdırdığını bildirir:

 

Elə sehr var ki, bu ucalıqda

Ürəyi dəyişər, vaxtı çaşdırar.

Dağlar ad günümə hədiyyə kimi

Ruhumu yenidən cavanlaşdırar.

 

Yalnız zirvədə olan insan, ucalıqda olan insan o zirvənin və ucalığın dəyərini bilər və onunla söhbət, ünsiyyət qura bilər.

Digər bir şeirə nəzər salaq:

 

Bir gün torpaq qaçsa ayağım altdan

Dağlarda bir qaya qardaşım qalar.

Adamlar mövsümlə gəlib gedəcək,

Göyərər ot kimi yaddaşım qalar.

 

Həqiqətən gözəl deyimdir, bir insanın qayaya qardaş deməsi, onun vətənə, torpağa, elə, obaya nə qədər bağlı olduğunu göstərir. Ümumiyyətlə, Sabir Rüstəmxanlı yaradıcılığı həmişə təbiidir, yalançı sevgidən, saxta münasibətdən tutmuş ülvi hisslərə, müqəddəs dəyərlərə qədər, nədən yazırsa, onu və özünü, təbii dillə, real düşüncə ilə qələmə alır.

Elə bu yerdə Sabir müəllimə həsr etdiyim bir şeiri qeyd etmək yerinə düşər:

 

Yazda hanı gələr dağlara sarı,

Payızda mən oldum, qışda mən oldum,

O qardaş dediyin qaya dibində

Bəlkə də bir çınqıl daş da mən oldum.

 

Sənin sözlərini, sənin adını

Çınqıllar, qayalar, dağlar yaşadar.

Necə ki, qanqalın adı çəkilməz,

Nərgizi, laləni bağlar yaşadar.

 

Yaşadar insanı əməli, sözü,

Atdığın hər addım vətən yoludur.

Sənin əməlin də, sənin sözün də,

Türkün həmrəyliyə gedən yoludur.

 

...və sonda Sabir müəllimi doğum günü münasibətiylə bütün vətən dağları adından təbrik edirəm.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!