"Bu gecə yuxuda Şuşanı gördüm, Dunayın sularına danışdım yuxumu" - Elçin İsgəndərzadə yaradıcılığında Qərbin təsviri - NARGİS

NARGİS

Azərbaycan torpağı istedadlar yetişdirir. Bu torpaqda yaşayan insanların görünüşləri sadə olsa da, onların ruhunun dərinliyinə enmək insanı çox vaxt təəccübləndirir. O dərinliklərdə heç vaxt boşluqlar olmur. Azərbaycanda yaşayıb-yaradan yazarların irsinə baxdıqda, orada hərtərəfli yaradıcılıq yolu görürük. Bu, klassik ədəbiyyatımızda da, çağımızda yaşayan qələm adamlarının yaradıcılığında da mövcuddur.

Dünyəvi kontekst Elçin İsgəndərzadənin yaradıcılığına nəzər yetirdikdə məni təəccübləndirən məqamlardan idi. Onun yaradıcılığının böyük qismini etdiyi tərcümə əsərləri əhatə edir. Seçilmiş əsərlərində toplanan bu tərcümələrdə Federiko Qarsia, Lorka, Oljas Süleymenov, Sayqo, İsikava Takuboku, Tanikova Syuntaro, Mirçea Dinesku, Pyer Tilman, Jorj Qado, Pol Elüar, Tadeuş Rujeviç, Paul Selan, Flora Naci, Lui Araqon, Filip Supo, Roje Jilber-Lekont, Anri Mişo, Anna Boqriana, Aleksandr Navrotski kimi yazarların əsərləri yer alır.

Tərcümə prosesi çox ciddi əhəmiyyətə malik yaradıcılıqdır. Bu, dünya ölkələrində yaranan ədəbi nümunələri tanıtmaqla yanaşı, eyni zamanda mühiti hərəkətə keçirən bir priyomdur. Eyni zamanda tərcümələr vasitəsilə gedən proseslərə nəzər yetirmək, ədəbiyyatdakı paralelliklər, fərqli məqamlar və çatışmazlıqlar görünür.

Elçin İsgəndərzadənin yaradıcılığında təbiət motivi güclüdür. Tərcümələrində də daha çox təbiəti özündə əks etdirən və sevgi motivlərinə həsr olunan nümunələr, sanki bilərək seçilib. Şairin öz yaradıcılığı ilə səsləşən məqamlara diqqət yetirək:

 

Solğun günəş,

Yaşıl duman.

Tutqun, yuxulu

Gəmi və liman.

Kədər sayıqlamayla

Yuxudan oyadır çobanı.

 

Yaxud

 

Günəş şüası

Döydü zülmət pəncərəmi,

Hər yan işıqlandı birdən.

Həmən nura qərq oldu...

...Və qəfil gözdən itdi.

Bir zamanlar mənim olan

Bəlalı sevgin kimi...

 

Bədii tərcümə sənəti mədəniyyətlərin təmasıdır, çağdaş qlobal problemlərin həlli yollarının axtarılmasında önəm kəsb edən faktorlardan biridir. Bədii əsərləri tərcümə edən şəxs sənətkarın duyğu və həyəcanlarını həssaslıqla qavramalı, mətnə hörmətlə yanaşmağı bacarmalıdır. İstər keçmişdə, istər bu gün, azərbaycanlı ziyalılar Şərq və Qərb təfəkkürünün sintez şəklində paralel inkişafına stimul verən əsərlər yazmış və öz nitqlərində və ideyalarında bu amili irəli sürməkdən çəkinməmişlər. Humanist və tolerant düşüncə sisteminə sahib olan xalqımız daima yenilikçi olmuş, modern fikir mübadiləsinə hər zaman aydın və humanist mövqedən yanaşmışdır. Şərqin Qərbə bu professional baxışı təəssüf ki, bəzi qərblilərin Şərqə baxış bucağından fərqli və səmimi idi. Elçin İsgəndərzadənin tərcümələrindən aydın olur ki, o, dünya ədəbiyyatını mənimsəmiş, bəyənmiş və onları Azərbaycan auditoriyasına çatdırmağın vacibliyini dərk etmişdir. Şairin yaradıcılığında Şərq ("Şərq miniatürü", "Sadiq bəy Afşar", "Bir Misir gözəlinə", "Sultan Məhəmməd Təbrizinin xatirəsinə", türkçülük ("Atatürk anıt məzarında", "Trabzon", "İstanbulda Orxan Vəlini düşünərkən", Tokat ebrüsü"), Azərbaycançılıq (əksər şeirləri) ideyaları ilə yanaşı, Qərb konteksti də mövcuddur. Onun Qərbi təsvir edən əsərləri son dərəcə maraqlıdır.

Bu müqayisədən və qeydlərdən aydın olduğu kimi, dünyada yaranan ədəbiyyatın bir-birindən təsirlənməsi çox normal bir situasiyadır. Bu baxımdan, Qərbin Şərqdən, Şərqin Qərbdən təsirlənməsi milli zəmini qorumaqla, ədəbiyyatda yeni tərz, forma, süjet, mövzu axını formalaşdırır.

Onun "Gotika klubunda", "Ermitaj yaşantısı", "Piterli Anastasiya ilə dialoq", "Parisdə gecə", " Buxarestin qızları", "Orhiddə kafe" kimi şeirləri Qərbin gözəlliklərinin təsvirinə həsr olunub.

 

Parisdə Yenisey meydanından keçirəm -

Şuşada dolaşır Xarıbülbül sevdalı xəyalım,

Ulduzlara göz vurmağa yox halım.

Bu gecə talesiz insanların

Bir hüzn çələngidir Paris.

Şeirin davamında Nazim Hikmətin misralarını xatırlayan şair, Nazim kimi Parisi sevgilisiz boş hava fişəngi adlandırır.

Şairin şeirlərindəki Məmməd Arazla paralellikləri öncəki yazımızda xatırlatmışdıq. Bir digər paralellik də elə Qərb mövzusunun işlənmə texnikasındadır. Məmməd Araz da Qərbə dair yazdığı əksər şeirində Azərbaycanı, Şərqi ora daşıyır. Şərqi düşünür, darıxır.

Məmməd Arazın "Eyfel qülləsində" şeiri də bədii cəhətdən çox maraqlıdır. Eyfel qülləsindən Parisin və dünyanın təsvirini verən sənətkarın bu şeirini oxuduqda, sanki Parisin canlı mənzərəsi gözlərimiz önündə açılır. Bu mənzərənin işıqları, ehtişamı gözlərimizi qamaşdırır. Gözəlliklərlə birlikdə, görünməyən gerçəkliklərin də əks olunduğu şeirdə insan sevinclə birlikdə kədərlənir də. Burada dərdlərini unutduğunu söyləsə də, şair isə bunu özündə gizlədə bilmir. Çünki unudulmuş dərd xatırlana və dilə gətirilə bilməz, Məmməd Araz Parisdə belə öz "dərdini unutmur", xalqını düşünür.

Elçin İsgəndərzadə yaradıcılığında da bu xətt görünür: rəssam dostum Çingiz Əzizin

 

Yarımçıq bir sevgi akvarelini xatırlatdı,

                   "Gotika" mənə -

Bəmbəyaz bir Piter gecəsi...

 

"Vətən ətri" şeirində şair yenə Azərbaycanı - Şuşanı xatırlayır:

 

"Bu gecə yuxuda Şuşanı gördüm,

Dunayın sularına danışdım yuxumu".

 

"Bir sevgi bayatısı" şeirində Qərbdə - Varşavada bir kitabxanada başlayan sevgi nəğməsi ta Yaponiyaya kimi uzanır, oradan Azərbaycana - Bakıya ötürülür:

 

Aramızda sevgi fərqimiz var, yapon gözəli,

Tokio ilə Bakı arasındakı saat fərqi qədər...

 

Elçin İsgəndərzadə yaradıcılığını bir çox başlıqda toplamaq mümkündür. Şair bütün başlıqların haqqını verəcək nümunələr yaradıb. Onun yaradıcılığında yer alan Şərq-Qərb məsələsi son dərəcə maraqlıdır. Şərq-Qərb kontekstlərinin paralel işlənməsi bu gün üçün dünya ədəbiyyatını maraqlandıran məsələlərdəndir. Bununla bağlı xüsusi tədqiqat institutları, mərkəzləri yaradılıb. Şərq ölkələrinin ədəbiyyatında Qərbin təsviri, Qərbdə yaranan janrların işlənmə trayektoriyası, stilistikası Qərb üçün daim maraq kəsb edib.

Yazımı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə yazıçılarının onuncu qurultayında dediyi fikirlərlə bitirmək istəyirəm: "Azərbaycan Asiya ilə Avropanın birləşdiyi, qovuşduğu bir ərazidə yerləşən, amma Avropaya daxil olan bir ölkədir. Ancaq Azərbaycan öz kökünə, dini mənsubiyyətinə, ənənələrinə görə Şərq aləminə, islam, türk dünyasına daxil olubdur. Bu qəbildən olan xalqlar, millətlər içərisində Azərbaycan xalqı XIX-XX əsrlərdə öz milli köklərindən ayrılmayaraq öz ədəbiyyatını, mədəniyyətini dünyanın inkişaf etmiş Qərb mədəniyyəti, ədəbiyyatı ilə birləşdirə bilibdir. Bizim ədəbiyyatımızı, mədəniyyətimizi Qərb mədəniyyəti ilə birləşdirən, onun sintezini yaradan insanlar çox uzaqgörən, müdrik insanlar olublar".

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!