"Dünya görəcək bir təzə cənnət Qarabağda" - Zemfira Məhərrəmli Mahcamalın şeirləri haqqında yazır

Mahcamal Babayeva (ədəbi təxəllüsü Mahcamal) şeirimizin digər janr və vəznlərindən daha çox klassika nümunələrinə, əruza üstünlük verən Abşeron poeziya məktəbinin yetirməsidir. O, Bakının Əmircan kəndində neftçi ailəsində dünyaya göz açıb. Atası həm də musiqiçi, mahir klarnet və saksofon ifaçısı idi, nəfəsli orkestr yaratmışdı. Hələ uşaqlıq çağlarından Mahcamal incəsənət mühitində böyüyür, ədəbiyyata, söz sənətinə olan sevgisi ilə fərqlənir, məktəb illərindən bədii qiraətə maraq göstərirdi. Oxuduğu məktəbdə elə ədəbi-bədii gecə, müsamirə olmazdı ki, yeniyetmə qız orada şeir söyləməsin, klassik və çağdaş şairlərimizin misralarını səsləndirməsin.

Neftçi Kərimin qızı gənc Mahcamal Azərbaycan Neft Akademiyasına daxil olur, sonra ali təhsilini Moskvadakı D.İ.Mendeleyev adına Kimya-Texnologiya İnstitutunda davam etdirir. AMEA-nın elmi-tədqiqat institutlarında uzun müddət çalışsa da, ədəbiyyata olan vurğunluğu heç vaxt tükənməyib. Ədəbi mühitə 2002-ci ildən qədəm qoyan Mahcamal "Şam", "Məcməüş-şüəra", "Ə.Vahid" ədəbi məclislərinin fəal üzvü olub. "Qobustan" dərgisində çap edilmiş "Səttar Bəhlulzadənin heykəli önündə" şeiri ilə ədəbiyyata gəlib. Həm klassik poeziya janrlarında, həm də heca vəznində yazdığı şeirləri Yazıçılar Birliyinin ədəbi nəşrlərində - "Azərbaycan" və "Ulduz" jurnallarında müntəzəm olaraq dərc edilib. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Qəzəlləri ilə daha çox tanınan və bu rəngarəng poeziya nümunələri xanəndələr tərəfindən oxunan Mahcamal xanımın "Bizim bağın çəpəri yox..." adlı ilk şeirlər kitabı 2010-cu ildə "Səda" nəşriyyatında çapdan çıxıb. Televiziya məkanımızın "Məclisi-üns" verilişindəki çıxışlarıyla əbədiyaşar poeziyamızın təbliğinə öz töhfələrini verib.

Bu günlərdə Mahcamal xanımın yeni kitabı işıq üzü görüb. "Hələ də gec deyil" (Bakı, "Təhsil" nəşriyyatı, 2024) adlı ikinci kitabında şairin qəzəl, məsnəvi, müstəzad, mürəbbe, müxəmməs və təxmisləri toplanıb. Mahcamalın şeir yaradıcılığından söz açarkən tənqidçi, ədəbiyyatşünas, publisist, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadənin şairin ilk kitabına yazdığı fikirlərini xatırlayıram: "Mahcamal xanımın oxuculara təqdim etdiyi şeir çələngi, ola bilsin ki, bir qədər gec ərsəyə gəlib, amma bunun da əsas səbəbi onun şeirə, sənətə son dərəcə ciddi münasibətindən, kitab bağlayıb oxucu qarşısında imtahana çıxmağın məsuliyyətini dərk etməsindən irəli gəlir. Əslində bu, təbiidir. Çünki poeziyamızın tarixi çox qədim, ənənələri isə olduqca zəngindir. Belə bir məmləkətdə - Xaqanisi, Nizamisi, Nəsimisi, Füzulisi, Vaqifi, Sabiri... olan bir ölkədə "özünə şairəm deyib, ortaya şeir kitabı qoymaq, həqiqətən, məsuliyyətli bir işdir".

Mahcamal xanım bu gerçəkliyi dərk edən qələm adamlarındandır. Onun şeirlərində doğulduğu Abşeron torpağının özünəməxsus mənzərəsi qızıl xətlə keçir. Ağsaçlı Xəzərin şahə qalxan dalğaları, dənizin üzərindən ötüb-keçən əlçim buludlar, bəmbəyaz qağayıların ləpədöyəndə gəzişməsi, kəhrəba qumlu sahildəki ayaq izləri, tənha əncir ağacı, lövbər salmış balıqçı qayıqları... Mahcamal xanım sözün qüdrəti, əlvan bədii təsvirlər, poetik boyalarla "çəkib" bu füsunkar mənzərələri. Hələ Abşeron bağlarını vəsf edən şeirlərini oxuyasınız:

 

Bizim bağın çəpəri yox,

Mərdümazar uzaq idi.

Ürək geniş, gözlərsə tox,

Ən ümdəsi üz ağ idi.

Qızıl qumun qoynu geniş,

Fikir, xəyal meydanı bol.

Burda yoxdu yoxuş, eniş,

Arzulara dümdüzdü yol.

 

Bu yazıda müəllifin poeziyasında mühüm yer tutan Qarabağ mövzusundan bəhs edəcəyik. Mənfur qonşunun torpaqlarımıza diş qıcadığı, dağıdıcı təxribatların ara vermədiyi, əsəblərimizin bir tükdən asıldığı üzüntülü dövrdə şairin qəlb çırpıntıları onun misralarında duyulurdu. O müdhiş illərin iztirabları, ağrı-acısı Mahcamalın da yaddaşına qara dumantək çökmüşdü. Ucu-bucağı görünməyən Birinci Qarabağ savaşında uğur bizdən yan keçmişdi. Axı, təkcə erməni qaniçənlərlə deyildi savaşımız, onların havadarları olan güc dövlətləri ilə də üz-üzə qalmışdıq. Müəllifin "Tale oyunu" adlı şeirində oxuyuruq:

 

Biz sevgi bilmişik məkri, hiyləni,

İsti qucağımız gürzə bəslədi.

Namərdlə bölmüşük şirin tikəni,

Çörək bəs deyilmiş, torpaq istədi.

Arxalı köpəkdir, qurd basmağı var,

Tək qalsa, bizlərə qısılacaqdır.

Hər cür pis əməldə bir barmağı var,

Bir gün beş barmaqdan asılacaqdır.

 

Arın-arxayınçılığın, biganə, laqeyd münasibətin altını çəkirdik yoxsa? Nədən bu ağrı-acıyla üzləşmişdik? Dərdimiz içimizdə at oynadırdı. Qəm-qüssəmizə şərik olan, nə vaxtsa bizim haqq işimizə qahmar çıxan tapılacaqdımı? Şair ruhunun Qarabağda baş verənlərdən dolayı yaşadığı üzüntülər, keçirdiyi təbəddülatlar, sanki bir araya sığışaraq poetik gerçəklik yaradırdı misra-misra. Ağrı-acılı olsa da... Mahcamal "Şəhid qanı" şeirində əzab dolu sualların cavabını axtarırdı:

 

Şimal bizə şikarıtək baxan gündən

Sədlər qoyan, sərhədləri pozan gəldi.

Ermənilər yollarını azan gündən

Naçar qaldıq, qara tarix yazan gəldi.

Günahkarıq yağı torun atan gündən

Niyə məkrə biz biganə baxan olduq?

Qeyrətimiz şirin-şirin yatan gündən

Süfrəmizi hər yetənə açan olduq...

 

Şair "Vətənin öz igid oğullarını seçdiyini, əbədiyyət badəsini içən şəhidlərin daim oyaq olduğunu, yüz-yüz ərənin qeyrət gülü dərdiyi"ni qürurla vəsf edirdi. "Qaytar" şeirində isə müəllif yağılarla haqq-hesab çəkmək vaxtının yetişdiyini dilə gətirir, polad biləkli ərənləri ayıq-sayıq olmağa, düşməndən qisas almağa çağırır:

Bu dünyanın əzabından doyub gözüm,

Könül sirdir, fikir, xəyal - ocaq közüm.

Közdə sözüm alovlanır, necə dözüm?

Düşmənə od vurmaq üçün apar, apar.

Narahatam, rahat qəbir istəmirəm.

Vətən dözmür, mən də səbir istəmirəm.

Qalx, mərd igid, yatan bəbir istəmirəm.

Al yağıdan torpağını qaytar, qaytar!

 

"Bağışlanmaz, bağışlansa Vətən yada" deyən şairin torpaqlarımıza susamış yağı düşmənlə inadkar, israrlı mübarizəsi, qələmlə savaşı illər boyu davam edib, səngiməyib:

 

Bu, Vətən dağıdır, bu, el dağıdır,

İgidtək yaddaşa taxılmaq gərək,

Əsirdir, Vətəni yağı dağıdır,

Sönmək yox, şimşəktək çaxılmaq gərək!

 

Söz xiridarları Mahcamal xanımı klassik poeziyanın, əruzun bilicilərindən hesab edirlər. Qədim dövrlərdən bugünədək yaşayan klassik poeziya janrında çağdaş həyatın mövzularını yaza bilmək Mahcamal kimi, qələm, söz adamının xüsusi istedadının göstəricisidir. Zəfər savaşımızın böyük coşqu və əks-səda doğurduğu günlərdə həyata nikbin baxışı ilə seçilən şair Vətənə sevgi və ehtiramla Qələbə şeirləri yazırdı:

 

Fəxr eylə Vətən, biz sənə təkrar oğul olduq!

Xainliyə, namərdliyə inkar oğul olduq!

 

Aldıq Şuşanı, el tacını şərlər əlindən.

Xeyirin üzü güldü, biz inadkar oğul olduq!

 

Qırx dörd gün o namərdlərə hərb dərsini verdik,

Qırx dörd gün əzmkar, belə qəddar oğul olduq!

 

Biz Mahcamalın könlünü aldıq qəm əlindən,

Qoy vəsf eləsin, gör, necə sərdar oğul olduq!

 

Yaxud:

 

Verdin sən özün bizlərə fürsət Qarabağda,

Cəng eyləyək, Allah, qısa müddət Qarabağda.

 

Bərbad olan Ağdam, Şuşa azad olub, ey can!

Dünya görəcək bir təzə cənnət Qarabağda.

 

Əruzla izhar edilmiş sevincimizi çatdıran bu klassik şeir nümunələri ünlü qəzəlxanların beytlərini xatırladır. Bu beytlər klassika ilə müasir şeirin vəhdətindən ərsəyə gəlib. Şairin ruhumuzu təzələyən, içimizi fəxarət hissi ilə dolduran "Əsgər gəlir!" rədifli qəzəli də 44 günlük Zəfər savaşımıza ithaf edilən ən gözəl bədii nümunələrdəndir:

 

Sevgili canan Qarabağ eşqinə,

Canını qurban edən Əsgər gəlir.

 

Qüdrətinin sərgisidir, ey Vətən!

Aləmi heyran edən Əsgər gəlir!

 

Fərmanı İlham verib, ey Mahcamal,

Torpağın ümman edən Əsgər gəlir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!