Füzulinin xeyir-duası - Ustad şairimiz Rəsul Rzanın "Leyli-Məcnun" poeması üzərinə notlar - Kənan HACI

Kənan HACI

Şərq poeziyasında Nizami Gəncəvidən üzü bəri saysız-hesabsız "Leyli və Məcnun"lar yazılıb. Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami, Əlişir Nəvai, Həqiri Təbrizi, Əndəlib Qaracadaği bu məşhur əfsanəni nəzmə çəkiblər. Füzulinin "Leyli və Məcnun"u o dağ silsiləsinin ən ucalarındandır. Atını Nizami ilə yanaşı səyirdən ustad bu əfsanəyə yeni rənglər, çalarlar qatdı. Gözəlliklə qəddarlıq, sərtliklə mərhəmət Füzulidə üzvi şəkildə birləşir, iki aşiq fənafillah məqamına yetişir. Füzulinin təbi bərəkətli torpaq kimi öz sinəsində ətirli çiçəklər bitirir, bu söz gülüzarında dolaşan aşiqləri şairin qüdrətli qələmi əzab səhrasına atır. Ayrılıq sanki bu iki aşiqin qanına susayıb. Füzuli bu qəmli əhvalatı bir qədər də mistik tülə bürüdü. Leyli ilə Məcnun bir bütövdür, onlar bir-birində yaşaya bilməyən vadiyi-vəhdətin övladlarıdır. Elə bir vəhdət ki, İlahiyə can atır. Bu, mifik məntiqə sığmayan bir həqiqətdir. Leyli ilə Məcnun dünyanın ilk insanları  Adəmlə Həvvadır ki var. Tanrıdan yaranıb ona dönməyə can atan aşiqlərin Yer üzündəki eşq macərasıdır bütün "Leyli və Məcnun"lar.

Bu dünyada şirin yalanlar da var. Yalan dünyanın şair yalanına həmişə ehtiyacı olub. Çünki Tanrı dünyanın ən gözəl yalanlarını söyləmək qüdrətini məhz şairlərə bəxş edib. Eni zamanda şair yalanında dünyanın ən böyük həqiqətləri sayrışır. "Leyli və Məcnun"dakı kimi! Hansı "Leyli və Məcnun"da? Hamısında.

Bir "Leyli-Məcnun" da var. Böyük şairimiz Rəsul Rzanın verlibrlə hecanın sintezi kimi qələmə aldığı "Leyli-Məcnun" poeması ötən əsrin 50-ci illərində qələmə alınıb. Bu poema ustad şairin sonsuz eşq macəralarına XX əsrin gözüylə baxan reminissensiyasıdır. İki gənc qatarla uzaq yola çıxırlar, oğlanın adı Məcnun, qızın adı Leylidir. Onlar bir kupedədirlər və ortaya çökmüş sükutu şair obrazların iç düşüncələri ilə "pozur".

 

Deyirlər ki,

ürəkdən ürəyə yol olur,

bəs

yol hanı?

Niyə tapa bilməyir

o düz yolu cavanlar?

Görən burda nə sirr var?!

Sükut gah uzun sürür,

gah qısa.

Oğlan söz tapa bilmir,

gözünü döyüb durur

qız söhbəti açmasa.

Oğrun-oğrun baxır o

lalə yanaqlı qıza.

Yəqin bilmir ki,

oğrun baxmaq

bərk qadağandır.

...oğrun baxmaq olmazsa,

doğrun baxsın, nə eybi.

Dəqiqələr yavaş-yavaş əriyir;

pəncərənin buzlu naxışlarıtək.

Hansı ocaq odudur

yaxıb, yaxıb yandıra;

iri, qara gözlərin

söz gizləyən,

zalım baxışlarıtək.

 

Onlar yeni dövrün paradiqmasında bir əmək meydançasında çalışan gənclərdir. Qız oğlandan "Leyli və Məcnun"u oxuyub-oxumadığını soruşur. Oğlan rişxəndlə: "Leyli-Məcnun" zamanı, ay bala, keçib" - dedi". İncə məqama diqqət edək: şair poemanın adını niyə "Leyli və Məcnun" deyil, "Leyli-Məcnun" (defislə) şəklində yazır? Burada Leyli ilə Məcnun sevgisinə yeni dövr insanının fərqli, bir az da skeptik baxışına işarə edilir.

 

"Dəlisən, nəsən, ay qız,

Bugünkü kolxozda da

Heç Leyli-Məcnun olar?"

Qız sakit baxdı ona.

Gözlərindən də güldü.

"Mən demədim

kolxoza qəbul edək Leylini.

Mən demədim ki,

Məcnun bizə briqadir olsun.

Deyirəm qoy bu gün də

duyğular böyük olsun.

Məhəbbət qadir olsun".

 

Hürkək aşiqlər söhbətə məhz "Leyli və Məcnun" ilə körpü atırlar. Bu dialoq hisslərin sınağa çəkilməsi məqamıdır. Oğlan "Leyli-Məcnun" sevgisinin olmasına şübhəylə yanaşır, amma qarşısında oturmuş "göyçək, cavan, can alan bir qız" şirin bir macəraya sürükləyir. Şairin məqsəd və məramı da məhz budur; insanın sevgi qarşısında məğlubiyyəti. Poema bu məğlubiyyətin xoşbəxtliyi haqqındadır. Sevgi Tanrının insanda bir zərrəsidir, bu hisslər insan qəlbində toxum kimi cücərən andan İlahi ilə təmas başlayır.

 

Bizim Leyli

ayırmır pəncərədən gözünü.

Pərdəni açıb bir az

Baxır-baxır elə bil,

qaranlığa deyəcək

ürəyinin sözünü...

 

Qız düşünür ki, Leyli Məcnunun eşqiylə nə bəlalara dözdü, görəsən, bu Məcnun da dözərmi? "Leylinin qəzəlindən oxusam, görən neyləyər?". Beləcə, tərəddüdlər, gümanlar içində qalan qız fikirlərinin təsdiqini qatarın şüşəsindən o tərəfdəki qaranlıqda, gecədə axtarır. Füzuli olsa, necə deyərdi?

 

Həm visali vurur od canıma, həm hicranı,

Bir əcəb şəm ilə düşdü sərü-karım bu gecə.

 

Qatar kupesində vüsalla hicran üz-üzədir.  Nisbi vəhdətin mütləq vəhdətə yolu nə ilə ölçülür? Bu suala cavab tapmaq müşkül görünür. Cavab tapılsaydı, bəlkə də, bu qədər "Leyli və Məcnunlar" yazılmazdı. Şair bir qatar kupesində iki gənc arasında impultiv qığılcımlar yaradır, bu qığılcımların alova çevrilmə ehtimalı xəfif mehə bənzəyir.

Qız oğlanın zahiri laqeydliyinə ürəyində haqq qazandırır:

 

Yox, görünür ürəyi

təmiz, genişdir.

Görünür, bayır-bacaq, yol görməmişdir.

Yavaş-yavaş öyrənər,

yəqin isnişər.

Xasiyyəti, söhbəti yoluna düşər.

Bu fikrindən

pul kimi qızarır Leyli.

Olmaya

bu oğlana düşübdü meyli?

 

Qız bu səfeh fikrə düşdüyü üçün özünü qınayır, "bəlkə, adaxlısı var, bəlkə, deyiklisi var..." Məcnun isə üç gün əvvəl opera səhnəsində baxdığı "Leyli və Məcnun" tamaşasını xatırlayır. Məcnunun pəjmürdə halı onu diksindirsə də musiqinin ecazı ürəyində mübhəm, anlaşılmaz, namütənahi hisslər oyatmışdı. Leylini də salonda görmüşdü Məcnun. Səhnədəki aşiq-məşuqlar tamaşa zalındakı cavanların ürəyinə sevgi toxumları səpdiklərinin fərqindəydilər. Buna əmin olmasaydılar, o cür şövqlə oynamazdılar, səhnədə o təhər alışıb-yanmazdılar.

Leyli ürəyində baş qaldıran hisslərə Füzulinin buu qəzəliylə sığal çəkir:

 

Ey qılan şeyda məni, məndən bu istiğna nədir?

Nişə sormazsan ki, əhvali-dili-şeyda nədir?

 

Gər mənə xəlq içrə pərva qılmadın, məzursan,

Böylə tənhalıqda qılmazsan mənə pərva, nədir?

 

İlk baxışda kupedəki Məcnun öz xələfi qədər fədakar görünmür, lakin daxilindən baş qaldıran duyğu seli genişliyə çıxmaq üçün yollar axtarır. O, nəfəs qədər yaxın olan Leylinin hisslərini üzündən oxumağa çalışır, sevginin artıq onu yaraladığı məlumdur. Rəsul Rzanın usta qələmi bu sevginin üzərindəki tül pərdəni qaldırmağa tələsmir, əsasən, obrazların daxili aləminə fokuslanır. Poema əsasən, (bir-iki sadədil dialoq istisna olmaqla) iç monoloqlar üzərində qurulub, şair gənclərin mənəvi dünyasına işıq salır. Müəllifin məkan olaraq seçdiyi kupe sanki arzuların sərhədidir, sevgi, məhəbbət bu sərhədi aradan götürəcək.

Sonda kupenin qapısı döyülür, qoca qatar bələdçisi içəri daxil olur. Onun danışdığı kədərli əhvalat sanki gənclərin sevgisi üçün lokomotivə çevrilir. Qoca taleyindən acı-acı şikayətlənir; onun yeganə oğlunun cəbhədən qara kağızı gəlib, arvadı da oğul dərdinə dözməyib dünyadan köçüb. Qoca indi onların görüşünə tələsir, intizarla ölümünü gözləyir. Deyir indi də mehrimi yollara salmışam, gedib-gəlirəm ki, fikrim dağılsın.

 

Cavanlığın qədrini

Bilin, balalar.

Bu dünyanın

Çəkilməz möhnətləri var.

 

Qocanın gənclərə tövsiyəsi sanki dünyaya deyəcəyi son sözü idi. O qocanı nədənsə elə qoca, müdrik Füzuliyə bənzətdim. Mənə elə gəldi ki, Füzuli kupedə qəfil sevgiyə yaxalanmış bu gənclərə xeyir-dua verirdi...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!