Məhəmməd Füzuli - Seyid Əzim Şirvani - Əliağa Vahid - Azərbaycan qəzəlinin üç sütunu - Vaqif YUSİFLİ

Vaqif YUSİFLİ

 

(Əvvəli burada)

 

Bu qəmlər ki, mənim vardır, bəirin başına qoysan,

Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab oynar.

 

Füzuli deyir ki, mənim bu qəmlərim ki var, dəvənin başına qoysan, kafər cəhənnəmdən çıxar, orada əzab çəkənlər gülüb-oynarlar. Bundan böyük mübaliğəyə rast gəlmisinizmi?

 

Tabi-suzi-sinədən əskiltməsəydi göz nəmi,

Göz yumub açınca seylabə verərdim aləmi.

 

Füzuli deyir ki, əgər aşiqin sinəsində yanan eşqin hərarəti gözlərindəki nəmi əskiltməsəydi, o, göz yumub-açınca dünyanı selə qərq edərdi.

 

Yerdən, ey dil, göyə qovmuşdu sirişkin mələki,

Anda heç qoymayacaqdır oları əfqanın.

 

Füzuli deyir ki, ey qəlbim, sən o qədər göz yaşı tökdün ki, mələklər yerdə qala bilməyib göyə qalxdılar, amma göyə ucalan fəryadın onları orada rahat qoymayacaqdır.

Bu sətirlərin müəllifi az-çox klassik poeziyamıza vurğun bir şəxsdi və Füzuli heyranıdır. Təkcə Füzulini deyil, klassik poeziya nümunələrinin əksəriyyətini (xüsusilə qəzəl ədəbiyyatını) dönə-dönə mütaliə edir, ən çox klassik poeziyada işlənən bədii təsvir vasitələrinə diqqət yetirir. Və etiraf edir ki, Füzuli qəzəllərində olan bu möcüzələrə heç bir şairdə təsadüf etməyib.

Beləliklə, biz Azərbaycan qəzəlinin "Füzuli mərhələsi"ni xüsusi qeyd etməliyik. Bu mərhələ hələlik qəzəl ədəbiyyatımızın zirvəsidir.

Qəzəlin Seyid Əzim əsri. Üç əsr sonra  XIX əsrdə yaranan külli-miqdarda qəzəlləri, nümunələri nəzərdən keçirərkən aşağıdakı nəticələrə gəldik ki, XIX əsr Azərbaycan qəzəlinin həm müəyyən mənada yüksəliş dövrü, həm də eniş dövrü olmuşdur.

Qəzəl populyarlıq qazanır, xalqın milli-mənəvi dəyərləri sırasında yer alır, muğam məclislərinin bəzəyi olur, hətta maarifçi fikirləri ifadə etmək üçün bir vasitəyə çevrilir. Bunların reallaşması qəzəl ustadlarının sayəsində mümkün idi və Qasım bəy Zakirin, Seyid Əzim Şirvaninin, Nəbatinin, Xan qızı Natəvanın, Mirzə Nəsrullah Baharın, Bixudun, Mir Möhsün Nəvvabın, Fatma xanım Kəminənin, Heyran xanımın, Qasirin, Racinin, Həsənəli xan Qaradağinin, Sədi Sani Qarabağinin, Məhəmməd Bülbül Qaryağdının, Məhəmməd ağa Cürminin, Əbdülxaliq Yusifin, Əbdülxaliq Cənnətinin, Azər Buzovnalının qəzəlləri bu janrın yeni bir vüsət qazanmasında əvəzsiz rol oynadı.  Bu adlar içərisində Seyid Əzim Şirvaninin xüsusi yeri var və əgər Füzulidən sonra "USTADİ-ƏZƏM" "təyinatı" verilsə, bu, Seyid Əzimin qismətinə düşər. Müasiri Ağəli bəy Nasehin "Sərdəftəri-əhli-fəzlü ürfan" kimi dəyərləndirdiyi Seyid Əzim, doğrudan da, adları çəkilən əksər XIX əsr şairlərinin mənəvi ustadı olmuşdur. Hətta mübahisəli səslənsə də, deməliyik ki, Füzuli olmasaydı, Seyid Əzim poeziyamızda birinci qəzəl ustadı kimi şöhrətlənəcəkdi. Seyid Əzim Füzuli ənənələrini yaşadan, lakin bu ənənəni özünün novator-şair keyfiyyətləri ilə zənginləşdirən bir şair idi. Ümumiyyətlə, qəzəldə Füzulidən sonra novatorluq etmək mümkün idimi? Seyid Əzim qəzələ yeni ab-hava gətirdi, qəzəlin dili xeyli sadələşdi, qəzələ həyati detallar, real hisslər daxil oldu. Deyək ki, Füzulinin platonik məhəbbətini Seyid Əzimin Yer gözəllərinin sevgisi əvəz elədi. Füzulinin heç bir qəzəlində gözəlin yaşadığı məkanın adı çəkilmir. Konkret şəxslərin də adlarına təsadüf etmirik. Amma Seyid Əzimin qəzəllərində coğrafi adlarla (şəhər, çay), tanış adamların ismi ilə qarşılaşırıq: "Kənari-çeşmimə sancıldı oxların ney tək, Sudan qəmiş bitirən Kür kənarına bənzər", "Neçə məhru gözəl Şirvanda könlümdən qərar almış, Tənimdən tab, gözdən xab, əldən ixtiyar almış", "Səfayi-Kəbeyi-kuyin taparmı şeyxi-hərəm, Əgər yüz il yügürə Məpvdən Səfayə qədər",  "Cürmilə çoxdu bu qəzəlin fərqi Seyyida, Gər simi-şeirə bir məhəki-imtiyaz olur". Qəzəldə zarafat, yumor, xalqdan gələn şirin, duzlu atalar sözləri və məsəllərə də (hətta söyüşə də) Seyid Əzim divanında rastlaşmaq olar: "Qonşu toyuğu qaz görünür qonşuya, Seyyid, Öz yarüvi tut, özgə nigarı nə gərəkdir?", "Yarını əğyar ilə gördü, özün öldürmədi, Adını aşiq qoyub, Seyyiddə hərgiz ar yox", "Əgər məşuqə mənzurundu, get bir şahibaz istə". Bu məşhur bir məsəldir, Seyyida, "qaz vur, qazan doldur", "Seyyida, yar eşidib naleyi-zarimi dedi: Bu nə itdir ki, gəlib kuyimə fəryad eylər", "Səni Yusif bilib, verdim könül mülkündə sultanlıq, Əzizim, nuri-eynim, sən gəda oğlu gədasənmiş", "Görər əğyar ilə yarını ölməz, İlahi, Seyyidə bir ar gəlsin".

Qəzəldə müəyyən bir əhvalatı, aşiq-məşuq münasibətlərini  nəql eləmək ("Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi" - Nizami) klassik qəzəllərimizdə ayrıca bir xətt təşkil edir. Buna süjetli qəzəl deyilir və Seyid Əzimin belə qəzəlləri sayca az deyil. 

 

Dünən gecə mənə həmbəzm bir səmənbər idi,

Məhi-cəmalı ilə gözlərim münəvvər idi.

Başımda nəşeyi-mey, xatirimdə zövqü səfa,

Bir əldə türreyi-dilbər, bir əldə sağər idi.

Gecəm o hur cəmalilə ruz tək rövşən,

Yerim behişti-bərin, badəm abi-Kövsər idi.

Nə xahiş eyləsəm ol bəzm ara olub hasil,

Nə arzu eləsəm yardən müyəssər idi.

Xuda keçən gecəni ömrümə hesab eləsin,

Ki, hər dəqiqəsi yüz min günə bərabər idi.

Qədr axtarasan, ey şahi-diyari-vəfa

Ki, heyf öldü bu Seyyid, qəribə çakər idi.

Seyidin qəzəlləri həyatsevərlik, nikbinlik çalarları ilə oxucuda xoş hisslər oyadır, "axirət fikrini çəkmə, gözəllərdən və gözəllikdən zövq al" - bax, bu fikirləri təbliğ edirdi Seyid,  xurafat zülmətinə bürünmüş Şamaxı mühitində bunları söyləmək hünər tələb edirdi. Şərabın, meyin "tərənnümü" isə Xəyyamdan, Füzulidən gəlirdi və ümumiyyətlə, klassik poeziyada mey, meyxana, şərab daha çox simvolik məna daşıyır. Ancaq S.Əzimin yaşadığı Şamaxı mühitində meyi, meyxanəni məscidə qarşı qoymaq qabaqcadan əcəl kəndirini boynuna dolamaq idi. "Şərab almağa səndən ötrü təndə nəqdi-canım var, Güman etmə ki, bu biçarə Seyyid təngdəst olmuş". "Qəribə xanəviran, rindi-bipərvadı Seyyid kim, Əlindən cam düşməz, bir çıxıb meyxanədən gəlməz", "O tari-zülfə Seyyid qılmaz iyman, məhz kafərdir, Çəkər təsbihdən əl, rişteyi-zünnardan keçməz", "Seyyida, lalələr aldı ələ mərcani qədəh, Ruhi-Cəmşidi edək şad, içək bir neçə cam", "Zahidü məscid təmənnasın çox etmə, ey könül, Zahidi bir cüğd bil, həm məscidi viranə tut" və s. Ancaq S.Əzim heç vaxt allahsız olmamışdır, qəzəllərində Qurandan, dini kitablardan gələn sözlər, ifadələr, "Xalıq", "Allah kərimdir" rədifli qəzəlləri diqqəti cəlb edir.

Seyid Əzimin Füzuli qəzəllərinə nəzirələri çoxdur. Ancaq bunları sadəcə nəzirə hesab etmək doğru olmazdı. Bu qəzəllərdə Seyid Əzimin özünəməxsus şair fərdiyyəti, üslubu diqqəti cəlb edir:

 

Can tazələnir ləli-dürəfşanını görcək,

Dil xürrəm olur sərvi-xuramanını görcək.

Dağlarə çıxıb saldı başın sünbül aşağı,

Ol lalərüxün zülfi-pərişanını görcək.

Bu xaki-siyəhdən başımız çərxə ucaldı,

Ol mahirüxün gündə bir ehsanını görcək.

Seyyid, elə bildim ki, bəqa suyunu içdim,

Ol səbz-xətin qətlimə fərmanını görcək.

Çox maraqlıdır ki, XIX əsr şairlərinin bir çoxu ikili ədəbi həyat yaşayırdılar: bir tərəfdən divan ədəbiyyatına - klassik poeziyaya bağlı idilər, digər tərəfdən maarifçiliyi təbliğ edirdilər. Elə Seyid Əzimin yaradıcılığı bunun əyani sübutudur.

Qəzəlin XIX əsr dövrü bu janrın obraz, bədii təsvir ustalığı, orijinal deyim tərzində də yeniliklərlə zəngin idi. Füzulidən qüvvət alan şairləri birmənalı şəkildə təqlidçi adlandırmaq olmaz. Əksinə elə qəzəl nümunələri yaranırdı ki, onları Füzuli və Seyid Əzim qəzəlləri ilə bir sırada tay tutmaq olar.

 

Hər kim ki, hicri yar ilə düşsə dimağidən,

Heç açılırmı könlü onun seyri-bağidən...

Yetdikcə gül dodağinə mey, bilməzəm alır,

Güldən dodaq nəşəni ya mey dodağidən.

Sənsiz bahar açıla, istəməz Bahar,

Nə qönçə bağidən açılar, lalə dağidən.

 

XIX əsr Azərbaycan poeziyasında qəzəl janrının yüksəlişini, başqa şeir formaları ilə müqayisədə aparıcı mövqeyini qeyd etdik, ayrı-ayrı qəzəl ustadlarının yaradıcılığına qısaca da olsa, nəzər yetirdik. Lakin hər bir "çiçəklənmənin" bir solan dövrü də olur. XIX əsr - Azərbaycan maarifçiliyinin yaranışı, formalaşması və inkişafı dövrüydü, ədəbiyyatda yeni realist meyllər, tendensiyalar, təzə ədəbi janrlar yaranırdı, rus və Qərb ədəbiyyatı ilə tanışlıq başlanmışdı, bu ədəbiyyatlardan ilk tərcümələr edilirdi, yeni tipli məktəblər açılırdı, Axundov və Zərdabi kimi dühalar milli-mənəvi tərəqqi uğrunda mübarizə aparır, beyinləri köhnə, sxolostik düşüncə tərzindən xilas etməyə çalışırdılar. Əlbəttə, bu yeniliyin - yeni düşüncə tərzinin formalaşması tədricən klassik ədəbi meyarların zəifləməsinə, rəqabət gücünün azalmasına səbəb olurdu.

Bu, ədəbiyyatın zamanla ictimai fikirdə yaranan yeni, mütərəqqi meyllərlə səsləşməsi ilə bağlı bir hərəkat idi. Lakin bu, o demək deyil ki, klassik şeir formaları, xüsusilə qəzəl sıradan çıxır. Çünki "epiqonçu" adlandırılan şairlərin meydanı hələ geniş idi.

Klassik şeir formalarının strukturu əzəldən sabitliyi ilə diqqəti cəlb edir, deyək ki, nə məsnəvi, nə rübai, nə müxəmməs, nə müsəddəs, nə də qəzəl heç vaxt öz "qiyafəsini" - formasını dəyişmir. Lakin zaman klassik formalara da öz "möhürünü"  basmış olur. XIX əsr poeziyasında, xüsusilə Seyid Əzim Şirvaninin, Nəbatinin, Natəvanın, Şamaxı, Qarabağ, Bakı, Lənkəran ədəbi məclislərində iştirak edən bir çox şairlərin qəzəllərində sadələşməyə, xəlqiləşməyə meyl, mümkün qədər mücərrəd və qəliz ərəb-fars sözləri və ifadələrindən qaçmaq qəzəlin yaxın gələcəkdə yeni bir mərhələsinin yaranacağına ümid doğururdu. Bu ümidi isə qəzəlin Füzulidən və Seyid Əzim Şirvanidən sonra böyük ustadı Əliağa Vahid doğrultdu.

Belə bir dönəmdə klassik şeir sanki öz missiyasını başa vurmuş hesab olunurdu, ancaq XX əsrin əvvəllərində əsasən iki böyük sənətkar - Mirzə Ələkbər Sabir və Əliağa Vahid köhnə formalarda islahat işi apardılar(Mollanəsrəddinçi şairləri də unutmaq olmaz)... Sabir  klassik ənənədən məzmunu, ideyanı yeniləşdirmək naminə əruzdan dördəlli yapışdı, Vahid isə qəzəlin - "köhnə" formanın xəlqiləşdirilməsi, onu xalqa sadə və anlaşıqlı tərzdə  çatdırılmasına nail oldu. Sonrakı onilliklərdə Süleyman Rüstəm, Mirmehdi Seyidzadə, Bəxtiyar Vahabzadə bu ənənəni davam etdirdilər.

Vahid klassik qəzəlin mistik, bəzən isə həddən artıq mücərrəd örtüyünü çəkib atdı, qəzəldə real insan hisslərini ön plana çəkdi. Vahidin özündən əvvəlki əruz şairlərindən fərqli olaraq dərin fəlsəfi mənalara, ağır ürfani fikirlərə, çətin anlaşılan rəmzlərə çox da yaxın getmədiyini, ərəb-fars sözlərindən bacardıqca imtina etdiyini, işlətdiyi təşbehlərin, metaforaların sadə, hətta bəzi məqamlarda primitiv olduğunu qeyd edənlər var. Bununla razılaşmaq çətindir. Vahidin qəzəlləri fəlsəfi mənalarla doludur, ürfani fikirlərə də rast gəlirik, doğrudur, işlətdiyi təşbehlər, metaforalar, ədəbi təsvir və bədii ifadə vasitələri sadəliyi ilə diqqəti cəlb edir, amma bu sadəlik primitivlik demək deyil. Vahidin qəzəlləri ilə Füzuli  qəzəllərini müqayisə etdikdə məna və məzmun baxımından uçurum yaradacaq qədər ciddi bir fərq görmürük. Füzuli azərbaycanca divanının ilk qəzəlində eşqi tərənnüm edir("Qəd ənarəl..."), Vahidin qəzəllərində də buna aid onlarla misallar gətirmək olar("Sevgilim, eşq olmasa, varlıq bir əfsanədir" və s.). Füzuli  yarın sitəmindən, cövr və cəfasından şikayət edir ("Nə kəmandarsan, ey məh ki, atıb qəmzən oxun, Yıxdığın seydidə nə zəxm, nə peykan görünür"). Vahid də eləcə: ("Uyma hər zülfü qara, sevgili cananə, könül, Bu vəfasızlar edərlər səni divanə, könül"). Füzuli yar üçün qurban getməyi, hətta gözünü qırpmadan həlak olmağı özünə şərəf bilir ("İldə bir qurban kəsərlər xəlqi-aləm iyd üçün, Dəmbədəm, saatbəsaət mən sənin qurbaninəm"), Vahid də son anda ölümü intixab edir: ("Eşq cövründən qutarmaq bir sağalmaz dərd imiş, Mən bu dərdin çarəsin ölməklə asan etmişəm"), Füzulidə sevdiyi gözəlin zahiri əlamətlərinin təsvirinə aid onlarla beytlər tapmaq müşkül deyil("Öylə rənadır, gülüm, sərvi-xuramanın sənin, Kim, görən bir kəz olur, əlbəttə, heyranın sənin"), Vahiddə də həmçinin: ("Gözəlim, gül üzünə el hamı heyrandı sənin, Fitnəkar, şux baxışın işvəli ceyrandı sənin"), Füzuli də eşqdə özünü Məcnundan üstün sayır("Ey Füzuli, dura məndən ala təlimi-vəfa, Nagəh ər mərqədi - Məcnunə düşərsə güzərim"), elə Vahid də belə düşünür("Məcnunu mənəm indiki əsrin, hanı Məcnun? Dillərdə mən ondan daha əfsanəyəm indi"). Füzuli ürfan şairi idi. Bəs Vahid?

 

(Davamı olacaq)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!