Yazı masası haqqında ballada - Rüstəm Kamal - Rüstəm KAMAL

Rüstəm KAMAL

Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızı xatirələrində yazanda ki, şairin yaradıcılıqla rahat məşğul olmağa, ürəyincə yaza bilməsi üçün uzun müddət bir küncü, yazı masası olmayıb - bu hisslər mənə o qədər tanışdır ki... Mən də öz küncüm, öz yazı masamın olmasını çox arzulamışam… Ümidlə düşünmüşəm ki, öz masam olsaydı, nələr yazardım. Ona görə də daha çox kitabxanada işləməli olmuşam.

Hara getmişəmsə, yazı masam üçün darıxmışam. Yazı masası qədər mübhəm, sirli, güvənli və intim məkan tanımıram. Bəlkə yalnız onun arxasında özümə qayıdıram, özüm oluram…

Hər yay yazı-pozularımı götürüb kəndə, ata yurduma gedirəm. Çatan kimi, kitabları, kağız-qələmi tökürəm masanın üstünə. Anam çay gətirir, ehtiyatla qoyur masanın küncünə. Di gəl ki, ilham pərisi gəlmir - masaya öyrəşə bilmirəm.

Və bir neçə gündən sonra "barxanamı" yığıb kor-peşman qayıdıram Bakıya.

Yazı masası, şairin yalnız mutlu olduğu, sığındığı və güvəndiyi yer deyil, həm də "ölüb-dirildiyi" məkandır. Burda Məmməd Araza inanmaq olar:

Tabutum olaydı kaş yazı masam,

Yataydım yazılar arasındaca...

Yazı masası şairin qutsal məkanı, coğrafi-inzibati ərazisidir. Bu əraziyə kənar müdaxilələr həmişə qısqanclıqla qarşılanır. Yad adamın ora girməsi qəti qadağandır. Hətta evin xanımından masaya əl vurmaması xahiş və tələb olunur. Masanı səliqə-sahmana salmağa qətiyyən icazə verilmir. Şair o səliqəsizliyin, tör-töküntünün içində nəyin harda olmasını hamıdan yaxşı bilir. Masanın üstündə nəyin qalıb-qalmamasına yalnız şair özü qərar verir. Bu qapalı məkanın "dizayn formatına" yalnız o cavabdehdir. Yad nəfəsi o saat hiss edir:

"... Məmmədin qəribə xasiyyətlərindən biri də bu idi ki, yazı masasına məndən başqa, təsadüfən ayrı bir adamın əlinin toxunduğunu hiss etsəydi, uzun müddət yazı masasına yaxın düşməzdi" (Gülxani Fətəliqızı. "Məmməd Arazlı günlərim".)

Deyilənlərə görə, Marsel Prust yazı masasının üstündəki predmetlərin bəzilərinin tarixçəsini danışmaq və yazmaq istəyib. Doğrudan da bu predmetlər, əşyalar (qələmdən, fotoşəkil, külqabı, saat və s.) yaradıcılıq hadisəsinin, yaradıcılıq prosesinin vacib hissəsinə çevrilir. Məhz bu predmetlərin mistik enerjisi nəinki yazı masasının, hətta otağın iqlimini - havasını dəyişir, həm də tale ilə bağlı işarətlərə, özünəməxsus simvollara çevrilir.

Səməd Vurğunun ev muzeyində yazı masasının üstündəki predmetləri - avtoqələmi, ailə fotoşəklini,  səbətdə süni bənövşəni hələ də unuda bilmirəm. Xüsusən sonacan çəkə bilmədiyi papirosları… 

Süleyman Rüstəmin eynəyi artıq çoxdan mistik əşyaya çevrilib...

Nizami Cəfərovun iş masasının üstündəki külqabı akademikin portretini tamamlayan ən vacib atributdur. Bu külqabı onun neçə kitabının, məqaləsinin şahidi olub. Vallah, Nizami müəllimin qəribə bir  həvəslə ağzınacan dolmuş külqabını aparıb boşaltmağı, gətirib yerinə qoymağı özü bir ritualdır. O, işi heç kimə etibar etmir.

Şair (alim, yazıçı…) öz masasına ömürlük mehrini salır, ona içdən bağlanır. Siz bu bağlılığın gücünə baxın ki, Nigar Rəfibəyli yazı masasından ayrılığı vətəndən ayrılıqla eyniləşdirir.

Uzun isti bir yayı

Ayrı düşdüyüm

Əziz yar kimi

Qovuşdum ona həsrətlə,

Əyildim üzərinə stolumun

                                   hörmətlə

vətəndən ayrı düşən,

qürbətdən gələn,

vətən torpağına

səcdə üçün əyilən

həsrətli bir adam kimi mən.

 

Səməd Vurğun bu ayrılığa heç bir ay da dözə bilmir:

 

Mənsə bir ay görmədiyim

                    masam üstə baş əyirəm,

Deyirəm ki, salam verim

                    şeir-sənət dünyasına.

Söz evimi bomboş görüb

                    at çapmasın əsən külək.

Ürək qoyub can yandırıb

                    hər bir sözün mənasına,

Deyirəm ki, salam verim

                    şeir-sənət dünyasına...

N.Rəfibəyli bir şeirində yazı masasını payızda vələs budağının axırıncı sarı yarpağı ilə baharda yaz çiçəkləri ilə bəzədiyini yazır. Nədənsə unudulmaz Nigar xanımın yazı masasını həmişə belə təsəvvür etmişəm…

Sənin tarixini və taleyini yazmaq istədim. Şükür, səninlə bu il də bir yerdəyik.

Yeni ilin qutlu olsun, yazı masam!

Salam, yazı masam - dostum, sirdaşım!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!