Ədəbiyyatımızda “köç” ağrısı - Fərman Kərimzadənin, Məmməd Orucun və Hidayətin əsərləri əsasında - Kənan HACI

Kənan HACI

 

Xalq şairi Sabir Rüstəmxanlının bir şeiri həmişə, zaman-zaman yaddaşımda səslənib və məni tarixin dərinliklərinə çəkib aparıb.

Bu Vətən deyilən dünyam sirlidir,

Bir paytaxtı sevinc, bir paytaxtı qəm.

Bu Vətən torpağı çox qəribədir,

Hələ sərhədini tapa bilmirəm.

Zaman-zaman sınırları qəsbkarlar tərəfindən pozulan Vətənin bağrından qopan torpaqlarımız yağıların tapdağı altında qalıb. Tarix boyu torpaqlarımıza göz dikənlər olub, yurdun birliyini, gücünü, əzmini sarsıtmaq istəyən imperiyalar millətimizin qüdrətini zəiflətmək üçün işğalçılıq siyasəti yürütmüş, ucsuz-bucaqsız məmləkəti yüz yerə parçalayıblar. Hələ yeniyetməlik çağlarımda dəyərli yazıçımız Məmməd Orucun “Köçürülmə” romanını oxuyanda böyük sarsıntı keçirmişdim. Azərbaycanlıların Ermənistandan, öz tarixi torpaqlarından didərgin salınmasının bədii salnaməsidir bu əsər.  “Köçürülmə” romanında İkinci Dünya müharibəsindən sonra Vedibasar əhalisinin vaqonlara doldurularaq, əzab-əziyyətlə Azərbaycanın İranla sərhəd ərazilərinə mühacirəti təsvir olunur. Romanda o qədər acınacaqlı, təsirli səhnələr var ki, oxucunun qəlbində fırtınalar qoparır. Bu köçün balaca iştirakçılarından olan müəllif özü bütün bu hadisələri gözləri ilə görmüş, canlı şahidi olmuşdur. Bu faciələrin miqyası bir romana sığası deyildi. Buna görə də yazıçı sonralar eyni mövzuda “Qara güzgü” və “Qısa qapanma” romanlarını yazdı. Onu da qeyd edək ki, əvvəlcə, “Köçürülmə” romanı qələmə alınsa da, müəllifin özü "Qara güzgü” romanını "Köçürülmə”nin əvvəli, "Qısa qapanma”nı isə "Köçürülmə”nin axırı kimi nəzərdə tutaraq, bunları bir yerdə "Üç roman” şəklində çap etdirmişdir. Hər üç romanda hadisələr Azərbaycanın əzəli torpağı Vedibasarda cərəyan edir. Oxucu XX əsrdə müxtəlif vaxtlarda azərbaycanlıların öz doğma torpaqlarından deportasiya edilməsinin şahidi olur.

Daha sonra, 80-ci illərin sonunda “Azərbaycan” jurnalında görkəmli yazıçımız Hidayətin “Burdan min atlı keçdi” əsərini oxuyanda da yurddaşlarımızın faciəli taleyi yaddaşımda ağrılı bir iz qoydu. Bu yaxınlarda Hidayət müəllimlə görüşəsi olduq, o əsərdən söz saldım, mənə danışdı ki, “Azərbaycan” jurnalında həmin əsər böyük çətinliklə, özü də ixtisarla çap olundu. Onda hələ sovetlər imperiyası çökməmişdi, can üstəydi, senzuranın qılıncı hələ başımız üzərində idi. Jurnal əsəri ixtisarla çap etmək məcburiyyətində qalmışdı. Sonralar bu əsər bütöv halda, dəfələrlə kitab halında çap olundu. Bu yazını işləyərkən, Hidayət müəllimin mənə bağışladığı “Burdan min atlı keçdi” kitabını böyük ürək ağrısıyla oxudum.

Ömrünün on səkkiz ilini İrəvanda yaşamış yazıçının birbaşa şahidi olduğu hadisələrlə tanış olduqca bədnam qonşularımızın illər boyu üzümüzə gülüb, içlərində bizə qarşı kin, nifrət bəsləməsinin səbəbləri haqda düşünürsən və anlayırsan ki, natamamlıq kompleksindən əziyyət çəkən, özlərinin yaratdıqları yalanlara özləri də inanan bu xəstə təxəyyüllü insancıqlar tarix boyu başqalarının olanını mənimsəməyə çalışıblar. Kitabda yazıçı azərbaycanlıların qədim yurd yerlərimizdən zorla çıxarılmasını və sonra həmin kəndlərin adlarını dəyişib erməniləşdirməsi prosesini qələmə alıb. Yurddaşlarımız son ana qədər mübarizə aparıblar, dədə-baba torpaqlarından çıxmaq istəməyiblər. Qarşı tərəf isə amansızlıqla onları köçə məcbur edib. Bunun üçün faciələr törətməkdən belə çəkinməyiblər. Yazıçı yazır: “Bir əsrdə üç dəfə hərbi təcavüzə, iki dəfə deportasiyaya məruz qalan mənim doğma kəndim ermənilərin dincərliyinə – bağ evlərinə çevrildi”.

Mığrı rayonundakı kəndlərin hər biri bu taleyi yaşadı: Mərzə, Mülk, Tağəmir, Tuğut, Lehvaz, Maralzəmi, Əmrah daşı, Eynəzir, Lök, Aldərə, Bənövşəpuç, Buğakar... Hidayət müəllim qeyd edir ki, qədim Mığrı rayonunun ərazisində IX-X əsrlərə aid çoxlu tarixi abidələr, Alban kilsələri, qalalar və tikintilərin qalıqları vardı. Onların izlərini itirmək üçün ermənilər hər cür saxtakarlığa əl atırdılar. Hidayət bu saxtakarlıqları tarixi faktlarla qələmə alaraq, bədnam qonşularımızın iç üzünü açıb. Əsəri bu dəfə bütöv halda oxuyandan sonra Hidayət müəllimlə telefon söhbətimiz oldu. Dedim ki, kitabınızı oxuyub bitirdim. Dedi ki, səbrin çatdı? Dedim ki, hər bir azərbaycanlı bu kitabı oxumalıdır və əsər dünyanın bütün dillərinə tərcümə edilməlidir. Qoy, bütün dünya həqiqətlərdən agah olsun.  

Ulu öndərimiz Heydər Əliyev daim tarixi taleyimizin yaralı yeri olan bu mövzunu diqqətdə saxlayır, çıxışlarında dəfələrlə bu barədə geniş söhbət açırdı.

Hələ 1994-cü il fevralın 23-də Böyük Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutundakı çıxışında demişdi: “Əgər tarixi faktları araşdırmalı olsaq, onda xatırlatmalıyam ki, indiki Ermənistan ərazisinin bir hissəsi də vaxtilə Azərbaycan torpaqları idi. Mən həmin ərazini sizə göstərə bilərəm. O, Zəngəzur adlanır. Bir vaxtlar bu yerlər Azərbaycana məxsus olmuş, lakin 1918-1920-ci illərdə Ermənistana keçmişdir. Bir sözlə, tarixə müraciət etməli olsaq, onda görərik ki, Ermənistan Azərbaycana çox şey qaytarmalıdır. Amma indi mən onu deyirəm ki, biz Ermənistan ərazisinə, mövcud sərhədlərə göz dikməmişik, onların iddiasında deyilik. Bununla bərabər, biz öz ərazimizin bir metrini də verməyə razılaşa bilmərik”.

O zaman hələ görüləsi işlər çox idi və Heydər Əliyev Azərbaycan gəncliyinə istiqamətlər verirdi, deyirdi ki, o torpaqları işğaldan azad etmək hər bir azərbaycanlının müqəddəs borcudur. Vaxtilə işğal altına düşmüş yurd yerlərimizi qaytarmalı və o yerlərə qayıtmalıyıq. Bu uğurlu siyasət müasir tariximizin sonrakı illərində – İlham Əliyevin prezidentliyi dövründə də davam etdirilib. Dövlətimizin başçısının müxtəlif tribunalardan, mötəbər qurumların tədbirlərindən səsləndirdiyi faktlar daim qonşularına kəm baxan separatçı erməniləri narahat etməyə başladı. Əlbəttə, həqiqət olan yerdə yalanlar, iftiralar ayaq tuta bilməz. Əksinə, prezident İlham Əliyev elm adamlarına, araşdırmaçı mütəxəssislərə, illərdir bu sahədə çalışan tarixçilərə çeşidli və vacib tapşırıqlar verib. Qərbi Azərbaycandan olan ziyalıların vahid mərkəzdə birləşməsi də ali rəhbərin şah əsəridir. Onun "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir”, – deməsi, prezident İlham Əliyevin bu məsələdə nə qədər qərarlı və inamlı olmasının göstəricisidir.

Bu yazı üzərində işləyərkən, unudulmaz yazıçımız Fərman Kərimzadə gözlərimin önündən keçdi. 1989-cu ildə Ermənistandan azərbaycanlıların sonuncu köçü gələndə onun ruhi sarsıntılarını xatırladım. O, Vedidə doğulmuşdu, öz həmyerlilərini Bakının küçələrində əsir-yesir günündə gördükcə ürəyi qubarlanırdı, bu didərgin köçünün ölçüyəgəlməz faciəsi içində ağır bir yükə çevrilirdi. Elə bu ağır yüklə də dünyadan köç etdi, yazıçı ürəyi bu faciəyə dözmədi... Bu günlərdə “Qarlı aşırım” romanını yenidən oxudum və anladım ki, Vedinin, Zəngibasarın hər qayasına, hər daşına bələd olan Fərman Kərimzadə o doğma yerlərin yad tapdağı altında qalmasına dözə bilməzdi.

“18-ci ildə Böyük Vedi kəndinin müsibəti başlandı. Hər tərəfdən mühasirəyə aldılar. Taxıl zəmilərinin içində, qarağac meşəliyində, sarı rəngli təpənin üstündə, ayran axan qurumuş kimi ağ görünən enli çaylağın kənarında səngərlər qazdılar. Heç yerdən kömək gözləmirdilər. Abbasqulu bəy getdikcə tutqunlaşır, sərtləşirdi. Hamı onun üstünə qaçırdı, o isə heç kimin üstünə qaça bilməzdi. Odur ki, “nə bilim”, “necə eliyək”, “görəsən, axırımız necə olacaq” sözlərini işlətməməli idi. Ümidlər ona bağlanmışdı” (“Qarlı aşırım” romanından).

“Qırmızı tabor”un komandiri, əfsanəvi qəhrəman Abbasqulu bəy Şadlinskinin faciəli taleyi haqqında düşündüm. “Qırmızı tabor"çuların daşnaklara qarşı döyüşlərdə göstərdikləri igidlik və şücaətlər hər kəsə bəllidir. Şadlinski ilk vaxtlar Naxçıvan sərhədlərinin qorunmasına, sonra Zəngəzur istiqamətində öz dəstəsinin daşnak hissələri ilə fəal döyüş əməliyyatlarına başçılıq edib. Onlar cəllad Dronun daşnak qüvvələrini darmadağın edərək, Naxçıvanda Sovet Hakimiyyətini qurmuş, burada ingilis-daşnak işğalına son qoymuşdur. 1921-ci ilin yayında Şadlinskinin döyüşçüləri Dərələyəz və Zəngəzurda daşnak quldurlarının darmadağın edilməsində qəhrəmanlıq göstərmişdilər. 

Abbasqulu bəyin nəticəsi Xırdaxanım Əliyeva bir vaxt mətbuata verdiyi müsahibədə ulu babası haqqında maraqlı faktları dilə gətirmişdi:

“Ceyran bibimdən eşitdiyimə görə, Abbasqulu bəy xasiyyətcə bir az sərt və ciddi adam olub. Amma Vedi camaatı üçün ata olub, qardaş olub, bir sözlə, hər işlərinə yarayan, böyüklük eləyən, hər çətinlikdə köməklərinə çatan bir insan olub. O vaxtı çox cavanların Peterburqda təhsil almasına o səbəbkarlıq eləyib və həmişə onlardan maddi köməyini əsirgəməyib.  O vaxtı bütün evlərdə silah olub. Yoxsa, erməninin içində silahsız necə yaşamaq olardı? Sonra Abbasqulu bəy Şura hökumətinə işləyirmiş. Savadlı, vəzifəli adamıymış. Bütün mahalda hörməti, sambalı varmış. Ona görə də ermənilər həmişə ondan çəkiniblər, elə bir məqam axtarıblar onu aradan götürməyə. Bibim danışırdı ki, cəmi bir gün Abbasqulu bəy Vedidə olmamışdı, bunu bilən ermənilər müsəlman kəndlərinin birində böyük faciə törədiblər. Andranik başına buxara papaq qoyub, dəstəsiylə gəlib kəndə. Ermənilərin çoxu da təmiz türk dilində danışa bilirdi. Özlərini müsəlman kimi qələmə verib, adambaşına taxıl paylamaq adıyla camaatı yığırlar kəndin içində böyük at tövləsi varmış, ora. Tövlənin bir tərəfində atlar, bir tərəfindəsə, kükürd tayları. Hamı gələndən sonra qapını bağlayıb tövləyə od vurublar. İndi təsəvvür eləyin də, kükürd alışanda necə olur, hələ bir tərəfdə də atlar... Adamların çoxu elə atların ayağı altında tapdanıb ölür. O kənddən qalan təkcə səkkiz nəfər körpə olur, o da qundaqda. Sonra o körpələri bizim kənddə ailələrin arasında bölüb saxlayırlar”.

Jurnalistin “Abbasqulu bəyin məzarı hardadır?” sualına nəticəsi belə cavab vermişdi: “Vedi rayonunda «zavodun yanı» deyilən yerdəydi, indi yəqin ki, ermənilər dağıtmış olarlar. Elə yeri gəlmişkən, bir əhvalatı da danışım sizə. Sovet dövründə atam Vedidə “İspalkom”un sədri işləyən vaxtı, İrəvanda kənd təsərrüfatı sərgisi keçirilirmiş. Atam da orda iştirakçıymış. Baxır ki, Abbasqulu bəyin şəklini qapının ağzında qoyublar, gələn-gedənə erməni xalqının düşməni kimi təqdim eləyir və şəkli təhqir edirlər. Ondan sonra atam gəldi, İsfəndiyar bibioğlu ilə danışdı ki, Abbasqulu bəyin məzarını Azərbaycana köçürsünlər. Amma Minasyan (Vedidə raykom katibi olub) icazə vermədi, guya qəbrin açılması ekologiyaya ziyan vura bilər. Atam Abbasqulu bəyin heykəlinin Vedidə qoyulması məsələsini də qaldırmışdı, ermənilər ona da imkan vermədilər. Amma özləri İrəvanda Andranikə «erməni xalqının mili qəhrəmanı» kimi heykəl qoymuşdular” (Modern.az, 19 oktyabr 2011-ci il).

“Qarlı aşırım” romanında bir məqam diqqətimi çəkdi. Vedi ermənilər tərəfindən mühasirəyə alınanda Abbasqulu bəy qərar verir ki, əhalini müvəqqəti olaraq kənddən çıxarmaq lazımdır. Öz ailəsi də bu köçün içində gedirdi. Fərman Kərimzadə yazır:

“Axırıncı arabada Abbasqulu bəyin ailəsi gəlib keçdi. Abbasqulu bəy arvadından nə soruşdusa, dönüb Xəlilə dedi:

– Evə qayıdaq, yaddan çıxan şey var.

Atları kəndə tərəf çapdılar. Evlər boşalmış, səs-küy kəsilmişdi.

Xəlil soruşdu:

– Yadından çıxan nədir? Puldu, qızıldır?

– Yox, heç gör, arvad yadından pul çıxar?!

Evə çatdılar. Atdan düşüb içəri qaçdı. Çardağa çıxdı. Arvadının büküb pərdiyə keçirtdiyi bağlamanı götürdü.

– Mirzə Cəlilin məcmuəsidir. “Molla Nəsrəddin”dir...”

Abbasqulu bəy Mirzə Cəlilin məcmuəsinə görə həyatını riskə atıb geri qayıtmışdı. Elə bircə bu fakt onun nə qədər mənəviyyatlı, daxilən zəngin bir insan olmasının göstəricisidir. Onu da əlavə edim ki, az sonra, əhali elə Abbasqulu bəyin başçılığı altında öz doğma torpaqlarına qayıtdı. Tarix bu böyük kişini heç vaxt unutmayacaq.

Qoca tarix çox belə köçlərə şahidlik edib. Qoca tarix bu dəfə köçün qayıdışına da şahidlik etməkdədir. 44 günlük Zəfərimizdən sonra Müzəffər Ali Baş Komandanımız İlham Əliyev növbəti hədəfləri nişan verdi. 2022-ci ilin 24 dekabrında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev proqram xarakterli çıxışında dedi:

“Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar”. 

Çıxışının sonunda isə gələcək istiqamətləri müəyyənləşdirmək məqsədilə ictimaiyyət və ziyalılar qarşısında mühüm vəzifələr qoydu:

“Mən bununla paralel olaraq hesab edirəm ki, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq, bəlkə də tez idi. Ancaq məncə, bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır. Bizim tarixi yaşayış yerlərinin bir çoxu, mütləq əksəriyyəti indi bomboşdur. Biz bunu bilirik. Biz öz keçmişimizi yaxşı bilirik. Qərbi Azərbaycandan olan hər bir insan öz ulu babalarının yaşadıqları yerləri yaxşı bilir. İndi müxtəlif yollarla bu informasiyanı əldə etmək olar. Azərbaycanlıların yaşadıqları yerlərin əksəriyyətində heç kim yaşamır. Ermənistanda bütövlükdə indi depopulyasiya dövrü hökm sürür. İnsanlar oradan gedir. Həm təbii artım yoxdur, eyni zamanda dözülməz siyasi vəziyyət, repressiyalar, faktiki olaraq diktatura və iqtisadi çətinliklər onları buna vadar edir. Bizim kəndlərimiz dağıdılır. Biz buna dözə bilmərik. Ona görə biz Qayıdış Konsepsiyası üzərində işləməliyik” (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdəki nitqindən).

Ölkə başçısının Qayıdış Konsepsiyasının həyata keçirilməsində hər bir düşüncə adamının, ziyalının, hər bir vətəndaşımızın payı olmalıdır. Çünki o torpaqlarda dədə-babalarımızın məzarı qalıb. Bir gün onların ruhu mütləq dinclik tapacaq. Açılan hər səhər bizi o günə bir addım da yaxınlaşdırır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!