Esse
Mətanət VAHİD
Yağışlı bir gecədə
adımı söylədim Kürə.
Sağ-soluma baxdım
gördüm heç kəs eşitmədi.
Yağış dəli,
Kür dəli.
Qoşulub dəli sulara
şeir dedim
mən dəli...
Əlisəmid Kürün ömür kitabının möhürünü vuran şeiri, məncə, bu misralarıdır. Müəllifin öz səsiylə deyil, bəzən yad, bəzən tamamən oğurluq səslə kağıza köçürdükləri ilə, içinə gömsə də, hayqırışa dönüb pıçıltıyla yazıya çevrilən kəlmələri arasındakı fərqdir şeir. Bu şeirdə (əksər digər şeirlərindəki kimi) sanki müəllifin səsini duyursan - təmkinli, amma həm də üsyankar...
Bəzən deyirlər, şeir obyektiv, T.Eliotun təbirincə desək, şəxssiz, “depersonalaşmış” olmalıdır. Əlisəmid Kürün subyekti qabarıq büruzə verən şeirlərində müəllifin əzablarını, həm də yalnız şəxsi deyil, hər kəsin iztirabını öz yaşantısıymış kimi yansıdan acılarını, xatirələrini, təəssüfünü görməkdəyik. Onun şeirlərindən qıfılı içində gəzdirməyən, sözünə kilid vurmayan adamın gerçəkləri süzülür. Bu misralarda cəmiyyət həyatının ağrıları Kentavr-adamın çiynindəki yük qədər ağır, ad gününə ipək kəndir gətirilmiş məhkumun əzabları qədər dərindir; fəqət hamısı şeirdir - əvvəldən sona sözdən başqa bir hədəf aramayan, sözlə başlayıb sözdə bitən fikirdir. Cəmiyyət ağrılarını sözlərə yansıdan şeirlərin belə, ən önəmli tərəfi ictimai motiv, daşıdığı məzmun yükü deyil, şeirə köklənmiş oxucunu həmin məna qarışıq çəkib misraların, sözlərin içinə aparmasıdır. Bu şeirləri oxuyanda bir an sənə elə gəlir ki, hər şey əksinədir, şeir səni oxuyur – səni səndən yaxşı tanıyır və səni deyir.
Gecələri yatmadığım günlər artır –
Sözlərim bir yandan.
Hansı misram oyaq deyilsə,
Yatır mənim əvəzimə.
Üstü açıq yatır narahat sözlər,
Səksənib ayılsan
Üstünü örtərsən misralarımın...
Gecələr sən yatandan sonra
Öpürəm alnından,
Keçirəm yan otağa –
Bir ağ varağa yoldaş olmağa.
Çağdaş şeirdə, xüsusən əksər gənclərdə aforizmləşməyə meyil hiss olunmaqdadır – mütləq şeirlərində dillərə düşəcək, xatirə dəftərlərini bəzəyəcək, sosial şəbəkələrdə “(c)” qeydi ilə status əvəzi işlənəcək qoşa misraların, bəndlərin olmasına xüsusi diqqət yetirirlər. Bu zaman müəllifin fəlsəfə açmaq iddiası bir az da şeiri öldürür, ən yaxşı halda, ikinci plana salır. Əlisəmid Kürün isə əksər şeirləri elə qurulur ki, nə “döşəməsi”ni, nə “tavanı”nı laxlatmaq olur – misraları bənddən, ya bütünlüklə şeirdən çıxaranda kontekstdən ayırmış olursan.
Yaddaş – bizi yaşadığımız zamandan qoparıb bir an üçün olsa belə, keçmişdə qalanla qovuşduran və eyni zamanda, keçmişi indiyə daşıyan – zamanı əbədiləşdirəndir. Nə qədər ki xatırlayan var, xatirəyə dönən nəsnələr diridir, yaşayır. Bu zamansızlıq içindəki zaman yaddaş sayəsində var olur. Ən çox xatırlayan, ən çox nostalji duyan keçmişə əbədiyyət qazandırmaq arzusunda olan söz adamlarıdır yəqin – zamana süni nəfəs verməklə. Xatirə - dirilik suyudur, gənclik iksiridir. Əlisəmid Kürün bir çox şeirlərində zaman və yaddaş məhfumu bütün fəlsəfi, poetik ağırlığı ilə ehtiva edir.
Hamını yadıma saldım
bir gün ata ocağında.
Bir anda yüz il yaşadım,
Bir anda yüz il qocaldım
həsrətin künc-bucağında.
Titrədi atamın baş daşı,
ürpəndi anamın əlləri.
İndicə qırılıb dağılacaq
baxdığın güzgü -
Titrəyir yanağında
göz yaşları -
titrəyir qızımın telləri.
Ata ocağında xatirələrin bircə anda oyanması yatmış gözəlin yanağına toxunan öpüşdür. Ölçüyə gəlməyən zamandan fərqli olaraq an bir parçadır, kəsimdir və bu anı xatırlayan insanla o anın içinə sığışan insan ömrünü eyni anda izləyirik. Fəqət o an yaşananların, xatırlananların sayəsində an keçmişdə qalmış zamanla indiki, davam etməkdə olan zamanın arasında yaşamaqdadır və beləcə, ani, ötəri olaraq qalmır, davamlılıq, əbədilik qazanır. Xatirələrin özü kimi, xatırlanan an da həmişəyaşar olur. O an zaman dayanmır, əksinə, ananın titrək əllərindən saat kəfgirində - zamanın yelləncəyində yellənən qızına qədər sürətlə ötüb keçir.
Heç gözlənilmədən insanı yaxalayan xatırlama anı nə əvvəli, nə də sonu olan zamanı ikiyə bölür. Bu ikisinin ortasında dayanıb xatırlayan isə o anı əbədiyyət kimi yaşayır. Keçmişi xatırlamaq – insanın öz içinə dalması, dünəndən bu günə yaşananları göz önünə gətirərək, ağlında tutaraq özüylə qarşı-qarşıya durmasıdır.
“Güzgüdə özünə baxıb göz vuran \ o şux, o kür adam” gün gələr uzaqdan çəkilib baxar özünə. Üzləşməkdən qorxar özü ilə, üz-üzə qalmaqdan ürpənər, “cürəti” yalnız kənardan izləməyə çatar özünü. Şeir bu anındır, fəqət həm də keçmişin insandan aldıqlarını geri qaytara bilən bir parçasıdır. Şeir (ədəbiyyat) bu sonsuz zaman axışının içindəki həmin ana möhürünü vurur, rəsmini çəkir. Bununla belə, Əlisəmid Kürün zamanla bağlantısı olan şeirlərində keçmişin həsrəti, sentimentallıqla süslənmiş o günlərə dönmək yanğısı, arzusu duyulmur; sadəcə zaman yüklü bir indidən keçmişə boylanıldığını görürük.
Əlisəmid Kür şeirində əksi özündə saxlaya bilən, “yaddaş kartı” misallı metaforalardan daha çox işlənəni güzgü və gözlərdir. Xatırlamaq üçün bəzən bir musiqi, bir əşya, bir məkan da vasitə ola bilər. Söz, səs yaddaşın şəklidir.
…2400 kilometrlik həsrətin içində
Qatar keçdi deyəsən.
Bir zahı bulud
Silkələdi telefon xətlərini.
Yüz saniyəlik sükutun arxasına
Sığdı bir insan ömrü.
-Alo! Alo!!
-A-ta! A-ta!
…Üzün yadımdan çıxır,
İlğım axır dalğa-dalğa
Yaddaşımın dörd olmuş gözündən.
Yuxu da yalanmış, fotoşəkil də yalan…
-Alo! Alo!
-Ata, məni eşidirsən?
-Al-lo, mən səni görürəm, qızım…
***
Gözlərimdə düzüm-düzüm
hər anın tənhalıq şəkli...
***
Nə baxırsan əlləri üzündə
gözləri barmaqlarının ucunda
Adaşım balabançı kor Əlisəmid.
“Bir adaşım yaşayır Kürdəmirdə” misrası ilə başlayıb “Adaşım balabançı kor Əlisəmid” sözləri ilə bitən şeir əslində, elə ilk misrasından bəhs olunan obrazla müəllif arasına paralellik qoyur. Görmədən “baxan”ın barmaqları ucundakı gözlərlə bu dünyaya heyrətidir kor Əlisəmidin musiqisi - barmaqlarının yaddaşıyla dilləndirir balabanı – sözlərlə dünyanın rəsmini çəkən şair kimi...
Qəfil nəfəs verdi balabana,
Sığalladı asta-asta,
bala-bala.
Asta çaldı balabanı.
Tələsdi yavaş-yavaş,
bala-bala.
Dağı arana daşıdı, aranı dağa.
Anasının balasını ağlatdı,
balasının anasını ağlatdı.
Qəribi çağırdı qürbətdən,
həsrətdən
yolu-yolağa.
Əlisəmid Kürün şeirlərində qum saatından qum əvəzinə, qan damır, divar saatında kəfkir əvəzinə yelləncəklər yellənir. Zaman yaşantılara uyğun axıb gedir, bəzən qan-qadalı, bəzən əyləncəli-yelləncəkli... Ucsuz-bucaqsız zamanın ardınca sürüklənmək gücü olmayan insan da vaxtı keçən hər şey kimi “bircə istifadəlik”dir – yalnız ona ayrılmış zaman kəsimində “işə yararlı”dır. Zamanın yetişdirdiyi, mükəmməlləşdirdiyi hər şey zamanı gəlincə, əslində isə vaxtı bitincə lazımsız olur, ya bir tərəfə atılır qırx illik çaxır çəlləyi kimi, unudulur; ya da satılır – büllur külqabı kimi.
Bu da
qırxillik çaxır çəlləyi –
tapılmayan qızıl küpü…
indicə
qoparacaqlar ağzını,
daraşacaqlar canına;
qanını içəcəklər
köpük-köpük,
paylayacaqlar
qədəh-qədəh,
boşaldacaqlar
qəpik-qəpik.
Bir atəşfəşanlıq
fışqıracaq
beyinlərə, –
köpü yatacaq meyxoşların…
Sonra da – onu
fırlada-fırlada,
diyirlədə-diyirlədə
aparıb atacaqlar
bir küncə…
Əlisəmid Kürün şeirlərində şəkillənən zaman ötüb keçdikcə izini qoyan, əbədiləşdirən, xatırladan; amma gah da unutduran, satdıran, yoxluğa yuvarladan və bütün bu xüsusiyyətləri ilə insana bağlı, onu, həyatını yönləndirən nəsnədir. İnsan zamanın ondan asılı olmayan bu axışına heç bir şəkildə təsir göstərmək gücündə deyil. Bu şeirlərdə zamanın irəliyə deyil, “geriyə axdığını” daha çox izləmək mümkündür – çünki xatirələrin üz tutdurduğu zaman keçmişdir. Zaman üçün onun hansı kəsimində olduğunun fərqi yoxdur – onun hansı dövrə aid olması insana aiddir – xatirələrdə keçmişdir, yaşandıqca indidir, xəyal qurduqca gələcək... A.Berqsonun təbirincə desək, sadəcə, müddətdir (durée) - parçalanmayan zaman – dünəndən bu günə, bu gündən gələcəyə keçən.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!