AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Azərbaycan Yazıçılar Birliyinin "Ədəbi proses-2022" elmi-yaradıcılıq müşavirəsində məruzə əsasında qələmə alınmış məqalənin əvvəli qəzetin 16 dekabr və 22 iyul 2023-cü il saylarında dərc olunmuşdur.
Tehran ƏLİŞANOĞLU
2022-ci il - Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə (5 yanvar 2022-ci il) "Şuşa ili" oldu. İli sərəncamdan irəli gələn yüksək ruh yüksəkliyi, milli-mənəvi dirçəliş, qürur və hardasa bir qədər də üstünlük pafosu ilə yaşadıq, yaşadığımızı hiss və idrak etməyə çalışdıq. Vətən müharibəsində tarixi Zəfərimizdən təkanlanan bu üst/üstün başlanğıc - Qələbə diskursu (-ki, "Şuşa ili" bunun əyani faktı, timsalı, möhtəşəm bildirisiydi-) həyatımızın hər bir sahəsinə sirayət etdiyi kimi, ədəbiyyatda və onun bir parçası olan ədəbi tənqiddə də özünü yansıtmalı, hiss etdirməli, görsətməli və əl-əlbət, göstərməli idi. Məqaləmizin məramı bu; və nəzərə alanda ki, bugün də daha iri miqyasda "Şuşa ili" davam edir, Türksoy tərəfindən Şuşamız türk-Turan dünyasının mədəniyyət paytaxtı bəyan olunmuş, - mövzunun aktuallığı da yerində.
Yeri gəlmişkən, lap yaxınlarda 25-26 sentyabr tarixlərində Qətərin paytaxtı Dohada keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin Konfransında İSESKO-nun qərarı ilə Şuşa şəhəri "2024-cü il üzrə İslam dünyasının mədəniyyət paytaxtı" adına layiq görülmüş, Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti daha bir Sərəncam imzalamışdır.
***
Gəlirik professional tənqid(çi) meydanına. Baxaq görək, hamının həmişə ədəbi-tənqidi prosesin başlıca subyekti kimi görməyə çalışdığı və alışdığı Tənqid(çilər) korpusu "Şuşa ili"ndə nə edir; ədəbi-tənqidi təfəkkürün çağdaş kontekstinə yozduğumuz mənzərəni cariliyə daşıya bilirmi?..
Bu sıradan klassik (akademik) korpusun dünyaya və "Turan dünyası"na açılan konseptual işlərə uğraşdığını artıq xatırlatmışıq (Anar, İsa Həbibbəyli, Kamal Abdulla, Nizami Cəfərov, Elçin, Sabir Rüstəmxanlı, Qəzənfər Paşayev, Azər Turan... - bu barədə bax: ƏQ, 16 dekabr və 22 iyul 2023)
İkinci sıra: fəaliyyətində cariliyə yer və önəm verən tənqidçilər - Elnarə Akimova, Cavanşir Yusifli, Əsəd Cahangir, Vaqif Yusifli, Rüstəm Kamal gəlir. Bu sarıdan daha fəal "Ədəbiyyat qəzeti"nin baş tənqid yazarı Elnarə Akimova və AYB-nin tənqidçi favoriti Əsəd Cahangir bir sıra müsahibələrində, habelə əməli nümunələrlə ədəbi tənqidin tələbkar (hardasa da mübariz) ictimai mövqeyini cari prosesə qaytarmağa çalışmışlar. Təqdiredicidir; məxsusən də "Şuşa ili"ndə...
Elnarə Akimovada bu, əvvəllər də diqqət çəkdiyim, milli-mənəvi dəyərlər zəminindən (habelə uzun illərin tənqid təcrübəsindən əxz etdiyi) aşkar ideoloji funksiyada görünür: "Bəli, 44 günlük müharibədə qazandığımız Zəfər milli mədəniyyətimizlə bağlı elmi və mədəni-təşkilati fəaliyyətin canlanmasına səbəb olub. Dəyərlərimizə daha çox sahib çıxmağa çalışır, hər məqamın milli zəmində sabahımıza hədəflənməsini istəyirik. Azərbaycanın qazandığı tarixi Qələbənin həm türk dünyasında, həm də beynəlxalq platformada ən yüksək səviyyədə, eləcə də mədəniyyət vasitəsilə təbliğində atılan hər bir addım böyük missiya daşıyıcısıdır..." (E.Akimova: "Novruz - özümüzlə başlayan bir tarixi mərhələnin içində gəlişən bayramdır". Yap.org.az saytına müsahibə - ƏQ, 19 mart 2022).
Son illərdə akademik səviyyədə uşaq ədəbiyyatının tədqiqi, özünü tapması və gəlişməsi yolunda usanmadan səylər göstərən filoloji doktoru E.Akimova həm də ölkənin hakim siyasi gücü - Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür və tənqid fəaliyyətində bu mövqe əməli olaraq da oturuşur ("Canıyeva Göyərçin"- bir şeir və müharibənin soyuq mənzərəsi"- ƏQ, 22 yanvar 2022; "Uşaq dünyasının şeirləri: işıqlı və rəngarəng"- ƏQ, 30 aprel 2022; "Əməldən zəfərə, yaxud Heydər Əliyevin Qarabağ siyasəti" - ƏQ, 7 may 2022; "Prometey əfsanəsi" - milli mücadiləmizin romanı"- ƏQ, 28 may 2022; "Mənim üçün qızılgül" - tale mətnləri, yaxud ədəbiyyatla həyat arasında- ƏQ, 9 iyul 2022; "Qələmin müqəddəs savaşı, yaxud sözün "Əkinçi" ucalığı"- ƏQ, 23 iyul 2022; "Tumurcuq" arzulardan Zəfər notlarına- ƏQ, 17 sentyabr 2022; "Heydər Əliyevin ədəbiyyat meyarı: millilik, tarixilik və müasirlik" - 10 dekabr 2022-ci il...).
Tənqidçini narahat edən başlıca leytmotiv isə bu ki: "Hətta ədəbiyyatın özündə belə gənc nəslin klassikadan nə qədər aralı düşdüyünün şahidiyik. Səbəb Qərbə meyillilik, orda yaradılan ədəbiyyata aludəlikdir. Bu, ağrılı bir prosesdir... Halbuki milli baza öz ədəbiyyatımız olmalıdı..." (E.Akimova: "Vətən dili" dərsliyinin yetişdirdiyi nəsil sonradan Azərbaycanın milli məfkurəsinin, dövlət müstəqilliyinin qurucuları oldu. "İki sahil" qəzetinə müsahibə - ƏQ, 18 iyun 2022) Bu qədər.
Əsəd Cahangir ədəbiyyat və sənət mövqeyində mütəhərrik olduğu qədər də, sərt və qətidir (baxır hansı məqamda, necə). Sənət görüşlərini açıqlayan, il əvvəl çıxmış və teatr aləmində gərəyincə xoş qarşılanmış "Dionisin şərəfinə" kitabı (Bakı, Azərbaycan Tərcümə Mərkəzi, 2021) ətrafında söhbətində nə qədər pozitiv və işıqlıdırsa (Ə.Cahangir: "Həyat faciə, xoşbəxtlik illüziya, sənət təsəllidir". Söhbətləşdi İradə Aytel - ƏQ, 4 iyun 2022), yazıçı Şərif Ağayarla qiyabi polemikada, çağdaş ədəbiyyatımızın övzai-halını görükdürməyə çalışdığı müsahibəsində (Ə.Cahangir: "AYB sədrliyi qurultayda həll olunan məsələdir". LAF.TV, Ləman Ələşrəfqızı ilə söhbət - ƏQ, 23 iyul 2022) neqativlərdən gəlir və son dərəcə açıq, kəskin və dürüstdür. Məsələn, belə: "Mən demişdim: Bəzilərinin təqdimində Şərif az qala Fransanın xalq yazıçısı oldu, amma möhür qoyan bir romanın müəllifi ola bilmədi..." Yaxud: "Aqşinin şeirlərində iynənin ucu boyda da ümid yoxdur. Özəlliklə də, Qarabağ sindromu içində olduğumuz, ümidə, işığa, zəfərə hava qədər, su qədər ehtiyacımız olduğu bir vaxtda öz Herostrat kompleksindən doğan, qaramat və nifrətlə aşılanmış şeirləriylə bu adam topluma hansı mesajı ötürmək istəyir?.." (Yenə orada)
Tənqidçi günün ədəbiyyatından narazıdır, bu ədəbiyyatın "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Mahmud və Məryəm", "Quyu", "Yamacda nişanə", "Qanköçürmə stansiyası", "Köç", "Məhşər", "İdeal" səviyyəsinə çatmamasına, R.Rövşən, V.Səmədoğlu, V.B.Ödər yetirməməsinə təəssüf edir: "Belə bir ədəbiyyat nəyə lazımdır ki, 50-60 il öncəkilərin yazdıqlarından qat-qat zəif şeyləri yazıb qoyasan ortalığa və üstəlik onları təhqir edəsən. Hər yeni nəsil estafeti öncəkilərdən almalı və sonrakılara ötürməlidir. Son 20 ildə ədəbiyyata gələnlərin bir çoxunun bu estafeti almağa bədii istedadları və intellektual gücləri çatmadı və gələcəyə nəsə ötürəcəkləri də mübahisəlidir. Bəs, onda bu marginalların yazı-pozularının mənası nədir?.." (Yenə orada)
Şəxsən ümid etdiyi, gözü qabağında yetişmiş, özünün dediyi kimi: "haqlarında lazım olduğundan da artıq yazdığı", vaxtilə uğur vəd edən imzalar barədə silkələyici fikirlərdir. O cümlədən belə bir kəskin qənaət: "Saxta liberal şüarlar altında zərərli ideoloji mövqe sərgiləyən Şərif Ağayar və onunla eyni əqidədə olan adamların ayağı altına daş qoymaq isə ədəbiyyat üçün problem yarada bilər..." (Yenə orada)
Hərçənd göründüyü bu ki, etalonu günümüzdə tapa bilməyib tənqidçi "qızıl dövr" olaraq yenə də "60-cılar ədəbiyyatı"na sığınır, amma bu zaman, şəksiz ki, Ədəbiyyatın adından hökm vermək səlahiyyətini kifayət qədər arqumentləşdirə də bilir. Məxsusən, Anar məqamında: "Anar müəllim ömrünün 70 ilini ədəbiyyat və incəsənətə həsr eləyib. O, "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Əlaqə", "Macal", "Dantenin yubileyi", "Ağ liman", "Gürcü familiyası" kimi şedevrlərin müəllifidir. "Mən, sən, o və telefon" hekayəsi əsasında dünyanın beş ölkəsində film çəkilib. Melodram deyirsən yazıb - "Gün keçdi", tarixi film deyirsən yazıb - "Dədə Qorqud", sənədli-bədii film deyirsən yazıb və hətta rejissorluq da eləyib - "Üzeyir ömrü". Təkcə "Üzeyir ömrü" filmi kifayətdir ki, onun adı Azərbaycan mədəniyyəti tarixinə qızıl hərflərlə yazılsın..." (Yenə orada)
Ədəbiyyatda və sənətdə "60-cılar" mövqeyini Əsəd Cahangir il boyu yazılarında da təsbit edir və gəlişdirir: Xalq yazıçısı Anarın yeni işıq üzü görmüş "Söz dünyası" beşcildliyinin üçüncü və dördüncü cildləri ətrafında "Anara qırx sual"ı (ƏQ, 1, 8, 15 oktyabr 2022); Xalq yazıçısı Elçinin "Cəhənnəm sakinləri" pyesi əsasında hazırlanmış tamaşa haqqında "Vicdan dedikləri bir həqiqətdir" (ƏQ, 6 noyabr 2022) və Bakı Şəhər Bələdiyyə Teatrının 30 illik yubileyi şərəfinə "Yaşımız və "Baş"ımız" (ƏQ, 26 noyabr 2022); Kamal Abdullanın "Casus" komediyası əsasında tamaşa haqqında "Lənkəran Teatrı "Casus"unun sərgüzəştləri" (ƏQ, 24 dekabr 2022) yazıları və s.
Bununla belə, çağdaş Azərbaycan ədəbiyyatının tarixi konteksti, cari tənqid ilinin də qabartdığı kimi (bax: "Şuşa ili"ndə ədəbi tənqid- ƏQ, 16 dekabr 2023), daha miqyaslıdır, təkcə son yarım əsrin təcrübəsi ilə məhdudlaşmır, üstqat aldanışlarına rəğmən, Günümüzə minillərin yükü ilə girir. Əsəd Cahangir seçmə yazılarında Günün poeziyasını tüm Azərbaycan şeiri - Məhəmməd Füzulidən Leyla Əliyevayacan (Ə.Cahangir, "Bir sirli söz var, bilirəm". Musa Urudun "Payız küləyi" şeirlər kitabı Azərbaycan poeziyası fonunda - ƏQ, 22 yanvar 2022) və ümumən "türklük savaşı" çevrəsində ("Savaş sözdən başlayır". Şair dostum Elxan Zalın ad gününə - ƏQ, 25 iyun 2022) analitik çözməklə estetik və ideoloji baxış tərzlərini bir araya gətirə, birikdirə bilir. Bircə sitat: "Millətin özünüdərki, eləcə də bədii özünüdərkinin paradoksal bir cəhəti var - özümüzdən, sözümüzdən uzaqlaşdıqca ona yaxınlaşırıq (İnkişaf düz xətt yox, dairə modeli üzrə gedir). Məhz buna görə Səməd Vurğunun şair idealı Vaqif, Ramiz Rövşəninki Füzuli, Murad Köhnəqalanınkı Yunis Əmrə, Həmid Herisçininki Mövlana idi. Bəzən bu ümumi qayıdış çevrəsini qabaqlayan sıçrayışlar da olurdu - Vaqif Bayatlı Odərin Dədə Qorqud poeziyasına dönüşü kimi. Amma ən genəldə bədii-tarixi yaddaşımızın daha dərin qatlarına zamanla ardıcıl eniş qanunauyğunluğu pozulmurdu. Elxan Zalın poeziyası bu qayıdışın yeni mərhələsi - Mahmud Kaşqarlı "Divan"ındakı savaş şeirlərinə dönüş idi... Bu dönüş prosesi təkcə şeir yox, nəsrdə də gedirdi, məsələn, Anarın "Dədə Qorqud"a qayıdışı kimi. Anarla Elxan Zalı birləşdirən məqam - birincinin Beynəlxalq Mahmud Kaşqarlı Fondunun sədri, ikincinin isə onun müavini olması da, görünür, təsadüfi olmayıb, sənətdəki prosesin sənədləşməsi demək idi..." (ƏQ, 25 iyun 2022) Belə.
Bizdə ədəbi cariliyin ardıcıl və ən intensiv istehsalçısı Cavanşir və Vaqif Yusifli qardaşlarıdır; sadə hesaba vuranda bu əsnada tənqidçi qələminin məhsuldarlığı hətta qibtə doğurur. Yaxşıdır ki, meydan var, "Ədəbiyyat qəzeti" önəm verir və təkcə C.Yusiflinin il ərzində qəzetdə 23 yazısı dərc olunmuşdur. Bəlkə bu intensivlikdə, bircə qəzetdə müxtəlif ədəbiyyat mövzuları ətrafında mülahizələri, təəssüratları, düşüncələri, "yazıçı tənqidi" ilə çıxış edən Kənan Hacı Cavanşir Yusifli ilə bəhsə girə bilə. Eyni aktivliyi Vaqif Yusiflidən "Ədəbiyyat qəzeti", "Ədalət" və "525-ci qəzet"lərdə görürük.
Əlbəttə, məsələ kəmiyyətdə deyil, intensivlik - cari tənqidin vacib göstərisidir, amma hamısı deyil; daha ümdəsi müasirlik tələbi, hədəfdə gündəm maraqlarıdır. C.Yusiflinin tənqid yazılarında Azərbaycan ədəbiyyatı materialları geninə-bolunadır ("Bir hekayə və yazı metodu haqqında" - ƏQ, 15 yanvar 2022; "Divar yazıları" - ƏQ, 12 mart 2022; "Unudulmuş sözlərdə qara düşmüş durnalar, yaxud Əhməd Oğuz anı" - ƏQ, 19 mart 2022; "Janrdaxili proseslər: Qısa hekayələr" - ƏQ, 9 aprel 2022; "Müharibədən necə yazmalı"- ƏQ, 21 may 2022; "Ramil Əhmədin itirdiyi şəhər" - ƏQ, 28 may 2022; "Yeni imzalar - sizin yeni Tanrınız, yaxud bədii mətn şərh kimi"- ƏQ, 11 iyun 2022; "Gələcəyin sözünü keçmişdən gətirmək"- ƏQ, 18 iyun 2022; "Özünü yandıranlar və ya ümid yeri olmaq məşəqqətlidir" - ƏQ, 25 iyun 2022; "Təhkiyənin sərhədləri və sərhədsizliyi" - ƏQ, 9 iyul 2022; "İki hekayə - bir neçə problem"- ƏQ, 30 iyul 2022; "Fraqmentlər"- ƏQ, 13 avqust 2022; "İtmiş mənalarla oyun..."- ƏQ, 27 avqust, 3 və 10 sentyabr 2022; "Bədii mətnin anlaşılması"- ƏQ, 24 sentyabr 2022; "Danışan və susan detallar"- ƏQ, 8 oktyabr 2022; "Qollara sığmayan tənhalığın şeirləri"- ƏQ, 29 oktyabr 2022; "Bədii tərcümə prosesində ana dilinin zənginləşmə imkanları"- ƏQ, 26 noyabr 2022; "Qəfil baş verən hadisələrin romanı"- ƏQ, 10 dekabr 2022; "Ölməmək üçün gülənlər"- ƏQ, 17 dekabr 2022; "Çağdaş nəsrdə bədii modellər, yaxud bulaq rəngində yaşıl atların nağılı"- ƏQ, 24 dekabr 2022; "İlin ədəbi yekunu: keçən ilin son, yeni ilin ilk yazısı"- ƏQ, 31 dekabr 2022); klassika, ədəbiyyat meyarları və kateqoriyaları gizli-aşkar "həyəcan təbili" çalsa da, tənqidçinin niyyəti, göründüyü qədər də, açıq maarifçilik, ya oxucuya "nəzəriyyə dərsi" demək deyil; bu yazıların hər birinin altından, yaxşı nəzər etdikdə, bu və ya digər gənc yazıçı, şair adları cıxır, hədəfdə məhz "müasir ədəbiyyatı yaradanlar"dır.
Tənqidçi özü də ilin lap əvvəlində belə bəyan edir: "Niyəsi odur ki, bizim ədəbi prosesdə uzun illərdir gənclər sanki meydandan, Azərbaycan ədəbiyyatının səhnəsindən kənarda qalıblar. Onlardan yox, artıq imzalarını dəfələrlə (-!) təsdiq etmiş, öz aləmlərində dünyaya çıxmış müəlliflərdən yazırlar və bu heç də yaxşı deyildir. "Azərbaycan ədəbiyyatının səhnəsi" ifadəsini təsadüfi işlətmədik, zənnimizcə, burda hər kəsə yer kifayət qədərdir, burda sən yox, necə deyək, səhnənin özü "oynayır", çünki məlumdur ki, teatr səhnəsi fırlanmadıqda tamaşaya kimsə inanmır, səhnədəki o statiklik tamaşaçının şüurunda dinamika yarada bilməz..." (C.Yusifli, "Bir hekayə və yazı metodu haqqında" - ƏQ, 15 yanvar 2022)
Əgər "ümid" axtarırıqsa, C.Yusiflinin tənqidi həmişə pozitivdən gəlir; və tənqidçi bu və ya digər dəyər kateqoriyalarına ("yazı metodu", "janr", "bədii mətn", "modern ədəbi proses", "klassika", "hekayə qurmaq", "ironik münasibət", "poetik sistem", "itmiş mənalar" və s.) və ya ümumən "ədəbiyyat materialları"na nəzərən "Şuşa ili"ndə, nə az, nə çox, düz 18 gəncə (Nadir Yalçın, El Roman, Rəşad Nağı Mustafa, Jalə, Mehdi Dostəlizadə, Orxan Həsəni, Ramil Əhməd, Sənan İsmayılov, Xalid Xancanlı, Təvəkkül Boysunar, Xəyal Rza, Xəyyam Rəfili, Furqan, Orxan Cuvarlı, İlham Əziz, Eminquey, Anar T.Rzayev, Əli Zərbəli) "yaşıl işıq" yandırır, onları "Azərbaycan ədəbiyyatının səhnəsi"nə çıxarmağa qeyrət göstərir. Doğrudur, C.Yusiflinin tənqidi çox da mübariz (tələbkar) deyil, kəskin, sarsıdıcı jestlərdən uzaqdır; tənqidçi "passiv estetika" ilə işləməyi sevir, eləcə gənc ədəbi qüvvələri "sıra"ya daxil etməyə, necə deyərlər, yüzillərin ədəbi-estetik təcrübəsinə qovuşdurmağa qanedir. Çün tənqidçi tam arxayındır: "Yəni darıxmağa, o səhnədə özünə daha çox yer seçməyə heç bir lüzum yoxdur. Düzələcək..." (C.Yusifli, "Bir hekayə və yazı metodu haqqında" - ƏQ, 15 yanvar 2022)
Nə qədər fatal bir mövqedə görünsə də, məqam düşəndə C.Yusifli "mübariz tənqid"dən də daha çox sərt və tələbkardır, həm heç də "gənc qələmlər"ə yox, ümumən çağdaş ədəbiyyatımızın övzai-halına dair. Məsələn, "müharibə tematikası"nda: "Müharibə mövzusu təhlükəlidir, yazdığın əsəri, həmin o düzgün, uyar mövqeni seçə bilmədikdə tez bir zamanda şablona, şüar və mənasız nəsnəyə çevirə bilər..." (C.Yusifli, "Müharibədən necə yazmalı"- ƏQ, 21 may 2022) Və bu mövqedə(n), hətta bir gənc yazarın azacıq uğurunu (məsələn, Orxan Həsəninin "Qırmızı ayaqqabılar" və "İnziva" hekayələrini) az qala otuz illik "müharibə ədəbiyyatı"ndan öndə görməyə də çəkinmir: "Dediyimiz kimi, iki Qarabağ müharibəsindən bəhs edən əksər əsərlərdə hadisələr şəbəkəsi, olaylar yumağı, adına nə desəniz deyin, - var, amma bütün bunların fövqündə dayanan nəsnə yoxdu, özü də yerli-dibli..." (Yenə orada).
Belə olanda, bəzən baxıb görürsən ki, özlüyündə vurnuxan, gəlib-gəlişən, mövcudluq tapan yeni ədəbi gəncliyin "tənqid ehtiyacları"ndan da çox, yeni, "müasir ədəbiyyat" ("yeni konsepsiya") axtarışında tənqidçinin özünün yeni, təptəzə, "cavan" mətnlərə ehtirası var; və M.Füzulidən beləsinə bütün "Azərbaycan ədəbiyyatının materialları"nı bu yolda xərcləməyə hazır görünür. Bu yolda o, həmçinin opponentləri ilə açıq-gizli polemikaya da müntəzirdir: "Tənqidçi deyəndə ki, bu gün nəsrimizdə 60-cı illər nasirlərinin tapıntıları, bədii mətnləri səviyyəsində əsərlər yoxdur, düşünməli oluruq. Hə, o əsərlər səviyyəsində bədii mətnlərin olmamasını yox, məhz tənqidçinin estetika ərazisindən çıxıb donkixotluq etməsini..." (C.Yusifli, "Fraqmentlər"- ƏQ, 13 avqust 2022) Yaxud daha arqumentli-"estetik" və bacardıqca korrekt: "Həmin illərin ənənələrinin axışı bitibmi? Fikrimizcə, yox, hərəkət, dinamika yeni qovğalar yaradır. Buna görə də məsələn, indinin nəsr mətnlərini İsi Məlikzadənin "Quyu" povesti ilə müqayisə edib yuxarıdakı nəticəyə gəlmək elmi cahillikdən başqa bir şey deyildir..." (Yenə orada)
Başqa bir yazıda C.Yusifli mövqeyini daha da geniş açaraq, konkret olmağa çalışır: "Zənnimizcə, müasir nəsr əsərlərində (Nadirin, Mübariz Örənin, Şəhriyar və digərlərinin əsərlərində - !) 60-cı illər nəsrinin üslubuna "qayıdış" ədəbi tənqiddə düzgün dəyərləndirilmir. Diqqətlə fikir verdikdə o nasirlərin mətnlərində həmin dövrün üslubuna ironiya da var, fikrimizcə, məhz bu cəhət daha da dərinləşməlidir, bu mənada hansısa üsluba ironiya onu gözdən salmaq məqsədini daşımır, yeni nəsr üslubu, yeni, modern yazı tərzi köhnənin yaxşı mənada aşılmasıyla dünyaya gəlməlidir və gəlir də. Mübariz Örənin elə "Ədəbiyyat qəzeti"ndə dərc edilən son hekayəsində də bu prosesin alındığının şahidi oluruq. Şəhriyarın yeni hekayəsi də modern yazı tərzinin ən yaxşı nümunələrindən biridir. Nadirin hekayəsində bu dilləşmə, "köhnə üsluba ironik münasibət" dərinləşməlidir, ancaq hazırda işartı o qədər zəifdir ki, tezliklə özünün əksinə də çevrilə bilər..." (C.Yusifli, "İki hekayə - bir neçə problem"- ƏQ, 30 iyul 2022)
Polemika yaxşıdır; 2019-cu ilin ədəbi yekunlarına dair "şikayət tezislərim"də məhz bunu tənqiddən istəmişəm (bax: T.Əlişanoğlu, "Tənqid və ədəbi proses. Şikayət tezisləri" - ƏQ, 26 sentyabr 2020), C.Yusifli ən nəhayət, "tərs üzündən oxunan" (öz ifadəsidir) belə polemikalarda fayda da axtarmağı bacarır: "Dünya ədəbiyyatında hər bir yeni poetik sistem, estetik kredo dərhal, vaxt itirmədən ötürülmə "ağrısına" tutulur, özündən sonra gələn illərin bədii məhsullarına da bu "infeksiyanı" yoluxdurmaq istəyir, yəni ilkin olaraq, tənqiddə başlayan qovğa artdıqca artır və bununla da ədəbi prosesin dərinliyində gedən, ordan axan sular üzə çıxır..." (C.Yusifli, "Fraqmentlər"- ƏQ, 13 avqust 2022) Belə.
Uzun illər bizdə cari ədəbi tənqidin yükünü az qala təkbaşına daşımış və heç təsadüfi olmayaraq "ədəbi gəncliyin dostu" imicini formalaşdırmış (bax: İlqar Fəhmi, "Gənclər üçün ən çox yazan tənqidçimiz"- ƏQ, 8 aprel 2023; T.Əlişanoğlu, "Tənqidçi olmağın sirri (Vaqif Yusifli tezisləri)"- ƏQ, 21 aprel 2023) uzman tənqidçi Vaqif Yusifli, bu əsnada estafeti daha cavan həmkarlarına ötürdükdən sonra, "Şuşa ili"ndə daha çox yaşın diktə elədiyi müdrik məqamlarda görünür. Ədəbiyyat korifeylərinin aktuallanan irsinə ("Bu, Ordubadidir..."- ƏQ, 12 mart 2022; "Ədəbiyyatda romantizm" - Mir Cəlalın yeni əsəri tapıldı" - ƏQ, 30 aprel 2022; "Davam edir Nizami". İsa Həbibbəylinin "Xəmsə - XXI əsr" intellektual poeması haq. - "Azərbaycan", № 10, 2022) və bu irsin işığında görünənlərə ("Cığır" yola çevrilir. Yunus Oğuzun "Cığır" romanı haqqında" - ƏQ, 30 iyul 2022) baş vurur, son zamanlar irsə sahiblənməyin daha bir vacib üsuluna - yubileyşünaslığa töhfələrini verir ("Mustafa Çəmənlinin yaddaş dünyası. M.Çəmənlinin 75 yaşına" - ƏQ, 10 sentyabr 2022; "Unuda bilmərik Hüseyn Abbaszadəni". H.Abbaszadə-100" - ƏQ, 17 sentyabr 2022; "Azadlığı istəyirdi səma kimi. Xəlil Rza Ulutürk-90" - ƏQ, 22 oktyabr 2022; "Şəmşad Rza-85" - ƏQ, 10 dekabr 2022; "İşıq, rəng, sevgi, azadlıq (Paşa Qəlbinurun 70 yaşına)"- "Azərbaycan", № 3-4, 2022; "Bu, Şirindil Alışanlıdır"- "Azərbaycan", № 6, 2022; "Dua oxuyuram səninçün, Vətən" (Ağasəfa-80)- "Azərbaycan", № 11, 2022) və yenə də, yenə də ədəbiyyatın heç də asan olmayan yollarında cavanlara pasiban olmağa ("Ədəbi fraqmentlər. O, şairdir" (Elnur Uğur haq.)- ƏQ, 23 iyul 2022; "Ədəbi fraqmentlər. Qayıdış" (Nübar Eldarqızı haq)- "Ulduz", № 3, 2022; "Lənkəranın söz havası"- "Azərbaycan", № 7-8, 2022; "Nizami ruhuna heykəldi Gəncə"- "Azərbaycan", № 9, 2022) davam edir: "Biz yaşlı ədəbiyyat adamlarının sevimli müəllimi olmuş Mir Cəlal Paşayev bir məqaləsində yazırdı ki: "Hekayə bitkin süjetlə, aydın və səlis dillə, maraqlı obrazlarla diqqəti cəlb etməlidir". Təranə Vahidin əksər hekayələrində biz bunun şahidi olduq..." (V.Yusifli, "Hekayəçi" - ƏQ, 21 may 2022). Bu qədər.
Çağdaş Azərbaycan tənqidində daha bir parlaq imza sahibi Rüstəm Kamaldır; son illərdə o, ardıcıl esse yaradıcılığı, qalın filoloji bilikləri, "Avropa pəncərəsi"ndən günümüzə açılan maraqlı rakurslar və altqat mətn oxunuşları ilə cari ədəbi prosesi zənginləşdirmiş, necə deyərlər, cariliyi bütöv bir Ədəbiyyat yaddaşının işığına tuta bilmişdir: "Elə buradaca bir haşiyə çıxım: varaqları qopmuş, səhifələri cırılmış, yaxud bir hissəsi itib-batmış əsərlər məndə qarışıq hisslər oyadır. İnanmışam ki, əlyazmaların da alın yazısı olur..." (R.Kamal, "Qırıq-qırıq, yarımçıq... və bütöv"- ƏQ, 19 noyabr 2022 .
"Şuşa ili"ndə Rüstəm Kamalın 60 yaşı tamam oldu; və ədəbi ictimaiyyət bu yubuley faktını xeyli coşqunluqla qarşıladı; şairlər böyük sevgi və minnətdarlıqla Tənqidçinin obrazını cızmağa, xarakter xüsusiyyətlərini, olduqca orijinal dəst-xəttini incələməyə cəhd etdilər (Məmməd İsmayıl, "Ruhun yaşam macərası, sözün nüvəsinə enmək istedadı"- ƏQ, 18 iyun 2022; Nəriman Həsənzadə, "Rüstəm Kamalın yaradıcılıq mühiti və filoloji esseləri"- ƏQ, 25 iyun 2022), AYB yığışaraq yubiley şadyanalığını etdi (29 noyabr 2022). Biz də post-faktum, fürsət ikən "tənqid zamanı"ndan sui-yararlanaq.
Məmməd İsmayıl Rüstəm Kamalın ədəbi tənqidə "qəfil gəlişi"ni bir qədər də mistik haləyə bürüyür: "Qəribə səslənsə də deyim ki, bənzərsiz esselərini sanki o hardasa özü yox, kənar bir gücün diktəsi ilə yazır. Bəlkə buna görə də onun qəfil gəlişi yıpranmış Azərbaycan ədəbi mühitində bomba etkisi yaratdı... Şagirdlik, çıraqlıq dönəmi keçirmədən elə ilk qələm təcrübəsindən usta səviyyəsinə ulaşmaq ancaq fitri istedad sahiblərinə qismət olur..." (ƏQ, 18 iyun 2022) "İlk qələm təcrübəsi"ndən orijinallığı, tamam ayrı baxış tərzi, "fərqli bir üslubu" şəksizdirsə də, göründüyü qədər Rüstəm Kamal ədəbi cameədə "qəfil"lərdən deyil. Əksinə, otuz il öncə, son sovet dönəmi "-şünaslıq" baqajını da yığıb, müstəqillik dövrü tənqidinin ilk kərpiclərini qoyanlardandır (bu barədə bax: Elnarə Akimova, "Azərbaycan ədəbi tənqidi müstəqillik illərində". Bakı, "MBM", 2009).
Sadəcə uzun illər müxtəlif filoloji postlar-arası, ədəbiyyat söhbəti gedən hər yerdə və hər fürsətdə "şifahi", bir növ Sokratsayağı mükalimələrdə, rəsmi auditoriyalarda və qeyri-rəsmi kulislərdə səxavətlə xərclədiyi intellektual enerjisini, günlərin bir günü, qərar verib Rüstəm Kamal cariliyə gətirdi. Ustad N.Həsənzadənin doğru müşahidə etdiyi kimi: "O danışmağa, ya da söhbətə başlamazdan qabaq, sanki musiqi aləti kimi istədiyi bir havaya köklənir. Maraqlı, ilhamlı çağları başlayır. Bəlkə də ürəyindəki esselərdən birini şifahi danışıb bitirir. Yanındakının sözünü, sualını belə "eşitmir"... Şifahi söhbətləri zamanı poetik fikirlərini, obrazlı deyimlərini, bir növ, Qərb-Şərq çaları olan zərb-məsəllərini səpələyir sağa-sola. O məqamlarda demişəm ki, Rüstəm, danışma, Rüstəm yaz! Şifahi deyilənlər itə bilər..." (ƏQ, 25 iyun 2022) Rüstəm Kamalın, ümumən dünya və sənət baxışlarını ehtiva edən esse yazı tərzini israrla, düşünülmüş, sistemli tənqid fəaliyyətinə çevirməsini mən bir zaman başlatdığı "Tənqid zamanı"ndan hesablayıram (bax: R.Kamal, "Ədəbi tənqid zamanına dair dörd yazı"- Tənqid.net, № 5, 2008 və: "Tənqid zamanı, yaxud kölgə ilə döyüş"- Tənqid.net, № 6, 2009).
"Şuşa ili"ndə Rüstəm Kamal təkcə Şuşa tematikası üzərinə qələmə aldığı Şuşanın semiotikasından daha neçə bənzərsiz təfsir və araşdırmaları ilə ("Şuşa ədəbiyyatımızda "meteoroloji mif" kimi" - "Azərbaycan", № 10, 2022; "Şuşanın mifopoetikası"-"Azərbaycan", № 11, 2022; "Şuşada evimiz vardı. Ceyhun bəy Hacıbəylinin "yuxu"larında iki arxetipik obraz"- "Azərbaycan", № 12, 2022) yadda qalmadı; hərçənd əvvəlki qədər olmasa da, yenə də aktivliyini saxlayan esse-düşüncələri ilə cari prosesdə də göründü və "ədəbi çəkisi"nə fərq qoymadan hər kəsin ədəbiyyatda öz "yerişi" və "yürüşü"nü (ifadələr R.Kamalındır) təyin etməyə, izləməyə çalışdı ("Pəncərə - fantaziya. Yusif Səmədoğlunun mifoloji poetikasına girişdən"- ƏQ, 15 yanvar 2022; "Şeir ümidlərin ilğımı kimi. Şahnaz Şahinin şeirləri haqqında qeydlər"- ƏQ, 4 iyun 2022; "Yeriş haqqında esse"- ƏQ, 9 iyul 2022; "Akademikin və babamın ağacları"- 20 avqust 2022; "Qırıq-qırıq, yarımçıq... və bütöv"- 19 noyabr 2022)
Rüstəm Kamalın tənqidi tip etibarilə kulturoloji səcciyyəlidir; ədəbi cariliyin diktəsinə (analitikasına) çox da ulaşmayıb, hədəfində yaradıcı funksiya - mövcud mətnlər üzərinə yeni mətn qatları gətirməkdir. Məmməd İsmayılın dürüst müşahidəsi ilə: "Əgər belə demək mümkünsə, bir tənqidçi kimi Rüstəm kimsəylə ortaq malı olmayan ədəbi aurasını yaradıb. Dəyərlərin hardasa aşınması gedən günümüz Azərbaycan ədəbi mühiti realitəsində bütün bunları bacarmaq qəhrəmanlığa bərabər bir işdir..." (ƏQ, 18 iyun 2022)
Klassik tənqid yönəmindən fərqli, bu yönə mən "bizim Yeni tənqid" deyirəm; o da vurğulanmalıdır ki, bu tənqid məxsusən yeni nəsil tənqidçilər üzərinə bütöv bir istiqamətə çevrilir və ustad qələminə bərəkət!, yeni versiya və variasiyalarda gəlişir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!