Rüstəm KAMAL
Artıq oxuduqlarımdan belə qənaətə gəlmişdim ki, şuşalılar üçün ən maraqlı və bəlkə də ən gərəkli interyer elementi pəncərələrdir. Sanki qapıdan da önəmlidir. Onlar üçün pəncərə sanki əsas yaddaş hadisələrindən biridir.
Şuşanın estetik tarixi həm də evlərin və pəncərələrin tarixidir. Şuşa pəncərələri ev sahibinin sosial statusunun göstəricisi, taleyinin nişanəsi idi.
XVIII-XIX Şuşa pəncərələri sənət hadisəsi deyil. Şuşa insanının bədii zövqünün təcəssümüdür. Bu, XIX əsrdə Şuşada olmuş rus rəssamı V.Vereşaginin də gözündən yayınmamışdı. Şuşa evlərinin rəsmini çəkərkən pəncərələrin rəngli şəbəkələrinin təsvirini vermişdi.
XIX əsrdə iki və ya üç mərtəbəli evlərdə rəngli şəbəkəli pəncərələrlə yanaşı, adi pəncərələrə də üstünlük verilir. "Evlərin həyətə açılan pəncərələri rəngli şəbəkələrdən düzəldilir. İlk zamanlar kiçik olan pəncərələr sonra daha böyük formada hazırlanır. Səyyahların müşahidə etdiyi kimi, bütün divar müxtəlif rəng və formaları özündə ehtiva edən şüşələrdən düzəldilmiş şəbəkədən ibarət idi. Böyük şəbəkə pəncərələr adətən evin zalının divarında quraşdırılırdı, zalın işıqlanmasına və daha gözəl görünməsinə imkan verirdi, lakin onların hazırlanması kifayət qədər çox vəsait tələb edirdi. Onlardan adətən imarətlərdə geniş istifadə olunurdu" (R.Zeynalov. "Şuşa - müqəddəs Azərbaycan şəhəri").
Pəncərəyə münasibət iki şuşalı yazıçının - Əbdürrəhim bəy Haqverdiyev və Yusif Vəzir Səmənzəminlinin təfəkkür tipini də fərqləndirmək baxımından maraq doğurur. Mifoloji düşüncəyə görə, pəncərə iki dünyanın sərhədidir, bir dünyadan o birisinə keçidi bildirir.
Əgər Ə.Haqverdiyevdə pəncərədən ay işığı düşürsə. Y.Vəzirdə isə mütləq gün işığı süzülür.
Ə.Haqverdiyev "Ağa Məhəmməd şah Qacar" pyesində pəncərənin mənasını "başqa" dünya ilə əlaqə kimi, ölüm ideyası ilə gerçəkləşdirir. Ay işığı ölümlə bağlı mənadır. Ağa Məhəmməd Şah Qacar Şuşada, Məhəmmədhəsən xanın evində qətlə yetirilir: "...Şah qədim xırda şüşəli pəncərənin yanında yatıb. Pəncərəyə ayın işığı düşüb. Taxtın ayağının altında piysus yanır. Abbas bəy və Səfərəli bəy bir qədər vaxt bir-birinin üzünə baxırlar. Axır Səfərəli cəld şahın üstünə gedib, qəməni sancır onun ürəyinə. Abbas bəy və Səfərəli qaçırlar..."
Şuşa evlərini və pəncərələrini ən çox Yusif Vəzir yaddaşında qoruyub saxlayıb. "Qan içində" romanında pəncərələrin təsviri, bir tərəfdən, tarixi roman janrının tələbləri ilə bağlı idi - keçmişin "özgəliyini", koloritini göstərmək vasitəsi idi. Digər tərəfdən, yazıçı interyer təsvirləri ilə oxucuya təlqin etməklə, onda keçmişin real-emosional obrazını yaradırdı.
Yusif Vəzir Çəmənzəminli işıq sevdalısıdır, güclü vizual həssaslığı ilə pəncərələri işıq və rəng ilə vəhdətdə təsvir edir: "Rəngli pəncərələri bağçaya baxan evin qarşısına çoxlu adam toplanmışdı"; "Pəncərənin rəngin şüşələrindən düşən işıq tutqun idi. Xalıların, ciximlərin, ipək püstə və döşəkçələrin boyaları bir-birinə qarışaraq şəlmələnmişdi".
İşıq Yusif Vəzirdə pəncərə obrazının ayrılmaz hissəsidir. "Pəncərənin xırda, rəngarəng şüşələrindən içəri düşən şüalar yenə döşənmiş xalıların boyalarına ayrıca bir süs vermişdi. Bəzi naxışlar alovlanan kimi olaraq yaldızlı qəzəhlərlə pəncərəyə doğru uçuşurdu..."; "Pəncərənin xırda, rəngbərəng şüşələrindən içəri düşən şüalar yerə döşənmiş xalıların boyalarına ayrıca bir süs vermişdi".
Yusif Vəzirin xatirələrində və hekayələrində, romanında Şuşa pəncərələri yalnız utilar funksiyanı deyil, həm də dekorativ funksiyanı yerinə yetirir. Məsələn: "Şahnisə xanımın Davtələb və Xəlfəli meşəsinə baxan bir otağı vardı. Divarları və tavanı naxışlı idi. Pəncərənin iç divarlarına "Leyli və Məcnun", "Fərhad və Şirin" dastanlarının ayrı-ayrı hadisələri təsvir olunmuşdu".
Dekorativ funksiyalı pəncərələr Şuşa arxitekturasının "tanınma işarəsi" olub, tarixi koloritin effektliliyini artırır.
Pəncərə romanda həm də oturub çölü, eşiyi seyr etmək yeridir. "İbrahim xan açıq pəncərədən dışarını, şəhərin günbatan tərəfini seyr edib, nəsə düşünürdü".
Xanlığın vəziri Molla Pənah Vaqifi isə daha çox pəncərə içində oturan görürük: "Mədinə həmişəki kimi Vaqifi Topxanaya baxan bəzəkli pəncərənin içində oturtdu"; "Vaqif saraydan döndükdən sonra bir yerdə pəncərənin içində oturub, şirin söhbətlə məşğul olurdular".
Evin semiotik strukturunda pəncərə simvolikası "dış-iç" (xarici-daxili) qarşıdurmasını özündə ehtiva edir. Ona görə də mifoloji düşüncədə pəncərə insanlar, quşlar və heyvanlar üçün görünməz olur: "Şəhərdəki binaların əksəriyyətinin küçə tərəfindən pəncərəsi yoxdur. Əgər pəcərəsi və ya balkonu varsa, deməli, onun pəncərəsindən içəri baxmaq mümkün deyil" (L.Qarabağlı. "Şuşa və Hindistan xatirələrim").
İşıq varlığın əbədi mahiyyətidir, gözəlliyin, vəhdətin, cənnətin və huzurun mənbəyidir. Şuşa pəncərələrinin işığı yalnız fiziki deyil, metafizik, mistik gücə və mənaya malikdir. Necə ki, Cəlilbəy Bağdadbəyov aradan neçə illər keçməsinə baxmayaraq, Mir Möhsün Nəvvabın mənzilinin pəncərələrindəki cənnət işığını unuda bilməmişdi: "Nəvvabın gündüzlər oturduğu hücrəsi - mənzili Şuşada məscidin həyətində ikinci mərtəbədə idi. Bu otağın iki böyük pəncərələri var idi. Pəncərənin biri məscidin həyətinə, qiblə tərəfə, digəri şimala, bazara baxırdı. Hər iki pəncərələr ən gözəl güllər ilə dolu idi. Otağın nəqqaşkarlığını Nəvvab özü işləmişdi. Odur ki, Nəvvabın mənzilinə nə qədər əsəbi, hirsli adam da gəlsə idi, ilin hər fəslində açılmış güllərin qoxusu və otağın gözəlliyi onu sakit edirdi" (C.Bağdadbəyov. "Xatirələr və etnoqrafik qeydlər").
***
30 il sonra, Vaqif Poeziya günlərində mənfur düşmənlərin evlərin "gözlərinə mil salıb", "kor qoyduğunu" görüb sarsılan şair dostum Rəfael Tağızadə ağrısını metaforaya çevirmişdi: "Damı uçulmuş evlər papiros çəkən adam kimi küləyi içinə çəkib çərçivəsiz pəncərəsindən bayıra üfürür.
Qonaqlara daha çox baxanlar yiyəsiz uçuq evlər yox, pəncərə gözləridir".
***
"Sən artıq azadsan, Şuşa!" (Prezident İlham Əliyev). Daha bundan sonra sənin pəncərələrindən əbədi işıq gələcək, Şuşam mənim!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!