Şuşaya ən munis qafiyə - Anarın Şuşa dünyası - Azər TURAN

Azər TURAN

Özüm də bilmirəm Şuşanı niyə bu qədər sevirəm.

Burda doğulmamışam, burda böyüməmişəm, əslim-nəslim bu şəhərdən deyil, qohum-əqrabam burda yaşamır.

Söz yox, vətənin hər qarışı, hər bucağı əzizdir, müqəddəsdir, amma Şuşa elə bir yerdir ki, imkanım olsaydı, bütün ömrümü burda keçirərdim və vəsiyyət də edərdim ki, öləndə məni burda basdırsınlar.

Anar

"Qarabağ şikəstəsi" məqaləsindən. 1985-ci il.

 

Anar "İki dəniz" adlı ilk hekayəsini 1952-ci ildə Şuşada 14 yaşında yazıb. Stalin repressiyasının viran qoyduğu Şuşalı gənc bir ailənin faciəsini əks etdirən "İztirabın vicdanı" adlı hekayə isə 1958-ci ildə 20 yaşlı Anarın qələmindən çıxıb. Orda gənc bir şairə obrazı var: Moskvada yazıçının qaldığı otel otağına gəlmiş tanımadığı bir adam həmin qız barədə danışır: "O, ya dalğın, ya da çox həyəcanlı olurdu. O, Bülbülün nəğmələrini sevirdi. O, Şuşanın gözəl təbiətini sevirdi. O, Cıdır düzünün başgicəllədən uçurumundan aşağıda köpüklənən çaya və İbrahim xanın güclə görünən sığnağına baxmağı sevirdi. Şuşada hamı və hər yer oxuyur. Hər çobanın zənguləsini beş dağ, beş dərə beş dəfə artıraraq bir-birinə çatdırır, hər bir daşın dibindən muğamat səsi gəlir. O, Şuşanı və Şuşanın hər bir dağını sevirdi. O, İsa bulağının sərin, buzlu suyunu, ucu görünməz ağacların mehriban kölgəliyini, hər ağacın altında qurulan məclisin nəşəsini, meşədə odun yığmağı sevirdi. O, adamı min dillə dindirən şuşalı arvadları, yanaqlarından qan daman şuşalı qızları, sinəsi nəğmə, qəlbi şer şuşalıları sevirdi. O, şairə idi. Bəlkə indi onun şerlərini oxuyanda onlar adama bəsit və dayaz gələrlər. Lakin axı onun vur-tut iyirmi yaşı vardı. Bəlkə, onun heç olmasa iyirmi üç yaşı olsaydı, o çox şey yaza bilərdi. Amma onun iyirmi üç yaşı olmadı. Heç bir vaxt da olmayacaq".

Hekayə 1937-ci il repressiyalarının mahiyyətin ən sərt üslubda ifşa edir. Sibir sürgünündən qayıtmış bu məchul adam amansız repressiya günlərində həyat yoldaşı həbs olunmasın, yaxud həbs olunarsa sovet çekasındakı Sənan kimi adamların kirli əlinə düşməsin deyə öldürdüyü həyat yoldaşını - həmin şuşalı qızı xatırlayır. Bunu Şuşa mövzusunun Anar yaradıcılığında ilkin rüşeymlərini yada salmaq üçün xatırlatdım. Bu hekayə yazıldığı illərdə dərc olunmasa da ədəbiyyatımız üçün 1937-ci il fəlakətlərini əks etdirən ilk bədii mətn kimi dəyərlidir. Anar 1952-ci ildə yazdığı bir hekayədə Azərbaycanın 1937-ci ildəki tarixi faciəsini şuşalı gənc bir ailənin taleyi fonunda işıqlandırırdı.

 

Azərbaycan Şuşadan 28 il ayrı qaldı. Bu illərdə Şuşa Azərbaycanın yaddaşında Anarın "Uzun ömrün akkordları" filmi ilə qorundu. Əvvəllər filmin qəhrəmanına - Üzeyir Hacıbəyova baxan xalq 28 ilin Şuşa həsrətini bu filmlə ovutdu. Elə ki, Şuşanın mənzərələri fonunda "Qarabağ şikəstəsi" ətrafa yayılırdı, daha heç kəs fərqinə varmırdı ki, ekranda göstərilən bu kadrlar hardandı, nə vaxt çəkilib, bədii, yoxsa sənədli filmin kadrlarıdır? Əsarətdə qalmış, əlimizin, səsimizin çatmadığı Şuşa ilə yeganə vizual bağlantımız bu film vasitəsi ilə gerçəkləşirdi. Hamı Şuşanın bir parçasına ram olurdu. Burda Cıdır düzü də vardı, İsa bulağı da, Natəvanın imarəti də. Üzeyirin ata yurdu, Daşaltı çayı, Gövhər Ağa məscidinin minarəsi... Xarıbülbül, Şuşanın başı dumanlı dağları, bir sözlə, bütün Şuşa, Natəvanın şeirlərinə, rəsmlərinə qədər hər şey... İndi uzaqdan baxanda düşünürsən ki, bəlkə də bu film cəmi bir neçə ildən sonra təbiətin bir parçası olan Şuşanın yaşayacağı faciələr barədə xəbərdarlıq imiş... Şuşanın panoramı 28 illik ayrılıq dövründə o filmdən başqa heç bir yerdə görünmədi. Şuşa xalqın təsəvvüründə bu filmdəki kadrlarla müqəddəsləşdi. Yeni nəsil Şuşanı bu filmdən tanıdı. Şuşa yalnız bu filmlə diri qaldı. "Uzun ömrün akkordları" ("Üzeyir ömrü") filmi bizə Şuşanın aurasını yaşadan yeganə təsəlli qaynağı kimi əziz oldu. Xan qızı Natəvan, Hacı Hüsü, Məşədi Cəmil Əmirov, Əbdürrəhim bəy Haqverdiyev, Zülfüqar Hacıbəyov, Cabbar Qaryağdıoğlu,... Film deyildi, Şuşanın ruhuydu, Şuşanın səsiydi, Şuşanın ensiklopediyasıydı. Canlı Şuşa idi...

Bu filmdən 7 il sonra, yəni 1988-ci ilin 12 dekabrında Eçmiədzin ünvanlı bir məktubda ermənilər tərəfindən bu günə qədər qətlə yetirilmiş və bundan sonra da öldürüləcək türk böyüklərinin siyahısı yayıldı. Siyahının başında qarabağlı Melkumov tərəfindən qətlə yetirilmiş Ənvər Paşanın, siyahının sonunda isə qətlə yetiriləcək Anarın adı gəlirdi: "Sizi də gözləyir öldürmək". Ermənilər Anarı daha çox iki şeydə suçlayırdılar. Guya o, Sumqayıtda 41-ci mikrorayonda erməni qırğınlarına çağırış edib. Bir də Şuşada erməni qırğınlarının ideya müəllifi olub. Anar isə o günlərdə Moskvada, SSRİ Ali Sovetində Xalq deputatı kimi, Azərbaycanın haqq işini müdafiə edən fəaliyyətlə məşğul idi...

İşğal illərində isə Anar yazdığı yazılarıyla, verdiyi müsahibələriylə Azərbaycanın yaradıcı ziyalılarının Şuşaya getmək üslubunu və meyarını müəyyənləşdirdi. İkinci Qarabağ savaşından 7 il əvvəl müsahibələrinin birində demişdi ki, "Bizim ən böyük dərdimiz Qarabağdır. Mən təsəvvür etmək istəmirəm ki, ömrümün axırına qədər bir də Şuşanı görməyəcəyəm. Ermənilərin icazəsi ilə işğal olunmuş Şuşaya getmək istəmirəm. Mən özüm, azad olunmuş Şuşaya getmək istəyirəm". Belə bir fikri bir az sonra Toğrul Nərimanbəyov səsləndirdi: "Şuşa bizim möcüzəmizdir. Əminəm ki, gec-tez ədalət bərpa olunacaq, torpaqlarımızı geri qaytaracağıq... Şuşaya qonaq kimi getmərəm, oranın sahibi kimi gedəcəyəm".

Şuşa işğal olunandan sonra - 1993-cü ildə yazdığı "Otel otağı" əsəri Şuşadan ayrı düşənlərin xəyali dramıdır. Şuşasız Vətənin dramıdır. Povestin qəhrəmanı Kərimin anası şuşalıdır. Şuşa həsrəti Kərimin ruhunu ölüm anına qədər tərk etmir, o Ankara-İstanbul yolunda şütüyən avdobusda da, ani nəfəs dərimi üçün düşdükləri yeməkxanada da Şuşa ilə bir yerdədir: "Kərim yeməkxanadan sağa tərəf getdi, dayanacaqla məscid arasındakı boş yerə addımladı... Ankara-İstanbul yolunda "Varan" avtobuslarının dayanacağı deyildi bura, Şuşaydı. Aşağıda üstünü duman almış dərənin dibində axan, səsi bura çatmayan çay da Daşaltı çayı idi. Dərənin hər iki yamacında bitən orman da Topxana meşəsi idi və o, - Kərim də Cıdır düzündə Məlik Şahnəzər kahasının ağzında dayanıb sağa - Kirs dağının zirvəsinə baxırdı. Sola - Ərimgəldi səmtinə baxırdı və daha uzaqlara, Bağrıqan dağına baxırdı - etimoloq dostlarından biri bu dağın əsl adının Bağrıqan deyil, Buğra xan olduğunu iddia edirdi. Bu topa-topa, didik-didik duman da Şuşanın dumanıydı və bu duman olmasaydı, o tayda, sivri yamacda İbrahim xanın sığnağını da görəcəkdi. Bu duman çəkiləndən sonra Qırx pilləkəni də tapacaqdı və pillə-pillə dərənin dibinə düşüb Daşaltının köpüklü suyundan içəcəkdi. İsa bulağının da suyundan içəcəkdi, İsa bulağından yuxarı Süleyman bulağı da vardı və İsa bulağının dadı başqa idi, Süleyman bulağınınkı başqa. Turşsu da vardı, Şirlan da. Şuşa bulaqlarını bir-bir xatırlamağa başladı: adlarını da, dadlarını da - Saxsı bulaq, Yastı bulaq, Çarıx bulaq, Səkili bulaq. Qəhər onu boğurdu… Anası barədə düşündü. Beş il bundan qabaq rəhmətə getdi. Bir yandan Allah üzünə baxdı. Şuşanın dərdinə dözə bilməzdi. Şuşada gəlmişdi dünyaya. Bura folklor ekspedisiyasına gələn Əsgərlə - Kərimin atasıyla tanış olmuşdu. Toylarını da Şuşada, İsa bulağında çalmışdılar. Xan, Zülfü oxuyurmuş toylarında. Babamın, nənəmin məzarları da Şuşadadır. Mürsəl dayının da. Səmayə xalanın da. Şuşa qarış-qarış, qoxu-qoxu, səs-səs Kərimin içində canlandıqca, elə bil, Kirs dağından əsən sərin meh də saçlarını, üzünü oxşayır, üsulluca tumarlayır, ciyərlərinə saf hava doldururdu, elə bil, çobanaldadan yağışın iri, lopa-lopa damlaları isladırdı onu və elə bil kəkotulu, qantəpərli məxməri çayın, moruq mürəbbəsinin dadını duyurdu damağında, elə bil, burnunu yazda çiçəkləmiş iydə ağacının, cökənin, yarpızın qoxuları çalırdı və qulaqlarına Xan qızı bağından Qədirin "Mənsuriyyə"si gəlirdi. Bu an Şuşanı beş duyumunun beşiylə də hiss edirdi... - Sayın yolçular, atobusa binmeyinizi rica ediyoruz. Kərim kürsüsünə oturan kimi papağını gözünün üstünə çəkdi. Guya ki, yatıb. Heç kəslə danışmaq istəmirdi".

Anar povestin bu pasajında Şuşanın firavan günlərini də, Şuşanın gözəlliklərini də, mühüm türkoloji kəşf etmiş filologiya elmləri namizədi Kərim Əsgəroğlunun babasının, nənəsinin, xalasının məzarlarını da, Şuşanın təbiətini, flora və faunasını da, Xocalı faciəsini də sığışdırıb. Şuşa ilə bağlı hər şey "Otel otağı"nın qəhrəmanı Kərimin ruhunu qapsayıb. Hətta Cavanşir Quliyevin "Şuşa" mahnısını ilk dəfə dinləyəndə Kərim müəllimin gözləri yaşarır: "Döyüşə bilmirdin ölməyə gedəydin Şuşaya. Haçansa vəsiyyət eləmişdi - öləndə məni Şuşada basdırın - demişdi - nənəmin, babamın yanında. Gedəydin, öləydin, basdıraydılar... Kim basdıracaqdı? Şuşa, onun Şuşası, babasının, nənəsinin, anasının Şuşası düşmən əlindəydi. Ermənilər buraxardılar onu Şuşaya? Ölməyə də buraxmazdılar heç... - Erol qəhvələri gətirəndə "Şuşa" mahnısı hələ bitməmişdi. -"Şuşa" yeni şarkımı? Kərim: - Əvət, yeni, - dedi, - lap yeni. Şuşanı itirib üstündə ağlayırıq..."

Kərimin kəşfi türkologiyada yenilik idi. Azərbaycan ərazisində Orhon-Yenisey yazılarından da qədim və əhəmiyyətli mətn tapılmışdı. Daş üzərinə yazılmış bu mətn ""Bitkiçi ulu xan Ata" adlanır və "Kitabi-Dədəm Qorqud"un qaynaqları məhz bu kitabda idi və indi Orhon yazılarını xatırladan bu daşdakı yazı türkologiyada inqilab olacaq bir əsərdən xəbər verirdi. Bu kəşf idi - Tomsenin tapıntısından sonra türkolojidə ən böyük kəşf." Və belə bir kəşfin sahibinə türk dünyası nə Bakıda, nə də İstanbulda sahib çıxır...

İstanbuldaydı. Uğursuz alınacaq işlərinin peşindəydi. "İki saatdan sonra otağında olacaqdı..." Bəlkə də yuxu görəcəkdi: "Əvvəllər hər yay getdiyi Şuşanı, Cıdır düzünü, Xarı bülbül gülünü... Sonra səhər açılacaqdı, nə Cıdır düzü qalacaqdı, nə Xarı bülbül... Durub Universitetə gedəcəkdi. Rektorla görüşəcəkdi..."

Həmin gecə Kərim müəllim otel otağında infarkt keçirir. "Axı ola bilməz, ola bilməz ki, başıma bir iş gəlsin, qız yazığın xeyir işi necə olacaq? Nə qədər təxirə salınacaq? Sonrası necə olacaq. Bəlkə heç toyunu görə bilmədim. Şuşanı bir də görə bilməyəcəm. İnfarktla o yüksəkliyə qalxa bilmərəm - bir gün ora qalxmaq imkanımız olsa da... Bu nə müsibətdir, başıma gəldi, ay Allah". Kərim müəllimin son nəfəsində düşündüyü hələ arzularına çatmamış qızı və Şuşadır.

"Otel otağı" İstanbulda bir Şuşa nisgili ilə dünyaya vida edən bir Azərbaycan aydınının tale yazısıdır.

Şuşalı gənc ailənin repessiya faciəsi - 1937-ci il hekayəti 1958-ci ildə Moskvanın nəhəng otellərindən birində "İztirabın vicdanı" adı ilə bədii mətnə çevrilmişdi.

1937-ci il repressiyasının yetim qoyduğu əslən şuşalı türkoloqun faciəsi isə 1993-cü ildə İstanbulun ən ucuz Otel otağında yaşanırdı.

Anar üçün Şuşa fərqli anlam daşıyır. Şuşa Anar üçün katarsis mənbəyidir. Şuşa Anar üçün sanki nirvanadır. Hərdən elə düşünürsən ki, Anar bütün həyatını da bu nirvanada keçirib. Hətta özü də Şuşanın bir parçasına çevrilib. "Qarabağ şikəstəsi" məqaləsində yazırdı: "Şahanə bir vüqarı var Şuşanın. Elə bil o ömrümüzü bütün adiliklərdən, xırdaçılıqlardan təmizləyir, ayırır, içəri dünyamızı arıtlayır, duruldur, bizi gündəlik həyatımızın, tanış dünyamızın fövqünə qaldırır".

"İztirablın vicdanı" hekayəsindən 45 il, "Otel otağı"ndan isə 10 il sonra - 2003-cü ildə yazdığı utopik və antiutopik "Ağ qoç, qara qoç" povestində də Şuşa var. Yazıldığı günlərdə - 2003-cü ildə bu Şuşa bizdən nə qədər uzaq və utopik idisə, indi o, Böyük Zəfərdən sonrakı Şuşanı xatırladır: "Qarabağ demişkən, Məlikin yadına dünən oğlunun Şuşadan telefon etməsi düşdü. Məlikin oğlu Beyrək nəqliyyat mühəndisi, qızı Burla ədəbiyyat müəllimi, arvadı Aypəri teatr rəssamı idi. Nə yazıq, təsadüf elə gətirdi ki, bu Novruzda heç biri Bakıda deyil, Beyrək Şuşada, Aypəri Təbrizdə, Burla Kərkükdə. Beyrək Şuşada Cıdır düzündən Topxana meşəsinə çəkilən funikulyorun qurulmasına rəhbərlik edirdi. Dünən Məlik telefonla inşaatın nə yerdə olduğunu soruşduqda Beyrək Cıdır düzü tərəfdən Kirsdən Qırx pilləkənə qədər, Topxana tərəfdən İbrahim xanın sığnağına qədər hazırdır, - dedi, - indi iki tərəfi birləşdirmək qalıb, o da bir aya bitər. Sağ olsun Mingəçevirlilər, elə yaraşıqlı vaqoncuqlar istehsal ediblər ki, iki göz istəyir tamaşasına. Odur ki, yayda İsa bulağı dincərliyinə gələndə Qarqarın üstündən funkulyorla keçəcəksiniz. Beyrək fantazyor idi, bir neçə il bundan əvvəl bu funikulyor ideyası başına gələndə heç kəs bunu ciddi qəbul eləmədi, amma budur bax, olundu ki... indi də Qırxqız yaylaqlarına teleferiq-kanat yolu fikrinə düşüb. Niyə də olmasın. Son illər Şuşa, doğrudan da, Qafqazın ən böyük turist mərkəzlərindən birinə çevrilib. Səfalı iqlimi, şəfalı bulaqları, qışda xizək idmanı, ov, alpinizm, tarixi abidələr - dünyanın hər yerindən bura turistləri cəlb edir. Cıdır düzündə, Ərimgəldidə, Topxanada, İsa bulağı meşəsində, Səkili bulağın yanında ucaldılmış beşulduzlu və nisbətən kiçik, xudmani otellər turist tələbatını çətinliklə ödəyir, gərək neçə ay əvvəldən yer rezervasiyası edilsin. Hər ilin payızında keçirilən Üzeyir Hacıbəyli musiqi festivalları zamanı isə nəinki Şuşada, Laçın, Ağdam, Xocalı, Qarabulaq, Ağdərə, Xankəndi otellərində də yer tapmaq müşkül olur. Beyrək funikulyordan daha çox dünən Şuşada keçirilən Axır çərşənbədən danışdı. İlk dəfə idi ki, Axır çərşənbəni Şuşada qarşılamışdı və Cıdır düzündəki Qarabağ qaçağanlarının yarışından, Çovqan oyunundan, içinə üzərrik atılan və ta gecə səhərə qədər yanan, üstündən uşaqların belədən-belə atıldığı tonqallardan, Qarabağın hər tərəfindən görünən atəşfəşanlıqdan, xanəndələrin zili bütün ətraflara yayılan səsindən, səkkiz-on yaşlı uşaqların - Qarabağ bülbüllərinin "Qarabag şikəstəsi"ndən və yaşlı xanəndələrin hamısına qalib gəlib Xarı-bülbül mükafatı almalarından elə şövqlə danışırdı ki, Məlik özünün də iki dəfə Şuşada keçirdiyi bu bayramı sanki yenə öz gözləriylə görürdü.

Beyrək: - Bilirsən, - deyirdi, - Nəvvab Muğam Konservatoriyasının professorları sevinclərindən yerə-göyə sığmırdılar... ".

Zəfərdən sonra yazıçılardan tələb olunanı Anar yeni bir üslubda - utopik estetikada hələ 2003-cü ildə - Zəfərdən 17 il əvvəl qələmə almışdı. Beyrək Şuşadan zəng vurur: Şuşada Cıdır düzündən Topxana meşəsinə çəkilən funikulyorun qurulmasına rəhbərlik etdiyini bildirir... Anar bu utopik bədii yanaşmalarla fikir cəbhəmizin Şuşadakı mövqelərini bu şəkildə qoruyurdu.

"Qarabağ şikəstəsi" 1985-ci ildə yazılıb. Onda ermənilər Qarabağda və Şuşadaydılar. İndi yoxdurlar. Əvvəlcə azərbaycanlılara sığınıb yaşadıqları, sonra azərbaycanlıları qovub özlərinin tək yaşadığı bu türk yurduna - Şuşaya Azərbaycan vətəndaşı olaraq yaşamaq üçün nə vaxtsa qayıdacaqlarmı, kim bilir. Qayıtmasalar, biz Qazançesos kilsəsinə də Anarın 1985-ci ildə yazdığı və təklif etdiyi təbirlə yanaşa bilərik: "Klassik musiqinin təbliği məqsədilə Qazançesos kilsəsi üçün orqan sifariş vermək, burada mütəmadiən simfonik və kamera konsertləri keçirmək yaxşı iş olar".

Anarın 2000-ci ildə yazdığı "Şuşa niskili" adlı bir şeiri var. Əsgərandan keçərək, Qırxpilləkandan qalxaraq düşmənə qan uddura bilərik deyirdi.

Elə də oldu. 2021-ci ildə Anar "Yaşa, Şuşa" adlı bir şeir yazdı, ədəbiyyatımızın Şuşa nisgilinin tamamlandığını fəxrlə bəyan etdi.

 

14 mart 2024

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!