Burdan - Azərbaycan ədəbiyyatından min atlı keçdi. Min atlı da keçməkdə davam edir. O çaparların birindən - ağır yüklü, ağır gərdişli, batman yerişli, sözü də, özü də bütöv, kəsərli, adı adlar, odu odlar siyahısında, doğru yolda, haqq yolunda addımlayan, insanlara haqqı göstərən, insanları haqqa səsləyən - Hidayətdən söz açacağam.
Düz 22 il əvvəl əziz dostumun "Ömrümün çəhlimləri" adlı şeirlər kitabını oxuyandan sonra öz təəssüratlarımı "Yollara qovuşan çəhlimlər" başlığı altındakı məqaləmdə bölüşmüşdüm. Orda belə bir cümlə var idi: "Səhərin alatoranında otların, çiçəklərin üstünə almaz kimi parıldayan şeh damcıları düzülür. Sən də bu şehli biçənəklərdə gəzirsən, otların, çiçəklərin üstündəki damcıları istər-istəməz, yerə səpələyirsən, ayaqların, şalvarının balağı şehə, suya batır. Hələ səhər-səhər heç kəsin addım atmadığı otlaqda çəhlim, iz salırsan". Onda mən Hidayətin saldığı çəhlimdən söz açmış, onun iziylə gedənləri, getmək istəyənləri Hidayət yaradıcılığının dərinliyinə səsləmişdim. Bu günlərdə dostumun ədəbi yaradıcılığını yenidən varaqladım, onun yeni-yeni çəhlimlərinin şəhdinə büründüm. Və bir daha əmin oldum ki, Hidayət öz yolunu hələ çox gənc yaşlarından seçib, ayırıb, kol-kosdan təmizləməyə başlayıb. Onun 19 yaşında, universitetin elə ilk illərində yazdığı bir şeirə diqqət edək:
Biri köhnə yolları
Köhnə arabasıyla
Başa vurmaq istədi -
Uğur! - dedilər.
Biri sıldırım qayaları
Qəlpə-qəlpə qoparıb,
Özünə bir yol açdı,
Cığır dedilər!
Təkcə bu misralar 19 yaşlı bir gəncin həyata baxışının, müşahidə gücünün, təfəkkür qüdrətinin, həyatın alt yapısına enmək bacarığının inikasıdır. Hidayət hələ gənc yaşlarından ağla-qaranı, halalla-haramı, yaxşıyla-pisi seçməyi bacarıb və özü-özünə pıçıldayıb ki, "Hidayət, gedilmiş yolla getmə, özünün yolun, izin, cığırın olsun". 19 yaşlı bir gənc onu da yaxşı bilirdi ki, başqasının cığırıyla addımlayanlar uğura daha tez çatır, nəinki sıldırım qayaları qəlpə-qəlpə qoparıb özünə yol açanlar...
Aylar, illər ötüşdü, Hidayət heç kəsin saldığı yolla addımlamadı, özünə yol açdı, bu yolda qayaları, dağları dırnaqlarıyla yararaq uğurun yolunu tapdı, dünyanı salamladı:
Salam, dünya!
Sinən üstdən ötənlərdən
Kimlər köhnə yollarınla
səssiz-ünsüz yeriyiblər,
kimlər təzə yollar açıb, cığır salıb?
- dedi və yalnız öz yoluna inandı.
Gəlin, onun keçdiyi yollara bir daha nəzər salaq: Hidayət Orucov bizdən ağac-ağac uzaqda doğuldu - Qərbi Azərbaycanın Meğri obasının Maralzəmi kəndində. Ancaq qəlbi, ruhu, saleh əməlləri, torpağına, dilinə, dininə bağlılığı bizə bizdən yaxın oldu. Başqa respublikada, başqa dildə danışanlar arasında təhsilə yiyələnsə də, öz dilinə, ədəbiyyatına, mədəniyyətinə olan vurğunluğu onu Bakı Dövlət Universitetinin filologiya fakültəsinə gətirdi. Oxudu, ali təhsilə yiyələndi, Azərbaycan dilini sevə-sevə şagirdlərinə öyrətdi, mətbu orqanlarda öz dilinin şirinliyini oxucularına daddırdı. Bütün bunlarla da yetinmədi, Azərbaycan mədəniyyətini, adət-ənənəsini, dilinin lətafətini dünyaya göstərmək üçün yazdı-yaratdı, müxtəlif vəzifələrdə çalışdı - Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik etdi, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX-XX əsr Azərbaycan ədəbiyyatından dərs dedi, azərbaycanlı şairlərin, yazıçıların kitablarının nəşrində böyük işlər gördü, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru oldu, sonra Bakı şəhərinə köçdü və uzun müddət "Gənclik" nəşriyyatında əvvəlcə baş redaktorun müavini, sonra isə baş redaktor kimi fəaliyyət göstərdi, Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri, Azərbaycan Respublikası Milli siyasət məsələləri üzrə Dövlət müşaviri, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrində çalışdı.
Bu gün Hidayət Orucovdan söz düşəndə bəzilərimiz ona dövlət xadimi, diplomat, bəzilərimiz şair-dramaturq, tərcüməçi, publisist deyirik. Bəli, sanki bir bədəndə iki ayrı-ayrı ruh yaşayır. Onun biri məntiq, diqqət, məsuliyyət, soyuqqanlılıq tələb edən siyasətçi, o biri isə hadisələrə ürəyinin gözüylə baxan, Məcnun sevdalı, Fərhad külünglü, Kərəm yanğılı ozan, şair, söz adamı, dəli-dolu Koroğludur.
Hidayət ruhundakı dəli-doluluq Azərbaycan müstəqil olandan sonra müstəqillik qazanmamışdır. O, hələ sovetin qılıncının hər iki tərəfinin kəsdiyi dönəmlərdən sözünü deməyi, yuxarılarla (Moskva ilə, Kreml ilə) mücadiləyə qalxmağı bacarırdı. Bu fikrimə də örnək gətirim: 1983-cü ildə 34 nəfər erməniyə rəhbərlik edən azərbaycanlı şair - Hidayət ta Ağrı dağın ətəklərindən Çexoslovakiyaya səyahətə çıxır.
Dəstəmiz İrəvan dəstəsi idi,
Sevilən, tanınan sənətkarlardı.
Dəstədə otuz dörd erməni vardı,
Yalnız bir şairdi - azərbaycanlı.
Onu da qeyd edim ki, örnəyim olan bu şeir hələ 22 il əvvəl də mənim diqqətimi çəkmişdir. Bu gün yenidən bu misralara dönməyim Hidayət poeziyasının heç vaxt solmadığının, illər keçsə də, öz aktuallığını itirmədiyinin sübutudur: O bircə nəfər azərbaycanlı - Hidayət Orucov otuz dörd nəfər erməniyə Azərbaycan xalqının böyüklüyündən, mərdliyindən, döyüşkənliyindən sevə-sevə söz açır və Böyük Vətən müharibəsindəki (1941-1945) qələbədə Azərbaycanın həm arxa cəbhədə, həm də ön cəbhədə göstərdiyi şücaətdən danışır.
O el Od yurdudur, üfüqləri qan,
Heç zaman bağçası, gülü solmayıb.
Ulu tarix boyu Azərbaycandan
Hələ bircə nəfər satqın olmayıb!
- deyir.
Ali Baş Komandan, dünya liderləri sırasında öz yolu, öz çəhlimi olan İlham Əliyev iki yüz ildən artıqdır müxtəlif ölkələr tərəfindən işğallara məruz qalmış bir diyarın, Azərbaycanın müqəddəs torpaqları uğrunda Haqq savaşına qalxdı. Onun bircə çağırışına Azərbaycan oğulları sıralandı, boy-boy döyüşə yollandı. Biz haqq savaşından - Azərbaycan Vətən müharibəsindən üzüağ çıxandan sonra təkcə itirilmiş torpaqlarımızı deyil, əsrlərdir alnımızda möhürlənən ləkəni təmizlədik, dilimizi, dinimizi, ədəbiyyatımızı, tariximizi, mədəniyyətimizi işğaldan azad etdik. Və Hidayətin düz qırx il bundan əvvəlki ümidini "Ulu tarix boyu Azərbaycandan // Hələ bircə nəfər satqın olmayıb!" doğruldan Ali Baş Komandanımız xalqa qələbə müjdəsini çatdıranda belə bir ifadə işlətdi: "Biz 44 gün ərzində döyüş meydanında Azərbaycan xalqının gücünü və yüksək mənəvi keyfiyyətlərini göstərmişdik. Bir nəfər də olsun bizim ordumuzdan qaçan olmamışdır". Uzaqgörən, xalqının İlham oğullarına, ilhamlı oğullarına güvənən Hidayət düz qırx il əvvəl bu günü görərək yazırdı:
...fərəhimdən gözlərim doldu,
Əzəldən sevincçün bir az dəliyəm.
Dedim, mən o xalqın bir kiçik oğlu,
Kövrək misrasını yazan əliyəm.
Şairin ömür yoluna nəzər salanda görürük ki, o, dünyanın yarısından çoxunu dolaşıb, müasir şəhərlər, qədim elatlar, əsrarəngiz gözəlliklər, sonugəlməz mənzərələr, dibsiz göllər, dənizlər görüb. Ancaq harda olursa-olsun, vətən deyib, bütün gözəllikləri vətəniylə müqayisə edib, bütün gözəlliklərin üstündən vətənə boylanıb,
Qədim Avropanın mərkəz nöqtəsi,
Burdan boylanıram təpəyə, dikə.
Qoca Savalanın uca zirvəsi
Üfüqlər dalından görünə, bəlkə...
Vətən üçün qəribsəyib, vətənə məktub yazıb, qürbətdən də Vətən umub:
Vətən yada düşür,
Söz qucaq-qucaq,
Şərqisi köklənib kaman, tar üstə.
İstəsən, qolunu burda geniş aç,
Qürbətdən də bir az sən Vətən istə!
Hidayət təkcə vətəninin dağını, daşını, torpağını, ağaclarını deyil, insanlarını da eyni dillə, eyni nəvazişlə əzizləyir, sevir. Hidayətə görə dünyanın bütün gözəl, saf, bakirə qızları Azərbaycan qızlarıdır, yaxud da Azərbaycan qızlarına bənzəyən qızlardır.
Balatonda bir qız gördüm,
Dağ qızına oxşayırdı.
Dodağında ot saplağı,
Saçlarında səhər mehi,
Gözlərində qara gilə...
Yeri-göyü dalğaları,
Çiçəkləri, ağacları
İlk sevgitək oxşayırdı.
Poeziya Hidayət ömrünün yol yoldaşı, yaradıcılıq atributudur. Yer kürəsi Ayın, Ay Günəşin başına dolandığı kimi dolanıb şeirin başına. Pərvanə Şəmin, Kərəm Əslinin, Janna arzularının oduna yandığı kimi yanıb şeirin oduna. Bu dolanmalar, bu yanmalar Hidayəti heç vaxt bezdirməyib, usandırmayıb, onu xoşbəxtliyə səsləyib. Və şair şeirinin vüsalında tapıb xoşbəxtliyini. Heraklitə görə xoşbəxtlik düşünməkdə və təbiəti eşidib, ona uyğun davranmaq və danışmaqda idi, Levkippə görə xoşbəxtlik gözəllikdən həzz almaqda idi, Demokrit yazırdı: "Az ilə kifayətlənən xoşbəxt adamdır; əsl sərvət var-dövlət yox, ürəkdir", Sokrat xoşbəxtliyi insanın xeyirxah əməllərində görürdü... Hidayətə görə isə, xoşbəxtlik bütün ali keyfiyyətləri özündə ehtiva edən poeziyadır:
Əvvəli - yox,
Sonu - bitməz bir nəğməyəm.
Əsrlərdən-əsrlərə addımlayan təranəyəm.
Al günəşin nəhəngliyi
On dörd günlük büllur ayın şöləsiyəm,
Çinarların,
Çəmənlərin,
Çiçəklərin
Mən yaşamaq həvəsiyəm.
Bu dünyaya şeirlə - laylayla gələn şair bu fani dünyadan köçəndə, əbədiyyətə yol alanda da (Allah Hidayətə söz ömrü, şeir ömrü versin! - M.Ə.) sadiq, vəfalı dostu, könül yarı şeirlə uğurlanmaq arzusundadır:
Ən gözəl şeirlər ilk yaz çəməni,
Hər gün o çəməndə dinləyin, məni.
Laylayla beşikdə böyüdün, dostlar,
Dünyadan şeirlə götürün məni,
- deyir.
Hidayətin poeziyasında - qoşmalarında, laylalarında, bayatılarında yer alan təbiət mövzusu, mənzərə təsviri, tərənnümlər də özünəməxsus bir dildə, biçimdədir. Gəlin, biz də Hidayətin gözləri ilə əzəmətli dağların qoynundan yol alan Misgər çayının şəffaflığına, bədirlənmiş ayın çaya düşən büllur əksinə, yanaqları alov-alov yanan, Tanrı fırçasından çıxmış Günəşin gözəlliyinə boylanaq:
Bu su Misgər suyudur,
İçib dağlar uyudu.
Ay soyunub lüt çimdi,
Günəş üzünü yudu.
Azərbaycanın təbii gözəlliklərindən söz açan şair, Nizaminin yaşıdı, Nizami qəzəlləri kimi ulu, ali, saflığı, dürdanəliyi ilə təbiətə meydan oxuyan Göygölü də misra-misra, söz-söz sevir, əzizləyir:
...Güllər, ağaclar, otlar
Quşlartək dinə-dinə,
Qəlbimizdə paklığın
Müqəddəs nəşidəsi.
Gözlərimiz önündə
Saflığın mənzərəsi!
Gəlin, bir az da Hidayətin sevgi şeirlərinin limanında lövbər salaq. Onu da bilirəm ki, şairin sevgi şeirlərindən ayrıca bəhs etmək də düzgün olmaz. Çünki onun şeirləri bütövlükdə sevgidən, eşqdən mayalanıb. Hidayət poeziyasında sevgiylə yazılmayan bircə misra belə tapmaq olmaz. Ancaq ozan-aşiqin "Vəfaya məktublar"ını ayrıca xatırlamasam, günaha bataram. Bu məktubları dünya ədəbiyyatında az sayda yer alan sevgi məktubları sırasına aid etmək olar. Bu məktubları biz səmimi, saf, sevgi dolu, həyatsevər, vüsal eşqiylə çırpınan Mariusun Kozettaya yazdığı (V.Hüqo "Səfillər") məktublar kimi birnəfəsə oxuyuruq, yox, oxumuruq, o məktublardakı misralarla sevirik, ürək sözlərimizi sevdiyimizə pıçıldayırıq:
Məni soruş!
Məni səslə!
Sənə uçan təyyarənin qabağını duman kəssə,
Sərnişinlər arasında məndən başqa
bir kimsə də
mənzilinə tələsməsə,
Sənə gələn qatarların yolları da
bağlı olsa,
sənə gələn başqa minik tapılmasa...
üz tutaraq ürəyimdə nağıllaşan bir ünvana,
kövrək ada
gələcəyəm pay-piyada,
gələcəyəm, qatarlardan sürətlə mən...
Hidayətə görə sevginin ömrü əbədidir. Sevginin qüdrəti insanı saflaşdırdığı, bütün pisliklərdən arındırdığı, bütün naqisliklərdən qoruduğu kimi, insan ömrünü əbədiləşdirməyi də bacarır:
Yeddi uca dağ aşmağa,
Zirvələrdə dolaşmağa,
Gülüm, sənə qovuşmağa,
Mənim ömrüm çatar, çatar!!!
Hidayət şeir yazanda nəsihət verməkdən çox, örnək göstərməyi, duyğularını özünə pıçıldamağı sevir, Qədim yunan fəlsəfəsindəki "özünə rəva bilmədiyini başqasına rəva bilməyəcəksən" fikrinə sadiq qalır. O, öz sələflərindən - Qasım bəy Zakir, Abbasqulu Ağa Bakıxanov, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabirdən fərqli olaraq xələflərinə nəsihət vermədən "həyatdır bu, yıxıla bilərsən, yıxılmaq insana xasdır, əsil insanlıq isə yıxılandan sonra durmağı bacarmaqdır", - deyir:
Cəsarət də budur,
Hünər də budur.
Belə cəsarətlə həyat qurasan.
On yol yıxılsan da, ayıb deyildir,
Özün yıxılanda özün durasan.
Söhbətimə bu fikirlərlə başlamışdım - sözü də, özü də bütöv, kəsərli Hidayətdən söz açacağam. Bəli, Hidayət sözü daim qılıncdan iti olub. Onun özünün bütövlüyündən doğulub iti sözü. Aşağıdakı örnəkdə şair içi kinlə dolu, qəlbi şeytan yuvası, pisliklə, ziyankarlıqla qidalanan kəsləri dar ağacına çəkir. Bu dar ağacındakı təşbehlərlə oxucu bənzəyən və bənzədilən tərəflə yanaşı, onların əlamətlərini - sifəti görür:
Gözünün qarası - ilan yuvası,
Ağı - sarı şeytan bazarı kimi.
Kədərin - qocalmış bir əyyaş yaşı,
Sevincin - təlxəyin azarı kimi.
Diqqət edin, gözünün qarası ilan yuvası, ağı şeytan bazarı olan məxluqun kədəri də simasına bənzəyir. Gözlərə qüssə, baxışlara kölgə, qamətə yük olan kədər o məxluqlarda qocalmış bir əyyaşın yaşına bənzəyir. O məxluqun sevinci də saxtadır, sünidir, ikrah doğurur. Bu isə mütəəssəl təşbehi mükəmməl şəkildə ortaya qoyan, üfunət qoxuyan məxluqları söz qılıncından keçirən şairin uğurlu ədəbi priyomudur.
"Qurani-Kərim"də tez-tez işlənən "Hidayət" sözünün mənası lütf və mehribanlıqla başqasını yönəltmək, ona bələdçilik etmək deməkdir. Yəni "hidayət" sözünün kökündə yaxşılıq, mehribanlıq durur. Ömrünü yaxşılığa, mehribanlığa, lütfə həsr edən Hidayət bu dünyaya nə qədər inansa, bu dünyanın, dünyamızın gözəlliklərini vəsf etsə də, çox yaxşı bilir ki, arzular, istəklər, aylar-illər varaq-varaq yox olacaq, itəcəkdir:
Uçdu uzaqlara min arzu, soraq,
İtirdim illəri mən, varaq-varaq.
Yerdə xoşbəxtliyi ayaqlayaraq,
Göylərdə axtardım səadətimi.
Sufizmdən boy verən, irfana doğru yol açan bu qəbil şeirlərində şair insanlara bir ismarıc da verərək deyir: - Yerdə nə qədər xoşbəxtliyə nail olsan da, əbədi səadətini göylərdə tapacaqsan!
...Mən Hidayət müəllimi ötən əsrin 80-ci illərindən tanıyıram. Onda Hidayət Orucov "Gənclik" nəşriyyatında baş redaktor vəzifəsində işləyirdi. Hidayət müəllimin nəşriyyata rəhbərlik etdiyi dönəmdə bu gün Azərbaycan ədəbiyyatında adla tanınan simalar çalışırdı. Azərbaycan folklorunu, klassik ədəbi irsini, ədəbiyyatını, mədəniyyətini, adət-ənənəsini, ləhcə və şivələrini dərindən bilən bu böyük insan bildiklərini bizə öyrətməyə, kitab-kitab el-obaya, dünyaya yaymağa can atırdı...
...Hörmətli Hidayət müəllim! 1983-cü ildə otuz dörd erməniyə Azərbaycanın gücündən-qüdrətindən danışanda bu günü görürdün. İndi biz təkcə üç-dörd milyonluq erməniyə deyil, bütün dünyaya öz gücümüzü, qüdrətimizi bəyan etdik.
Günümüz, ilimiz mübarək!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!