Esse-triptix
Rüstəm KAMAL
Orda bir ev var, uzakta
O ev bizim evimizdir.
Yatmasak da, kalkmasak da
O ev bizim evimizdir.
Ahmet Kutsi TECER
I
Ədəbiyyatda elə obrazlar var ki, insanın həyat gücünü, enerjisini və ruhunu özündə mükəmməl şəkildə ifadə edir. Bu, ev obrazıdır. Q.Başlyar yazırdı ki, ev obrazı mahiyyətimizin topoqrafiyasını ifadə edir.
Ev ruh fenomeni, psixi hadisədir.
Daim evi xatırlamağımız, ev haqqında düşüncələrə, xəyallara dalmağımız da bu səbəbdəndi. Ev bizim dünyamızdır.
Ev poetikası insanın iç varlığının bərpası deməkdir.
Sovet ideolojisi 70 il təhtəlşüurumuzda "ev" yerinə "kommunal mənzil", "yataqxana" anlayışlarını fəallaşdırdı. Kənddən şəhərə gələn gənc öncə yataqxanaya qeydiyyata düşürdü, sonra mənzil növbəsinə dayanırdı.
Kirayələrdə ömür çürütmək, uşaq böyütmək sovet insanının həyat tərzinə çevrildi. Yataqxana müvəqqətiliyin, faniliyin simvolu oldu, insanları evdən ayrı saldı.
Sovet ədəbiyyatında yataqxana ümumiliyin, kollektivçiliyin məkanı oldu. İnsanlar evdən ayrı düşdü.
Hər evin öz ətri olur. Uzun qış gecələrində atam uşaqlıq xatirələrində nə qara damın, nə də müharibədən sonra çöl daşından tikilmiş evin də ətrini unuda bilmirdi.
Deyirdi ki, evimizin ətri cijimdən (anasına "ciji" deyirdi) gəlirdi. Nə qədər cijimin evdə iyisi vardı, ora gedib gəlirdim...
Sibir xalqlarının adətinə görə, otlaq yerini kişilər müəyyənləşdirir, amma ocaq yerində dəmir lövhəni qadın qoyurdu. Qadın və ocaq bütövləşirdi. Ocağı yandırmaq qadın işiydi. Təsəvvür eyləyin: odun çırtaçırt yanar, qadın ocağın qırağında tərləyir, üzünə işıq düşür. Bu zaman üzünün tərqarışıq nuru bir az da artırdı.
Atamın bizə verdiyi ilk tapmaca da ocaqla bağlı idi: "Qara toyuq - qarnı yarıq". Çox sonralar bildim ki, bunun açması, sən demə, buxarı imiş.
Yaylaqda binənin qurulması ocaqdan başlayırdı.
"Tərləmək"lə bağlı yaddaşımın küncündə atamın sözləri qalıb: "Otlar qarın altında tərləyir".
Universitetdə əski slavyan dili üzrə müəllimim, prof. Aleksandr İvanoviç Dubyaqonun mühazirədə bir maraqlı haşiyə çıxmışdı:
"Qədim Rusda soruşmurdular: "necə yaşayırsan?". Deyirdilər ki, "necə tərləyirsən?".
Babam üçün "yaxşı oğul" anlayışı "evin yolunu tanıyan və tanımayan oğul" mənasını ehtiva edirdi.
Bu haqda bir mini-öykü:
Çiskinli bir payız səhəri Kor Zahidin qardaşı Urset Vahid 35 ildən sonra evə qayıtmışdı. 35 il idi ki, onun ölüsü-dirisindən bir xəbər yox idi.
Qardaşlar, yengələr ölüb. Ata-ana bu dünyadan həsrətli getdilər.
Arx yenə əvvəlki kimi axırda. Urset Vahid isə körpünün üstündə dayanmışdı.
Kənd tamam dəyişmişdi və böyümüşdü: ikimərtəbə evlər, hündür hasarlar. Evlərinə gedən yolu yadına salmaq istədi: bircə onu bilirdi ki, yol körpüdən sağa burulur. İndi həmin yol yox idi. Təzə yurd yerləri salınmışdı, hər tərəf çəpərlənib, hasarlanmışdı.
Məktəb uşaqlarından yolu soruşmağa utandı, ar eylədi. Özünü möhkəmcə danladı: "Evinə yolu tanımayan oğul bu gen dünyada niyə yaşayır? Öl, ay Vahid, öl!".
Qalxdı. Üz tutdu geriyə yolun altındakı köhnə qəbristanlığa doğru - ora yolu unutmamışdı...
II
Hündürmərtəbəli binalarda mənzillərə nə qədər "ev" desək də, heç zaman "ev" olmadı.
Görünür, əksər rus şairlərinin (məsələn, M.Svetayevada) çoxmərtəbəli binalara qarşı qeyri-estetik münasibəti də həmin instinktdən qaynaqlanır...
XIX əsr rus ədəbiyyatında "dom" ("ev") və "kvartira" ("mənzil") sözləri tamam fərqli anlamlarda olub. F.M.Dostoyevski ömrünün qürub çağında gənc qadınına və onun uşaqlarına Peterburqda mənzil almadı. Buna maddi imkanları da çatırdı. Amma dövrün mövcud etik qaydalarına görə, ev almaq ayıb idi. Yalnız "kvartira"nı (evin dörddə bir hissəsi. "kvarta"- "dörd") müvəqqəti yaşayış üçün icarəyə götürmək olardı. İmperiyanın paytaxtında çoxotaqlı mənzil sahibi olmaq yazıçı üçün yaxşı hal sayılmırdı. Amma kənddə malikanə sahibi olmağa bir söz deyilmirdi.
Hüseyn Arif şəhərdəki mənzillər yadlaşma mənbəyi hesab edirdi: "Bir-birinə qonşu ikən şəhərdə, / bir-birindən çox kənardı qohumlar", yaxud: "Qonşu bilmir kimdir onun qonşusu".
Bir də ev-muzeylər məndə həmişə qəribə təəssürat oyadır və hardasa Misir ehramlarını xatırladır - içəridə mumiyalanmış fironlar olsa da, "ölü ev"dir.
Amma "yaşayış evi" ifadəsi tamam fərqli assosiasiya doğurur. "Yaşayış" sözü evi "diri" saxlayır.
Adil Cəmil danışır ki, tərəkəmə ev tikən kimi, malı-qoyunu tamam unudur.
Ev torpaqdan kök atıb boy verir. Bəlkə şəhərdə "həyət evlərinə" meylimiz də bu üzdəndir? Həyət evi binanın antitezidir.
Bakıda bağ evləri də "ev" kimi qəbul olunmur. Ona görə də "bağda qalıram", bağa gedirəm" - deyirlər.
Evin yiyəsi olmalıdır, ev yiyəsi ilə tanınmalıdır.
Yiyəsiz ev, Aristotelin təbiri ilə desək, "bədəndən ayrılmış qol kimidir - yalnız adına görə qoldur".
Atamın xoşladığı müraciət "Ay ev yiyəsi" idi.
Şuşanın bir memarlıq özəlliyi (və gözəlliyi!) ondaydı ki, burada hər ev "işarəlidir", yəni ev sahibi ilə tanınır: Xan qızının evi, Zöhrabbəyovların evi, Mehmandarovların evi, Nəvvabın evi...
Ceyhun bəy Hacıbəylinin "yuxuların"da Şuşadakı ev "ata evimiz" kimi keçir.
Evin işığı da qadından gəlir. Evin mahiyyəti işıqdadır - fərqi yoxdur, bu, ocağın şöləsidir, yoxsa pəncərədən süzülən günəş şəfəqləridir?
Qadın evin qoruyucu mələyidir. Kişinin ruhunu evdə "diri saxlayır".
Mehdixan Vəkilov xatirələrində yazır ki, "Ayişə nənəm hər gecə yatmaq vaxtı gələndə baş qoyduğu yastıqla yanaşı bir boş yastıq da qoyar, səhər götürərdi. Bir dəfə soruşdum ki, ay nənə, bu yastığı niyə qoyursan? Dedi, dərdin alım, o sənin baban Mehdixan ağanın yasdığıdır. O həmişə mənim yanımdadır..." (M.Vəkilov. "Ömür dedikləri bir karvan yolu".)
Ev kişinin mülkü ola bilir, amma onu ev edən qadındır. Evin içi qadına, çölü kişiyə məxsusdur. Kişinin taleyi yoldadır. Kişi öz evində belə qonaqdır, yəni ev yiyəsi rolunda qonaq.
Kişinin üst-başından yolun, qadından evin ətri gəlməlidir.
İnsan evdən kənarda da, uzaqlarda da evin obrazını daşıya bilir. Hüseyn Arif evdə "oturmurdu", amma evdən ən çox yazan şairlərdən biri də odur. Ağstafadakı ata evi, qonşu evi, Ceyrançöldə çoban yatağı, qonaq getdiyi evlər... onun varolma və xatirə məkanlarıdır. Bu evlər onun təhtəlşüurunda bir arxetipik evin (köhnə ata evinin) variasiyalarıdır.
III
Ev divardan, daşdan deyil, torpaqdan, landşaftdan başlayır. Ev torpağın bir hissəsidir. Ona görə də "canlıdır". Qədimlərdə "canlı" yerlərdə məbəd tikmək ənənəsi olub.
Bu haqda bir mini-öykü:
Müharibədən sonra ər-arvad kəndə gəlirlər. Evi dörd dolanırlar. Ağlaşırlar.
Ermənilər kəndi xarabaya qoyub. Evlərin soyqırımı baş verib.
Kişi uçuq divarları göstərərək: "Bu otaqda rəhmətlik atam namaz qılırdı" - dedi.
Birdən evin içindən üstlərinə bir sürü donuz gəldi.
İkisi də bərk qorxdu.
Kişi yerə çöməldi. "Evimiz murdarlanıb" - dedi.
Fikir vermişəm: Qərb bölgəsinin insanlarının düşüncəsində "köhnə yurd yeri" və "köhnə ev" sinonim anlayışlardır. "Köhnə ev" orda daha pozitiv və fəal obrazdır, ataların məkanıdır, xatirələrin məskənidir.
Əslində, köhnə ev ömrünü başa vuran, yaxud qocalan evə deyirlər. Ev qocalanda xarabalığa çevrilir. G.Zimmel "Xarabalıq" adlı essesində "xarabalığa heyranlığından" yazır. "Xarabalığın füsunkarlığı budur ki, onda insan əsəri axırda təbiət məhsulu kimi qəbul edilir". Xarabalıq evin torpağa qarışmasıdır. Köhnə ev donqarlaşır, balacalanır və tədricən torpağa dönür. Təbiətdən yaranan ev bir gün təbiətə də "qayıdır".
Köhnə ev xtonik- demonik varlığı xatırladır, əcaib-qəraib formalara dönür. Gecələr qorxunc görünüşü olur.
Mikayıl Müşfiqi köhnə evin sakini kimi təsəvvür etmək mümkünsüzdür. Ona görə də köhnə evin xatirəsini danışmır. "Köhnə ev" arxetipi onun yaddaşdan silinmiş kimidir.
Şairin "Təzə ev" adlı bir şeiri də var - arzusunda olduğu, təxəyyülündə qurduğu ev haqqındadır.
Can usta, mən bir çəlik yay kimi qurulmuşam,
Ürəkdən ahu gözlü bir qıza vurulmuşam.
Həm gözəl, həm yeyin tik ruhumun məvasını,
Əldən-ayaqdan düşən qəlbimin sevdasını,
Qəlbimin dünya qədər şirin arzularını,
Günəş fikirlərini.ö bahar duyğularını.
Qəşəng, ağ otağında uyutmaq istəyirəm,
Həsrətimi, şövqümü ovutmaq istəyirəm.
Şairin "Baba yurdu" şeirinin narazı personajı Rübabə köhnə evi "xaraba", "dağılmış" deyə lənətləyir, təzə evə köçəcəyi günü səbirsizliklə gözləyir.
Dilbər xanım Axundzadə xatirələrində yazır ki, Müşfiq hər gün işdən gələndə yolunu tikinti meydançasından salırdı, köçəcəkləri evə baxırdı...
Amma bu dünyada nə həmin ev, nə də "axirət evi" Müşfiqə qismət olmadı...
Martin Haydeggerin fəlsəfəsində ev "sevinc məkanı"dır. İlk baxışdan bu "ifadə" bir qədər poetik, dil oyunu kimi görünə bilər. Əslində elə deyil. Xristian mifologiyasında "cənnətə girmək" "Cənabımın sevincinə girmək" kimi mənalandırılır.
Diqqət edin: evə qayıdan insanın üzü necə nurlanır! Ev insanın sevindiyi yerdir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!