İtki - Paşa Kərimovun 65 yaşına - Vaqif YUSİFLİ

Fevralın 10-da tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Paşa Kərimovun - böyük şairimiz Əli Kərim yadigarının 65 yaşı tamam olur. Amma bu ilin soyuq yanvar günlərinin birində ağır xəstəlikdən sonra Paşa Əli oğlu Kərimov dünyasını dəyişdi. Heç kim unudulmur, Əli Kərimi unutmadığımız kimi, Paşanı da unutmayacağıq.

Vaqif YUSİFLİ

 

 

Baxsan, bu dünyanın ha tərəfinə

Bir yerdə qəbrim var, on yerdə sağam.

Göy uçsa, yer qopsa, ölmərəm yenə,

Hələ neçə dəfə doğulacağam.

Əli Kərim

 

O, ədəbiyyata şair kimi gəldi. Çox yaxşı xatırlayıram, 1980-ci ilin sentyabrıydı, mən "Azərbaycan" jurnalında tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri kimi, bir neçə aydı işə başlamışdım. Gözəl şairimiz Fikrət Qoca şeir şöbəsinə baxırdı, onun yanına dəstə-dəstə şairlər gəlirdi, şeir gətirirdilər və Fikrət müəllimin də işi başından aşırdı. Bir gün məni yanına çağırdı: beş-altı vərəqədə səliqə ilə yazılmış bir kiçik əlyazmanı mənə uzatdı: "Mən bu tələbə şairin şeirlərini oxudum, bəyəndim, sən də oxu, şeirlərin altında imzasını qoymayıb, amma sən şeiri yaxşı duyursan, təxmin edərsən, kimdir bu müəllif".

Elə həmin gün Fikrət müəllimin tapşırığını yerinə yetirdim. Soruşdu ki, bəyəndinmi, "bəli" dedim. "Kiminsə təsiri varmı bu şeirlərdə?", "Yox, Fikrət müəllim, amma bu şeirlərdən bir az Əli Kərim qoxusu gəlir" - dedim. "Düz tapmısan, elə bu şeirlərin müəllifi Əli Kərimin oğlu Paşadır".

1980-ci il idi və Azərbaycan şeirinin bənzərsiz şairi Əli Kərimin ölümündən 11 il ötürdü, amma sağlığında əsl qiymətini almayan Əli Kərimin ölümündən sonra baharı başlamışdı. "Bəzən haqq qazanır insan öləndə, Hamıya dərd olur cavan getməyi" . Əli Kərim dünyasını dəyişəndə böyük oğlu Paşanın on yaşı vardı, Azər və Orxan isə Paşadan kiçik idilər. Əli Kərim ölümünə az qalmış "Vəsiyyət" şeirini yazmışdı:

 

Tabutuma oğlanlarımı

yaxın qoymayın!

Təbəssümlərini qoyarlar ora.

Tabutuma

Bir az kağız qoyun,

Bir dənə də qələm.

Gecələr yazmaq, oxumaq eşqi gələndə

Paşanın, Azərin, Orxanın

Asın təbəssümünü

divar lampası kimi

başı üstdən.

Üç canımın,

Üç igid oğlanımın -

Paşamın, Azərimin, Orxanımın.

 

Əli Kərim oğlanlarını çox sevirdi. O, "Gəl, Azərim" şeirini Azər xəstələnəndə yazmışdı: "Sənin yerin xəstəxana, Mənimki boşluq. Gəl, bıçaq altında inildəyən dünyam, Ürəyim, Varlığım, Adım" .., Paşaya da şeir həsr etmişdi: "Paşanın ilk uçuşu" şeirində Paşanın ilk müəllimi Sitarə xanım ehtiramla yad edilirdi: "O təkcə oğluma dərs demir indi, Öyrədir mənə də necə sevməyi". Oğlanlarına böyük ata sevgisi "Nəğmələrin yuvası" şeirində də əks olunmuşdu. Heyif, Əli Kərim oğlanlarının ona başucalığı gətirəcək uğurlarını görə bilmədi.

Amma indi 1980-ci ildir. Əli Kərimin böyük oğlu Paşanın mətbuatda ilk şeirləri işıq üzü görür. Fikrət Qocanın Paşanın şeirləri barədə "Xoş gördük, şair ömrünün davamı" Ön sözü ilə bu şeirlər "Azərbaycan" jurnalının 1980-ci il 10-cu sayında dərc olunur.

"Paşa oğlu Əli ilə dost idim - Əli Kərimlə... İllər keçib. İndi redaksiyada qarşımda arıq, uzun oğlan dayanıb. Universitetin filologiya fakültəsinin son kursundadır. Şeirlər gətirib. Şeirlərinə baxmaq əvəzinə, üzümü üzündən çəkə bilmirəm. Elə bil, hardasa bu oğlandan kənarda - 60-cı illərdə - Əli Kərim mənə baxıb gülümsünür. Həmin bu redaksiyada, mən oturduğum bu yerdə o vaxt Əli Kərim oturardı. Yanına şeir gətirərdim. Baxıb gülümsünərdi. Budur - Əli Kərim ömrünün davamı, Əlinin oğlu. Paşa Əli oğlu qarşımda dayanıb. Mən onun üzündə Əlinin cizgilərini axtarıram.. Oxşayır da, oxşamır da.. Şeirləri də özü kimi."

44 ildən sonra mən "Azərbaycan" jurnalının həmin sayını tapdım və Paşa Əlioğlunun şeirlərini bir də oxudum. Qış haqqında üç şeiri var. Hər şeirdə obrazlı ifadələrlə, metaforalarla qarşılaşdım:

 

Şaxta olsa da,

necə donsun əllərim? -

əllərimdə neçə yağış-qar

göz yaşı.

Əllərimdə göyün güzgüsü -

göy üzünə baxar,

bəzənər əllərimdə.

Başqa bir şeirində: "Gecə şəhərin heykəlləri yatır. Titrək fənər işıqları heykəllərin yuxusuna düşür". Amma o şeirlər içərisində biri də vardı ki, Paşa Əlioğlunun o şeir ocağında yeni bir gur işıq yandıracağına ümid doğururdu. "Mavilik" şeiri:

 

Heç nəyimiz yoxdu,

təkcə sənin mavi baxışların,

mənim mavi gözlərim,

qardaşımın mavi gündəliyi,

anamın mavi arzusu.

Sonra...

dünyanı maviyə boyamadıq,

yox:

yatanda mavi yuxular gördük.

 

Səksəninci illərdə Paşanın şeirlərinə "Yaşıl budaqlar" almanaxında da rast gəldim. Bəs sonra?

1982-ci ildə Paşa Universiteti bitirir və AMEA-nın Əlyazmalar İnstitutunda əmək fəaliyyətinə başlayır. Və ömrünün son günlərinə qədər həmin İnstitutda çalışır: ömrünün 42 ilini Əlyazmalar İnstitutunun divarları arasında keçirir: laborant, kiçik elmi işçi, böyük elmi işçi, İnstitutun elmi katibi, direktor müavini, bir müddət isə direktoru. O, Əli Kərim ömrünün davamını şeirdə yox, elmdə yaşadır. Biz belə bir cümlə ilə tez-tez qarşılaşmışıq: "Filankəs anadan şair kimi doğulub". Amma bəzən "şair kimi doğulanlar" və yaradıcılığa şeirlə başlayanlar az sonra şeirə vida edib elm aləminə, ya sənətin başqa bir sahəsinə meyil edirlər. "Şair ola bilərdin, amma professor oldun" Böyük türk şairi Nazim Hikmət bunu dostu Mikayıl Rəfiliyə həsr etdiyi şeirdə söyləmişdi. Paşa Kərimov da daha şeir aləmində görünmür, amma onun bütün elmi tədqiqatları klassik Azərbaycan poeziyası ilə bağlı olur. O, XVII-XVIII əsrlər Azərbaycan poeziyasının mötəbər tədqiqatçılarından birinə çevrilir. 1991-ci ildə "Əlican Qövsi Təbrizinin "Divan"ının tekstoloji tədqiqi və elmi-tənqidi mətni" mövzusunda namizədlik, 2012-ci ildə isə, "XVII əsr anadilli Azərbaycan lirikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. Amma onun tədqiqatçı ömrünü təkcə namizədlik və doktorluq dissertasiyalarının müdafiəsi ilə məhdudlaşdırmaq olmaz. Əlyazmalar İnstitutunda klassik ədəbiyyatımızla bağlı həyata keçirilən və reallaşan bir sıra elmi işlər məhz Paşa Kərimovun əməyinin bəhrəsidir. Mən təfsilata varmaq istəmirəm, amma onun elmdə şah əsəri - "XVII əsr anadilli Azərbaycan lirikası" sanballı monoqrafiyası barədə qısaca söz açmaq istəyirəm. Paşa bu əsərdə XVII əsr anadilli Azərbaycan şeirini bütün istiqamətləri üzrə araşdırır və qətiyyətlə demək olar ki, bu çətin, son dərəcə araşdırma tələb edən mövzunu bütünlüklə elmi ictimaiyyətə təqdim edir, necə deyərlər, "düşvarı asan eyləyir". Həmin əsrin anadilli Azərbaycan lirikasının coğrafiyasından, tədqiq tarixindən tutmuş, mövzu dairəsinə, ənənə və yenilikçilik problemlərinə qədər heç bir boşluq buraxmır. O monoqrafiyanın bəzəyi isə, "XVII əsr anadilli Azərbaycan lirikasının janr və forma xüsusiyyətləri, bədii ifadə vasitələri" fəslidir. Bu fəsildə Paşa Kərimovun ədəbiyyat tarixçisi ilə ədəbiyyat nəzəriyyəçiliyi vəhdət təşkil edir.

Paşa ədəbi örnəklərə istinad edir - sübut olunur ki, XVII əsr lirikamızda qəzəl janrı tədricən qəsidə janrını üstələyir. Füzulinin təsiri isə hələ davam edir. Klassik poeziya aşıq poeziyası ilə vəhdətdədir və ikincisinin təsir dairəsi böyüyür. Həmçinin bədii ifadə vasitələrinin arsenalı da genişlənir. Bu monoqrafiyada Paşa bizi həyat və yaradıcılığı çox az tədqiq olunan şairlərin yaradıcılığı ilə tanış edir - Vəhid Qəzvini, Mirzə Tahir, Məczub Təbrizi, Məlik bəy Avçı, Tərzi Əfşar, Mürtəzəqulu xan Zəfər, Şamlu və s. şairlərin yaradıcılığı ilk dəfə tədqiq hədəfinə çevrilir. Təbii ki, Saib Təbrizi, Qövsi Təbrizi, Məsihi, Sadiq bəy Əfşar, Əmani kimi məşhur şairlərin yaradıcılığı ön plandadır.

Bəli, o, ədəbiyyata şair kimi gəldi, ümid edirdik ki, Əli Kərim ocağında yeni bir işıq parlayacaq. Amma şair kimi yox, istedadlı tədqiqatçı kimi, bu sahənin professoru kimi tanındı.

Son dəfə onu keçən il - mərhum deməyə dilim gəlmədiyi - millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə təşkil olunan "Əli Kərim poeziya gecəsi"ndə gördüm. Təbii ki, ona söz verildi, hiss olunurdu ki, xəstədir, amma Əli Kərimdən - atasından danışanda, onun səsində Göyçayı, Əli Kərimi, Elza xanımı, vaxtsız vəfat edən qardaşı Orxanı, Türkiyədə yaşayan Azəri gördük. "Ağrı, yaxın gəlmə, girmə araya," Get, yoxdur ölümdən çəkinəcəyim" (Əli Kərim). Amma gec idi, bu ilin yanvar günlərinin birində Əli Kərim ocağında bir itki də qaçılmaz oldu. Amma o ocaq sönməyib, minlərlə oxucunun ürəyində şölələnməkdə davam edir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!