Xalq yazıçısı Elçinin "Canavarlar" hekayəsini oxumamışdan əvvəl diqqətimi hekayənin epiqrafı cəlb eləmişdi: "Külli-məxluqatın ən zəifi insandır..." Epiqraf İlyas Əfəndiyevdən idi. Unudulmaz yazıçımızın yaradıcılığı üçün heç də xarakterik olmayan bu cümləsi məni təəccübləndirmişdi. Görəsən, Elçin müəllim öz hekayəsinə epiqraf olaraq niyə bu cümləni seçmişdi? Axı İlyas Əfəndiyev, hər biri ədəbiyyatımızın incisi olan əsərlərində insan iradəsinin sarsılmazlığını, insan gücünün ən ağır məhrumiyyətləri belə yendiyini, insan şəfqətinin aliliyini... tərənnüm etmişdi. Məhz bu mənada, həmin epiqraf məni təəccübləndirmişdi.
Təbii ki, sonra hekayəni oxumuşdum.
Bu hekayəni oxuduğum vaxtdan illər keçir, amma hekayədən aldığım ilkin təəssürat bu günə qədər də mənimlədir... "Canavarlar"dakı təsvir olunan hadisələr dəfələrlə, kino lenti kimi gözlərim önündən keçir... Və təbii ki, xəyalən seyr etdiyim səhnələrdən hər dəfə sarsılmışam, kədərli bir ovqat bütün varlığıma hakim kəsilib.
Hekayə, ilk baxışda, oxucuya sadə görünə bilər. Amma bu psixoloji hekayənin mahiyyətinə vardıqca, "Canavarlar"ın nə qədər mürəkkəb bir hekayə olduğunu dərk edirsən...
Hekayə bir canavar ailəsinin dəhşətli taleyindən bəhs edir. Canavar ailəsinin acınacaqlı taleyinə səbəb olan hadisə isə, planetimizin başı üzərindən bir Domokl qılıncı kimi asılmış fəlakətli təbiət hadisəsi - quraqlıqdır. Quraqlıq nəticəsində canavarlar ailəsinin yaşadığı torpaqlar da yaşanılmaz hala düşür. Quraqlıq ucbatından, həmin ərazidə yaşayan bütün canlılar Şərqə - sular olan məkana tərəf köç edirlər. İki körpə balasına görə, həmin quraqlıq ərazidən ən sonda köç edən, hekayədə təsvir olunan canavar ailəsi olur.
Bu hekayədə cəmiyyətimizə ötürülən yetərincə mesajlar var. Mən yalnız onlardan biri haqqında söz açmaq istəyirəm. Canavarlar ailəsi - ailənin başçısı Bozdan, dişi canavardan, qancıqdan, bir də onların dünyaya yeni gətirdikləri iki küçükdən ibarətdir. Üzücü, sonu görünməyən yolboyu susuzluq, aclıq, yorğunluq canavarları əldən salır. Ailənin başçısı Bozla dişi canavarın iki balası üçün etdiyi fədakarlıq hekayə boyu oxucuya - oxucunun yadından çıxmayacaq dəhşətli anlar yaşadır. Küçüklərin sağ qalması naminə, həm ailənin başçısı Boz, həm də dişi canavar özlərini qurban verirlər. Əvvəlcə, Bozun təhriki ilə dişi canavar Bozu parçalayır, onun cəmdəyini balalarına yedirir. Bir müddətdən sonra isə dişi canavar boz canavarın etdiyini təkrarlayır; aclıqdan ayaq üstə güclə dayanan balalarını təhrik edir ki, balaları onu da parçalasınlar. Məhz onların bu fədakarlıqları nəticəsində balaları ölümün pəncəsindən xilas olur... Bu dəhşətli səhnələri oxuduqca, yadıma cəmiyyətimizdə vaxtaşırı qarşılaşdığımız acı, kədərli, bir sözlə, insanlığa ləkə olan hadisələr düşürdü. Tez-tez televiziya ekranlarından, kütləvi informasiya vasitələrindən, yeni doğulmuş körpələrindən imtina edən "valideynlər" haqqında ürəkdağlayıcı hadisələrlə qarşılaşırıq. Məşhur hind mütəfəkkiri Taqorun bir fikri var. O, yazır: "İnsan vəhşiləşəndə vəhşi heyvandan daha amansız, daha qorxunc olur". Xalq yazıçısı Elçin "Canavarlar" hekayəsində, sanki öz doğma övladından imtina edən, hətta öz yeni doğulmuş körpəsini zibil yeşiyinə atan valideynlə, öz balaları naminə özünü qurban verən canavar cütlüyünü üz-üzə qoyur. Vəhşi, yırtıcı xislətli canavarlar, dünyanın əşrəfi sayılan insanlardan daha rəhmli, daha mərhəmətlidir; dünyanın ayrı-ayrı bölgələrində günahsız insanların qanını tökən, din pərdəsi altında körpə uşaqların başını kəsən vəhşi təbiətli insanları bu canavar cütlüyündən nümunə götürməyə çağırır.
Təbii ki, bütün əsərlərin mayasında estetik çalarlar olmalıdır. Estetik çalarları olmayan əsərlər oxucunun qəlbinə nüfuz edə bilmir. Bəlkə də "Canavarlar" hekayəsində estetik çalarlar axtarmaq əbəsdir. Elə isə, Azərbaycan ədəbiyyatında ən kədərli hekayə adlandıra biləcəyimiz "Canavarlar"ı mənə (əminəm ki, digər oxuculara da) sevdirən səbəb nədir? Səbəb çox sadədir: bir canavar ailəsindən bəhs edən bu heyrətamiz hekayə, əslində insanlığa sevgidən qaynaqlanır. "Canavarlar" hekayəsi övladlarından imtina edən "valideynlər"ə ən sərt ittihamdır.
Yenə də "Canavarlar" hekayəsinin epiqrafı barədə: "Külli məxluqatın ən zəifi insandır..." Təbiətin harmoniyasını pozan, övladlarından imtina edən "valideynlər", doğrudan da, ən zəif insanlardır.
Neftçala
1 yanvar 2024
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!