"Mənim könlüm deyir ki..." - Lirika mövzusunda variasiyalar - Nizaməddin ŞƏMSİZADƏ

Nizaməddin ŞƏMSİZADƏ

Cavan vaxtı dostlarımla şənləndiyimiz bir məclisdə sevməkdən söz düşmüşdü. Tizfəhm dostlarımdan biri üzünü mənə tutub ərklə dedi: - Nizaməddin, özünü aldatma, sən ədəbiyyatdan başqa heç nəyi sevmirsən.

Dostumun bu fəhminə heyran qaldım. Yaşım artdıqca başa düşdüm ki, doğrudan da, mən ədəbiyyatdan, daha doğrusu, lirikadan başqa heç nəyi sevməmişəm. Yazdığım ədəbi-nəzəri, fəlsəfi publisistik 40-a yaxın kitab, 300-ə yaxın tənqid və publisistik məqalə bu sevginin bəhrəsidir. Nəsrdən xoşum gəlmir, mənim aləmimdə nəsr qoca kişi kimidir. "Ədəbiyyat nəzəriyyəsi" (2012) adlı fundamental dərsliyimdə belə yazmışam: "Roman ədəbiyyatın qocalıq şəklidir", "Hekayə ədəbiyyatın diş ağrısıdır". Ağrıyan kiçik bir diş bütün bədəni lərzəyə gətirdiyi kimi, bir hekayə əsasında da bütövlükdə ədəbi prosesə qiymət vermək olar. Məsələn, Mirzə Cəlilin "Poçt qutusu", Ə.Haqverdiyevin "Mirzə Səfər", "Bomba", Y.V.Çəmənzəminlinin "Cənnətin qəbzi", Mir Cəlalın "Təzə toyun nəzakət qaydaları", "Kəmtərovlar ailəsi", Mövlud Süleymanlının "Qar", Elçinin "Baladadaşın ilk məhəbbəti" və s.

Dram iki arvadın  doqqazda dalaşmasına oxşayır, biz də ondan nəzəriyyə düzəldirik. Tarixi roman maraq doğurur. Çünki tarix üstü örtülmüş yalandır. Fəqət, tarixi olmayan cəmiyyətin və millətin gələcəyi də yoxdur. Tarixlə məşğul olmaq qarını sevmək kimi bir şeydir. Mənim məşğul olduğum ədəbi tənqid də ki, əslində mədəni qeybət kimidir. Bəzi arvadlar qeybətin adını "söhbət" qoyduğu kimi, biz də giley-güzarın adını tənqid qoymuşuq.

Bəs mən ədəbiyyatın nəyini sevmişəm?! Mən ədəbiyyatın ən zərif, ən cazibədar, dua kimi, nəğmə kimi səmimi olan janrını sevirəm. Onun adı Lirikadır!

Əvvəlcə, obyektivlik naminə son əlli ildə lirika barəsində yazılmış dəyərli araşdırmaların adını çəkmək lazımdır. M.Quluzadə "Füzulinin lirikası", S.Əliyev "Füzulinin  poetikası",  G.Əliyeva "Xəyal və idrakın vəhdəti", F.Abdurəhmanova "Lirikada psixologizm" monoqrafiyaları, P.Xəlilov "Dindirir şeir məni", P.Hüseynov "Qəzəllərin gözəlləri", Elçinin "Şeir axını...", Yaşar Qasımbəylinin "60-cı illər Azərbaycan və Özbək lirikasının müqayisəli təhlili əsasında "Milli oyanış və özünəqayıdış lirikası" (2012) adlı fundamental monoqrafiya bu mövzuda çox qiymətli araşdırmadır. Lirikanı mənə dahi "qəlb şairi" Mövlanə Məhəmməd Füzuli sevdirib. Lirika mənim sevgilimdir, onunla məşğul olmaqdan ziyadə zövq alıram. Əsl şair "Söz gözəlinin nazını çəkməyi" (Füzuli) bacarmalıdır. Sözün gözəlliyi təkcə onun bədii vasitələrlə süslənməsində, şairin ilhamı və istedadının cilalanmasında deyil, həm də (və daha çox!) sözün müqəddəsliyindədir. Söz sehrkarı Füzuli deyib: "İlahi feyzdən bir xəzinədir söz",  "Sözə xor baxmaq olmaz, hər bir söz Ərşdən gəlib bədiyyə biz", "Söz yaradanın mədii-sənası, nəğməsidir". Bəli, "şair sözü müqəddəs sözdür" (Bissarioin Belinski). Bəs həqiqi şair  kimdir: "Bilirəm ki, sən dərdli yaranmısan. Dərd isə şairliyin əsas sərmayəsidir", - deyib  Füzuli. O dahi əmin idi ki, "Şeir yazanın adı şeir vasitəsilə aləm səhifəsində əbədi olaraq qalır".

Şairlər seçilmişlər - Allahın ən sevimli bəndələridir. "Əvvəli Peyğəmbərlər, sonra şairlər"  deyərək, şairləri peyğəmbərlərdən sonra gələnlər adlandırırdı Şeyx Nizami. Füzuli (və orta əsrlərin Azərbaycan şairləri!) şeir dedikdə, məhz adı Qəzəl olan Lirikanı nəzərdə tuturdu. Ədəbi-nəzəri fikirdə belə bir qənaət yer alıb ki, lirika bədii yaradıcılığın ən çətin növüdür. Akademik Məmməd Cəfər "Füzuli düşünür" (1958) əsərində yazıb, "Füzuli lirikdir, ədəbiyyat tarixində hər şairə bu ad verilmir. Böyük lirik hər şeydən əvvəl həssas, dahi insan, böyük mütəfəkkir deməkdir". Məhz o farsca qəzəllər "Divan"ın "Dibaçə"sində yazıb. "Qəzəl aşiqin könül dərdini mərhəmətli sevgilisinə açması və məşuqun öz halını sadiq aşiqinə bildirməsidir".

 

Qəzəldür səfabəxşi əhli-nəzər,

Qəzəldür güli-bustani-hünər,

Qəzəl bildirir şairin qüdrətini,

Qəzəl artırır nazimin  şöhrətini.

Qəzəl de ki, məşhuri-dövran ola,

Yazmaq da, oxumaq da asan ola.

 

Füzuli lirikasının iki əsas məsdəri var: Qəzəl və Gözəl! Onlar bir-birini tamamladır. Füzuli qəzəlinin Muğam ahənginə yatmasının səbəbi də budur. Füzuli sözə can verən şairdir, onun lirikasında söz ölünü diriltmək qüdrətinə malikdir:

 

Ver sözə ehya ki, tutduqca səni Xabi-əcəl,

Edə hər saət səni ol uyğudan bidar söz.

 

Alimlərin (məsələn, professor Musa Adilovun!) fikrincə, "Nəsimi ruhu coşduran sözlərdən, Füzuli ruhu sakitləşdirən sözlərdən istifadə edib".

Bu da təbiidir: Nəsimi cavan, Füzuli qoca idi, fəqət, hər ikisi İnsan gözəlliyini sevir və ilahiləşdirirdi.

 

Səni bu hüsni-camal ilə, kamal ilə görüb,

Qorxdular həq deməgə, döndülər, insan dedilər.

 

- deyib Nəsimi. Füzuli isə belə yazıb:

 

Ey mələksima, səndən özgə heyrandır sanə

Həq bilir, insan deməz, hər kim ki İnsandır.

 

Füzuli lirikası şairin fələkləri yandıran ahından yaranmışdı. Və bu ahla yazırdı:

 

Məndən Füzuli, istəmə əşari-mədhü-zəmi,

Mən aşiqəm, həmişə sözüm aşiqanədir.

 

Füzuli aşiq (Məcnun!) idi və elə ona görə də lirikası - sözü "həmişə aşiqanə" idi.

                                       

***

Bəs lirika nədir? Lirika sözü "Lira" adlı musiqi alətindən  götürülüb. Antik yunan ədəbiyyatında Liranın müşayiəti ilə ifa olunan nəğmələr Lirika adlanırdı (ətraflı bax: Şəmsizadə N. "Ədəbiyyat nəzəriyyəsi" dərslik 2012, səh. 142-214).

Böyük tənqidçi V.Belinski ona belə təyinat verib: "Lirika lal duyğulara söz və surət verir, onları köksün dar qəfəsindən bədii həyatın - ədəbiyyatın təmiz havasına çıxarır". Dünya ədəbiyyatında lirikanın C.Bayron, R.Bernes, A.Puşkin, M.Lermontov, S.Yesenin, İ.Brodski... bizim ədəbiyyatda M.P.Vaqif, Aşıq Ələsgər, M.Müşfiq, S.Vurğun... kimi nümayəndələri var.

Akademik Həmid Araslı belə yazıb: "XV əsrdən etibarən Azərbaycan ədəbiyyatında məhəbbət lirikası istiqamətverici rol oynayır".

Azərbaycan ədəbiyyatı Ə.Xaqaninin M.Füzulinin məktubları istisna olmaqla, təxminən,  XIX əsrə qədər mifik janrlarla təkamül edib. Və əslində "Şeiri bir sənət növü kimi öyrənən elm" (X.Təbrizi) - Poetika (xüsusən, Əruz nəzəriyyəsi VIII əsr) ədəbiyyat haqqında elmdə aparıcı olub. Bunu klassik şair və alimlərin mülahizələrindən də bilmək olar. Məsələn: "Şeir haqqında yazmaq şeir  yazmaqdan  çətindir" - deyib. Şərhçilik məktəbinin banisi Xətib Təbrizi (XI əsr) "Poeziya daha fəlsəfi, daha ciddidir" - yazır. Öz "Poetik" əsərində  antik yunan filosofu Aristotel "şeir vəznli, qafiyəli  kəlamdır" (N.Tusi). Məşhur nəzəriyyəçi Qudəma  İbn Cəfər (X əsr) deyib: "Qəzəl məhəbbət deməkdir, qadınlara olan çılğın sevgi haqqında hekayətdir". Azərbaycan Əruz nəzəriyyəsinin banisi Əkrəm Cəfər bu qənaətə gəlib: "Əsl şeir dil ilə musiqi arasında xüsusi bir sənətdir. Şeir dilin musiqisi, musiqinin dilidir". Böyük lirik şair A.S.Puşkini bəyənməyən məşhur rus tənqidçisi D.N.Pisarev yazıb: "Lirik olmağa yalnız birinci dərəcəli dahilərin ixtiyarı var". Həqiqətdə  o şairlər lirik ola bilirlər ki, onlar öz şəxsi subyektiv duyğularını ümmun duyğuları kimi verə bilirlər. Azərbaycanın qüdrətli lirik şairi S.Vurğun lirikaya belə təyinat verib: "Lirika öz nəğməsini oxuduqdan sonra o saat uçub gedən gəldi-gedər quşlara bənzəməməlidir. Lirik şeir, mahnı insan qəlbini dilə gətirməli, onun qəlbində yuva salmalı və zümrüd quşu kimi onu isindirməli, zəhmətdə, mübarizədə, kədərli və nəşəli dəqiqələrdə insana yoldaş olmalı, onda nəcib hisslər oyatmaq və beləliklə də, insanı yüksəltməli, onu daha güclü, daha ağıllı və mənəvi cəhətdən zəngin etməlidir". Əbədi gənc lirik M.Müşfiq deyirdi ki, şeir divanədir, ona toxunmayın, qoy, hara gedirsə-getsin. 1920-30-cu illərdə Azərbaycanda çalışan türkiyəli alim və şair İsmayıl Hikmət lirik şeiri yaradan ilham barəsində (1925-ci il. "Maarif və mədəniyyət"in 4-5 sayında s.7) belə obrazlı bir fikir yazıb. "Cəbr ilə sənət heç bir zaman imtizac etməmişdir. İlham pərisinin büllur gərdəninə istibdad zənciri keçirilməz, ipək saçlarına istiqlal çələngləri vururlar".

XX əsr Azərbaycan poeziyasında bir neçə lirik şair var. Mikayıl Müşfiq, Səməd Vurğun, Əli Kərim,  Hüseyn Arif, Nəbi Xəzri, Nəriman Həsənzadə, Ramiz Rövşən.  Bu sıraya mənim dostlarım - Musa Yaqubu və Zəlimxanı da əlavə edə bilərəm. Lirikanın əsas mövzusu Eşq, Sevgi, Məhəbbətdir!

 

Eşqdir mehrabı uca göylərin,

Eşqsiz, ey dünya, nədir dəyərin?

 

- yazıb  dahilər dahisi, Şərq renessansının zirvəsi Nizami Gəncəvi.

Sıraladığım şairlərin lirikasının başlıca keyfiyyəti səmimiyyətdir. Dünyada üç şey var ki, yalnız səmimiyyətə tabe olur: Lirika, Dua və Eşq!

Mən həmişə demişəm və yazmışam: Ədəbiyyatında Füzuli əbədiləşən xalqın şairi olmaq çox çətindir. Mövlanə Məhəmməd Füzuli və Mirzə Ələkbər Sabir Azərbaycan xalqının yaddaşına, milli mənəviyyatına elə daxil olub ki, orada başqa şairə yer yoxdur...

 

***

M.Müşfiq Azərbaycan şeirinin əbədi gənc klassikidir, o, heç bir ideologiyaya, siyasətə boyun əymədi, xoşbəxtəm ki, Müşfiqin 100 illik yubileyini aparmaq mənə nəsib oldu və bu yubileydə (2008-ci ildə Dövlət Musiqili  Komediya teatrında!) onun haqqında  "Şeirimizin sübh çağı" adlı məruzə etdim. Müşfiqin zərif lirikası sübh şəfəqləri qədər təmiz və şəffafdır. Onun "Küləklər", "Yenə o bağ olaydı", "Duyğu yarpaqları", "Tap", "Göy göl" kimi şeirləri duyğusal, romantik lirikanın ən yaxşı nümunələridir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin "Mikayıl Müşfiqin 100 illik yubileyinin keçirilməsi haqqında" 17 aprel 2007-ci il tarixli sərəncamında deyilir: "Mikayıl Müşfiqin  yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Ədəbi fikir tariximizə yenilikçi şair kimi daxil olmuş Müşfiq dövrün yüksək bədii dəyərə malik, romantik ruhlu və dərin ictimai məzmunlu poeziyasını yaratmışdır". "Küləklər" şeirində oxuyuruq:

 

Hər səhər, hər axşam, hər axşam, hər səhər

Çox zaman sərsəri küləklər bixəbər

Bir yaxın dost kimi qapımı döyərlər

Küləklər, küləklər, bəstəkar küləklər.

 

***

Bəzimiz qorxulu, bəzimiz qorxusuz,

Bəzimiz duyğulu, bəzimiz duyğusuz,

Bəzimiz uyğulu, bəzimiz uyğusuz,

Küləklər, küləklər, ey sərin küləklər,

Sizdə var qoxusu hər yerin, küləklər.

 

Müşfiq küləklərin obrazını azadlıq simvolu kimi yaradır,  onun lirik qəhrəmanı, şair "mən"i küləklərə qoşulmaq təşnəsi ilə yaşayır. İstedadına və şəxsiyyətinə dərin hörmət bəslədiyim, şair dostum Ramiz Rövşən deyir ki, Müşfiqin ən yaxşı şeiri "Küləklər" lirikasıdır.

 

(Davamı var)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!