Rüstəmxanlı ehtişamı - Ağacəfər Həsənli yazır

Söz adamının düşüncə çevrəsi

"Ucalardan uca" Tanrı xəlq elədiyi bəndəsini öncə Sözlə mükafatlandırdı. Bu ilk ödül, şanlı təltif hər şey demək idi. Çünki insanın bütün digər yaranışlarından və canlılarından üstünlüyünün ən bariz ifadəsiydi Söz.

Sabir Rüstəmxanlı Söz Adam, Kitab Adam, Adam Sözdü. Doğrudur ki, "Sabir" sözünün məğzində, məna qatında "səbr kəlməsi" dayanır və bu söz də müqəddəs Allahın adlarından biridir. Sabirin böyük sələfi, adaşı Mirzə Ələkbər Sabir bu adı ağrı çəkə-çəkə ömrü uzunu daşıdı. Səbirsiz məqamında üzünü xalqına tutdu, özünə təsəlli verdi: "qovzama başın cocuğum, səbr elə!" Ancaq səbri çatmadı, cahillik, nadanlıq, xurafat, cəhalət ömrünü 49 ildə parçalayıb çürütdü, ciyərinin al-qanını axıtdı.

Və zəmanəmizdə "Ömür kitabı"nı yazan Sabir Rüstəmxanlı milli-mənəvi borcunu erkən dərk elədi. Əqidə, məslək yolçusuna çevrildi, adaşına oxşadı. qırmızı sovet imperiyasının çiçəkləndiyi dövrdə "səbr" sözünü pıçıldayan Xudu kişi özü də Allah, peyğəmbər adamı idi, içində Tanrı sevgisi vardı. Elə bil çoxuşaqlı ailənin bu yeni övladının adını mərhum atanın dilindən təkcə Hamarkənd sakinləri deyil, bütün ətraf dağlar, təpələr, yamaclar, gədiklər, çaylar, bulaqlar, ağaclar, otlar eşitdi. O adı bütün Azərbaycana səmum ruzigar yaydı, Turan ellərinə mələklər apardı: Sabir... Sabir... Sabir...

Rüstəmxanlının yeni ədəbi düşüncələr kitabını "Özümüzdən böyük SÖZÜMÜZ"ü Qanun nəşriyyatı çap etdirib. Toplu sanballıdır, 700 səhifəyə malikdir və redaktoru Səhər Əhməddir. O, haqlı surətdə kitabı "İkinci "Ömür kitabı" adlandırır və "Özümüzdən SÖZÜMÜZ"ə yazdığı "Prometeyin odu oğurladığı kimi" adlı maraqlı Ön sözün müəllifidir. Mənim şəxsi qənaətimə görə isə məqalələr toplusu "Söz haqqında sözdür". Təfəkküründən, zəkasının işığından qətrə-qətrə, zərrə-zərrə süzülən İlahi söz, sehrli əski söz.

Nağıldan gəldi, qulağı çaldı, ozandan eşitdi, ürəyinə saldı. Ötən 60-cı illər Bakısının yeganə universitetinin filologiyasında təhsil alarkən, bədii sözün şəhdi-şirəsini daddı, müdrik müəllimlərinin - Mir Cəlalın, Bəxtiyar Vahabzadənin, Əli Fəhminin mühazirələrini dinlədi. Xətainin misralarından ilhamlandı:

 

Söz vardır, kəsdirər başı,

Göz də var, kəsər savaşı...

Söz vardır ağulu aşı

Bal ilən edər yağ, bir Söz.

 

Füzuli sözünün ucalığı qarşısında baş əydi, Sabir. "Ver sözə əhya ki, tutduqca səni xabi-əcəl" misrasından diksindi, başının tükü biz-biz oldu. Heyhat, daha səbr etmək vaxtı ötmüşdü, Füzuli beyt-beyt onu əsir-yesirinə çevirmişdi, vücudunu lərzəyə gətirmişdi.

 

Söz candır, bilirsə əgər insan,

Sözdür ki, deyirlər, özgədir can!

 

Müasiri Əli Kərim isə "ceyran belinə çıxmış söz"ü bir köynək doğmalaşdırdı və yaxınlaşdırdı. Söz ifasında yumşaldı, muma döndü, poetik mətn coşqun sözün kürlüyünü yatırtdı, onu qəlibə salmaqla qüdrətə mindirdi, ali məqama çatdırdı:

 

Neçə gündür yazmamışam,

Sözlər qaçıb dağa, düzə.

Baxımsızlıq olan zaman

Söz özü də baxmır sözə.

 

Beləcə, Sabir Xudu oğlu "Vətən" şeirini yazdı, sözünün çevrəsi genişləndi, əhatə dairəsi bərkidi, Söz daha yarasına duz basmadı, onu ovutdu, göyə qaldırdı. Və Sabir Rüstəmxanlının ağır-çətin Hadi yolu, məşəqqətli Cavid yolu, Mirzə Cəlil yolu başlandı. Bu həqiqət yolundan nə sapdı, nə də bir addım kənara atdı.

Sabir Rüstəmxanlı "Özümüzdən böyük Sözümüz"ü şərti surətdə üç bölümə ayırıb: 1. Dil, ədəbiyyat və cəmiyyət. 2. Yazıçının özü və sözü (ədəbi portretlər). 3. Sərhədlərdən o yana. Hər üç bölüm üzvi surətdə bağlanır, bir  alim-şair, ictimai-siyasi xadim, ziyalı obrazını formalaşdırır və tamamlayır. Geniş erudisiyalı müəllif nədən söhbət açır-açsın, kimdən danışır-danışsın, sonda yenə özüdü və rəngarəng sözüdü. Sabir sözlə nəfəs alır, sözlə silahlanır, ona görə bütün söz mücadilələrində qalib çıxır, zəfər qazanır. Elə bu kitabda toplanan məqalə və esselər, təqdimatlar portret cizgiləri, düşüncələr, xatirələr, ustadnamələr, rəylər, oçerklər 4-5 ilin deyil, bütöv ömrünün hekayətləridir, bitkin həyatının etüdləridir.

Bəs 77 yaşlı Sabir Rüstəmxanlı sözünün qüdrəti nədədir? Bu sualı hər hansı auditoriyaya və ya konkret şəxsə ünvanlasan, yekun cavabı bircə kəlməylə ifadə olunur: Cəsarətində. Bəli, Rüstəmxanlı sözü dəbdəbəli pafosdan, mənasız ritorikadan, məntiqsiz hay-küydən uzaqdır. Bu Söz istər bədii işlənsin, istərsə də, qeyri-bədii... Dərhal sezirsən ki, cəsur, qorxmaz aydının sözüdü. Mən 1980-ci ildə Azərbaycan Yazıçılar İttifaqının (Birliyinin) qurultayında cənab Heydər Əliyevin heyran-heyran Sabir Rüstəmxanlının milli dilin qorunması haqda etdiyi məruzəyə qulaq asdığının şahidiyəm. Halbuki həmin qurultayın rəsmi hissəsi rus dilində baş tutmuşdu, qorxulu idi indi milli dil məsələsini ortaya atmaq, rus dilində alternativ yaratmaq. O zaman hamı Sabiri alqışladı, ən çox da biz gənclər dayanmadan...

Müxtəlif "Dilimiz və taleyimiz" adlı qiymətli publisistik qeydlərini də "zastoy" (durğunluq) dövründə - 1985-ci ildə qələmə alıb. Yazıda qaldırılan mühüm, ciddi problem diqqət çəkir və rus dilinin Azərbaycan dilini sıxışdırdığı etiraf olunur. "Bir sıra yer, müəssisə, idarə, yaşayış məntəqələrinin adlarındakı ikivariantlılığa son qoyulmalıdır". Məsələn, "Sahil" qəsəbəsinin - "Primorsk", "Neft daşlarının - "Neftənie kamni", "Qızıl Şərq"" mətbəəsinin - "Krasnıy Vostok" kimi tərcümə olunması düz deyil. Bu təcrübə qəbul olunsa, onda biz gərək Novqorod,  Nyu-York, Los Ancelos və s. bu kimi şəhər adlarını dilimizə çevirək. Halbuki buna heç bir ehtiyac yoxdur: Sabir müəllimin fikirlərindəki məntiq hər kəsi, ilk növbədə, bizi istəməyən, ana dilinə xor baxan manqurtları həmişə susdurub, yerində otuzdurub.

Məmləkətinin kiçikliyindən-böyüklüyündən asılı olmayaraq hər bir xalqın varlığı, mənəvi dəyəri, gücü-qüdrəti diliylə ölçülür. Bu cəhətdən, Azərbaycan xalqı xoşbəxtdir, çünki nəhəng dil sərvətinə malikdir. Bəxtiyar Vahabzadənin "Ana dili"  şeirilə yanaşı, Şəhriyarın, Sabir Rüstəmxanlının Azərbaycan türkcəsinə həsr etdikləri poeziya nümunələri təqdirəlayiqdir. Bu cür təbii poetik parçalar dərsliklərə salınmalı, millətin hafizəsinə, yaddaşına köçürülməlidir. Yeri gəlmişkən, qardaş Türkiyənin Tarsus şəhərində bir maraqlı təcrübənin şahidi oldum. Küçələrin işıq gur yanan yerlərində klassik ozanların, şairlərin şah beytləri reklam lövhələrində bərq vurur, oxunur, diqqət çəkirdi. Hətta Məhəmməd Füzulinin də iki misrasına rast gəldim, heyrətimi gizlədə bilmədim, təsadüfən mindiyim arabanı saxlatdırdım, dönə-dönə həmin beytə gözlərimi zillədim. Təəssüf, Xaqanisi, Nizamisi, Xətib Təbrizisi, Nəsimisi, Füzulisi, Sabiri, Cavidi, Müşfiqi, Səməd Vurğunu, Rəsul Rzası, Nəbi Xəzrisi, Məmməd Arazı... olan xalqın belə təbliğat təcrübələri yoxdur. Bakıda əcaib-qəraib əcnəbi adlar isə ikrah doğurur.

"Cavid imtahanından kəsilənlər", "Dilin görünüşü - millətin görünüşüdür", "Dilimiz - diriliyimiz", "Ana dilimizə münasibətin arxasında nə dayanır?", "Dilə sayğı milli-əxlaq göstəricisidir", "Mədəniyyətimizə baxışımız", "Dilimizə və ədəbiyyatımıza münasibət", "Şerimizin dili", "Ədəbiyyatımız azadlıq yollarında", "Məktubların dili", "Ədəbi gəncliyin bahar nəfəsi", "Söz və qılıncın birliyi", "Milli intibah nədən başlanır?" və s. başlıq altında gedən publisistikasında Sabir Rüstəmxanlı qəlb yanğısı ilə milli-mənəvi dəyərlərimizi şərh edir. Ədəbi və şifahi dilimizin gözəlliklərini ayrıca baxış bucağından keçirir, "Azərbaycan dili bəsitdir, bu dildə söz ehtiyatı azdır" hərcayi ağız büzənlərin cavabını faktlarla verir, mənbə göstərir: "Ədəbi dil üçün yeni söz donorlarından və ya dağarcıqlarından biri ana dilinin özüdür: folklor, qədim ədəbiyyatımız, dialektlər və bugünkü Azərbaycan Respublikası ərazisindən kənarda qalmış tarixi coğrafiyamızın və soydaşlarımızın hələ ədəbi dil axarına qoşulmamış danışıq dili... (Yəni, Güney Azərbaycan, Quzey İraq, Quzey Suriya, Doğu Anadolu, Borçalı və Dərbənd ləhcələri)". Əlbəttə, qədim tariximizdən xəbərdar olanlar bilməmiş deyillər ki, adları sadalanan ərazilərdə Azərbaycan türkləri yaşamış və əski dillərini qoruyub saxlamışlar. Məsələn, indi Hələb və ya Kərkük türkünün danışığında elə söz və ifadələr var, bizdə, ya sıradan çıxıb, arxaikləşib, ya da unudulub, hafizələrdən tamam silinib, izi-tozu qalmayıb. Məhz dilçilərin, yazıçıların borcu o köhnə kəlmələrə təzə can-qan, ruh verməkdir, qayıtsın, Azərbaycan türkcəsi bu hesaba halalca zənginləşsin, tərəqqisini tapsın.

"Ədəbiyyat, siyasət və milli hədəflərimiz" oçerklərində Sabir bəy həyəcanla "biz özümüzü itirmək, mənəvi aşınma qorxusu altındayıq" təbilini çalır. Əlbəttə, yazı elə vaxtda qələmə alınıb ki, məfkurəmizdə, mədəniyyətimizdə, eləcə Azərbaycan insanının həyatında bir yadlaşma, başqalaşma, özündən-sözündən, milli varlığından uzaqlaşma mərhələsi başlamışdı. Belə məqamda "balıqçını gətirib teatr direktoru və ya ideoloji sahədə" bir vəzifə başına qoysan, sabah dramaturq olacaq. "Burda Cavidlə Cabbarlının goru çatlamasın, neyləsin?" Rus dilində məktəblərin sayının respublikada günbəgün artması milli kadrların peşə hazırlığını heçə endirir, peşəkarlığına şübhə oyadırdı. Rüstəmxanlının sovet dönəmində bu açıq etirazı və etirafı "yuxarılar"da sərt qarşılanırdı, amma yazıçının nüfuzu və cəsarəti ən məxfi orqanı belə susmağa vadar edirdi.

Görkəmli sənətkar "Yazıçının Özü və Sözü" bəhsini ədəbi portretlər, ümumi başlıqlar altında birləşdirib. Burada müxtəlif poetik ricətlərlə, bədii-publisistik detallarla, ayrı-ayrı məxsusi cizgilərlə kimlərin portreti Sözlə çəkilməyib? Müəllif haqlı olaraq, Xalq yazıçısı Süleyman Rəhimov haqqındakı yazını "Zirvələrimizdən biri" adlandırır və bölmə bu bədii oçerklə açılır. Nəsrimizdə "Şamo" və "Saçlı" romanları ilə heyrət doğuran ədəbii dilimizi xeyli folklor dilinə yaxınlaşdıran, təzə söz və ifadələrlə zənginləşdirən nəhəng yazıçını, ağsaqqal həyat adamını yüksək dəyərləndirir. Təsirli lövhələrlə oğlu Şamonun ürək dağlayan faciəsindən bəhs edir, talantlı alimliyi ilə bərabər şairliyi haqda söz açır, hətta 60-cı illərin ortalarında tələbəykən "Ədəbiyyat və incəsənət" qəzetində (o zaman baş redaktor Hüseyn Abbaszadə idi) istedadlı Şamonun "Ayrılıq" adlı şeir kitabına resensiya yazdığını diqqətə çatdırır. Eyni zamanda "Poeziyanın qüdrəti" Süleyman Rüstəmə, "Ölkədən-ölkəyə, ürəkdən-ürəyə bağlantı" Rəsul Rzaya, "Böyük müəllim" Mir Cəlala, "Əli Qaraoğlu" Əli Vəliyevə, "Bütövlüyümüzün tərənnümçüsü" Balaş Azəroğluya, "Mənəviyyatımızın güzgülərindən biri" İsmayıl Şıxlıya, "Özümüzdən böyük sözümüz" İlyas Əfəndiyevə, "Ürəyin və qələmin yorulmasın" Hüseyn Abbaszadəyə, "Mərdanəlik və zəriflik poeziyası" Nəbi Xəzriyə, "Azadlığa içilən and" Söhrab Tahirə, "Dincə qoyulmayan torpaq" Qabilə, "İsa Muğanna" İsa Hüseynova, "Sabir Əhmədlinin evi" Sabir Əhmədliyə, "Vətən daşlarının vətəndaşlıq nəğməsi" Məmməd Araza, "Xəlil Rza haqqında" Xəlil Rza Ulutürkə, "Genişlənən üfüqlər" Fikrət Qocanın yaradıcılığına və şəxsiyyətinə güzgü tutub.

Ustadı və mənəvi müəllimi adlandırdığı Mirzə İbrahimov barədə kitabda bir neçə məqalə yer alıb: ilk növbədə, "Mirzə İbrahimovun ürəyimdəki portreti" oçerki orijinallığı və dilin şirinliyi baxımından oxucuda rəğbət doğurur. Sabir Rüstəmxanlı etiraf edir ki, Mirzə müəllimin "Gələcək gün" romanı, ərsəyə gətirdiyi "Ömür kitabı"na ciddi təsir göstərib. O, səmimi paralellər aparır, cənubda gedən milli-azadlıq hərəkatının liderlərinin acı aqibətindən detallar, misallar çəkir, bizim Azərbaycandakı Bakı hadisələri ilə (90-cı illər) müqayisə edir. "Ürəklərdə közərən ocaqlar" məqaləsi janr etibarıilə ədəbi tənqidə aiddir, 1967-ci ildə qələmə alınıb. Sabir bəy bu mühüm qeydlərində həm akademik Mirzə İbrahimovun elmi və ictimai-siyasi fəaliyyətinin əsas məqamlarına, həm də "Gələcək gün" romanının təhlilinə işıq salır.

"Millətin əsəb nöqtəsi", "Bəxtiyar Vahabzadənin anadan olmasının 77 illiyinə", "Bəxtiyar Vahabzadə ölməzliyi" kimi al-əlvan səpkili qeydlərində müəllif bir tərəfdən böyük şairə səmimi məhəbbətini ifadə edir, digər tərəfdən, Bəxtiyar sənət fədaisinin əzəmətini, böyüklüyünü nəzərə çarpdırır: "Əsl şairləri Ali İdeallar idarə edir, onlar Böyük həqiqətlərə tapınır və Böyük Ruhun pıçıltılarını yazırlar. Buna görə də təzyiqlərin, iftira və ölümün onlar üçün, əslində elə ciddi bir əhəmiyyəti yoxdur. Tapındıqları ideallar üçün dostu da, yoldaşı da, sevgilini də, lazım gələndə, vətəni də əvəz edir". Görkəmli sirdaşı və həmkarı barədə Rüstəmxanlının bu fikirlərinin arxasında nəyin dayandığı həssas oxucusuna əyandır. Ötən 60-70-ci illərdə Vahabzadəyə edilən hücumlar, SSRİ DTK-sı tərəfindən "Gülüstan" poemasına görə şairə edilən təzyiqlər, onun, hətta tutulma ehtimalı hər kəsə məlumdur. Ancaq Bəxtiyar Vahabzadə dəyanəti, Bəxtiyar Vahabzadə səbri və təmkini dövrün doğurduğu keşməkeşlərə, atüstü mücadilələrə üstün gəldi. Nəhayət, Bəxtiyar müəllim Azərbaycan Respublikasının müstəqilliyini gördü, sosializmin böhranına, tam iflasına, çöküşünə tamaşa qıldı...

Sabir Rüstəmxanlı odlu-alovlu, "nəfəsindən şimşək çaxan" Xəlil Rzanı təqdim edərkən, ilk gənclik illərini, tələbəliyini yada salır və Bakının poeziya axşamlarının birində şairlə tanışlığının xoş təəssüratlarından söz açır: "Şair kimi onu orta məktəb illərindən, dostu, Azərbaycanın bütövlük nəğməkarlarından olan, İranda yaşayan qardaşlarımızın taleyini bizə həm şeiri ilə, həm də qiymətli zamanları ilə göstərən Söhrab Tahirə həsr etdiyi "Tikanlı məftillərlə sarınmış yaralar" poemasıyla tanımışdım: "Azərbaycan gəncləri" qəzetində çap edilmiş poemanın ayrı-ayrı parçaları dilimizdən düşmür və dağların o üzündə yaşayan qardaşlarımızın və bütöv millətimizin taleyi ilə bağlı böyük ümidlərimizi körükləyirdi: "Beləliklə, xalqının azadlığı uğrunda canını fəda edən, səksəninci illərin sonlarında "Meydan hərəkatına qoşulan istiqlal carçısı kimi Moskvanın Lefertovo həbsxanasında yatan,  övladı Təbriz Xəlilbəylini erməni qəsbkarlarına qarşı müharibə cəbhəsinə göndərən Xəlil Rza Ulutürk qarşımızda simvolik nağıl qəhrəmanıtək canlanır.

 

Qırx il öz kəfənini boğazında daşıdın,

Sinəni səngər etdin, səngərində yaşadın.

Sən uzaq dost deyildin, qanıbir qardaş idin,

Masası ocaq daşı, yol daşı, Xəlil Rza,

Nəsiminin, Cavidin yoldaşı Xəlil Rza.

 

Bu "çağırış" dolu misralar Sabir Rüstəmxanlının Xəlil bəyə yazdığı məşhur şeirinin ilk bəndidir.

"Mənəvi varislik", "Anar sözündə həmişə gəncdir", "Köhnəlməz soru: biz kimik və nə istəyirik", "Dərdlərimizin varisi" məqalələri xalq yazıçısı Anara həsr olunub və ayrı-ayrı mətbuat orqanlarında işıq üzü görüb. "Əsas məsələ - mənəvi varislikdir", - deyə prinsipinə sadiq qalan müəllif dörd bədii-publisistik oçerkin hər birində Anarın şəxsiyyətinin yaradıcılığı ilə tən olduğunu, bütövlüyünü vurğulayır. Yəni, Anarı oxuyanda "Dədə Qorqud dünyası"na çıxırıq. "Anlamaq dərdi" bizə "Molla Nəsrəddin-66"nı, "Ağ liman"ı, "Əlaqə"ni, "Sizsiz"i, "Macal"ı, "Dantenin yubileyi"ni, "Gürcü familiyası"nı, "Yaxşı padşahın nağılı"nı, "Ağ qoç və qara qoç"u, "Beşmərtəbəli evin altıncı mərtəbəsi"ni, "Şəhərin yay günləri"ni xatırladır. Fenomenal yaddaşa, İlahi məhsuldarlığa, işgüzarlığa malik Anar müəllim, həqiqətən, canlı klassikdir, bir örnək və məktəbdir. Müəllif haqlı surətdə, "Anarın ağrısını ictimai ağrı" adlandırır və bu müdrik insanı təkcə Azərbaycanın deyil, bütün türk dünyasının fəxri, qürur mənbəyi hesab edir.

Bəli, doğru məntiqdir: "Anarı qananlar anar".

Kitabda Sabir Rüstəmxanlı yaşıdlarını da unutmayıb. Ədiblə eyni vaxtda ədəbiyyata gələn istedadlı yazıçı və şairlərin yaradıcılıqları barədə müfəssəl, yığcam rəy və resenziyalar toplunu daha maraqlı və səmimi edir. "Külək aparır sözümü" oçerki "şeirləri də boyu bərabərliyində" olan, erkən dünyasını dəyişmiş Nüsrət Kəsəmənli barədədir. "Söz sevgisi və ləyaqətli ömür yolu" şair dostu Çingiz Əlioğluya həsr olunub. "Şuşadan sonra içirəm" (Aydın Məmmədov), "Mənəvi ucalıq", "Milli taleyə qarışan ömür" (Hidayət Orucov), "Sözün səxavəti" (Seyran Səxavət), "Şair dostum Tofiq Hüseynə", "Zəlimxanın xatirəsinə", "Şeirin Vaqif Bayatlı Odər ölçüləri", "Naxçıvanda ucalan söz və fikir zirvəsi" (İsa Həbibbəyli), "Azad adam" (Eldar Baxış) qeyd və yubiley şərhlərində səmimiyyət, ömrünü-gününü sənətə fəda edənlərin ziddiyyətli, özünəməxsus xarakterləri ön plana çəkilir, dünyalarını dəyişənlərin ədəbi mühitdə yeri, halal ünvanı göstərilir.

Sabir Rüstəmxanlı sanballı töhfəsində nəsrimizdə, şeirimizdə xidməti olan heç kəsi yaddan çıxarmır. Həyata erkən vida deyən Fərman Kərimzadə, folklorumuzun, aşıq şeirimizin bilicisi Məmməd Aslan, uzun müddət Türkiyədə  universitetlərdə çalışan Məmməd İsmayıl, gözəl şair Fikrət Sadıq, Xalq yazıçısı Elçin, mərhum Sabir Əhmədli, Qarabağın azadlğını görmədən dünyadan köçən, nisgilli İsi Məlikzadə, eləcə də Zirəddin Qafarlı, Elçin Hüseynbəyli, Cəmil Həsənli kimi parlaq imzalar "Özümüzdən böyük Sözümüz"ün real qəhrəmanlarıdır.

Kitabın üçüncü bölümü: "Sərhədlərdən o yana". Məlum olduğu kimi, Sabir Rüstəmxanlı uzun illərdir ki, mədəniyyətimiz və sənətimiz naminə xariqələr yaradır, Azərbaycanın söz sərvətini özü demişkən, "sərhədlərdən o yana" - xarici ölkələrə aparır, təbliğ, təşviq edir. Əlaqələr qurur, qardaş xalqların incilərini dilimizə çevirir, oxuculara çatdırır.

Düzdür, Sabir müəllim əsas üstünlüyü türkdilli xalqların mədəniyyətlərinə yönəldir. Bu inteqrasiyanı, zəruri yanaşmanı tarixi şans sayır. Axı, SSRİ imperiyasının tərkibində dırnaqarası "müstəqil" respublikalarla (ilk növbədə, Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan) yanaşı, tatarlar, başqırdlar, tuvinlər, qaqauzlar, nanaylar, şorlar, xakaslar, uyğurlar, qaraqalpaqlar, qədim altaylar da yaşamış, öz milli ədəbiyyatlarını yaratmışlar. Şairin qələminin məhsulu sayılan bu cür nümunələr də təkcə tərcümeyi-hal xarakterli bioqrafik məlumatlardan ibarət deyil, geniş bilgi verən faktlara söykənir.

Adam Mitkeviç adlı polyak şairini Azərbaycan oxucularına tanıtdırmaq üçün Sabir bəy onu öz zəmanəsinin oğlu adlandırır və bizim Mirzə Ələkbər Sabirlə müqayisə edir. Həqiqətən, tale, aqibət yaxınlığının milli mənsubiyyətə az dəxli var. Müəllifin təbirincə, Nizami, Füzuli və Nəsimi Azərbaycan ədəbiyyatı üçün nə deməkdirsə, Adam Mitkeviç də Polşa mədəniyyəti üçün eyni mahiyyət daşıyan ədəbi simadır. Maksim Qorki öz zəmanəsində Mitkeviçi xalq ruhunun böyük nəğməkarı adlandırır, onu Puşkin və Taras Şevçenko ilə birgə slavyandilli ədəbiyyatların ən fərəhli hadisəsi sayır. Böyük polyak ədibi "Krım sonetləri"  nəğmələrini Şərq söz sərraflarının əsərlərindən təsirlənərək yazdığını fəxarətlə söyləyirdi...

Çingiz Aytmatov mifi isə 60 ildən yuxarıdır ki, bütün dünyanı dolaşır. Qırğız oğlunun adı Şərqdən çıxır, Qərbə yayılır, okeanın o üzünə - Amerikaya keçir, qitələri dolaşır. Vaxtilə "Cəmilə" və "Əlvida, Gülsarı" povestlərilə SSRİ səmasında parlayan Çingizin az sonra bütün dünya dillərinə nəsr əsərləri tərcümə olundu, bəşər mədəniyyətinə məxsusluğunu təsdiqlədi. Sabir Rüstəmxanlı yazır ki, bu qıyıqgözlü oğlan Qırğızıstanın Şəkər qalasında dünyaya göz açdı. Ancaq "Manas" dastanından (yeri gəlmişkən, bu qırğız eposu şair-tərcüməçi Adil Cəmil tərəfindən uğurla Azərbaycan dilinə çevrilmişdir), Ana Maraldan, Tanrı dağının (Tyan-şan) qutsal ruhundan, qaraqırğız çöllərinin kədərindən doğdu: Nəhəng yazıçıya həsr olunan "Qırğızıstanın dünyaya ən böyük hədiyyəsi"oçerkində diqqətçəkən məqamlar, Çingizsayağı epizodlar o qədər bol və çeşid-çeşiddir ki, elə bil, dünya şöhrətli ədiblə üzbəüz oturmusan, munis qırğız nağıllarına qulaq asırsan, İssikkulun, Alatau dağının sərin mehi ruhunu oxşayır. Sabir bəy bir türk oğlu kimi Çingiz Aytmatovu ən yüksək pilləyə qaldırır, onunla hər görüşünü həyatında mühüm hadisə hesab edir, faydalandığını, öyrəndiyini dönə-dönə dilinə gətirir, əsərlərinin Azərbaycan türkcəsinə uğurla çevrildiyini gizlətmir, adlarını sadalayır: "Əsrə bərabər gün", "Ağ gəmi", "Dar ağacı", "Dəniz kənarıyla qaçan Alabaş", "Ana tarla", "Kassandra damğası" və s. və i.a.

"Özümüzdən böyük Sözümüz" bir fəlsəfi-estetik, elmi-nəzəri səviyyəsi yüksək sənət toplusudur. Qeydlərimizin başlanğıcında da göstərdiyimiz kimi, Söz haqqında Sözdür, bu kitab. Nəhəng ictimai-siyasət, sənət adamının Azərbaycandan boylanan baxışıdır, fikridir, zəkasının işığıdır - Sabir Rüstəmxanlı işığı.

Bir də "Özümüzdən böyük Sözümüz" - o taylı, bu taylı Azərbaycanın Araz fəryadıdır, içimizin ana laylasıdır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!