Vaqif YUSİFLİ
Ədəbi tənqidin yaradıcı bir sənət olduğunu, bədii əsərlərdən tələb etdiyimiz kimi, onun da maraqlı və məzmunlu, bədii-estetik baxımdan emosional səciyyə daşıdığını hələ 1941-ci ildə o zamanın tanınmış tənqidçisi - sonralar Səməd Vurğunun "Tənqidimizin vicdanı" adlandırdığı Məmməd Arif Dadaşzadə söyləmişdi ("Tənqid və ədəbiyyatşünaslıq" məqaləsi, "Revolyusiya və kultura" jurnalı, 1941, №3). İyirmi dörd il sonra - 1965-ci ildə, Azərbaycan yazıçılarının IV qurultayındakı məruzəsində başqa bir görkəmli tənqidçi - Cəfər Cəfərov isə söyləmişdi ki: "Sənət əsər yaradırsa, tənqid heç bir şey yaratmır, o ancaq müşahidə və izah edir. Bu müşahidə və izah da o zaman səmərəli ola bilir ki, ədəbi tənqid elmi əsaslara, yəni düzgün estetik təsəvvürlərə malik olur" (Cəfər Cəfərov, Seçilmiş əsərləri, 2 cilddə, 2-ci cild, 1968).
Əlbəttə, ədəbi tənqidin funksional mahiyyəti xüsusunda digər mülahizələrlə də qarşılaşırıq. Təkcə görkəmli bir nasir və dramaturq kimi deyil, həm də tanınmış tənqidçi kimi də yüksək qiymətləndirdiyimiz Elçin yazır ki: "Min ildir ki, Azərbaycan ədəbi fikri bir-bir əsrləri ötürərək karvan-karvan bizə tərəf gəlir, sabah bizim nəvələrimizə tərəf gedəcək, o biri gün onların nəvələri həmin karvanı gələcəyə ötürəcəklər" (Elçin, "Fikrin karvanı" kitabına Ön söz, 1984).
Bu deyilən fikirlərə qısaca belə bir şərh verə bilərik: Ədəbi tənqid - ədəbi fikrin estetik göstəricisidir, onun elm, ya sənət kimi dəyərləndirilməsindən asılı olmayaraq, o, bədii əsərlərin təhlili ilə məşğuldur, bu əsərlərin qiymətini verir və təbii ki, onu bədii ədəbiyyatdan təcrid etmək qeyri-mümkündür. İlk professional tənqidçimiz Mirzə Fətəli Axundzadə və çağdaş tənqidçilərimizdən hər biri bu yolu davam etdirmişlər. Azərbaycan ədəbi tənqidi və ədəbiyyatşünaslığının - bizim filoloji mərkəzimizin - Ədəbiyyat İnstitutunun keçdiyi inkişaf yolu da bu fikri sübut edir. Azərbaycan ədəbi tənqidinin və ədəbiyyatşünaslığının bir çox görkəmli nümayəndələri - Məmməd Arif Dadaşzadə, Məmməd Cəfər Cəfərov, Kamal Talıbzadə, Əziz Mirəhmədov, Əkbər Ağayev, Bəkir Nəbiyev, Yaşar Qarayev, Şamil Salmanov, Akif Hüseynli, Arif Səfiyev, İsa Həbibbəyli, Qurban Bayramov, Şirindil Alışanlı, Vilayət Quliyev, Nizaməddin Şəmsizadə, Vaqif Yusifli, Tehran Əlişanoğlu, daha sonrakı nəsillərdən Nərgiz Cabbarlı (Abdullayeva), Elnarə Akimova, Cavanşir Yusifli... məhz bu İnstitutun yetirmələridir və onların bir çoxu bütün həyat və yaradıcılıqları ilə Ədəbiyyat İnstitutuna bağlıdırlar.
Təfərrüata varmayaq: 1976-cı ildən başlayaraq, Ədəbiyyat İnstitutunda "Ədəbi proses" formatında ilk yaradıcılıq müşavirələrinin əsası qoyuldu. Bu yaradıcılıq müşavirələrinin keçirilməsində məqsəd nə idi? - konkret bir ilin ədəbi məhsullarını (nəsr, poeziya, dramaturgiya, ədəbi tənqid) təhlil etmək, qazanılan uğurları və eyni zamanda bədii əsərlərdə rast gəlinən nöqsanları, stereotipə və şablona çevrilən nümunələri nəzərə çarpdırmaq... Beləliklə, ədəbi tənqidimizdə vaxtilə çox az təsadüf olunan icmal janrına geniş yol açıldı. Cəmi altı kitab nəşr etdirilsə də (1976, 1977, 1978, 1979, 1981-1982, 1983-1984), bu toplular Azərbaycan ədəbi tənqidinin həmin illərdəki vəziyyətini bütün açıqlığı ilə bəyan etdi. Görkəmli tənqidçi-ədəbiyyatşünas Məmməd Cəfər Cəfərovun bilavasitə rəhbərliyi ilə həyata keçirilən bu proses onun istedadlı tələbələri - Yaşar Qarayev, Şamil Salmanov, Akif Hüseynli tərəfindən uğurla həyata keçirilirdi. Eyni zamanda həmin "Ədəbi proses" toplularında dörd gənc tənqidçinin - Şirindil Alışanlının, Vilayət Quliyevin, Vaqif Yusiflinin, Nizaməddin Şəmsizadənin imzaları da diqqəti cəlb etdi. Sonralar bu cavan tənqidçilər Azərbaycan ədəbi tənqidinin tanınmış nümayəndələrinə çevrildilər.
Heç şübhəsiz, "Ədəbi proses" topluları ədəbi tənqidimizin inkişafında mühüm addım idi və tariximizin arxivlərinə köçmədi. Ədəbiyyat İnstitutuna sonrakı illərdə də (80-90-cı illərdə, 2000-ci illərin əvvəllərində) "Ədəbi proses" silsiləsindən müşavirələr oldu, amma bu müşavirə materialları kitab kimi çap olunmadı.
Nəhayət, 2013-cü ildə, akademik İsa Həbibbəylinin Ədəbiyyat İnstitutuna rəhbər təyin olunması ilə "Ədəbi proses" yaradıcılıq müşavirələri tam bərpa olundu. 2013-2022-ci illərin Azərbaycan ədəbiyyatının müxtəlif janrlarını və problemlərini əhatə edən doqquz kitabın nəşri ədəbi tənqidin yeni bir mərhələyə qədəm qoyduğunu, inkişafın daha səmərəli yolla davam etdiyini sübuta yetirdi. İsa Həbibbəylinin təşəbbüsü ilə Ədəbiyyat İnstitutunda yeni bir şöbə - "Ədəbi tənqid" şöbəsi fəaliyyətə başladı və bu sətirlərin müəllifi Vaqif Yusifli həmin şöbəyə müdir təyin olundu. "Ədəbi proses" seriyasından olan doqquz kitabın hər biri bu və ya digər dərəcədə "Ədəbi tənqid" şöbəsi əməkdaşlarının fəaliyyəti ilə həyata keçirilib. Yeri gəlmişkən, qeyd edək ki, "Ədəbi tənqid" şöbəsi bu on ildə Ədəbiyyat İnstitutunun həyata keçirdiyi bir çox tədbirlərdə, xüsusilə, elmi müşavirələrdə fəallığı və operativliyi ilə seçilmişdir. Şöbə tərəfindən akademiklər: Məmməd Arif Dadaşzadənin, Məmməd Cəfər Cəfərovun və Kamal Talıbzadənin yubileylərinə həsr olunan kitablar nəşr olunmuş, şöbə əməkdaşlarının elmi monoqrafiyaları işıq üzü görmüşdür. "Ədəbi tənqid" şöbəsi hər il öz fərdi iş planlarını tənqid tariximizin görkəmli nümayəndələrinin həyat və yaradıcılığına, müasir ədəbiyyatımızın müxtəlif problemlərinə uyğun olaraq müəyyənləşdirir.
Mətləbdən uzaqlaşmayaq, "Ədəbi proses" kitablarının yeni saylarında, ilk növbədə, mövzu genişliyi ilə rastlaşırıq. Hər il "Ədəbi proses" məcmuəsi akademik İsa Həbibbəylinin geniş Ön sözü ilə başlayır. İsa müəllim ona xas olan professional bir səriştə ilə Ədəbi prosesin konkret ili ilə bağlı müəyyənedici mülahizələrini ortaya qoyur, bir növ, bütün sonrakı məruzələr üçün stimul verir.
2013-cü ili "Ədəbi proses" kitabında "İlin ədəbi mənzərəsi" (Vaqif Yusifli), "2013-cü ilin şeiri" (Nərgiz Cabbarlı (Abdullayeva)), "İlin poema yaradıcılığı" (Elnarə Akimova), "Bədii nəsr" (Salidə Şərifova), "Tənqid və müasir ədəbi proses" (Rahid Ulusel), "Bədii tərcümə" (Fidan Abdurəhmanova), "Dramaturgiya" (Aydın Dadaşov), "Bədii publisistika" (Elçin Mehrəliyev), "Cənubi Azərbaycanda ədəbi mühit" (Esmira Fuad) məruzələri əks olunmuşdur. Göründüyü kimi, ötən illərin "Ədəbi proses" kitablarında olmayan məruzələr diqqəti cəlb edir, bu da yenilik idi.
2014-cü ilin "Ədəbi proses" kitabında (və sonrakı illərdə) isə artıq müasir ədəbiyyatımızın digər janrları da müşavirə mövzularına çevrilir. Məsələn, nəsr janrı "parçalanır" - poemalar, povestlər və hekayələr üzrə ayrıca məruzələr edilir. Ədəbi tənqidin nəzərindən "uzaq düşən" uşaq ədəbiyyatı, bədii tərcümə, ədəbi gəncliyin yaradıcılıq axtarışları mövzuları da gündəmə gəlir. 2015-ci ilin "Ədəbi proses" kitabında da yeni mövzular - "Tarixi janrın həqiqətləri", "Bölgələrdə ədəbi həyat", "Satira", "Ədəbi əlaqələr", "Ədəbiyyatşünaslıq", "Ədəbi dilin inkişaf özəllikləri" diqqəti cəlb edir.
Ədəbi proses 2016, 2017, 2018, 2019, 2020-2021-ci il toplularında isə məruzələrin sayı artırılaraq, hətta otuza yaxınlaşır.
Məqsəd nə idi?
1. Ədəbi tənqidlə yanaşı, ədəbiyyatşünaslığın da müxtəlif problemləri - mövzuları da məruzələr kimi dinlənilir. Yəni, Ədəbiyyat İnstitutu əməkdaşlarının ədəbiyyatşünaslıqla bağlı tədqiqatları da kölgədə qalmır.
2. Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən gənc alimlərin də belə müşavirələrdə SÖZ deməyə haqları olduqları qənaəti yarandı - Aynurə Mustafayeva (Dramaturgiya), Lalə Həsənova (rusdilli nəsr), Aygün Bağırlı (Uşaq ədəbiyyatı), Qürbət Mirzəzadə (Ədəbi tənqid), Aynur Xəlilova (Povest), Maral Yaqubova (Ədəbiyyatşünaslıq), Nərmin Cahangirova (Hekayə), Mərcan Sofiyeva (Tərcümə), Nizami Hüseynov və Gülnar Səma (Bölgələrdə ədəbi həyat), Eşqanə Babayeva (Ədəbi əlaqələr), Zəkulla Bayramlı (Alimlərin poetik düşüncələri), Elnarə Qaragözova (Ədəbi cərəyanlar) və s. orta və gənc nəslə məxsus tədqiqatçıların da maraqlı məruzələri ilə tanış olduq. Əlbəttə, bu məruzələrin heç də hamısının yüksək elmi səviyyədə olduğunu iddia etmirik. Təbii ki, onların bir çox məruzələri, sadəcə, icmal səviyyəsindən irəli getmirdi.
Burada bir məqamı da xüsusi qeyd edək. "Ədəbi proses" toplularında biz təkcə institut əməkdaşlarının deyil, həm də kənar müəlliflərin də məruzəçi kimi cəlb olunduğunu görürük. Azər Turan iki ildir ki, İlin poeziyası haqqında gözəl məruzələri ilə diqqəti cəlb edir (Çağdaş Azərbaycan şeirində modernist estetikalar; "Berqsonun zamanı, yaxud çağdaş poeziyamız"). Rüstəm Kamal, Qismət Rüstəmov, Südabə Ağabalayeva, Məti Osmanoğlu kimi müəlliflər də bu sırada görünür.
Nəhayət, "Ədəbi proses-2022" kitabı haqqında. 2022-ci ilin ədəbi-elmi mənzərəsini əks etdirən müşavirə Azərbaycan Yazıçılar Birliyində keçirildi. "Ədəbi proses" müşavirələrinin 10-cu ildönümünə həsr olunan bu müşavirədə məqsəd bu idi ki, indiyə qədər Ədəbiyyat İnstitutunun divarları arasında keçirilən belə bir əhəmiyyətli tədbirin sərhədləri genişlənsin. Müşavirə yaxşı qarşılandı, bu müşavirə, həm də məruzələrin sayının 11-ə endirilməsi ilə yadda qaldı.
Əlbəttə, bu yazıda Azərbaycan ədəbi tənqidinin müasir səviyyəsini əks etdirən ayrı-ayrı məruzələrdən danışmadıq. Amma ədəbi tənqidimizin mühüm keyfiyyət göstəricisinə çevrilən "Ədəbi proses" müşavirələri haqqında, hər ilin bu sayda çap olunan toplularından söz açdıq. Bu faktlar bir daha doğrudan da, ədəbi tənqidin özünəməxsus yaradıcılıq sahəsi olduğuna dərin inam yaratdı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!