Elm, ədəb-ərkan və sevgi institutu - Teymur Kərimli yazır

Bəli, "ədəbiyyat" sözü "ədəb" sözündəndir və həqiqi ədəbiyyat məhz insanlara, özəlliklə gənc nəslə ədəb öyrətməli, onlarda təbiətdən gələn vəhşi instinktləri aradan qaldırmalı, kamil insan tərbiyəsinə xidmət etməlidir və əlbəttə, edir də! Minillik tarixi olan Azərbaycan ədəbiyyatı məhz belə bir ədəbiyyatdır və bu ədəbiyyatla xalqımızın fəxr etməsi çox yerindədir. Bu ədəbiyyatın tədqiqi və təbliği ilə məşğul olan baş elmi qurum da Azərbaycan Milli Elmlər Akademiyasının 90 yaşı tamam olmuş Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutudur.

Yarım əsr bundan öncə, Elmlər Akademiyasının (o zaman hələ Milli statusu yox idi) Ədəbiyyat İnstitutunda çalışan tələbə yoldaşım, indi artıq görkəmli ədəbiyyatşünas alim kimi tanınan professor Şirindil Alışanovun dəvəti ilə sənədlərimi Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasına verərkən, şansımın çox az olduğunu bilirdim. Bəs necə! Bir yerə 17 nəfər ərizə vermişdi və hamısı da canavar kimi uşaqlar idi! İçlərində beş il bir partada oturduğumuz, indi görkəmli ədəbiyyatşünas alim və diplomat olan professor Vilayət Quliyev də var idi...

Nə isə, uzun sözün qısası, Vilayətlə mən hər ikimiz hər 3 imtahandan "əla" qiymət aldıq. Yazıq imtahan komissiyası seçim qarşısında qaldı:

 

Ey Füzuli, qalmışam heyrətdə, bilmən neyləyim:

Dövr zalım, bəxt nafərcam, tələb çox, ömr az!

 

Çox götür-qoy etdikdən sonra klassik ədəbiyyata meylimi və fars dilini bildiyimi nəzərə alıb, belə qərara gəldilər ki, Vilayəti də payız sessiyasında imtahansız qəbul etsinlər...

İnsafən, elə də oldu!

İndi durum yalandan deyim ki, aspirantlıq vaxtı ağzımıznan quş tuturduq, xeyr! Aspirantlıq da, bir növ, tələbəliyin davamıdır və tələbəlik də insan həyatının ən qayğısız dövrüdür. Deyir, bir tələbədən soruşurlar ki, yapon dilini neçə vaxta öyrənə bilərsən? Cavab verir ki, imtahan nə vaxtdır?

Bəli, biz də beləcə aspirantlıq həyatının kefini çıxara-çıxara, bir də gözümüzü açdıq ki, imtahan zamanı dabanbasma bizi haqlıyır! Xoşbəxtlikdən və daha çox, Ədəbiyyat İnstitutunun professor-dosent heyətinin humanizmindən hər şey yaxşı qurtardı və biz filologiya elmləri namizədi kimi şərəfli bir elmi dərəcəyə yüksələ bildik.

Hey, gidi dünya! Nə böyük elmi şəxsiyyətlər keçdi səndən! "Qanı dedigim bəy ərənlər?" Akademiyanın yuxarı binasının (o zaman belə adlanırdı) beşinci mərtəbəsinin sol əlindəki yarısında onların nəcib ruhları, şübhəsiz ki, indi də dolaşmaqdadır. Yəni kimlərin? Mənim müəllimlərim olmuş, mənə təkcə elm deyil, həm də ədəb-ərkan, insanlığa sevgi, vətənə məhəbbət, ədəbi irsimizlə fəxr etmək öyrətmiş bu gözəl insanların:

Akademik Məmməd Cəfər Cəfərovun!

Akademik Kamal Talıbzadənin!

Müxbir üzv Əziz Mirəhmədovun!

Müxbir üzv Yaşar Qarayevin!

Müxbir üzv Azadə Rüstəmovanın!

Professor Mirzağa Quluzadənin!

Professor Məmmədhüseyn Təhmasibin!

Professor Kamran Məmmədovun!

Professor Mirəli Seyidovun!

Professor Qasım Qasımzadənin! Və neçə-neçə adlarını çəkmədiyim elmlər doktorlarının, elmlər namizədlərinin ruhları!

Heç şübhəsiz ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əldə etdiyi yüksək elmi uğurlarda, cild-cild kitabların ərsəyə gəlməsində, necə deyərlər, işıq üzü görməsində, yeni-yeni istedadlı gənc kadrların yetişməsində, bütövlükdə İnstitutun dünya səviyyəsinə layiq bir elmi quruma çevrilməsində onların da payı var!

Mən aspiranturaya girərkən, İnstituta klassik ədəbiyyat mütəxəssisi, böyük Füzulişünas alim olan professor Mirzağa Quluzadə başçılıq edirdi. Onun vaxtsız vəfatından sonra Akademiyanın müxbir üzvü Əziz Mirəhmədov, akademik Məmməd Cəfər Cəfərov, müxbir üzv Yaşar Qarayev direktor postunda İnstitutun elmi ənənələrini uğurla davam etdirdilər.

Özəlliklə, ilk aspirantı olduğum elmi rəhbərim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Azadə xanım Rüstəmovanın mənim bir klassik ədəbiyyat mütəxəssisi kimi yetişməyimdə oynadığı misilsiz rolu, çəkdiyi böyük zəhməti unuda bilmərəm. Bu zərif, eyni zamanda tələbkar xanım, görkəmli rus şərqşünası Yevgeni Bertelsin aspirantı olmuş böyük alim, öz aspirantını da öz səviyyəsinə qaldırmaq üçün əlindən gələni əsirgəmirdi. Hətta aspirantsayağı, bəzən tənbəllik edəndə, verilmiş tapşırığı yerinə yetirməyəndə incə-incə danlamağı, utandırmağı da vardı...

O da yaxşı yadımdadır ki, o zaman Ədəbiyyat İnstitutu, bir növ, Platonun Akademiyasını xatırladırdı. Dəhliz boyu qoyulmuş bir neçə yaşıl divanın üstü həmişə mübahisə edən alimlərlə dolu olardı. Professor-şair Atif Zeynallının Bakı ləhcəsinə yaxın gur səsi indi də qulaqlarımdadır. Müxbir üzv Əziz Mirəhmədovun dostyana "xuliqan-professor" adlandırdığı Kamran Məmmədovun şən, qəlbədəyməyən zarafatları çox vaxt biz aspirantların da dilinin əzbəri kimi məclislərdə səsləndirilirdi...

Bu gün Ədəbiyyat İnstitutu təkcə müstəqil respublikamızda deyil, bütün dünyada Azərbaycan ədəbiyyatının tədqiq və təbliğində əsas aparıcı qüvvələrdən biri olaraq qalmır, həm də dünyanın bir çox ölkələrinin ədəbiyyatını Azərbaycan ədəbiyyatı ilə komparativ əlaqədə öyrənir. Əlbəttə, bu, ümumiyyətlə, təkcə ədəbiyyatımızın deyil, həm də mədəniyyətimizin və bütövlükdə müstəqil dövlətimizin dünyada layiqincə tanıdılmasına xidmət edir.

Bu gün AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna çağdaş ədəbiyyatşünaslıq elmimizin korifeyi, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli başçılıq edir.

Akademik İsa Həbibbəyli ədəbiyyatımızın bütün dövrlərini və sahələrini kamil bilən universal bir alim deyil, həm də humanitar və ictimai elmlərin bütün sahələrinə dərindən vaqif olan bir tədqiqatçıdır. Onun fundamental əsərləri və müxtəlif akademik tədbirlərdə etdiyi professional çıxışları bu dediyimizin əyani sübutudur.

Akademik İsa Həbibbəyli ədəbiyyatşünaslıq elmimizin bu gününü və gələcəyini dərindən və ciddidən-ciddiyə düşünən vətənpərvər bir alim kimi, bu sahədə gənc kadrların yetişməsinə çox böyük önəm verən bir elm təşkilatçısı kimi, çoxsaylı gənc ədəbiyyatşünasların ərsəyə gəlməsində öz səyini və qeyrətini əsirgəməyən bir alim və şəxsiyyət kimi tanınır.

Akademik İsa Həbibbəylinin Ədəbiyyat İnstitutuna direktorluq etdiyi 10 ildən artıq bir dövrü, əsası, demək olar ki, XI yüzildə böyük Azərbaycan ədəbiyyatşünası Xətib Təbrizi tərəfindən qoyulmuş bu qədim elmi qurumun renessans dövrü kimi xarakterizə etsək, qətiyyən yanılmarıq.

Bu gün Ədəbiyyat İnstitutu akademik İsa Həbibbəylinin rəhbərliyi altında humanitar elmimizin flaqmanlarından biri kimi özəlliklə azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərimizin, klassik və çağdaş ədəbiyyatımızın, türk xalqları ədəbiyyatlarının, dünya ədəbiyyatının tədqiq və təbliğində aparıcı elmi qurumlardan biri kimi milli dövlətçiliyimizin daha da inkişaf edərək yüksəlməsinə öz layiqli töhfəsini verməkdədir.

Bu müqəddəs vəzifənin yerinə yetirildiyi yolda Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna - mənim sevimli Alma Mater-imə yeni-yeni uğurlar diləyirəm!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!