Çünki şairdir - Oqtay Şamil haqqında - ANAR

ANAR

Şeir nədən doğulur? Sevgidən?

Əlbəttə, belə olmasaydı Fizuli Fizuli olmazdı.

Şeir nədən doğulur? Qəmdən, kədərdən, ağrıdan? Əlbəttə, belə olmasaydı Fizuli Fizuli olmazdı.

Oqtay Şamil, şübhəsiz, Füzuli deyil. Heç bir iddiası da yoxdur. Lakin Oktay Şamil çağdaş şeirimizin ən istedadlı nümayəndələrindəndir. Ən istedadlı və ən iddiasız...

"Azərbaycan" jurnalının 3-4 nömrələrində dərc edilmiş şeirlər silsiləsi bunun əyani sübutudur.

Oqtay Şamil də öz "Şikayətnamə"sini yazır, dövrandan, daha doğrusu yaşadığımız günlərin bəzi əcaib-qəraib təzahürlərindən narazılığını ifadə edir:

 

Söz azaddı!

Vaxt amma minorlaşıb

özgə laddı!

Meydan pulun meydanıdı

aldananlar mələkləşib,

aldadanlar - şeytandı!

Duyğusala "salam" yoxdu.

Salam versə,

alan yoxdu!

 

Yaxud bu ruhda başqa şeirindən misralar:

 

Bu qrupu qurucudu,

tikib qurur.

Qürur duyur,

beynindəki ədalətdi!

Digər qrup yırtıcıdı,

qırıcıdı

ürəyində ədavətdi,

xəyanətdi,

cinayətdi!

Şər atanlar,

Şarlatanlar,

ara qatanlar

sakit durmaz,

dinc oturmaz.

İncə ruhlu insanların

gözü toxdu,

nəfsi yoxdu.

 

Bu təzadlı dünyada şair yenə xilası, pənahı, ümidi sevgidə tapır. Bu sevgidə sevgili "nəfəsiylə gizlədir sevdiyinin səsini, gözlərinin qara çərçivəsinə salır sevdiynin əksini".

Ümid içində nigaranlıq çalarları da var, "mən elə bilirdim dənizə dönüb çəkilmisən" təlaşı da.

Başqa bir sevgi şeiri:

 

Sevgidən başqa hər şey

məzarlıqdı.

İnanmazdım,

sən inandırdın.

Sevgi bürcündən aşağıdakılar

bazarlıqdı.

 

Oqtay Şamil Şuşamızın azad edilməsinə sevindiyi kimi çağdaş insanları yadlaşdıran, canlı ünsiyyəti əvəz etmiş cib telefonlarının əyəncəsinə də acıyır, "namərdin mərdlə, mərdin namərdlə görüşməsinə, düşmənlə, dostun, dostla düşmənin öpüşməsinə dözə bilmir. Çağdaş əlaqələrin deformasiyası baxımından Oqtayın bəzi gənclərdən şikayəti də anlaşılandı:

"Sosial şəbəkələrdə dil pəhləvanları" qocalığımızı başımıza qaxanda və özlərinin  "səbətə nə qoyduqlarını" soruşanda "dəvə nalbəndə baxan kimi baxırlar". Oqtay soruşur: "Bu cavanlar da haçansa qocalacaqlar. Öz arxivlərinə baxanda nə tapacaqlar?"

Əziz Oqtay, bəyəm bilmirsən ki, indi yalan-palan, şər-böhtan da bədii yaradıcılığın bir janrı sayılır! Bir də ki, bəzi cavanlar qətiyyən qocalmır. İyirmi-iyirmi beş il bundan qabaq necə ümid verən cavanlardısa, hələ də ümid verən cavanlardır. Xoşbəxtlikdən əsl cavanların əksəriyyəti elə gənc yaşlarından onlara olan ümidlərimizi doğruldurlar, yaşa dolduqca daha da püxtələşirlər, yetkinləşirlər. Çünki şöhrətə yox, poeziyaya bağlıdılar.

Poeziya - qısqanc qadındır. Ona şöhrətlə xəyanət edənlərdən üz döndərir...

Oqtayın nəcib və xəfif gileyini də anlayıram. Oğluna müraciətdə deyir:

"Bizim elə bəxtimiz var övladım dənizə getsə quruyar"

Fevral ayında Oktay Şamilin 80 yaşı tamam oldu. Suçumuzu etiraf edirəm. Bu yubileyi layiqincə qeyd etmədik. Amma, hökmən edəcəyik. İl uzundur.

İl uzundur, lakin fevral qısadır. Başqa aylarla müqayisdə fevral kəm aydır. Şeirlərinin birində şair bunu belə mənalandırır:

 

Doğulub fevrala düşdüm.

Boyum - fevral,

dilim -fevral,

əlim qısa - fevral kimi.

 

Əlbəttə elə deyil. Boyu, əli qısa deyil. Dili də heç qısa deyil, şirin-şəkər azəri türkcəsidir. İntəhası dilli-dilavər deyil.

Və yaxşı ki, deyil. Yaradıcı insanın ən böyük mükafatı onun Allah verən istedadıdır. Məhz istedaddan yanıq olanlar şöhrət tamarzılarıdır...

Əlbəttə, Oqtay Şamil də səmimi yubiley tədbirinə layiqdir. Amma, Oqtay yubileyi üçün, fəxri ad üçün qapının dabanını çıxaranlardan, hər şeyi alıb yenə gözü doymayanlardan deyil.

Yaxşı ki deyil.

Çünki - şairdir.

 

6 may 2024-cü il

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!