Fəxrəddin Əsəd-70: Şeir xatirə toranlığında azmış səs kimi - Rüstəm KAMAL

Rüstəm KAMAL

Tanınmış Azərbaycan şairi Fəxrəddin Əsədlə dostluğumuzun aşağı-yuxarı 25 illik tarixçəsi var. Mən Mingəçevir Politexnik İnstitutunda (indiki Mingəçevir Dövlət Universiteti) kafedra müdiri işləyirdim. Görkəmli şairimiz İsmayıl İmanzadənin rəhbərliyi altında AYB-nin Mingəçevir bölməsində hər ayın sonunda görüş keçirilirdi. Bura ətraf rayonlardan da şairlər gəlirdi. Belə günlərdən birində Fəxrəddin Əsəd Ağdaşdan gəlib şeirlərini oxudu...

Fəxrəddin Əsəd nüfuzlu ədəbi orqanlarda geniş çap olunsa da, nədənsə kitablarının nəşrinə can atmırdı. Bu, bir tərəfdən obyektiv səbəblər üzündən irəli gəlsə də, bir tərəfdən də şairin sözə məsuliyyətli yanaşması ilə bağlı idi.

Fəxrəddinin bütün şeirləri özünə ünvanlanıb. O, xatirələrini sanki başqasına söyləmir, içindəki "ikinci Fəxrəddinlə" paylaşır. Ömrünün ötüb-keçən günlərinin xatirəsini sadəcə sakit səslə, detalları, obrazları xatırlamaqla məşğul olur. Bəlkə də yanılmaram, desəm ki, hətta ithaf şeirləri də özü haqqındadı:

 

Ah zalım ustalar,

zalım ustalar,

beləmi tikərlər evi -

qapım payıza açılır

pəncərəm bahara.

 

Ömür yolunda baş vermiş istənilən görüş (ötəri, təsadüf, vacib...) onun üçün özü ilə görüşə çevrilir.

Məndə nədənsə belə bir inam yaranıb ki, Fəxrəddin şeirlərini ya gecələr, ya da axşamın toranlığında yazır. Əks halda, onun təhtəlşüurunun sirli səslərini eşitməsi, yazıya alması çətin olardı. Şeir işıq üçün darıxan səslərdir.

 

Günlərimi yalnızlıq içində keçirirkən gəldin,

uzaq üfüqlərdə itən qatarın fit səsi kimi...

 

Yaxud:

 

Avqustun bürkülü səhəri.

Günlərdən cümə.

Vecsiz-vecsiz ötür buludlar.

Doğmaların ad günlərini

təbrik etməyi unutdum.

Xatırladım amma,

Taleyimdən keçənlərə zəng etməyi

və qayğısız günlərin

çiçəklərinə su verməyi.

Aylardı

yağış üzünə həsrət bu yerlər

qurumuş ağaclar misalı...

Fəxrəddinin şeirlərində misralar sürreal süzgəcdən keçərək, ümumiləşdirmə ilə, yaxud lirik, fəlsəfi ricətlərlə tamamlanır. Və sonluğu adətən ritorik suallar və nidalar şəklində verilir. Ritorik sual onun dünya ilə, əlaqə qurmaq üsulu, özünü dərketmə imkanıdır.

 

Bu da tanış dalan,

doğma ocaq,

bağa açılan pəncərə...

Ağaclar, quşlar hələ yuxulu.

Təkcə cırcıramalar

verib ağız-ağıza.

Qaraqulaq itimiz donquldanar...

Gözləyirəm

qonşunun damından

Günəş nə vaxt boylanar?

 

Fəxrəddin Əsədin poetik qrammatikasını səciyyələndirən bir məqam da şeirlərində feli sifətlərin fəallığıdır. Şeirin epitet, metafora yükü feli sifətin boynuna düşür. Hadisələrin, predmentlərin mahiyyətində həm də mütləq gizli bir hərəkətlilik olur.

Fəxrəddin Əsədin şeirlərinin böyük əksəriyyəti (ən azından oxuduqlarım) sərbəst vəzndədi. Son illər Azərbaycan poeziyasında sərbəst şeir sürətlə yayılsa da, etiraf etməliyəm ki, hələ də yadlığı və "sərbəstliyi" ilə ənənəvi oxucuları bir az çəkindirir. Onun sərbəst vəzndə yazılmış şeirlərində isə qafiyəli heca şeirinin havasına girməsi də qeyri-ixtiyarı "sərbəst" misralar arada bir-birini eşitməyə ehtiyac duyur:

 

Atam lal idi

əlləri ilə anladırdı ömrünü.

Dilinin ucundaydı

demək istədiyi söz,

deyə bilmədikləri - gözlərində.

Baxışlardan seçib ayırardı

sözlərin ağını-qarasını.

...Atamı xatırlayıram

qarlı qış günlərində

dəmirçi kürəsinin başında.

Birdən donur uşaqlığım

yaddaşımda...

...Ata! Ata!

O hansı söz idi

qaldı ürəyində?

 

Adətən sərbəst şeir üzrə "ixtisaslaşan" şairlərin heca şeirləri də fərqli və gözlənilməz intonasiyaya, söz düzümünə malik olur. Sanki səs və nəfəs iki vəznin arasında balanslaşır. Bu zaman şairin əsas vəzifəsi intonasiyanı, tembri, ritmi uzlaşdırmasıdır...

Deyirlər, hər şairin xasiyyətinə və xarakterinə uyğun da şeirləri olur. Fəxrəddinin şeir oxuması uzun müddət susmuş adamın qəfil danışması kimiydi. "Sürreal axın"ın sərbəstliyi ilə ənənəvi şeirin nizamlı məntiqi onun şeirlərində rahatlıqla birləşir...

Maraqlıdır ki, Fəxrəddinin sevgi lirikası  əksər hallarda ənənəvi üslubda və nəzm şəkillərində (qoşma, gəraylı) olur. Di gəl ki, sərbəst şeir vərdişi və ustalığı onun bu mətnlərə fərqli hava gətirir, sözlərin sintaktik düzümü də sanki dəyişir. Onun sevgi şeirlərinin ünvanı - "İsmi-pünhandı", xəyallarında yaşatdığı və xatirələrinin toranlığında canlandırdığı, əzizlədiyi obrazdır. Həmin "İsmi-pünhan" ilə dialoqu əslində Fəxrəddinin bitməyən monoloqudur:

Sən mənim uzaq sevdam

hamıdan gizlətdiyim.

Suya həsrət torpağam -

yaz yağışın gözləyən.

 

Fəxrəddin Əsədin öz dili, özünəməxsus poetik lüğəti və simvolik obrazlar sistemi var. Məsələn, şairin çox işlətdiyi pəncərə obrazını götürək. Pəncərə, açar deşiyi və s. obrazlar mifoloji düşüncədə "o dünyanın" simvolik elementidir, dünyalar arasında sərhədi simvolizə edir. Fəxrəddinin baxışları daim ömrün "o tərəfinə" yönəlir. "Bu dünyada" gördüklərini sanki "o dünyaya" proyeksiya edir. Pəncərədən baxan adam isə ancaq ruhları, xəyali obrazları görə bilir:

 

Nar bağı sərçə səsləriylə dolub

barmaqlıq arasından

əl çatacaq qədər yaxın kimisən.

Gecədən yağır qar

xumar-xumar...

Pəncərən röyadamı,

oyaqmı?..

 

Fəxrəddin Əsəd poeziyasında şeirlərin "məna sıxlığını" metaforalar yaradır. Şeirlərin mayası metaforadan "tutulur". Məhz metaforalar, onun xatirə, yuxu dünyasının varlığını şərtləndirir.

 

Dayanmadan xatirələr əsir

axşam yuxusundan öncə.

Pəncərə şüşəsi tərləyib soyuyur

zökəm olmuş otaqda.

Dan yeritək

parlaq qərənfillər

yaddaşı imtahana çəkir;

uşaqlıq xatirələri kirlənməmiş nə yaxşı!

 

Şeir var - mətndəki sözlərə inanırsan. Şeir var, yalnız səslərin havasına inanırsan. Fəxrəddin Əsəd inandığım şairlərdəndir...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!