Sabir Rüstəmxanlı yaradıcılığı Azərbaycannamə silsiləsi kontekstində - Elman QULİYEV

 

Təxminən 50 illik bir tarixdə Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi həyatında cəfakeş çalışmaları ilə tanınan, bu dövrdə uğurlu fəaliyyəti ilə yadda qalan, xüsusi olaraq Azərbaycan ədəbiyyatı tarixində sağlığında əbədiləşən Sabir Rüstəmxanlı sənətindən danışarkən, ilk olaraq göz önündə iki görkəmli akademikimizin fikirləri canlanır. Hələ keçən əsrin 80-ci illərinin əvvəllərində akademik Mirzə İbrahimov Sabir Rüstəmxanlını milli mündəricəli yaradıcılığına görə "milli ruhlu şair və vətəndaş" hesab edərək, onun Azərbaycan ədəbiyyatının parlaq səhifəsinə çevriləcəyinə inam nümayiş etdirmişdir. Bundan 35 il sonra isə akademik İsa Həbibbəyli Sabir Rüstəmxanlı sənətinin ecazkarlığından bəhs açaraq onun yaradıcılığını "Azərbaycan müstəqilliyinin sənət aktı" kimi dəyərləndirmiş və bu yaradıcılığa yüksək qiymət vermişdir. Səslənən fikirlər bir-birindən 35 illik zaman fasiləsi ilə fərqlənsə də, sənətin mahiyyət müstəvisində obyektiv dəyərləndirilməsi səbəbindən fikirlər üst-üstə düşür. Çünki hər iki baxışda Sabir Rüstəmxanlı yaradıcılığının yüksək vətəndaşlıq qayəsi bu yaradıcılığın milli meyil və istiqamətləri çərçivəsində özünə yer alır və dəyər qazanır.

Sabir Rüstəmxanlı sənəti tarixə və müasir həyata, ictimai-siyasi proseslərə nüfuz edə bilmək bacarığı, həm də cəsarəti ilə seçilən sənətdir. Onun sənətini formalaşdıran söz (fikir) həyatın özündən, dibindən doğan sözdür, düzgün və vicdan sözüdür. Bu söz əsl insan, əsl vətəndaş yetişdirən, onu milli tale məqamına yüksəldən, əsl həqiqət uğrunda mübarizədə qalibiyyətini təmin edən sözdür. Sabir Rüstəmxanlı yaradıcılığında söz ədalətin, düzlüyün, azad düşüncənin, vicdanın, insan qayğılarının özünə və ifadəsinə xidmətdir. Elə bilirəm ki, türk dünyasının müasir klassiki, qırğız yazıçısı Çingiz Aytmatovun aşağıdakı fikirlərinin məntiqi ilə söz haqqını xalqdan alan Sabir Rüstəmxanlının yazıçı-sənət idealı arasında oxşarlıq axtarmağımda kifayət qədər haqlıyam: "İnsanlar mənə onların adından danışmaq hüququ vermişlər. Mən elə etməliyəm ki, onlar yanılmadıqlarını görsünlər". Bu öhdəliyin sənətkar tərəfindən layiqincə icrası, yaradıcılıq nümunələrinin isə oxucular tərəfindən birmənalı olaraq qəbulu və təsdiqi Sabir Rüstəmxanlı şəxsiyyətinin və sənətinin xoşbəxtliyidir.

Sabir Rüstəmxanlı ədəbi mühitdə milli mövqeyi ilə seçilən və maraq doğuran sənətkardır. Böyük azadlıq ehtiraslarından doğan Sabir Rüstəmxanlı bədii irsinin bütün janrlarında toxunduğu məsələlər vətəndaşlıq qayəsi nümunəsində aparıcılığı ilə fərqlənir. Maraq doğuran, oxucunu cəlb edən, həm də milli ideologiyamıza lazım olan odur ki, Sabir Rüstəmxanlının vətəndaşlıq qayəsi çılpaq tərənnüm nümunəsi kimi yox, milli ruh göstəricisi tipində, həm canlandırılır, həm də təqdim olunur. Buna görə də ecazkar qələminin gücü ilə Sabir Rüstəmxanlının həyat həqiqətlərinə təkrarolunmaz müdaxilə və münasibət bacarığına heyrət etməmək olmur. Hələ 1978-ci ildə, Sovetlər dönəmində söyləmiş olduğu aşağıdakı fikirlər milli taleyə bağlanan sənətkar ömrünün narahatlıqlarını əks etdirmək baxımından xarakterikdir. "Hərdən öz-özümdən soruşuram: Xətai öz ömrünü kişi kimi yaşayıb getdi. Azərbaycan türkcəsini dövlət dilinə çevirdi. Onun təkbaşına bacardığı işi indi biz hamılıqla görə bilmirik. Bəs neyləyək?" Qərb düşüncəsində Çernışevski, Türk düşüncəsində İ.Qaspıralı, C.Dağcı, Ə.Hamid və s. dühaların tarixi sınaq və cəmiyyət dəyişməsi dövrlərində insan, cəmiyyət, millət problemlərinin həlli yollarında irəli sürdükləri "nə etməli?" düşüncələri ilə səsləşən bu fikirlərdə milli şüurun oyanışı ilə yanaşı, vətəndaş dirçəlişi və mücadiləsinə çağırışın elementlərini görməmək mümkün deyil. Bu vəziyyətdə Sabir Rüstəmxanlının milli mövqe və vətəndaş yanğısının hədəf seçdiyi Vətən nə quru nəzəriyyədir, nə şair duyğusudur, nə də filosof fəlsəfəsidir. Vətən, ilk növbədə, onun üçün əcdadlarımızın uyuduğu məzar yeri, camilərimizin ucaldığı müqəddəs inanc ocağı, böyük Cavad xanın qətl yeri və torpağı ot deyil, kişi göyərdən ulu diyardır:

 

Bir əlçim buluddu,

Bir ömür umuddu,

Bir içim sudu,

Yandıqca odlanan ocaqdı,

Daddıqca dadlanan arzudur.

Bir tərəf bahar leysanıdır,

21 Azər qanıdı,

Cavad xanın qətl yeridi,

Sabirin "Fəxriyyə" şeiridi,

Dağları dumanda itən -

Vətən...Vətən!

 

Sabir Rüstəmxanlı Vətən anlamını yeni orijinal üslub tipində yüksək vətəndaşlıq qayəsinin, milli ruhun göstəricisinə çevirə bildi. Yazar milli ruhun milli taleyə təsiri fonunda əsl vətəndaş olaraq, Vətəni ömründən keçirməklə "qürbətdə vətən adam" obrazının fəlsəfəsini möhtəşəm şəkildə oxucuya çatdıra bilir. 1988-ci ildə yazmış olduğu "Ömür kitabı"nda milliliyin bədii-publisistik, həm də fəlsəfi-tarixi dərki sənət dünyamızda Azərbaycannamə mükəmməlliyini təmin edə bildi. Maraqlı bir məqama toxunmaq istərdim. Milli-tarixi geçəkliklər çərçivəsində anamız Azərbaycanla bağlı yazılan bu əsər ilə R.Həmzətovun "Mənim Dağıstanım" və Cəlil Məmmədquluzadənin "Anamın kitabı" arasında oxşarlıq axtarmaq mübahisə doğurmur. Bu barədə fikir müəllifləri kifayət qədər haqlıdırlar. Lakin Sabir Rüstəmxanlının "Ömür kitabı" ilə O.Süleymenovun "Az-Ya" əsəri arasında paralel və kəsişən xətlərin müqayisəsində milliliyə, türkçülüyə, xalqa, vətənə, bir qədər də irəli getsək, azadlıq və müstəqilliyə bağlılığın və xidmətin təzahürünü görə bilərik. Əgər O.Süleymenov əvvəl "az", sonra "ya" deməklə fikirlərini "dünya elm kürəsində" bişirərək, Şumer - türk dili və tarixi əlaqələrinin, Şumer mədəniyyət izlərinin, bu mədəniyyətin dünya mədəniyyətinə təsiri məsələsini öyrənirdisə, türkün özünü tanıma və özünü tanıtma yolunda möhtəşəmlik nümayiş etdirirdisə və s., "Ömür kitabı"nda S.Rüstəmxanlı əvvəldə də, sonda da Azərbaycan deməklə milli ideal axtarışlarını davam etdirir, bu axtarışların milli, tarixi, fəlsəfi, ictimai-siyasi, humanist və s. mahiyyətini iftixar doğuracaq səviyyədə açıqlaya bilir. Bütöv Azərbaycanın simvolu olan "Ömür kitabı"nda müəllif keçmişimizlə bu günümüz arasındakı əlaqələrin, baş vermiş tarixi hadisələrin mahiyyətini açır, Azərbaycanın tarixdə böyük və əhəmiyyətli roluna önəm verir. Oljas Süleymenov kimi Sabir Rüstəmxanlı da fikirlərini "elm kürəsi"ndə bişirərək, tarixin bizə yönəldilən saxta yorumlarını darmadağın etməklə minilliklərin Azərbaycan həqiqətlərini üzə çıxarır. Elə bilirəm ki, "Ömür kitabı" ilə Sabir Rüstəmxanlı bir şeirində dediyi kimi, "zamandan keçən yox, zamanı özündən keçirən" milli tale daşıyıcısı və təəssübkeşi obrazında tariximizə, mənəviyyatımıza söykənməklə, Tofiq Fikrətin təbirincə desək, "tarixi-qədim" simvolunda Azərbaycanın yaşamaq və yaşatmaq haqqını dünyaya bəyan etməyi bacarır:

 

Zaman məndən keçir, keçir durulur...

Dəyir sınaqların zərbəsi mənə,

Keçirdim tarixi əsəblərimdən,

Dünənlə sabahın körpüsü mənəm.

 

"Tarixi əsəblərindən keçirən", "dünənlə sabahın körpüsü" olan Sabir Rüstəmxanlının tarixə müraciətlərinin başlıca məqsədi milli ehtiyaclarımızın ödənilməsinə hesablanır. "Göy Tanrı", "Ölüm zirvəsi", "Xətai yurdu", "Difai fədailəri", "Şair və şər" və s. irihəcmli Azərbaycannamə və tarixnamə nümunələrində ömrünü milli taleyə bağlayan sənətkarın ürəyində yaşayan millət ruhunu görməmək mümkün deyil. Dərindən izlədikdə görürük ki, Vətən Sabir Rüstəmxanlının emblemidir. Lakin sənətkar təfəkküründə Vətən konkret coğrafiya anlamında torpaq, ərazi, məkan çərçivəsindən çıxaraq 21 Azər qanı kimi, Cavad xanın qətl yeri kimi, Ənəlhəq harayı kimi, Ağ atlı oğlan kimi, Misri qılınc və Çənlibel kimi, "Heydərbaba" dili və s. kimi böyük arenada, həm sərhədləşir, həm də bayraqlaşa bilir.

 

Yol ver yurdun bayrağına,

Vaxtın, gücün, ölümün

Yendirə bilmədiyi,

Əyrilərin düz yoldan,

Döndərə bilmədiyi,

Bir haqq bayrağı var əlimdə

Kimsənin dağına qonmaz,

Kimsənin yaxasına sancılmaz...

 

Sabir Rüstəmxanlının, Dinər "Qaragilə"

 

Ağlama, bəsdi.

Zaman bu mahnının çəpəri olmaz

 

- misralarında da Vətənin ürəyindən keçənlərin şairin ürəyindən keçdiyini açıq-aydın görmək mümkündür. Lakin bu cür təqdimatda Vətən adı Vətənin özü qədər böyük və qədim olan (həm də bizim olan) Tarix adı ilə paralelləşir. Çünki Vətən Sabir Rüstəmxanlı üçün geniş anlamda böyük bir tarixdir - mücadilə dolu, hürriyyət və istiqlal nemətli böyük bir tarix. Böyük bir Vətən, böyük bir tarix anlamı sənətkarın baxışlarına hakim kəsildiyi üçün, "azadlığın ilk səngəri, tarixlərin şah əsəri" deyimindəki konkret məkan olan Təbriz də ümumiləşmə qazanır, tarixin qədim dövrlərindən çağımıza qədər olan olaylara işıq tutur. Qədim türk qəhrəmanlığının simvolu olan Oğuz xanın şərəfini uca tutan "Göy tanrı" romanının yazılmasını bu cür düşüncələrin təsiri hesab etmək olar. Sabir Rüstəmxanlı türk qəhrəmanlıq dastan tipini roman qəhrəmanı tipinə çevirərkən, millətin tarixi, yaşayış yerləri, adət-ənənəsi, psixologiyası, inancları, həyata baxışları və s. ilkinliklərə vəfa nümayış etdirir. Oxucunun, həm bədiiyyət, həm də tarixiliklə heyrətləndirilməsi Sabir Rüstəmxanlının əsərdə əldə etdiyi ən böyük nailiyyətlərindən biridir. Sabir Rüstəmxanlı Oğuz xanın timsalında göyü çadır, günəşi bayraq hesab edən, əlində qılınc yer üzündə ədaləti, harmoniyanı bərqərar etmək istəyən türk qəhrəmanlarının ümumiləşmiş obrazını canlandıra bilir. Bu da, əlbət ki, romanın süjetində dayanan "Oğuznamə"lərlə bağlıdır. Ona görə də türk qövmünün mənşəyi ilə əlaqədar müəllif fikirləri "Oğuznamə" silsiləsində yer alan mifik, əfsanəvi və qismən də tarixi bilgilərlə üst-üstə düşür. Ancaq bir vacib həqiqətin üstündən sükutla keçmək mümkün deyil. Əgər "Oğuz kağan" dastanı da daxil olmaqla, bütün "Oğuznamə"lər silsiləsi türkün fərqli tarix və mədəniyyət göstəricisi olmaqla tarixə bağlanıb tarixi əks etdirirsə (yaşayış, adət-ənənə, psixologiya, inanc, həyata baxış, dövlət və idarəçilik sistemi, ailə, məişət və s.), Sabir Rüstəmxanlı "Göy tanrı" romanında sadalanan dəyərlər fonunda daha irəli gedərək, millətin itmiş yaddaşının bərpası və özünə qaytarılması yollarını müəyyənləşdirməyə çalışır, özümüzü tanımağın, özümüzü tanıtmağın vacibliyinə önəm verir.

Bu mənada, yüksək vətəndaşlıq ruhu ilə Gəncə xanı Cavad xan haqqında qələmə alınan "Ölüm zirvəsi"ni Sabir Rüstəmxanlının Vətənə və dövlətçiliyimizə xidməti, eyni zamanda millətimizin torpaq uğrunda, bütövlük uğrunda əzmkarlığının, düşmənə əyilməzliyinin nümunəsi, amma ən əsası, rus işğalına qarşı Sabir Rüstəmxanlının ədəbi-tarixi-fəlsəfi üsyanı kimi dəyərləndirmək olar. Çünki müəllif 2020-ci ilin 44 günlük Zəfər tarixinə qədər müxtəlif dövrlərdə torpaq və dövlətçilik itkilərimiz sırasında rus işğalına tab gətirməyən Cavad xanın şəhidliyi timsalında namusun, şərəfin, məğrurluğun, mübarizliyin obrazını yaradır. Akademik İsa Həbibbəylinin sözləri ilə desək, "roman, sanki milli müstəqilliyin açarını - tarixi hünər və Vətən uğrunda şəhid olmağın zirvəsini müasir oxucuya tanıdır. Cavad xan əsərdə müstəqil olmaq, tarixən Azərbaycana məxsus olan torpaqların Azərbaycan olaraq qalmasının tərəfdarıdır. O, torpaqları xoşluqla, vuruşmadan düşmənə təhvil verməyi namus və şərəfdən kənar hesab edir. Romanda baş verən tarixi hadisələr, eyni zamanda 1990-cı illərdə, müasir dövrdə müstəqil Azərbaycan ətrafında cərəyan edən hadisələri də dərk etməyə kömək edir".

Cavad xanın rus işğal siyasətini həyata keçirən general Sisianova ünvanladığı: "Gəncəyə ancaq mənim meyitimin üstündən keçib daxil ola bilərsən", - sözlərini təkcə onun qətiyyəti, torpaq sevgisi, mübarizliyi, cəsarəti və s. kimi yox, həm də qalibiyyəti kimi xarakterizə etmək daha düzgün olar.

Çünki XIX əsrin sonu, XX əsrin əvvəlləri Türkiyə türk ədəbiyyatının görkəmli ədəbi simalarından biri Əbdülhəq Hamidin "Əşbər" əsərinin baş qəhrəmanının torpaq, vətən uğrunda mübarizəsi və qürurlu ölümündə məğlubiyyətin yox, qələbənin izharı eyni taleli obraz kimi Cavad xanın haqqında da bu cür fikir formalaşdırmağa imkan verir.

Sabir Rüstəmxanlının "Ölüm zirvəsi" romanında olduğu kimi, Ə.Hamidin "Əşbər" əsərinin də mərkəzi xəttində vətənpərvərlik duyğularının tərənnümü, ədalətsiz fatehlərə qarşı mübarizə, torpaqların yadellilərdən qorunması ideyası dayanır. Lakin hər iki əsər arasında əsaslı fərq zaman və məkan müxtəlifliyidir.

Son anda hər iki əsərdə biz işğalçı orduların əhalini qılıncdan keçirdikləri, özləri ilə böyük fəlakət gətirdikləri səhnələrinin şahidi oluruq. Hər iki müəllif bu faciə anlarını təsirli boyalarla əks etdirir. Lakin Ə.Hamid də, Sabir Rüstəmxanlı da düşmənin uğurunu millətin məğlubiyyəti kimi qələmə almır. Çünki Əşbərin də, Cavad xanın da mübarizəsi haqq işidir. Həm Ə.Hamid, həm də Sabir Rüstəmxanlı yeni dövr, yeni mərhələ üçün daha orijinal, daha səciyyəvi olan ideyalar formalaşdırmağı bacarır: "Haqq işi uğrunda mübarizədə ölüm var, məğlubiyyət yoxdur. Bu mübarizədə ölümün özü də qələbədir." "Ölüm zirvəsi" romanında Sabir Rüstəmxanlı işğalçı baxışları ilə vətənpərvər baxışlar paradoksallığında ortaya atdığı daha bir başqa fikir filosofanə yanaşma təsirindədir. "Zəfər və heç", yəni haqq işi uğrunda ölüm zəfər, ədalətsizliyin, işğalçılığın qələbəsi isə heç.

Elə bilirəm ki, türk dünyamızın böyük yazıçısı Çingiz Aytmatovun totalitar maraqlarla mübarizədə qalib gələ bilməyən milli maraq qəhrəmanları ilə Sabir Rüstəmxanlının Cavad xanı arasında oxşarlıq axtarmağa dəyər. Çünki Çingiz Aytmatovun totalitar maraqlarla milli maraqların toqquşması səhnələrində ("Ağ gəmi"də, "Əlvida Gülsarı"da, "Əsrə bərabər gün"də və s.) qalibiyyət qazana bilməyən obrazlarının simasında milli ideyaların yaşadılaraq sonrakı mərhələyə ötürülmə təşəbbüsü işğala, əsarətə qarşı qətiyyətli mübarizəsi, düşmənə nifrəti, milli qüruru və s. keyfiyyətləri ilə obrazlaşan Cavad xanın ölum zirvəsinin mahiyyətində dayanan milli ideyanın gələcək nəsillərə ötürülmə fəlsəfəsi ilə üst-üstə düşür.

Bu gün inamla demək olar ki, Sabir Rüstəmxanlı yaradıcılığı müstəqilliyimizə, dövlətçiliyimizə, millətimizə xidmətin xüsusi nümunəsi və ədəbi simfoniyasıdır:

 

Başımızın üstündə dalğalan, dev bayrağım!

Yarı torpaq, yarı göy, yarı alov bayrağım!

Dalğalan, qoy havanla Bakımız küləklənsin,

Düşmənin gözü çıxsın, sevənlər ürəklənsin!

Sən Günəşə qalxsan da, bu torpaqdı beşiyin,

Daha sənə əl çatmaz dursalar da qəsdinə

Bu gün azadlığımsan Bakının göylərində,

Sabah da bütövlük ol, ucal Təbriz üstündə!

 

Azərbaycanın parçalanmasına etiraz mövzusu Sabir Rüstəmxanlının vətənpərvərlik mövqeyinin göstəricisi, o cümlədən, baş vermiş hadisələrin həyati, tarixi anlamda dərki və qiymətləndirilməsidir. Bu həm də Azərbaycan xalqının tarixi gerçəklik, gələcək arzu və istəklərinin əksi, bütöv Azərbaycana inamı baxımından da xüsusi əhəmiyyətə malikdir.

 

Bu yurd türkün torpağı! İzləri itmir hələ!

Əkdiyin şər toxumu göyərib bitmir hələ,

Fikrin Sasanilikdən bəriyə ötmür hələ -

Anlamırsan, millətlər önündə kəniz deyil!

Təbriz sənə inanmaz! İnansa, Təbriz deyil!

 

Şübhə yoxdur ki, Xalq şairi Sabir Rüstəmxanlı özünün dəyərli poeziyası, bədii nəsri və publisistikası ilə bundan sonra da Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə, Vətənimizə və ədəbiyyatımıza xidmət göstərəcək, ədəbiyyatımızın parlaq səhifələrindən birinə çevriləcəkdir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!