Orxan ARAS
2015-ci ildə Almaniyanın "Winterwork" nəşriyyatında Sabir Rüstəmxanlının "Göktanrı" romanı çap olundu. Elə həmin il dünyanın ən böyük kitab sərgilərindən biri olan Frankfurt Kitab Sərgisində təqdim edilən roman fərqli hekayə üslubu ilə oxucuların diqqətini çəkdi. Çünki bu roman o vaxta qədər daha çox yunan mifologiyasından ilhamlanan romanlardan fərqli olaraq türk mifologiyası əsasında yazılmışdı. O zaman bir oxucu internetdə romanı belə təsvir etmişdi:
"Kitab Oğuz xanın atasından başlayaraq oğulları və hətta nəvələri də daxil olmaqla 116 illik həyat hekayəsini təqdim edir. Romanın Məhdud fantaziya-mifoloji aspekti olsa da, dastanlardan əldə edilən məlumatlara əsaslansa da, daha çox tarixi roman olduğunu söyləyə bilərik".
Türk dastanları əsasında yazılmış bu romanı türkoloq dostum K.Herman Kiellə birlikdə tərcümə etdik. Romanın hər bir fəsli bizim üçün bir türkologiya konfransı kimi idi. Oxuduğumuz məlumatları öz aramızda müzakirə edir, bəzən bu mövzuda yazılmış kitablara müraciət edirdik.
Göktanrının şövqlü qələmi və epik hekayəsi var idi. Kitabın tərcüməçisi Karl Herman Kiel də bunu gördükcə, "Tərcümə edərkən, mənə elə gəldi ki, "Dədə Qorqud" dastanını oxuyuram", - deyirdi.
2019-cu ildə Epubli nəşrləri arasında Sabir Rüstəmxanlının alman dilində iki kitabı bir-birinin ardınca işıq üzü gördü. "Əlləriniz gül qoxsun" adlı şeir kitabı haqqında kitabın arxasına nəşriyyatın yazdığı yazısı çox maraqlı idi. Nəşriyyat şairin şeirlərində Zərdüştün sözlərindən rənglər tapıb kitabı belə təqdim etmişdi:
"Fridrix Nitsşe "Zərdüşt belə danışdı" əsərində Zərdüştün dilindən danışırdı:
"Sözüylə səni oxşayacaq günəş hanı, sənə sirayət edəcək dəlilik hanı?"
Təbii ki, Azərbaycan şairi Sabir Rüstəmxanlı Nitsşe deyil. Onun ruhunda nə Nitsşenin utancaqlığı, nə də sonsuz iztirabları var. Amma Sabir Rüstəmxanlının həm də bütün Zərdüşt dünyasını və dilini əhatə edən bir liberal fəlsəfəsi var. Çünki o, Nitsşe kimi Zərdüşt üçün yad biri deyil, O, Zərdüştün ölkəsindəndir.
Sabir Rüstəmxanlı "Əlləriniz gül qoxsun" kitabında sevgini, torpağı, insanları, insanların suya, çörəyə olan sevgisini təsvir edir. Onun üçün sevgi ritorikası od topu deyil, sadəcə, bir qığılcımdır. "Hər sətirdə hər şeyi alovlandıran bu qığılcım şeirə sevgi qatır və onu bizə göstərir".
Sabir Rüstəmxanlının elə həmin ildə, yəni 2019-cu ildə çapdan çıxmış üçüncü kitabı olan "Bacı" nəşr olunmazdan əvvəl onun tərcüməsini Kölndə yaşayan yazıçı dostum Anna Jüsenə vermişdim. Kitabda yer alan "Bacı", "Atamın ruhu" və "Babadağa səyahət" adlı üç hekayə Anna Jüsen xanımı çox təsirləndirmişdi. Mənə göndərdiyi e-poçtu kitab çap olunanda onun arxa qapağına qoymuşdum. Həmin kiçik məqalədə kitabın çox qısa xülasəsi heyrətamiz şəkildə öz əksini tapmışdı:
"Bacı" hekayəsində itki, həsrət, axtarış təsvir olunur. Dağılmış bir sistem, dağılmış insanlar, dağınıq ailələr hekayədə bir rəsm əsəri kimi oxucuya çatdırılır. Müəllif bu hekayəsində insanın ən ifrat duyğularını təsvir edir və insanın özündən qaçmasının faciəsini danışır.
Kitabın ikinci və üçüncü hekayələrində bu qaçışın izlərini həmişə görürük. İnsanlar daha çox təcrid olunur və panikaya düşürlər. Onu qucaqlayıb, şəfqət və sevgi ilə toxunanlar bir-bir yox olur.
Şair olan ustad yazıçı Sabir Rüstəmxanlı bu üç hekayəsində üç dövrü təsvir edir. "Sovet dövrünün qorxu və təlaşı, parçalanma prosesində yaranan vətəndaş müharibələri, nəhayət, müharibələrin gətirdiyi vəhşilik və ondan sonra insanların yorğunluğu, istəksizliyi... Bu hekayələrdə zamanın bəzən qorxulu anlarını izləyirsən, bəzən də bəşəriyyətin sevgiyə sədaqəti, səhnə-səhnə".
Anna Jüsenin dediyi kimi, kitabdakı hər üç hekayə Sovet İttifaqının dağılması və Azərbaycanın qurulmasının çaşqınlığını və qeyri-mütəşəkkilliyini gözəl şəkildə ortaya qoyur. Xüsusən də, "Atamın ruhu" povestini oxuduqca, ictimai quruluş, insan psixologiyası, ailə münasibətləri, Şərqlə Qərb arasındakı ziddiyyətlər yenidən gözümün önündə canlanmışdı.
Ana və ya atanın həm Şərq, həm də Qərb üçün çox fərqli rolları və mənaları var. Sabir Rüstəmxanlının hekayəsində danışdığı ata bizim sivilizasiyamıza xas bir atadır. Sabir Rüstəmxanlı kitabının ilk cümləsində atasının onun üçün əsl bələdçi olduğunu yazır:
"Atam mənə həyatı sevdirdi, ölümü də sevdirdi".
Bu cümlə, əslində Sabir Rüstəmxanlının atası üçün yazdıqlarının ən kəskin xülasəsidir. Bu xülasə təkcə emosional ifadə üçün əsas rolunu oynamır. Bu etirafın psixoloji tərəfi də var. Alman psixoanalitiki Erix Fromm "Sevgi sənəti" kitabında bunu ən yaxşı şəkildə izah edir:
"Ata uşağa öyrədən və ona dünyaya yol göstərəndir". (Sevgi sənəti, s.57)
Əslində atanın həyat öyrətməsində və insanlara ölümü sevdirməkdə, həm də həyatı sevməyi öyrətməsində mistik bir ölçü də nəzərdən qaçırılmamalıdır. Çünki ölüm nə qədər gerçək olsa da, həmişə reallıqdan kənar kimi qəbul edilir və insanlar onu öz inancları ilə gizlətməyə, gözəlləşdirməyə çalışırlar. Mövlana ölüm gününü "Şeb-i arus", toy günü olaraq təyin edir.
Düşünürəm ki, Sabir Rüstəmxanlının "Ölümü sevmək" ifadəsi Azərbaycan cəmiyyətinin daha bir ziddiyyətli görünən tərəfini izah etdiyi üçün çox önəmlidir. Sovet təhsil sistemi Sovet İttifaqında yaşayan müsəlmanların özlərini dindən təcrid etməsinə səbəb olsa da, onların həyata mistik baxışlarını materialist baxışa çevirə bilmədi.
Fürsət tapdıqca söhbətləşdiyim bəzi Azərbaycan ziyalıları dinə münasibətini açıq bildirsələr də, onlarda bu mistik baxışı daim müşahidə etmişəm. Şəms, Fəzlullah Nəimi, Nəsimi, Füzuli kimi böyük mistiklərin yetişdiyi bu torpaqlarda başqa cür olmaq ağlasığmaz olardı.
Müəllif "Atamın ruhu" kitabında həyatla ölüm arasındakı mübarizəni, xüsusən də, "əbədi ayrılıq"ı izah edir, ölümü həyatın davamı kimi qələmə verir:
"Ölüm həyatın davamıdır. "İnsanın ölümü onun həyatına bənzəyir" (səh.30).
O, Şeyxül Əkbər kimi tanınan Muhiddin Ərəbinin məşhur kəlamını hərfi mənada yenidən şərh edir:
"Nə gələn var, nə də gedən".
Əslində "Atanın Ruhu"nu Sabir Rüstəmxanlının atasının ölümünü danışdığı hekayə kimi oxumağa başlamışdım. Gözümün önündə canlanacağını düşündüyüm ilk səhnə tanıdığım bir şairin atasına duyduğu duyğular, ayrılıq hissləri, ölüm qorxusu, təsəlliləri və dini mərasimi oldu. Amma hekayənin elə ilk səhifəsində gözümün qabağında böyük və fərqli bir pəncərə açıldı. Bu pəncərə yalnız bir ölüm anını deyil, həm də müstəqillik əldə etmiş, küsmüş, yorğun, müstəqillik sevincini yaşamağa qoymamış yaralı bir ölkənin kədərli, yorğun, axtarış ilinin (1994) mübarizəsini göstərirdi. Çünki işğal olunmuş tərəfdən qan damcılayırdı. Ölkənin yaşadığı ən dərin bəlaları izah etmək üçün bir cümlə belə vacib idi:
"Bu gün cəbhədən ziddiyyətli xəbərlər gəlir".
Ziddiyyət həm cəbhədə, həm kənddə, həm də müəllifin təsvir etməyə başladığı hadisələrdə yorğun bədən, dağılmış ailə, qoca və xəstə ata, ölümə doğru gedən yol...
Müəllif o yolu nə rəngləndirir, nə də zinətləndirir. O, bəzən siyasətdən, bəzən də öz mənəvi sıxıntılarından danışsa da, əsl məsələnin tamam başqa bir hadisə olduğunu heç vaxt unutmur. O yolun əzab-əziyyəti ürəyində, gözlərindədir:
"Onlar bütün həyatları boyu ağacların düyünlərini o yan-bu yana sürüyürdülər, mən sürünən düyünlərin sızıldadığını və əzab çəkdiyini hiss edirdim..."
İnsan daima dərdini təxirə salır, başqasına aid edir, onu özündən almaq istəyir. Amma nə etsə də, baş verəcəklərin soyuq reallığından özünü xilas edə bilmir. Bu, əslində bir təsəllidir. Ya iman, ya da öhdəlik əsasında bir təsəlli...
Ata dilindən danışılan bu köhnəlmiş hekayənin əsas ideyası da poetik dillə ifadə olunub.
Müəllif səyahətində gündəlik məşğuliyyətlər və gündəlik problemləri nə qədər yayındırsa da, "Həqiqət Yazıçısı", Hegelin təbirincə desək, "Blinden Şiksal" kor tale olan hadisəyə doğru yavaş-yavaş irəliləyir. Azərbaycanın ucqar guşələrindən biri olan Yardımlıda yaşayan insanlar, onların özünəməxsus inanc və vərdişləri, oradakı təbiət, təbiət qoynundakı dağlar, şəfalı sular bu dönməz hadisədədir. Ölümün yanında duran insanlar təsəlli və ya folklor elementlərindən çəkinmirlər:
"Dədə-baba yurdlarımızdan olan və son illərdə atamın daha çox köçdüyü Tidaşdan ən kiçik qardaşımız Cəlal su gətirəcək".
Müəllif 50 səhifəlik hekayəsində ölüm anını elə ustalıqla təsvir edir ki, bir xalqın bütün adət-ənənələrini, inanclarını, ayrılığın ən gizli ağrılarını həmin povestdə görmək mümkündür.
Ölüm anı, son baxış, son sözlər, son toxunuşlar və geridə qalanları əhatə edən dərin bir boşluq... O boşluqda insanı qəribə bir bütövlük əhatə edir... Ola bilsin ki, insan ikisi arasında körpü qurmaq istəyir: varlıq və yoxluq. Bu səbəbdən də müəllif onu əhatə edən havada ölülərin ruhlarının olduğuna və hər an onların nəfəs aldığına inanır.
Kitabdakı üçüncü hekayə olan "Babadağ ziyarəti" günlərlə beynimi məşğul etdi. Hekayədə təsvir, həqiqətən, güclü idi və hekayəni oxuduqdan sonra Babadağı bütün rəngləri və əfsanələri ilə gözümün qabağında canlandıra bildim. Əslində, türklərin hökm sürdüyü bütün coğrafiyada Babadağa bənzər yüzlərlə, minlərlə Babadağ və gəzməli yerlər, sehrli təpələr, ağaclar, qəbirlər, çeşmələr var. Bu vəziyyət insanlarımızın təbiətlə inteqrasiyasından, ona xeyir-dua verməsindən irəli gəlir. Babadağ ziyarəti də belə bir istəkdən doğur. Çünki Babadağ "Dağların atası, ya Həzrət Babanın dağıdır..."
Babadağ ziyarətinə başlamamışdan əvvəl də müəllif bütün yolları Babadağa tərəf çevirir. Babadağdan əvvəlki çətin həyat və gərgin iş qrafiki Babadağı yazıçı üçün xilas yeri kimi göstərir.
Müəllif illər öncə Babadağa gedərək gördüklərini ruhunda bacardığı qədər rəngləndirib. İndiki səyahətində o, illər öncə gördükləri ilə indi gördükləri arasında həm məkanı, həm də zamanı müqayisə edir:
"İndi də həmin yolu gedirəm. Çatışmayan Fermanın zarafatları, şaqşaq gülüşləriydi. Yenə həmin şəlalə, həmin bulaq, yenə geniş çaylaqların daş səli və bu səlin bir küncündə göyərən su şəridi..."
Babadağ hekayəsi hamımızın içində olan, amma yaza bilmədiyimiz hekayədir. Çünki Babadağda sülh, tanışlıq, gizlilik və çətin bir zirvə var. Hər bir insan o rəngləri, o tanışlığı, o hüzuru, o məxfiliyi və o gözəlliyi oxumaq və onları özündə yaşatmaq istəyir. Digər tərəfdən, hədəfə çatmaq və bu arzuolunan yolda zirvəyə çatmaq hər kəsdə qələbə istəyi yaradır.
Müəllif bunu çox gözəl təsvir edir:
"Çünki əsas odur ki, ayaqlarımı yerdən qaldırıb bədənimi ayrıca görmək mümkün olan yüksəkliyə qaldırım".
O yüksəliş hissində bütün çətinliklərin əhəmiyyəti yoxdur. Ustad yazıçı oxucunu minlərlə rəng və əfsanə ilə bəzədilmiş zirvəyə aparmağı hesablayıb və buna nail olub.
Arxasında böyük bir kapital və reklam agentlikləri olmayan bu üç kitab indi Almaniya Milli Kitabxanasında gələcəyə üç məktub kimidir. Bu üç kitab Almaniyadan uzaqda yerləşən Azərbaycanın tarixini, ictimai quruluşunu, düşüncə tərzini izah edən nümunələr olacaq.
Yeni bir yetkinlik dövrünə qədəm qoyan bu şövqlü şairə, qəlbi xalq sevgisi ilə dolu olan bu cəsur "alpərən"ə cansağlığı, uzun ömür arzulayıram.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!