Rüstəm KAMAL
Mövlud Süleymanlının sözü əslində saf dünya ilə, nağıl dünyası ilə dialoq idi. Nağıl isə söyləyicinin (yazıçının) azadlığı deməkdir. Zaman-məkandan kənara çıxmaqdır. Nağıl poeziyanın ən mükəmməl növüdür - Novalis belə deyirdi. Bu, onun güvəndiyi, inandığı və sığındığı dünya idi. Göy üzünün göylüyünü, suların duru axmasını daha çox vəsf etməsi də bu üzdəndir.
O, qız-qadın adlarındakı, predmetlərin, heyvanların adlarındakı magiyanı dərindən hiss edirdi və çox istəyirdi ki, oxucu da sözlərin, rənglərin, səslərin magiyasını onun kimi duysun. Yazıçının folklor stixiyasnıdan çox yazıblar, təkrarlamaq istəmirəm. Sübhəsiz, mifoloji motivlər və obrazlar bilavasitə özünün yazıçının bioqrafiyası ilə şərtlənirdi. Onun nəsr poetikasının ən vacib xüsusiyyətlərindən biri də şəxsləndirmə idi. Heyvanlar və quşlar insanlar kimi, bir ünsiyyət məkanında təsvir edilir. Heyvanların, quşların davranışını, xasiyyətini insan xasiyyəti kimi görüb yazırdı. "Bəkil balaca miss qabı südnən doldurub ayqalarının üstündə küçəyə süd verirdi. Küçük səksəkə içində, kinli-kinli, tələsə-tələsə içirdi" ("Duzsuzluq"). Personajların zoomorf xarakteristikası mifoloji düşüncədən gəlirdi.
Onun etnoqrafizmi də alimlərin etnoqrafiyası deyil, poetik etnoqrafizm idi. "Yaz cücərə-cücərə gəldi, yay gəldi, payız getdi. Kirkirələrdə yarma çəkdilər. Sobalar qalandı, ocaqlar suyun, yağışın, yelin səsi kimi səs eləyə-eləyə yol getməyə başladı. Amma kənd bunun getmək olduğunu bilmirdi. ("Yel əhmədin bəyliyi").
Mövlud Süleymanlı nəsri təmiz poeziyanın bir hissəsi kimi ədəbiyyatımızda qalacaqdır.
Maraqlıdır ki, personajları iki dünyanın sərhədində, reallıq və qeyri-reallıq, yer-göy, dağ-aran, yuxu - oyaqlıq kimi aralıq durumlarda yaşayırdı. Özü də eləydi...
Mövlud Süleymanlı yazısında o sözləri seçirdi və sevirdi ki, onsuz qətiyyən keçinə bilməzdi. O, sözlə keyfiyyətlə işləməyin ustasıydı, mətnlərində özünəməxsus poetik kolorit yaradırdı. Ona görə də oxucu sujetin deyil, sözlərin sehrinə düşürdü. Sujetlərində islamaqədərki inancları bərpa edir, xalqın inanclarından geniş bəhrələnsə də, əslində öz inanc dünyasını yaratmışdı. Onun sözünün düzənində və təhtəlşüurunda ovsun-dua janrının obrazı daha fəal idi. İllər öncəsi Azərbaycan radiosunda hər səhər dualarını səsləndirməsi də təsadüf deyildi...
Onun üçün bəlkə də sözün səslənməsi daha maraqlı və daha vacib idi! Personajların ünsiyyəti səsdən başlayırdı. Səs onların varlığında, yaşamında və dünyaduyumunda əsas elementdir. Mövlud Süleymanlı insanları səsin çalarları ilə, səsin vəziyyəti ilə səciyyələndirirdi. Bir misal: "Sayalının səsi istiydi, bu səsin istiliyi Telli qarının bütün canında gəzdi, öz səs-küyündən ağırlaşmış başını ağır-ağır döndərdi" ("Şanapipik"). Axırda son duası ilə dünyanın əbədi səssizliyinə qarışdı...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!