Şəxsiyyət - insanın psixoloji siması olub, şüura, mənliyə malik, öz hərəkətlərinə cavabdeh, ictimai münasibətlərin fəal iştirakçısı olan adamdır. Eyni zamanda şəxsiyyət - müəyyən ictimai-tarixi dövrdə yaşayıb fəaliyyət göstərən, gerçəkliyi dərk edib müəyyən istiqamətdə dəyişdirən, ünsiyyətə girməyi bacaran konkret canlı insandır. Bu gün kənardan baxanda aydın görmək olur ki, Sayman Aruz yuxarıda qeyd olunan bütün kriteriyaları özündə cəmləyən bir ziyalıdır. Onun şəxsiyyətindən doğan milliliyi, fərdi münasibətlər sistemində qazandığı güvənc hissi, dəyərlərə bağlılıq və milli kimliyə münasibəti bir daha göstərir ki, Sayman Aruz dövrümüzün böyük ziyalısı, böyük alimidir.
Bu yaxında böyük ilahiyyatçı alim, din xadimi hacı Şahin Həsənlini itirdik. Onun dəfn mərasimində iştirak etdim. İnsan selindən hərəkət etmək olmurdu. Ölkənin ən müxtəlif yerlərindən, kəndlərdən, şəhərlərdən insanlar axışıb gəlmişdi. Türkiyə, Rusiya, Almaniya kimi ölkələrdən də onun ölüm xəbərini alıb gələnlər var idi. Mərasimdə bütün təbəqələrdən insan gəlmişdi. Millət vəkilləri fəhlələrlə, din xadimləri ateist düşüncəli elm adamları ilə çiyin-çiyinə dayanmışdı. Hamını üzündəki kədər birləşdirirdi. O kədərin adı hacı Şahin Həsənlinin ölüm xəbəri idi, dəfn mərasimi idi. Şəxsən mən, hacının bu qədər hörmət sahibi olduğunu bilmirdim. Fərdi münasibətlərdə hər kəsin sevgisini qazanmışdı. Demək ki, yaşadığı müddətdə tam şəxsiyyət ola bilmişdi. Bütün insani keyfiyyətləri, milli-mənəvi dəyərləri özündə cəmləməyi bacarmışdı. Bu gün ölkəmizdə, ətrafımızda hacı Şahin Həsənli kimi, Sayman Aruz kimi nə qədər insan var? Təbii ki, çox az. Biz insanlar, adətən əlimizdə olan dəyəri, sahib olduğumuz varlığı itirəndən sonra qədrini bilirik. Böyük şəxsiyyət olmaq üçün peşənin, ixtisasın heç bir fərqi yoxdur. Bir din xadimi də öz sahəsində vətəni, milləti üçün yararlı ola bilər, bir elm adamı da, bir şair, bir yazıçı da. Əsas olan məsələ şəxsiyyət ola bilmək, dəyərləri özündə əks etdirməkdir.
İnsanı böyüdən, şəxsiyyət edən, ziyalı edən başlanğıc nöqtə onun vətəndaş mövqeyidir. Sayman Aruz bütöv Azərbaycan vətəndaşı olmağı bacaran ziyalı kimi həmişə qərarlı olub. Bir insan yaxşı vətəndaş ola bildiyi halda, yaxşı dost, yaxşı həyat yoldaşı, yaxşı ata olmağı da bacarır. Sən yaxşı ata olmasan, yaxşı ziyalı da ola bilməzsən. Çünki bir ziyalı yaşadığı cəmiyyətin, həm də bütün körpələrini öz övladı, öz balası biləndir. Göründüyü kimi, bu kriteriyalar hamısı bir-birinə bağlı böyüyür. Deməli, böyük insanların, tarixi şəxsiyyətlərin ilk addımı özünə, ailəsinə, ətrafına münasibətdən başladı və gəlib cəmiyyətə, millətə, dünyaya münasibətdə dayandı. Bu mənada, Sayman Aruzu yaxından tanıyan biri kimi, onun nə qədər böyük ürək sahibi, nə qədər böyük ziya sahibi olduğunu məntiqi ardıcıllıqla göstərmək olar, amma onun ümumi şəxsiyyətinin, ziyalı mövqeyinin aydın olduğu qədər də çətin bir yol yürüdüyünü qeyd etməliyik.
Hər bir insan təmsil etdiyi tərəf boydadır. Məsələn, alim elmi təmsil edir deyə, elm boyda olur, bənna tikdiyi bina boyda olur, zərgər dəqiqlik və qızılın əyyarı boyda olur. Sayman Aruz isə sözü təmsil edir deyə söz boydadır, bu, öz yerində. Amma S.Aruz, həm də Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəridir. Yəni 45 milyon güneyli soydaşlarımızı təmsil edir. Onun atdığı hər addım tarixin yaddaşında milyonların adına yazılır. Bir insan nə qədər çox böyük tərəfi təmsil edirsə, həm bir o qədər özü böyüyür, həm də o qədər böyük məsuliyyət daşıyır. Buna görə də bu gün Sayman Aruzun getdiyi yol çətin və məsuliyyətli yoldur. O, bu yola hələ İran hakimiyyətinin həbsxanalarında dırnaqları çəkiləndə başlamışdır. Min bir əziyyətlər çəkə-çəkə gəlib Bakıya çıxıb. Bakı küçələrində aylarla evsiz qalıb, ac-susuz günlər keçirib. Amma yolundan dönməyib. Avropada yaşayan qohumları öz yanına dəvət etsə də, Sayman Aruz yenə getməyib. Hansı ki, o, çəkdiyi bütün əziyyətlərə son qoyar və qohumlarının göndərdiyi viza ilə Avropaya gedə bilərdi. Amma Sayman Aruz səbir edib, mübarizə aparıb, haqq üçün savaşıb, yolundan dönməyib. Bu gün isə ölkənin tanınmış şairi, ziyalısı kimi missiyasını davam etdirir.
İndi isə, Sayman Aruzun şair taleyinə nəzər salaq. Şeir hisslərin, duyğuların ən gözəl şəkildə sözə çevrilmiş halıdır. Şeir dili ilə ən böyük dərdini də deyəndə səni alqışlayırlar. Çünki şeir dili dərdi də isidir, yumşaldır və hətta gözəlləşdirir. Sayman Aruz şeirlərində, sanki dərdlərinə əzizləmə deyir, lay-lay çalır, sığal çəkir. Qarşımda dayanan və bayaqdan maraqla oxuduğum bu şeirlərdən misallar da göstərəcəm, amma öncə deyim ki, bütün şairlər bir-birinə oxşasalar da, Sayman Aruzun şeir taleyi, şeir nəfəsi tamam fərqlidir. Onun şeirlərindən xalq səsi gəlir. Sanki hər misranın, hər sözün küncündən insan boylanır, "azadlıq, ədalət!" deyə bağıran insanlar. Bu da mənə Güney Azərbaycanda yaşayan soydaşlarımızın hazırkı vəziyyətini xatırladır. Bütöv Azərbaycana səslənən, hamını bütövlüyə, tamlığa, birliyə səsləyən insanların, həm də "atıb getdiyin yerdəyəm, gəlginən" deyə, nalə çəkməsini poetik dildə xatırladır.
Məni atıb getdiyin o tindəyəm, gəlginən,
Çünki cahan dövr edir yerində pərgar kimi.
Sayman Aruzun yaradıcılığında əsas qayə bütövlük, birlik, milli kimlik, milli ruh, milli düşüncədirsə, din, fəlsəfə, elm və əsasən də, tarixi kimliyimizə bağlılıq məharətlə özünü göstərməkdədir. Şair bir qəzəlində deyir:
Babək, Hələbə kimsə aparmır səni mehman.
Niyyətləri var, qanına qəltan eləsinlər.
Yusif, quyudan çox da sevinmə ki, çıxıbsan,
Misrə aparırlar, səni zindan eləsinlər.
Bu misralar eləcə tarixi özündə əks etdirən sadə beytlər deyil, Sayman Aruz bu misralarla, yəni tarixi və dini hadisələrlə bu günümüzün faciələrindən, acılarından, zülmlərindən danışır. Sözügedən qəzəlin son beytində şair belə deyir:
Arxanda sənin qəddi əyilməz Savalan var,
Hər nə eləyirlər, de ki, Sayman, eləsinlər.
Bu misralar zalimə, zülmə qarşı şair üsyanıdır. Sayman Aruz xalqın dərdini öz dərdi kimi sadalayır və sonda "nə edirlər, qoy etsinlər" deyir, xalqının dərdini deyən şairin xalqa -Savalana söykəndiyini bilir. Növbəti qəzəldəki bu misraların isə məncə, izaha ehtiyacı yoxdur, çünki bu misralar bir şairin tarix qarşısında fəryadıdır:
Bayquş kimi hər gecə dil açıram şeirlə,
Söyləyirəm dərdimi, həm Allaha, həm sənə.
Bu bəndin növbəti misraları insanla danışır, xalq dilində danışır, vətən dilində üsyan edir, tarixi şəxsiyyətlər dilində susur, din, fəlsəfə dilində oxucuya mesaj ötürür:
Ah, İsmayıl, qoç kimi gah oluram qurbanın,
Gah da Kəbə yanında oluram Zəmzəm sənə...
Mənə bir tar verginən ki, ifşa etsin məni,
Bu sevginin sirrini çalım zilü-bəm sənə...
Hürr olmağa "Quran"ı oxumağa gərək yox,
Bəs eyləyər, inan ki, hətta bir ayəm sənə...
İçimdəki vulkanım partlayacaq haçansa,
Yanımda olsan, yəqin, dəyəcək qəlpəm sənə...
Məndən uzaq dur, ey dost, yoxsa, qəmim bir gecə,
Ya olacaqdır Əfşin, ya İbni-Mülcəm sənə...
Bu kədərin mənşəyin soruşma məndən əsla,
Elə sirlər vardı ki, danışa bilməm sənə...
Məncə, bu misralar Sayman Aruzun ağır missiyasını, məsuliyyətini, vətəndaş mövqeyini göstərməklə yanaşı, özü dediyi kimi, şeir dili ilə belə danışa bilmədiyi məqamları, şair çarəsizliyinin önündəki vətəndaş mübarizəsini göstərir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!