Tamamlanmamış rəsm, mavi dəniz, bir də qayıq... - Hədiyyə ŞƏFAQƏT

Aslı Perkerin "Flaminqolar çəhrayıdır" romanı əsasında...

Hədiyyə ŞƏFAQƏT

 

Yaşadığım müddətcə qətiyyən yadımdan çıxmayacaq bir an var artıq həyatımda. Belə anlar olmamalıdır. Nə yaxşı, nə pis. Bu qədər güclü anlar olmamalıdır insanın həyatında. Tale müəyyənedicidir; sənin kim olacağına, necə bir insan olacağına qərar verən. Nə qədər xoşbəxt, nə qədər bədbəxt, nə qədər az, nə qədər çox olacağına qərar verən. An dediyin nədir, hər gün milyonlarla insanın baxdığı bir dairənin üstündə tik-tak irəliləyən bir çubuq. Ya da elektron saatda sıfır səkkiz olur sıfır doqquz və... bam! Həyatın dəyişir.

 

***

İnsan kimin övladıdır? İnsanı kim yetişdirir, insanı nə yetişdirir? Kim böya-başa çatdırır, kim taleyini biçir və ya biçilmiş talenin qayçısı kimin əlindədir?

Bu suallar insanı daha əvvələ çəkir, sual sadələşir: İnsan nədir? İlluziya, yoxsa fakt? Birinin digəri olub-olmadığını necə bilmək olar?

Olmaz...

Aslı Perker 2018-ci ildə çapdan çıxmış "Flaminqolar çəhrayıdır" romanında bu suallara üz tutarkən anların, yəni zamanın əsas istiqamətverici olduğunu irəli sürmüş kimi göstərsə də, bu məsələnin üzdə görünən ştrixlərindən biridir. Geriləyərkən, hər şeyin başlandığı və ya hətta başlamadığı nöqtəni axtararkən üzə çıxan xəyallar həm çox bəsit, sadə, gəl ki, həm də çox mürəkkəb qanunaquyğunluğun bir parçası kimi üzə durur. Bütün bunlar sənə səndən asılı olmayan əlacsızlığı göstərir və özünün əngin həyatın bir nöqtəsində mənasız, səndən soruşulmadan biçilmiş talenin daşıyıcısı olduğunu anlayırsan... duruxursan: Öz taleyini öz əlinə ala bilərsənmi?

Sən öz övladın ola bilərsənmi?

 

***

Yaradıcılıq nədir?

Yazıçının buna özünəməxsuz cavabı olacaq. Danılmaz faktdır ki, yazıçılıq həm də insan sarsıntılarının, travmalarının, ağır xatirələrin, üst-üstə yığılmış intiqam arzularının və qəzəb tutmalarının ən məsum nəticəsidir. "Məsum" sözü sizi aldatmasın, bu nəticənin daxilində gizlənmiş üsyan o qədər güçlü ola bilər ki, böyük dəyişikliklərə yol aça, böyük dağıntılar törədə, tarixin bütöv dövrünü dəyişə bilər. Yazıçılıq həm də mənəvi sarsıntıların qələm adlı silaha çevrilmə faktıdır ki, bu da ondan böyük ürək tələb edir. Lakin ustalıq bu sadalananların arasından sakitcə sivişib öz quyusuna dalmaq və orada insan qəlbinin tellərini ahəstə, dəqiq vurğularla titrətməkdir. Bu titrəyişlər həm də daşları yerinə yerləşdirmək missiyası daşıyır: həm yazıcı, həm oxucu qəlbində. Bir sözlə ağır xətt üzrə üzə sarsıntılardan ortaya çıxan mətnlər qələbə adlandırıla bilər. Bu müharibəsiz qələbədir, döyüşsüz qələbədir, qan-qadasız qələbədir, lakin onun da öz yaralıları olacaq...

 

***

Çəhrayı flaminqoların öz yaralıları var... Öz ölüləri də var... Öz gözəl dəliləri də var və məhz bu dəlilərin həyat hekayələri qəribə şəkildə kəsişərək gözümüzün qarşısında heç vaxt tamamlanmayacaq rəsm kimi təzahür edir. Rəsmdə təsvir olunan və ya olunmağa çalışılan flaminqolar insan - təbiət mübarizəsində, insanın təbiətə qəsdi fonunda köçüb gedir, rəsm tamamlanmamış qalır, amma mətnin məğzi də bizə bunu ötürür: bu rəsm tamamlanmaq üçün çəkilmir. Bu romandaki yeganə gözəl dəlilik deyil...

Öz havasında bir dayı... Öz havasında bir yeznə.. Öz havasında bir nənə... və başqa adamlar...

Öz havasında bir qız, öz havasında bir dəniz və dənizin səthində asta-asta yellənən qayıq; səssiz-səmirsiz həsrəti çəkilən ana: Feryal. Qayıqla qurulan dialoqlar, qayığın qoruyucu mələk obrazı. Möcüzəvi don geyindirilmiş qayıq-mələyin sahilə çırpılıb dağılması.

Fakt: flaminqolar çəhrayı, insan tənhadır...

O qız heç kimə bənzəməyən yabaniliyi və hamını ürküdən yadlığıyla hara məxsuz olduğunu heç cür tapa bilmir, elə o qayıq kimi həyatın ortasında özbaşına qalıb...

Amma həqiqət həqiqətdir: Onun taleyini bir andan digər ana keçən nöqtədən başlayaraq həyatında aparıcı rola məhkum olunmuş insanlar yazmağa başlayırlar. Əslində dəlilik nişanələrinin daşıyıcısı olduğunu ilk sətrlərdən anlamağa başladığımız altı yaşlı qızcığaz addım-addım dərinə çəkilir. Bir gecə baş verən qəzadan sonra bu qızcığazın həyatında qadınlar passiv roldadırlar, kişi xarakterlərinin, kişi həyat tərzinin, üstəlik qeyri-adi, başqalarından əslində üstünlük sayıla biləcək dərəcədə fərqlənən həyata baxış tərzi qızcığaza adi adamlarla birlikdə böyüyən adi qızların həyatından fərqli təsir göstərir. Məhz bu baxımından anasızlıqdan başlayan bir xəttin nə qədər kəsiklərə məruz qalacağını, bir yerdə ümumiyyətlə qırılıb düşəcəyini görürük. Lakin anasılığı əvəzləyən dayı obrazı ustalıqla  qaldırıldığı mərtəbədə insani müstəvinin daha vacib olduğunu qabardır. Altı yaşla həmyaşıdları kimi söhbətləşən, məsləhətləşən, tərbiyəçilikdən çox yol yoldaşlığını seçən, balaca qızın qeyri-adiliklərini təbii qəbul edərək onu həm bir baxımdan qoruyan, həm də təəssüf ki, böyük bir "səhvə" yol verərək bir baxımdan naşıcasına gələcək həyata hazırlaya bilməyən bir insan görürük.

Dayının rahatlığı insanda qınaq yaradır, amma bu qınaqdan ən az pay düşəcək insan da odur. Çünki bir yığın insanın içində bu qızcığazın həyatı üçün məsuliyyət daşımaq məhz onun çiyinlərinə yüklənib.

"Flaminqolar çəhrayıdır" bizi böyüklərin çox vaxt diqqətdən qaçırdığı iki amilə aparır: Birincisi, uşaqlara yüngül yanaşmaq, uşaq hisslərinə, uşaq beynində formalaşmaqda olan obraz və təsvirlərə, xəyallara və suallara saymazyana münasibət bəsləmək olmaz. İkincisi, bütün bu olmazlardan yüksəkdə dayanmağın özü belə tənzimlənmə tələb edir: Həyat çəhrayı rənglərlə çəkilməyib, uşaqlar onun bütün rənglərinə hazırlanmalıdırlar... Roman həmçinin bizi qarşılaşdığımız hadisələrin, sarsıntılardan qalan izlərin, əlamətlərin, bəzən əzab çəkib səbəbini tapa bilmədiyimiz acı sözlərin, pisliklərin, amansızlıqların kökünə çəkir: Uşaqlıq gələcək geniş həyatın nüvəsinə yerləşdirilmiş gizli sandıqdır.

Bir gün açılır. Bəs içindən nə çıxır?

İçindən çıxan şeylər hamımızın həyatına bu və ya digər dərəcədə təsir göstərir, bundan qaçış mümkün deyil.

Amma bu romanda hər şeyin təsiri birbaşa Bahriyəliyə yönəlib.

Flaminqolar bəhanədir...

 

***

Aslı Perker bu romanı öz alternativ həyat təsəvvürü adlandırsa da, əslində elə həqiqi həyatını qələmə alıb. Bircə faktı dəyişməklə; ilk səhifələrdə baş verən həmin qəzada anası yaralansa da vəfat etməyib. Lakin uzun müddət ondan ayrı qalmalı olub. Dayısıyla, nənəsiylə yaşayıb, balıqçıların, gitara emalatxanasındakı ustaların yanına gedib-gəlib, həmin dövrdə hamısını olmasa da vaxtının bir hissəsini həmin insanlarla keçirib. Hətta adlar da realdır. "Mən sadəcə təsəvvür etmişəm" - deyir, - "valideynlərim həmin qəzada vəfat etsəydilər mən də Bahriyəli kimi olacaqdım".

Aslı Perkerin özünün bilmədiyi, ya da çox yaxşı bilib boynuna almadığı  bir şey var: O, elə Bahriyəlidir. Bu qətiyyən alternativ həyat deyil, paralel həyatdır. Onun bu iki, digər romanlarını da nəzərə alsaq müxtəlif paralel həyatın içində sarsıntılarını əritməyə çalışa-çalışa yazıçılıq qələbəsi qazandığını görürük. Sağ qalan anasını öldürərək müqəddəslik və mələklik mərtəbəsinə qaldırmış müəllifin sınıq arzuları nə qədər dərində gizlədilir gizlədilsin, diqqətli gözlərdən qaçmağa qadir deyil. Bəlkə bu da onun ustalığıdır, incikliyi pərdələməklə və ya basdırmaqla intiqam alınmasından çox həzin bir kədərlə öhdəsindən gəlinməsi ilə qarşılaşırıq...

 

***

Şübhəsiz, "Flaminqolar çəhrayıdır" uşaq romanı, hətta sırf uşaqlıq haqda da roman deyil. Lakin uşaq saflığını, uşaq sadəliyini, həyata uşaq baxışlarını qoruyub saxlamaq və bu baxışların vacibliyini, həmçinin böyümə prosesinin özü-özlüyündə necə məsuliyyətli dövr olduğunu çatdırmaq  baxımından ciddi sənətkarlıq faktıdır. Bu romanı oxuyan xəyalpərəst uşaq qanadlana bilər, lakin daşıdığı  ağır psixoloji yük hətta böyüklərin çiyninə də ağırlıq edəcək. Bəlkə də məsələ hansı ürəklə, hansı mənəvi hazırlıqla baxmaqdadır. Bahriyəlinin uşaqlıqdan yeniyetməliyinin son illərinə qədər təsvir olunan on illik həyatı boşluqda tamamlanır. Həmin boşluğun adı bəlkə psixoloji dispanser, bəlkə həyat, bəlkə intihardır. Müəllif on ildən sonra qəhrəmanının, bəlkə də bir baxımdan bizi sınamaq üçün öz taleyini öhdəmizə verir. Bu kifayət qədər üsyankar təşəbbüsdür, amma haqlıdır. Sualları daxilindən təzahür edən bir sakitliklə soruşur: Bahriyəli kimin övladıdır? Bahriyəlini yaradan nədir?

Hansı yaşda olmağımızdan asılı olmayaraq müəyyən hadisələrdən sonra keçmişlə bağlı düşünə bilərik: Belə yox, elə olsaydı necə olardı? Bu o suallardandır ki, insan özündən qaçışı həyata keçirərək basdırılmış xəyalların gizli təsirlərini silah kimi cibində gəzdirir və o silahı harda çıxardıb kimə saplayacağı heç kimə məlum deyil...

Difər tərəfdən, bir çox yazıcı həyata baxışı formalaşdıqca geniş insan mənzərələrinə müraciət etsə də, yaşının müəyyən vaxtında uşaqlığına qayıdıb yaşanmış hissləri, ordan götürüb gəldiyi travmaları, ürəyini gizli-gizli sızıldadan ağrıları, inciklik və itkiləri, ya da əksinə həyatına istiqamət verən hadisələri, arzuları, mübarizəni sanki mətnə çevirməkdən çəkinir, onu o edən şeylərdən, həm də əsas şeylərdən birinin məhz uşaqlığı, yeniyetməliyi olduğunu düşünməməyə çalışır, bir daş altda, bir daş üstə deyib həmin dövrə qayıtmır.

Bu yazıcı qorxaqlığıdır...

Üstəlik, həm başqalarına təsir gücünün, həm də sənətkarcasına ortaya çıxa biləcək bir mətnin yerinin boş qaldığını fikirləşəndə bu qorxaqlıqla barışmaq çətin olur...

Bu baxımdan Aslı Perkerin cəsarəti alqışa layiqdir.

 

***

Bütün xüsusiyyətləri ilə yanaşı bu romanı mənə doğmalaşdıran bir şey də var: Onu dilimizə tərcümə etmişəm; ya da tərcümə sözüylə razılaşmayanlar üçün: dilimizə uyğunlaşdırmışam və kitab artıq çapdan çıxıb.

Bu ilk səhifələrindən başlayaraq altı yaşlı qızcığazın həyatına keçmək, qayıdıb altı yaşımdan yenidən başqa bir həyata davam etmək, baş verənləri bütün qəlbimlə, bütün həssaslığımla, bütün  xatirələrimlə bütövlaşdirib yaşamaq  idi. Bahriyəli olmaq idi. Ürəyimin bəzən o qayıqda, bəzən o rəsmin qarşısında, bəzən keçmiş İzmir sahillərində, bəzən keçmiş insanların arasında döyünməsi idi. "Mən də ola bilərdim" demək idi, "bəlkə də mənəm" demək idi. O həyəcanlı anları, o göz yaşlarını, o təmiz və təbəssüm yaradan məqamları, o kədərli mesajları, o seli, o fırtınanı və... o yetimliyi, o tənhalığı, təsəvvür olunan anasızlığı anlamaq, - bunlar həyatın adi üzüdür, hamımızın başına gələ bilər, - həm də o daxili qəribliyin qanımda dolaşdığını təsdiqləmək idi.

Bəzi dəyişikliklərə etirazlara qoşulmaq idi. Mavi təmiz sular, gözəl yaşıl şəhərlər, balaca isti evlər, həyatın içində it-bata düşən sadə insanlar üçün göz yaşı axıtmaq idi...

Bir də ən əsası, Bahriyəlinin gözlərindən boylanmaq və dünyanı onun ürəyinin səsi ilə dinləmək idi.

Ağır idi, ağrılı idi...

Amma gözəl idi...

 

***

Romanın çapından sonra oxucuların Bahriyəlinin sonrakı taleyi ilə, əsərin davam edib-etməyəcəyi ilə  bağlı suallarına Aslı Perker: "Davamı olmayacaq. O qız böyüdü, çıxıb getdi"-  cavabını verib.

Bizi aldada bilməzsən, əziz müəllif, fikrimizi yayındıra da bilməzsən.

"Bahriyəli sağala bilməz, amma sakitləşə bilər" deyəndə daha səmimi və həqiqətə daha yaxınsan...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!