Cavanşir YUSİFLİ
1
Tələbəlik illərində beynəlxalq dil olimpiadasında iştirak edirdik. Hansısa fransız yazıçısından hekayə oxudular. Həm də yarıya qədər, bəlkə də bir neçə səhifə. Biz hekayəni elə həmin dildə tamamlamalıydıq. Çox çətin idi. Çünki bu bizim əhvalatımız deyildi, o əhvalat bizim hisslərimizdən doğmamışdı, həm də neçə-neçə adam içində dinlədiyin mətni vaxt tapıb necə özününküləşdirmək olardı? O gün İlham Əzizin "İndi nə Cəlal var, nə də ki Humay ...." hekayəsi dərc olunub. Hekayədəki əhvalatı, sadəcə, bir neçə yazıçıya danışıb yazılmasını xahiş edin. Fərqli şeylər alınacaq. Və ... hansında alınacaq? Süjet gərgin (maraqlı - !) olanda ondan yaxa qurtarmaq, onu idarə etmək çətin olur.
Başqa bir məsələ: hekayət nə qədər ibrətli... olsa da, hesab edin ki, oxucu bu tipli mətnləri sizdən daha yaxşı bilir. Siz onu yolundan azdırmalısınız. Bizdə bu alınırmı? Gülü sulu dərməzlər...
Yəni... yazmalı olduğumuz hekayə bizdən əvvəl bu dünyada vardı, hesab edin ki, təsadüfən ona rast gəlmisiniz. Tanış olub, ürək qızdırıb evə buraxmışıq, onu nəfəs-nəfəs, ürək-ürək yazmışıq, bir məqamda, yəni yazı prosesinin bir anında hər şeyi ələ aldığımızı, hekayəti idarə etdiyimizi hiss etmişik, bundan sonra yeraltı axının, yeraltı dalğaların səsini eşitmişik. Bu bizim ritmimiz, ürək döyüntümüzdür, bir az "böyüdülmüş", canlandırılmış, ya da durdurub saxladığımız formada. Nədənsə, nəyisə saxlayıb durduranda onun sürətini, içini faş edən ritmi bütün çılpaqlığı ilə hiss edirik.
2
Bədii nəsrdə Puşkində olduğu kimi, hər hansı metafora, müqayisə və sair kimi fiqurlar olmaya, yaxud çox seyrək rastlana bilər (bədii nəsrdə bənzətmələrin çoxluğu kollajdan başqa bir şeyə yaramır?), ancaq o nəsr mətninin nəfəsi sayılan ritm sayəsində əsər yüksək bədiilik qazanar. Hər hansı əsəri oxuyanda müəllif, yaxud oxucu bu və ya digər parçada ritmin qırıldığını, yaxud pozulduğunu müşahidə edə bilər. Ritm bütün bədii mətnə xasdır, ancaq həm də bir andır. Əvvəl bunu deyək: ritm hər şey deyil, hər şey də ritm deyil.
Bunu belə izah edək, ritm əslində güclü dalğa yaradan bir nəsnə olduğundan bir məqamda sıçrayış anına çevrilir. Bu an - sıçrayış məqamı ritmi yaradır. Bu sıçrayış anı məqsədi dəyişir, yazan adam güclü ritm dalğasının təkidi ilə qoşur, demək, sənin yazdığını, yaxud yazmaq istədiyini o səndən qabaq bilir, səndən öncə tapacaq. Sizin ikinizin birləşdiyi an yazdığın hər sətrə yaradılan dünyanın qoxusu, rəngi səs amplitudası yerinə oturur. "Qətl günü" romanında oxu zamanı müşahidə edilən bir paralellik var: pasajdan-pasaja keçid "yeraltı dalğalar"ın təkanı ilə hərəkət edir, qırılmayan xətt, harmoniya, hər şeyi bir məqamın içinə düyən dinamika fikir və düşüncələri qoşalaşdırır, paralel fraqmentlər kimi bir ürək döyüntüsü - ritm - nəfəs ətrafında cəmləyir. Ritm həmin yeraltı dalğaların dilidir. Məhz bu məqam bədii mətndə sıçrayış anını yaratmaqla onun bütün toxumalarına sirayət edir.
Ritm təbii ki, süjetlə bağlıdır. Süjet nə qədər gərgin olarsa, ritm də bir o qədər kəskin hiss edilər. "Taun" və "Yad adam"ın ritmləri çox fərqlidir: biri unudulan şeyləri dirildir, buna cəhd edir, ağrını qövr etdirir, digəri unutmaq stixiyası yaradır. Dostoyevski "ölmüş", artıq "həyatı biryolluq tərk etmiş" insanlarla işləyir, Prust sözdən əvvəlki səsin nüvəsini axtarır. Folkner sözlə səsin - ikisinin bir yerdə insan taleyində açdığı şırımı bütün dəhşəti ilə göstərir.
Mirzə Cəlil başqa bir ritmdir və bizimdir...
Ritm, həm də forma və məzmunun harmoniyasıdır.
Başqa bir yazıçı: "...Səssiz söz yoxdur. Söz görünməzdən əvvəl bir səs gəldi. Nəsrdə də belədir: süjet yaranmazdan əvvəl plan formalaşır, bir şey "səslənməlidir", yəni ruhda "səs" kimi doğulmalı, daxili ehtiyacdan və həyatın özündən ilhamlanaraq vahid melodiyaya qovuşmalıdır..."
Səni sevirəm. Bu, ritmin gizləndiyi andır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!